Quba – Xaçmaz turizm zonasında yerləşən rayon şimal marşrutunun başlanğıc nöqtəsi hesab edilir. Turist obyektləri cəhətdən zəngin olmasa da ölkə əhəmiyyətli iki tarixi abidəyə ev sahibliyi edir. Bunlardan biri Beşbarmaq səddidir ki, Siyəzənin rəsmi emblemi hesab olunur. Digəri isə vaxtilə Azərbaycanda Böyük Çin Səddinə oxşar əzəmətli bir sədd olan Gilgilçay səddidir.
Arayış
Bakı – Siyəzən arası məsafə 103 km-dir. Paytaxtdan şimalda yerləşən ərazinin Xəzərin sahili boyunca 40 km-lik sərhəd zolağı var. Siyəzən 1992-ci ildə Xızı və Dəvəçi rayonlarının bazasında yaradılıb. Gilgilçay və Ataçay çayları bu ərazidən axır. Buranın yayı çox isti və quraqlıq, qışı isti olur. Landşaftı seyrək meşələrdən və kolluqlardan ibarətdir. Siyəzən kükürdlü su bulaqları, neft və qaz yataqları ilə məşhurdur.
Gil-gilçay səddi
Çox hissəsi dağılan səddin 1931-32 və 1963-1964-cü illərdə təqribən 60 km-lik hissəsi tədqiq olunub. Əsasən torpağın altında qalıb. Ərdəbil qaynaqlarında “Sur ət-Tin” (“Gil divar”) adlandırılan bu səddin əsasının Sasani hökmdarı Qubad (488-531) zamanında qoyulduğu bildirilir. Gilgilçayın Xəzərə töküldüyü yerdən başlayan səddin divarları Babadağa doğru 60 km-ə qədər uzanır.
Gil-gilçay kompleksi ilk orta əsrlərin ən möhtəşəm dörd müdafiə xəttindən biridir. Qafqaz Albaniyası ərazisində şimaldan köçəri tayfaların hücumlarına qarşı III-V əsrlərdə ucaldılıb. Bu istehkam haqqında ilk məlumat verən ərəb tarixçisi Əl- Bəlazuri (IX əsr) “Ölkələrin fəthi” kitabında yazır ki, Firuzun oğlu Sasani şahı Qubad onlara (xəzərlərə) qarşı iyirmi min döyüşçü göndərdi, sonra Qubad özü də qoşuldu və Şirvanla Aran vilayətlərinin qapısı arasında çiy kərpicdən sədd tikdirdi.
A.Bakıxanov “Gülüstani-İrəm” əsərində qeyd edir ki, bu sədd dənizdən başlayıb Çıraqqalaya bitişir. Oradan da üzərində böyük bir xarabası olan Anta dağından keçərək Qonaqkəndin üstündən Babadağa doğru gedir. Gilgilçay səddinə daxil olan Çıraqqala Azərbaycanın dağ qalaları içərisində ən oynaq silueti olan abidədir.
Siyəzən Gil – gil çay
Quba və Dəvəçi rayonları ərazisindən axaraq Xəzər dənizinə tökülən çaydır. Uzunluğu 72 km-dir. Başlanğıcını Gülumdostu dağın yamacından (1880 m) alır. Hövzəsində isti və soyuq mineral bulaqları var. Gilgilçaydan suvarma işlərində istifadə edilir.
Siyəzən Pir Xəlil türbəsi
Gilgilçay qəsəbəsində yerləşir. Şərq memarlıq üslubunda tikilmiş Pir Xəlil türbəsi VIII əsr abidəsidir. Türbədə dəfn edilmiş XVII əsr Sufi dərvişlərindən Xəlil Baba haqqında yazılı qaynaqlarda dəqiq məlumat yoxdur.
Siyəzən Beşbarmaq
Bakı –Rostov şose yolunun 90 km-liyindədir. Böyük Qafqaz sıra dağlarının cənub – şərq ətəklərində Zarat kəndindən 3 km şimal – qərbdə yerləşir. Bura həm dağ, həm qədim qala və həm də ölkənin ən məşhur ziyarətgahlarındandır. İlin bütün fəsillərində bu məkan ziyarət axınına uğrayır. Qayaların ən yüksək zirvəsindən Xəzər dənizinə möhtəşəm mənzərə açılır.
Niyə Beşbarmaq?
Uzadılmış daş əli xatırladan qayanın qeyri – adi forması uzaqdan cəlb edir. Bir – birinə bitişik beş qaya parçasından ibarət olan bu dağın “Beşbarmaq” adlanması quruluşu ilə bağlıdır.
