Ölkənin cənubunda yerləşən Yardımlı Azərbaycanın ən ucqar bölgələrindəndir. Üç tərəfdən İranla həmsərhəddir. Yol anlayışının sıfıra bərabər olduğu Yardımlıda yalnız sovet istehsalı NİVA və “vilis” deyə bilinən dağ yerlərində ideal sayılan nəqliyyat vasitələrindən başqa heç bir maşın rəğbət görmür. Azərbaycanın ən az tanınmış rayonlarındandır. Burada düz yer yoxdur. Yüksəklikdə müvazinətini saxlamaq çətindir. Coğrafi quruluşu Yardımlını sivilizasiyadan saxlayıb. Bəlkə də gözdən – könüldən uzaq olması buranın təbii gözəlliyinə zərər vurmayıb. Həqiqətən havasına və suyuna söz ola bilməz. Bura 1921 – 30 illərdə Lənkəran qəzasının Vərgədüz dairəsi adlanıb. 1938 – ci ildən sonra indiki adı ilə tanınmağa başlayıb. Eyni il Lənkəran qəzası ləğv edildikdən sonra Yardımlı müstəqil rayon statusu aldı.
Arayış
Bakı – Yardımlı arası məsafə 286 km-dir. Kiçik Qafqaz dağlarının davamı sayılan Talış sıra dağlarının şimal – qərbindədir. Rayon mərkəzi olan Yardımlı qəsəbəsi Viləş çayının sol və sağ sahilində, Yardımlı çökəkliyindədir. Meşələrin ümumi sahəsi 21 min hektara yaxındır. Rayon mərkəzi dəniz səviyyəsindən 1000 – 1800 metr yüksəklikdə yerləşir. Talış və Peştəsər silsilələrinin şimal – qərbində, Peştəsər və Buravar silsilələri arasında Yardımlı çökəkliyi var. Ən hündür zirvələri Şinunkələk (2419), Tarakən (2350) dağlarıdır. Sərt dağ zirvələri qışda yağan qar nəticəsində başdan – başa ağappaq, yayda yamyaşıl rəngə bürünür. Yayı quraq keçən mülayim – isti iqlimi var.
Deman
Yardımlıya getmək üçün Masallı – İstisu ərazisindən keçmək lazımdır. Masallıdan 54 km məsafədədir. Buraya aparan yol Deman düzündən keçir. Möhtəşəm yüksək dağ və meşə mənzərəsinə sahib olan tarixi Deman düzü dəniz səviyyəsindən 1600 – 1800 metr hündürlükdə yerləşir. Bu ad hun xaqanı, sərkərdə Mətənin babası Teomanın adı ilə əlaqələndirilir. Xalq etimologiyasına görə isə deman – dəmyə, yəni suvarılmayan əkin sahələri mənasında yozulur. Buradan eyniadlı istirahət mərkəzində ayaq saxlayıb bir az dincəlmək, gecələmək və yaxud geniş ərazidə piknik etmək imkanı var. Turizm potensialı yüksək olsa da Yardımlıda turizm infrastrukturu inkişaf etməyib.
Yol
Yol anlayışı ilə yardımlılar çox gec tanış olublar. Qonşu rayonlar olmasına baxmayaraq indiyədək Lerik – Yardımlı arasında yol çəkliməyib. İlk dəfə 1935-ci ildə Yardımlı ilə Masallı arasında araba yolu inşa edildi. Həmin tarixdən sonra, 1970 – ci illərin ortalarına qədər əsasən at ya da araba ilə hərəkət edirdilər. 1976 – cı ildə isə ilk dəfə asfalt yolu döşəndi. Nəhayət, 2000 – ci illərin ortalarında buraya geniş, düz asfalt yol çəkildikdən sonra Yardımlıya qədər rahat getmək mümkün oldu. Yardımlı Lənkəran qəzasına daxil olsa da, Lənkərana gediş – gəliş çox çətin idi. Yol olmadığından buraya gedib gəlmək bir neçə gün vaxt aparırdı. Buna görə də Yardımlıdan alış – veriş, ticarət üçün Ərdəbilə getmək daha əlverişli idi. Bu səbəblə uzun illər təhsil almaq üçün belə daha çox Ərdəbilə üz tutan yardımlıların şivəsi, qonşu ölkədəki azərbaycanlıların danışığına çox bənzəməyə başlayıb. Sovet hakimiyyətindən sonra İranla əlaqələr tamamilə kəsildi.
