1930-cu ildə yaradılan, 1938 – ci ildə Qasım İsmayılov adlandırılan rayonun tarixi adı 1992-ci ildə bərpa edilib. Bakıdan 327 km məsafədə, Kiçik Qafqazın şimal – şərq ətəklərində, Gəncə – Qazax düzənliyinin cənub – şərq kənarında yerləşir. Qazanbulaq – Naftalan düzənliyi rayonun böyük bir hissəsini əhatə edir. Mütləq yüksəkliyi 250 – 300 metrlə 700 – 850 metr arasında dəyişir. Rayonun cənubunu əhatə edən Murovdağ ərazisində çox sayda bulaqlar mövcuddur. Bölgədəki digər silsilə isə hündürlüyü 196 metr olan Bozdağdır. Eyniadlı dağa Abşeron, Ağdam, Şirvan, Şəki, Mingəçevir, Samuxda da rast gəlinir. Dağın adı boz sözü ilə bağlıdır. Qara rənglə ağ rəngin qarışığından əmələ gətirdiyi rəng kül rəngi mənasında işlənir. Süxurlarının rəngi boz – kül rəngli dağ anlamında da başa düşülür. Boz rənglərin hakim olduğu məkanda dünyanın yeganə müalicəvi neft yatağı olan Naftalan yerləşir. Beləliklə, Goranboy üzrə səyahət planı ortaya çıxdı. Əvvəlcə dünyaca məşhur Naftalan haqqında…
Naftalan kurortu
Bakıdan 338 km qərbdə, Gəncədən cənubda, Goran stansiyasından 18 km aralıda, dağətəyi düzənlikdə yerləşir. Cəmi 8 min əhalisi olan Naftalan gözdən uzaq sakit bir yerdir. 1926 – cı ildə xüsusi kurort zona elan edilib. 1928 – ci ildə Naftalanda ilk müalicəxana yaradılıb. Sovet vaxtı burada 6 böyük sanatoriya fəaliyyət göstərib. 1968 – ci ildə yaradılan qəsəbənin sakinləri buradakı sanatoriyaların hesabına dolanır. Qədimdən bəri Şərqdə tanınmış Naftalan nefti dünyada yeganə olan xüsusi müalicə neftinin mənbəyidir. Nizami Gəncəvi “Xəmsə”də bunun müalicə xassələrindən bəhs edib. 70-dən çox xəstəliyə dərman olan bu neft vannalara doldurulur. Xəstələr neft vannası qəbul edərək müalicə alırlar. Yanacaq kimi istifadə edilmir. Buna ağ neft də deyirlər. Etimologiya bu ərazidən çıxan neftlə əlaqədardır: neft alan deməkdir. Ərazi hələ o vaxtdan belə adlanır. Toponimi “müqəddəs çeşmədən şəfa tapmaq” kimi də yozurlar.
Tarixi
Ehtimallara görə hələ qədim zamanlarda burada çıxan neftin müalicə əhəmiyyətini bilən insanlar onu müxtəlif üsullarla tuluqlara doldurub müxtəlif yerlərə aparıb satıblar. Qəsəbədə aparılan arxeoloji qazıntılar zamanı ortaya çıxan 600 – 700 il əvvələ aid tapıntılar hələ o zamanlarda bu neftdən istifadə etmək üçün insanların buraya gəldiyini göstərir. XIII əsrin məşhur səyyahı Marko Polo Venetsiyadan Çinə gedəndə İran, Zaqafqaziya, Orta Asiyadan keçərkən yol qeydlərində
Naftalan haqqında yazıb:
“Gürcüstanla sərhəddə yağ mənbəyi var. O qədər çoxdur ki, yüzlərlə gəmini yükləmək olar. Yemək üçün yaramır. Onu yandırmaq və qotur dəvələrə sürtmək olar. Bundan nəinki heyvanın müalicəsində, bir çox ölkələrdən gələn xəstələr öz dərdlərinin müalicəsində istifadə edirlər.”
