London dünyanın ən bahalı və böyük şəhərlərindən biridir. Şəhər dinamikasının saat kimi işlədiyi, sıxlıq yaşanan, ancaq xaosun olmadığı müthiş bir meqapolis. Həftədə təxmini dörd dəfə yağış görən bu şəhərdə palçıq görməniz imkansızdır.
Hər şeydən əvvəl bunu deyək. Londonda gəzməyə başladığınızda tez-tez bu cümlə qarşınıza çıxacaq: Mind the gap! Mənası metro və dəmir yolu arasındakı boşluğa diqqət yetirmənizdir, ayağınız orada qalmasın. İngilislər bu hadisəni dəfələrlə yaşadıqları üçün fəlakətlərin qarşısını almaq məqsədilə sərnişinləri xəbərdar edirlər.
Gələk metro və avtobusun gediş haqqlarına. Bizdə sərnişin daşımaları üçün “metro kartı” sisteminin eynisi burda da var. Buradakı adı “Oyster card”. Bu kart sizin göz bəbəyiniz olacaq. Çünki sərnişin daşımada bir keçid 2.40 paunddur, bizim pulla hardasa 5 manat 20 qəpik. Bir turist olaraq gəzsən, ən azı gündə 5-6 dəfə nəqliyyatdan istifadə edəcəksən, bu da günlük təxmini 30 manat edəcək.
6 günlük tətildə siz nəqliyyata 180 AZN pul xərcləyəcəksiz. Bunun əvəzinə, 5 paunda bir “Oyster card” alsaz, “həftəlik limitsiz” metro və avtobusdan istifadə edə biləcəksiz. London metrosu İsveçrə saatları kimidir, olduqca çətin və bahalı mexanizm.
Londona çatdıq, hotelimizə yerləşdik, xoş əhval ruhiyyə ilə gəzərkən gördük ki, mədəmizdən bir səs gəlir. Nə yeyəcəyik?!
Londonda hər iqtisadi səviyyədə yemək yerləri tapa bilərsiniz. Minimum 9 manata gözəl ləzzətlər dada bilərsiz. Həyatınızı qurtaracaq şey isə Londondakı marketlərdir. London marketlərinin çoxunda “meal deal” deyilən bir tətbiq var. Bu kəliməni “yemək anlaşması” kimi tərcümə etmək olar. Bu tətbiqdə bir sendviç, bir içki, bir meyvə paketi (və ya çipsi) 3 paunda (7 manat) satılır.
Londondakı ən çox satılan yeməklər “meal deal”dir. Bundan əlavə, dünyanın ən kiçik ölkələrinin belə ləzzətlərinə London küçələrində rast gələ bilərsiz. Publarda isə alkollu içkilər 6 manatdan başlayır. Az qalmışdı ki, unudum. Kabab müsəlman ölkələrində yaransa da, dünyanın ən bahalı kababı Londonda hazırlanır. Canary Wharf-da yerləşən “Hazev restoranı”nda dünyanın ən bahalı kababı verilir, qiyməti 925 funt sterling. Yox, yox, rəqəmi səhv yazmamışam, təxmini 2220 AZN.
Siqaret çəkənlərə diqqət! Siqaret Londonda olduqca bahalıdır. Bakıdan ya da Duty Free-dən siqaretinizi alsaz cibinizə qənaət etmiş olacaqsız.
Londonun yarpaqlarla dolu küçələri, heyran buraxan memarlığı və səliqəsi sizi bir filmin içindəki kimi hiss etdirəcək. Gündə 30 km gəzmək sizə çoxdur deyə düşünməyin, bu şəhər sizi addım-addım gəzdirəcək. Yadıma düşmüşkən, Londona yayda getsəz belə, özünüzlə pencək və çətir götürməyi unutmayın (iyul ayında pencəklə gəzdiyimi xatırlayıram). Avqustda hava 34 dərəcəyə qədər yüksəlmişdi və metroda elanlar gedirdi: “Özünüzlə su götürün, əgər özünüzü pis etsəz ətrafdakılardan kömək istəyin”. Hava isti olduqda əhali rəsmən həyəcanlanır.
Müəllif: Jalə Orucova