Təkdam şəlaləsi
Masallı – Yardımlı yolunun 25 – ci km-də yerləşir. Yardımlının vizit kartı sayılan, 34 metr hündürlükdən tökülən şəlalə iki mərtəbəlidir. Ən üstünə qədər çıxmaq üçün hündür pilləkənlər qoyulub. Təxminən 1500 metr yüksəklikdəki bu nöqtədən ətrafa möhtəşəm panoram açılır. Sovet hakimiyyəti zamanında bu dağlıq – meşəlik ərazidəki tək gözətçi daxması şəlalənin yanında salındığı üçün buranı “tək dam” deyə çağırıblar.
Beşmərtəbə
Təkdam şəlaləsinin arxa hissəsində, bir neçə km məsafədə, çox çətin coğrafi ərazidə yerləşir. Meşənin dərinliyində beş ayrı dağ mərtəbəsindən tökülən şəlalə bu adla tanınır. Maşın yolu olmadığından piyada getmək lazımdır. Enişli – yoxuşlu yol insanı yorsa da, daha möhtəşəm mənzərəsi olan bu yeri mütləq görmək lazımdır. Ərazidəki qayalarda görülən böyük dəliklər diqqəti çəkir. Bunların kaha (mağara) olduğunu söyləyən yerlilər vaxtilə bunlarda qaçaqların yaşadığını söyləyirlər.
Qaçaqlar
Tarixən Yardımlı qaçaqların məskəni olub. Qaçaq hərəkatı üzündən sovet hakimiyyəti belə Yardımlıda bir il gec qurulub. Bolşevik höküməti Bakıda 1920, Yardımlıda 1921- ci ildə qurulub. Kommunistlərin qaçaqlarla mübarizəsi isə 1928 – 30-cu illərədək davam edib. Yerli camaat ruslara qarşı var gücü ilə müqavimət göstərib. Uzun mübarizədən sonra, nəhayət ki, rus qoşunlarının 245 – ci polku xeyli itki verdikdən sonra ərazini ələ keçirməyi bacarıb. Polkun komandiri qəddarlığı ilə məşhur rus zabiti Dalqov olub. Əhali rus dilində danışa bilmədiyindən onlara qarşı olduqca qəddar və düşməncəsinə davranıb.
Toponim
Toponimi müxtəlif cür izah edirlər. Bir ehtimala görə, “yardam” sözündən yaranıb. Xalqın, ulusun bir hissəsi kimi izah olunur. “Ərdəbil” adının kökünün də “yardam” olduğunu söyləyirlər. İkinci fərziyyəyə görə “ertim” adından törəyib. Tarixçi Q.Qeybullayev bu toponimi peçeneq tayfalarının adı ilə bağlayır. “Ertim” peçeneq tayfalarından birinin adıdır. Əski türkcədə ərdəmli, cəngavər mənalarında yozulur. 1924 – cü ildə arxeoloq İ.Əzimbəyov toponimi türkcə “yardım edənlər” anlamında izah edib. Xalq deyimlərinin birində Əli adlı alicənab şəxsin bura gəlib çox çətin dağlıq şəraitində yaşayan adamlara köməklik göstərdiyinə, çoxlu su dəyirmanı düzəltdirdiyinə görə bu nəcib insanlar onun müvəqqəti yaşayış məkanına Yardım Əli deyiblər.
Yardımlılar
Sərt təbiət insanların xasiyyətinə də təsir edib. Kənardan gələnlər üçün yerlilər ilk baxışda qaba təsir bağışlaya bilərlər. Əslində saf, dəliqanlı insanlardır. Camaat, daha doğrusu kişilər mərkəzdəki meydanda toplaşır. İşi oldu-olmadı hər kəs burda yığışıb söhbət edir. Yardımlıda diqqət çəkən bir mənzərə var. Kişilərin demək olar hamısının başında panama, qollarında qəzet, kitab və ya qovluqla dolaşmaları nəzərdən qaçmır. Buranın camaatı oxumağı, elmlə məşğul olmağı sevir. Burdan çox sayda alim çıxıb deyirlər. Iranla düz sərhəddə yerləşdiyindən əhalisinin hamısı şiədir və camaatın inancı çox yüksəkdir. Yardımlı seyidləriylə məşhurdur. Peyğəmbər nəslindən olduqları üçün İmam övladları hesab edilən seyidlərə əhali ehtiramla yanaşır. Əhaliylə bağlı daha maraqlı başqa bir fakt da ondan ibarətdir ki, güneydə etnik tərkibinə görə monoqam quruluşa sahib olan tək yaşayış mərkəzi Yardımlıdır. Belə ki, talışların üstünlük təşkil etdiyi cənub zonasında talışların yaşamadığı yeganə yerdir.