XVII əsrin holland dənizçisi, səyyah Yan Streys şimal – şərqi Azərbaycandan keçərkən gördüyü Beşbarmaq abidəsi haqda yazırdı ki, biz dənizin yanından keçəndə bir dağ gördük. Dağ “Parmax” və ya “Barmax” adlanır. Zirvəsi düz istiqamətdə uzanan barmağı xatırladır. Vaxtilə burada möhtəşəm qala olub ki, bu ərazinin müdafiəsinə xidmət edib. İndi də həmin divarların özülü dairəvi meydan və onun yaxınlığında daş bulaq qalıb. VII əsr coğrafiyaşünasları Beşbarmaq müdafiə səddini Xors – Van adlandırır. Bəzi tədqiqatçılar buranı Şirvan vilayətini Xursan ölkəsi ilə ayıran Xursan qayası kimi göstərirlər.
Şirvanşahlar zamanında Qubaya gedən karvan yolunun üstündə mühüm dayanacaq olub.
1858-ci ildə Beşbarmaq karvansarayında gecələyən Fransız yazıçısı Aleksandr Düma yol xatirələrində yazır:
“Buradakı böyük bir tikilinin qalıqları yanında köçəriləri gördük. Aydın oldu ki, bura karvansaraydır. Karvansaray qalıqları uçmuş böyük divardan və formasını saxlamış qüllələrdən ibarətdir.”
Beşbarmaq toponimi
Qədim türk dillərindəki “parmak” yəni təpə kəliməsindən gəlir. Azərbaycan ərazisində qədim mənbələrdə qeyd olunmuş ilk termindir ki, IX əsr ərəb səyyahı Əl – Məsudinin əsərində adı çəkilir. Mənası “təpədə salınmış binə” deməkdir.
Elmi ədəbiyyatda Beşbarmaq dağı üzərində yerləşən qala haqqında hələ araşdırma aparılmayıb. Bununla yanaşı, burada bir vaxtlar mövcud olmuş karvansaray binasının və qaya üzərindəki digər tikililərin, möhtəşəm və gözəl istehkamın Makedoniyalı İsgəndər tərəfindən inşa etdirilməsi haqqında rəvayət var. İddiaya görə bunları Əmir Teymur dağıdıb. Başlıcası isə, ilkin orta əsrlərdə “hun qapıları”adlanan dövlət sərhədi məhz Beşbarmaq dağından keçib.
Beşbarmaq qalası
Tikilmə tarixi bilavasitə Sasanilərin öz ərazilərini Cənubi Qafqaz torpaqları hesabına genişləndirmələri ilə bağlıdır. IV – VII əsrlərdə Qafqaz Albaniyası ərazisində sistem şəklində tikilən müdafiə istehkamlarından birincisidir. Beşbarmaq dağından Xəzər dənizinə qədər uzanırdı. Alban tarixçisi Moisey Kalankatlı Sasani padşahı Yezdəgirdin dövründə 438 – 457-ci illərdə tikildiyini və Sasanilərin cənubda ilk müdafiə qalası olduğunu qeyd edib.
452-ci ildə Alban xanları Sasanilər əleyhinə üsyan qaldırdılar. Bu üsyandan sonra Sasanilər xanların hücumunun qarşısını almaq məqsədilə buradan 27 km şimalda yeni bir müdafiə divarı – Gilgilçay müdafiə istehkamını tikdirdilər. Orta əsrlərin sonlarınadək əhali çox vaxt burada basqınlardan müdafiə olmaq üçün gizlənib. Qala və karvansarayların qalıqlarını ərazidə indi də görmək olur.
Alman coğrafiyaşünası Adam Oleari 1636 – 1638 –ci illərdə Azərbaycanda olub və Beşbarmaqda gördüklərini belə təsvir edib:
“Tabutun yanında bir qarı oturub gözətçilik edirdi. Nəzir vermək üçün ziyarət olan gün yerə palaz döşənir. Şəhərdən və uzaq yerlərdən çoxlu qadın və qızlar gəlmişdilər. Onlar ayaqqabılarını çıxarıb mağaraya girərək tabutu öpüb yerdən otururdular ki, istəklərinin yerinə yetməsi üçün dua etsinlər. Dua etdikdən
sonra qarıya pay verirdilər. Qarı gecələr də tabutun yanında oturaraq çıraq yandırırdı. Ona pendir, çaxır, süd, çörək, yağ verirdilər. O gecə səhərə qədər müqəddəslərin gömüldüyü yerdən müxtəlif səslər və qışqırıqlar eşidildi. Bütün bunlar bütpərəst bir ayin təəssüratı bağışlayırdı.”
