Buranın adı çəkiləndə hər kəsin ağlına bir bostan məhsulu gəlir. Sabirabadın dillərə dastan ləzzətli qarpızı.
Arayış
Bakıdan 170 km məsafədədir. Bərəkətli Şirvanla Muğanın birləşdiyi, Kürlə Arazın qovuşduğu nöqtədə yerləşən Sabirabad göz işlədikcə uzanıb gedən düzənlik zonada yerləşir. Mülayim iqlimi var. Tuqay meşələri burada da mövcuddur. Ərazi okean səviyyəsindən aşağıdır. Mərkəzdən 28 km aralıdakı Sarısu gölündə su quşu və balıq ovlamaq üçün şərait var. Əsas çayı sayılan Kürdən qış və payız aylarında xəşəm, ilanbalığı, şamayı, poru, qırmızı balıq, sıf, yaz və yay aylarında isə çəki, naxa, şirbıl, ağ balıq tutulur.
Sabirabad tarixi və tarixi abidələri
IX əsrdə ərəb xilafətinin zəifləməsi nəticəsində Azərbaycanda meydana gələn bir neçə müstəqil feodal dövlətindən biri Muğanşahlıq idi. Qışda Muğan düzünün mülayim iqlimə malik olması ərazidən əsrlər boyu qışlaq kimi istifadə edilməsinə səbəb olub. Qışlamaq üçün tez-tez Muğanı öz hərbi düşərgələrinə çeviriblər. Muğan düzü tarixən əkinçilik və maldarlıq üçün yararlı olub. Zaqafqaziyanın iki böyük çayının da ərazidən keçməsi və burada birləşməsi suvarma üçün əlverişli şərait yaradır. Qədim arx izləri indiyədək qalmaqdadır. Muğanda həyati əhəmiyyətə malik olan arxlar isə tez-tez dağıdılırdı. XIII əsrdə Çingizxan dönəmində dağıdılan suvarma sistemləri Teymur zamanında, 1386 – cı ildə bərpa edilir. Muğanın arxeoloji abidələri ötən əsrin 60-cı illərinin sonunda qeydə alınsa da onlarda geniş miqyaslı arxeoloji tədqiqat işləri aparılmayıb. Şıxlar kəndində yerləşən Baba Səmid türbəsi (XIV əsr) və mərkəzdəki 1900 – cü ildə inşa edilmiş hamam nadir tarixi abidələrdən bu günə sağ qalanlarıdır.
Surra kəndi
Surra yaşayış yeri antik dövrə aiddir. Kür çayının sol sahilindəki düzənlik sahədə yerləşir. 3 ha sahədə qalıqları mövcuddur. Əkin zamanı buldozerlər ərazidəki tarixi tapıntıları məhv edib. Yerdə qalan maddi – mədəniyyət nümunələri bu yaşayış yerinin tarixini e.ə. V-I əsrlərə aid edir. Küp qəbirlər var. Qaratəpə nekropolu, Abdulan yaşayış yeri də rayonun önəmli tarixi – mədəniyyət abidələri sırasında göstərilir. Ötən əsrdə aparılan meliorasiya işləri zamanı qədim yaşayış yerləri əkin sahələrinə çevrilərkən bütün tarixi izləri silinərək məhv edilib. Qaraqaşlı, Cavad, Bulaqlı nekropolu, Qalaqayın, Şəhərgah yaşayış yeri də rayonun tarixi keçmişindən xəbər verir.
Toponim
Sabirabad qəsəbəsi Petropavlovka adlı rus kəndinin əsasında, həmin rus kəndi isə 1846 – cı ildə Cavad qəza mərkəzi əsasında yaranıb. XX əsrin əvvəllərindən etibarən kənd azərbaycanlıların hesabına böyüyərək yaxındakı Qalaqayın kəndi ilə birləşib. Əhalinin əksəriyyətini türklər təşkil etdiyinə görə 1931-ci ildə adı dəyişdirilərək M.Ə. Sabirin şərəfinə Sabirabad qoyulub.
[justified_image_grid facebook_id=2222665901206802 facebook_album=2338214252985299]