Tarixi
Yardımlının küp qəbirləri və daş qutu qəbirlərinin tədqiq olunmasına ehtiyac var. Küpdə ölü basdırmaq adəti antik dövrlərdə olub. Bu küplərin içərisində insanları onların əşyaları ilə dəfn edərdilər. Qazıntılar zamanı küplərdən çıxmış məişət qabları, alətlər, zinət əşyaları, silahlar Yardımlı rayon tarix – diyarşünaslıq muzeyində saxlanılır. İndiki Yardımlı əraziləri Atropatena dövlətinin tərkibində olub. Eranın III əsrində Sasanilər buranı zəbt ediblər. Ərazi VII əsrdə sasaniləri məğlub edən ərəblərə, XVIII əsrədək Səfəvilər dövlətinə, XIX əsrdən Sovet hakimiyyəti quruluncayadək Lənkəran xanlığına tabe olub.
Dağ silsiləsi boyunca səpələnmiş kəndlərin hərəsi bir təpənin üstündə salınıb. Dağ iqlimini, dağ yürüşlərini və ekstrimi sevənlərin bəyənəcəyi yerdir. Buralarda istər maşınla, istər atla, istərsə də piyada hərəkət etmək idmanı və yoxuşda yürüməyi sevməyənlərdən ötrü əməlli – başlı işgəncə deməkdir. Hər kəndə gedib gəlmək, bir az oraları gəzib tanımaq, eləcə də hərəsi bir zirvədə yerləşən tarixi – təbii abidələri ziyarət etmək ən az bir gününüzü alır. Bütün buraları gəzərkən ərzaq ehtiyatlarını üzərində götürmək məsləhətdir. Restoran – iaşə obyektləri olmasa da, ac qalmaq riski yoxdur. Çünki Azərbaycanın hər yerində olduğu kimi burada da insanlar olduqca qonaqpərvərdirlər. Tanrı müsafiridir deyib qapını döyənləri doyurmadan yola salmazlar.
Alar kəndi
Çox kəskin soyuqların yaşandığı sərt təbiətli yüksək dağ kəndidir. Dağları başdan – başa kəklikotu sarıb. Bu otun bitdiyi yerlərdə kəklik quşları çox olur. 1947 – 1953 – cü illərdə 32 kənd deportasiyaya məruz qaldığı üçün indi yardımlıların böyük bir hissəsi Cəlilabad, Masallı, Lənkəran, Şirvan, Salyan və sair rayonlarda yaşayırlar. Stalin dönəmindəki bu siyasətin məqsədi İranla olan coğrafi yaxınlıqdan ərazinin təhlükəsizliyini qorumaq idi. Alar da repressiyaya məruz qalan kəndlərdəndir. Buranın sakinləri toplu halda Cəlilabad rayonuna köçürüldülər. Cənuba aparan yol Alar kəndinin içindən keçir.
Alar
Türk tayfasının adıdır. Xalq ehtimalına görə İrandan gəlib burada ilk binə salan Alı xan və övladlarının şərəfinə əvvəlcə Alılar adlandırılıb. Sonra Allar və nəhayət Alar formasına düşüb. Toponimi eyni zamanda Şahsevən tayfalarından olan alarlılar ilə də bağlayırlar.