Xıdırzində tarixi
İslamın hakim dinə çevrilməsinə baxmayaraq, əhalinin dini baxışlarında, dünya görüşündə qədim dini inam qalıqları bu günədək yaşayır. Qədim dinlərlə bağlı müqəddəs yer, ziyarətgah, dini ayinlər İslam dininə uyğunlaşdırılır. Qədim ibadətgahlardan biri olan Xıdırzində pirinə sitayiş xüsusi yer tutur. Xıdırzində hələ antik dövrdə Qafqaz Albaniyası əhalisinin mühüm sitayiş obyektidir. “Qurani-Kərim”in 18-ci, Əl – Kəff (Mağara) surəsində Xızır obrazı Allahın mərhəmət etdiyi və qeybə dair bəzi biliklər öyrətdiyi bəndələrdən biri kimi təqdim olunur.
Əfsanəyə görə Xızır peyğəmbər Makedoniyalı İsgəndərin müasiri olub, dirilik suyunun sorağında Qafqaza gəlib çıxıb, onu Beşbarmaqda tapıb, içdikdən sonra əbədiyyət əldə edib. Mifologiyada Xızır obrazı daha çox məhsuldarlıqla hərarətli, oyanan təbiətlə bağlıdır. Buna görə Xızır od, istilik gətirən kimi təbiət canlanır, yaz olur.
Heç kəs bu müqəddəs məkanın tarixi haqda tam məlumata malik deyil. Təkcə o məlumdur ki, əsrlərdən bəri insanlar dara və çətinliyə düşəndə müqəddəs Xızırzindədən nicat diləyir, ona inam bəsləyir. 124 min peyğəmbərdən biri olan Xızır, indi də insanların arasında, buralarda yaşayır və çətinə düşənlərə kömək edir. Hər il may ayının 6-da Xızır peyğəmbərin mövlüd günü ölkənin bütün bölgələrindən yüzlərlə zəvvar buraya ziyarətə gəlir. Dərdlərinə Allahdan şəfa diləyir və istəklərinə çatırlar.
Xızırzində əfsanələri
Nuhun tufanından sonra həmin dağda Beş qardaş məskunlaşıb. Böyük qardaş Xızır Zində, kiçik qardaşlar Xızır Nəbi ilə Xızır İlyası dəryaya şirin su dalınca göndərir, üç gündən artıq vaxt ərzində qayıtmayan qardaşlarına qəzəblənən Xızır Zində “sizi görüm, daşa dönəsiniz” deyə qarğış edir. Rəvayətə görə, Beşbarmaq qayası ilə üzbəüz dənizdə bir-birinin ardınca quruya can atan qaya parçaları həmin iki qardaşdır.
Başqa bir əfsanəyə görə isə bura, Xızır İlyas peyğəmbərin adı ilə bağlıdır. Bakir peyğəmbər Xızır İlyas dağın arxasında tapdığı bulağın suyunu içən Xızır əbədi həyata qovuşub. Qayanın üzərindəki izlər burada vaxtilə müqəddəs bulağın qoruyucusu məsum Xızır İlyasın ayağının izləridir.
Siyəzən Beşbarmaq piri
Azərbaycandakı ən böyük və məşhur ziyarətgahlardandır. Dağın ən yüksək zirvəsinə çatdığımız zaman ziyarət tamamlanmış sayılır. Əsrlər boyu qayalar arasında yerləşən bu pirə “Xıdırzində” (“Ölməz Xıdır”) deyirlər. Buranın Musa və Xızır peyğəmbərlərin qayası olduğuna inanırlar.
Zində – dirilik suyu deməkdir. Bu da qədim Şərq folklorunda adı tez-tez çəkilən “abi-zəmzəm”, yəni dirilik suyu mənasına gəlir. Xızır-Zində ilə əlaqədar bir çox əfsanələr yaranıb. Xalq arasında belə rəvayət var ki, bir vaxtlar burada Xızır peyğəmbər yaşayıb. Rəvayətə görə, Xızır zülmətə gedərək dirilik çeşməsindən su içib əbədi həyat qazanmış peyğəmbərdir. Musa peyğəmbərlə Xızır peyğəmbərin görüşdüyü yer Şirvan ərazisindəki qayalığın üzərində olub. IX əsr ərəb müəlliflərindən İbn Xordadbehin yazdığına görə, Xızır peyğəmbər bu qayada Musa peyğəmbər ilə görüşüb.
[justified_image_grid facebook_id=2222665901206802 facebook_album=2337399706400087]