Qız Qalası (V əsr)
Təbii abidədir. Alar kəndi yaxınlığındakı uca dağ silsilələrinin birində yerləşən konusşəkilli qaladır. El arasında Qız qalası kimi tanınan bu qaya zirvəsi lap qədimdən insanların sığınacaq yeri olub. Burada yerli atəşpərəstlər əvvəlcə ibadətgah, sonra isə qala bürcləri inşa etməklə güclü və möhkəm bir istehkam qurublar. Dəniz səviyyəsindən təxminən 2200 metr yüksəklikdə yerləşir. Qalanın üstündə od yerlərinin izlərini tapan tədqiqatçılar buranın həm də atəşpərəstlik dövründə fəaliyyət göstərən məbəd olduğu fikrini irəli sürürlər. Ehtimal edilir ki, İslamdan əvvəl oda sitayiş edən atəşpərəstlər burada yaşayıb və məbəd ucaldıblar. Sonralar ərəb işğalçılarına qarşı məbəddən qala kimi istifadə ediblər. Bəzi müəlliflər qalanın tarixini V – IX əsrlərə, zərdüştlüklə məşğul odsevərlər dövrünə qədər aparıb çıxarırlar. Alar Qız Qalası 1812 – ci ildə İran hökmdarı Fətəli şah Qacarın vəliəhdi, İran ordusunun baş komandanı Abbas Mirzənin Azərbaycana hücumu zamanı müdafiə baxımından mühüm əhəmiyyət kəsb edib. Uzaqdan baxanda dağın başında papaq kimi görünən qalanın bir tərəfi dərin uçurumdur. Üç tərəfdən sərt döngəli, təhlükəli qaya cığırı vasiətsilə ən üstə qədər gedib çıxmaq olur. Buranı ziyarət etmək bir gün vaxt aparır. Qalaya saxsı borular vasitəsilə Xanbulaqdan su kəməri çəkilib. Həmin saxsıların izləri bu günədək qalır. Qaladan 500 – 600 metr aralıda Oğlanqala var. Hər iki qalaya gediş – gəlişi təmin edən yeraltı yol, tunel olub. Təhlükə olanda bir qaladan digərinə xəbər vermək üçün ən üstdəki bürclərdə tonqal qalanıb. Əraziyə yerlilər Voynbərə deyir. Dəniz səviyyəsindən 2500 metr aralıda qədim qəbiristanlıq, müxtəlif mağaralar, eləcə də 10 – 15 ədəd gözətçi məntəqəsi var. Qayaüstü yazılar diqqəti çəkir. Tədqiqatçılara görə qalanın ətrafı Orta əsrlər yaşayış məntəqəsi olub.
Ökü kəndi
1222 yaşı olan tarixi çinar bu kəndin tarixi abidələri siyahısındadır. Yerlilər vaxtilə buradan karvan yolu keçdiyini söyləyirlər. Çinarın kölgəsi karvanların dayanacağı olub. Burada bulaq qaynayır. Yardımlının bəzi kəndləri sudan bol olsa da, bəzi kəndləri suya həsrət yaşayır. Ökü bulağı, çeşməsi olmayan yaşayış yerlərindəndir. Kənd camaatı suyu eşşək və ulaqlar vasitəsilə ətraf kəndlərdən toplayır. Ən yaxın kənd 2 km aralıdadır. Ökü xanımları paltarlarını yumaq üçün bu çinarın yanındakı bulağa gəlir, daşların üzərində paltarı taxta zopa ilə döyəcləyərək təmizləyirlər.
Perimbel kəndi
Yardımlının görülməyə dəyər, indiyədək yol çəkilməyən kəndlərindəndir. Buranın sarı palçığı məşhurdur. Kəndlilər ondan tikintidə istifadə edildiyini deyirlər. Ayaqqabıya yapışanda qopmur, çox çətin yuyulur və ayağa batdıqca ağırlaşır, hərəkət etməyi çətinləşdirir. Perimbel qoz ağacları ilə zəngindir. Kənddəki meyvə bağlarının 90% qoz ağacıdır. Bunların da ən az 300 yaşı olduğunu söyləyirlər. Tarixi məşhur “Göz narı” bulağı göz oxşayır. Perimbeldə hər həyətdə bir bulaq var. Kənddəki qoç heykəllər, eyni zamanda 3 nəhəng daş diqqəti cəlb edir. Perimbelin mərkəzindəki yan – yana yerləşən üç böyük daş qayanın maraqlı adı var.
- Söhbət daşı. Adından məlum olduğu kimi, camaatın söhbətləşmək üçün toplaşdığı daş olub.
- Xan daşı
Xanın oturub dincəldiyi, ətrafı seyr etdiyi və qəlyan çəkdiyi yer olub. Daşın üstündə qəlyan oyuğu deyilən izlər var. - Elçi daşı
Keçmişdə kəndə elçi düşdüyü zaman burada oturarmış. Elçi daşında birilərinin oturduğunu görən kənd ağsaqqalları buraya gələr və ondan sonra elçilərin niyyətinə görə hərəkət edərlərmiş. Əsasən qız istəməyə gələnlərin oturduğu daş imiş. Ağsaqqallar yığışaraq buradan elçilərin istəməyə gəldiyi qızın evinə yollanarmış.
Kənddə diqqət çəkən obyekt dağın başında, təxminən 1600 metr yüksəklikdəki möhtəşəm məsciddir. Məscid bir neçə il əvvəl İranlı ustalara tikdirilib.
Kənddəki ən məşhur tarixi – dini abidə Mirqiyas
ağa türbəsidir. Bütün kənd bu imam nəvələrindən törədiyinə görə hamısı seyid nəsli sayılır. Adının mənası yüksəklikdə yerləşən ocaq kimi izah edilir. Perimbel tayfa adıdır. Kəndlilər hamısı bir kişinin nəsli olduğuna inanırlar. Tək nəsildən törəmək məsələsi də bu torpağın müqəddəs olması ilə izah edilir. 1200 il əvvəl, IV imamın 2 nəvəsi bu kəndin təməlini qoyub. Burada yaşayıb və burada da vəfat ediblər. Qəbirləri üzərində salınan türbələr camaatın inanc yeri – ziyarətgahdır.
Arus kəndi
Adının mənası gəlin deməkdir. Əfsanəyə görə nişanlısına sədaqət göstərən bir gəlinin şərəfinə belə adlandırılıb. Orus tayfa adı ilə də bağlıdır.
Arus meteoriti
Yardımlının dünyaca məşhur meteoritidir. 1959-cu il noyabrın 24 –də səhər saat 8-də Arus və Jiy kəndləri ərazisinə düşüb. Həmin gün sıx duman olmasına baxmayaraq düşərkən təxminən 2800 kvadrat km sahədə yaratdığı güclü işıqlanma 5 – 10 saniyə davam edib. Ən böyüyü 127 kq, ən kiçiyi 300 qram olan 6 qəlpəsi tapılıb. Tərkibində nikel, qrafit və sair metallar olub. SSRİ ərazisində düşən 3-cü böyük meteoritdir. Əsas qəlpələri SSRİ EA Meteoritlər Komitəsinin muzeyində saxlanılır.
Abudərdə Piri (XII – XIV əsrlər)
Abuzərdə, Abuzərə, Abidərdə kimi də səslənir. Arus – Lərzan – Ərsilə kəndləri arasında orta əsr abidəsidir. “Dərdlərə su verən” mənasını ifadə edir. Ocaq, inanc yeridir. IV Rəşidi xəlifəsi və I İmam Həzrəti Əli ibn Əbu Talibin səhabələrindən biridir. Əshabə Əbu Dərdail bu yerlərə imamın göstərişinə əsasən VII əsrdə bu regiona göndərilib və müəyyən dini tapşırıqları icra etmək, yeni dini təbliğ etmək əsas məqsədi olub. Abidənin əsl adının Ərdəbil tərəflərdə yaşayan Şeyx Seyyid Əbuzər adlı məşhur din xadimi ilə bağlı yarandığını söyləyənlər çoxdur. Deyilənlərə görə, qoca yaşlarında səyahət zamanı yolda vəfat edən və ölümündən az əvvəl yol yoldaşı olan qızına məhz bu torpağı nişan verib dəfn edilməsini vəsiyyət edən Şeyx Seyyid Əbuzərin məzarı sonradan pir olub. Türbənin qırağında olan xırda daşları divara sürtərək dua – niyyət edirlər. Əgər bu zaman daş divara yapışsa inanırlar ki, dua həyata keçir. Burada hər kənd bir təpənin üstündə yerləşir. Bir kənddən digərinə getmək üçün bir dağdan enib başqasına dırmaşmaq deməkdir. Bu da fiziki olaraq insanı çox yorsa da, əsəbləri sakitləşdirir. Dağlara uyğunlaşdıqdan sonra bu çətinlikdən zövq almağa başlayırsan. İndiyədək Yardımlıya heç getməyənlərin diqqətinə: Əgər yolunuz oraya düşsə, təbiətdən tam keyf almaq və ruhən dincəlmək üçün iki ideal ünvanı diqqətdən qaçırmayın. Bunlardan biri Peştəsər dağındakı şəlalə və turşsu bulağı, ikincisi İranla sərhədə yaxın, Abdallı kəndi yüksəkliyindəki bulaqdır. Kəskin temperatur fərqiylə seçilən bu iki məkan sadəcə rayon sakinlərinin bildiyi və isti yay aylarında üz tutduğu piknik cənnətidir.
[justified_image_grid facebook_id=2222665901206802 facebook_album=2338083562998368]