Azərbaycanda neft istehsalının sürətlə inkişafı dövründə, yəni XIX əsrin sonunda xarici ölkə işgüzarları Naftalan neftini dünyanın bir çox ölkəsinə daşımağa başlayırlar. Onun dünya miqyasında yayılması və şöhrətlənməsində alman qaz – mühəndis geoloqu E.İ. Yeqerin böyük rolu olub. 1890 – cı ildə ilk quyunu qazıb və onu emal etmək üçün kiçik zavod tikdirib. Məlhəmin hazırlanma texnologiyasını hər kəsdən gizli tutub. Tərkibini araşdırmaq üçün dəmir qutuda 800 qram Naftalan neftini Almaniyaya yollayıb. Orada bunu araşdıran 600 həkim neftin faydaları haqqında rəy yazıb. Naftalan neft yatağından çıxarılan müalicə nefti vanna qəbulu, habelə xəstə nahiyələrə sürtmək üçün işlədilir. Sümük, oynaq, sinir – əzələ, dəri, ginekoloji xəstəliklərə tutulanlar Naftalan müalicəsini qəbul edirlər. Amma ciddi xəstəliyi olanlar üçün bu vannalar böyük əks təsirə də səbəb ola bilərlər. Odur ki, tam dəqiq həkim
müayinəsindən keçmədən Naftalan vannası qəbul etmək məsləhət görülmür.
Gülüstan kəndi
Naftalana qədər gəlmişkən oradan təxminən yarım saatlıq məsafədəki Gülüstan kəndinə getmək məsləhətdir. Naftalandakı boz rənglərin yerini Murovun təmiz dağ havası və mükəmməl mənzərəsi əvəz edir. Eyniadlı istirahət mərkəzi və ərazi, Murovdağın ətəyində, Ağcakənd qəsəbəsi yaxınlığındadır. Mütləq görməyə dəyər. Burada piknik etmək, trekinqlə məşğul olmaq imkanları var. Kəndin məşhur tarixi abidəsi Gülüstan qalasıdır.
Gülüstan qalası (XII – XIII əsrlər)
Müdafiə istehkamıdır. Gülüstan kəndindən 2 km cənub – şərqdə, İncə çayın sahilində, dəniz səviyyəsindən 1700 metr, ətraf ərazidən 200 – 250 m hündürlükdə olan dağın üstündəki yaylada yerləşir. Qalanın ön istehkamı dağın yamacında, Narınqalası isə zirvədə inşa edilib. Bir ehtimala görə, qalanın e.ə. VII – VI yy, digər mənbədə XII əsrdə müdafiə məqsədilə inşa edildiyi, XV əsrdə isə Gülüstan məlikləri tərəfindən bərpa edildiyi göstərilib. Gülüstan qalasına yerli əhali Qız qalası da deyir. Bəziləri bu tip qalaların Oğuz tayfaları tərəfindən qurulduğunu və oğuz kəliməsinin də şəkil dəyişdirərək qız kimi tələffüz edildiyini iddia edirlər. Kəndin adı Azərbaycan tarixindəki çox önəmli bir hadisə ilə də bağlıdır.
Gülüstan müqaviləsi
Rusiya ilə İran arasında bağlanan anlaşma 1813-cü il oktyabrın 24-də indiki Goranboyun (Qarabağın) Gülüstan kəndində imzalanıb. Bu müqavilə 1804 – 1813-cü illərdə Rusiya ilə İran arasında gedən müharibəyə son qoydu. A.Bakıxanov “Gülüstani – İrəm” adlı əsərində yazırdı ki, eyni müqaviləyə görə, İran dövləti Talış, Gəncə, Qarabağ, Şirvan, Bakı, Quba, Dərbənd xanlıqılarını, bütün Dağıstanı, Gürcüstanı və ona həmhüdud ölkələri Rusiya dövlətinə tərk etdi…
Rusiyaya tabe olduqdan sonra bir çox tarixi hadisələr baş verdi. Sosialist inqilabından əvvəl bütün Rusiyada olduğu kimi Azərbaycanı da çar zülmünə qarşı kəndli hərəkatı bürümüşdü. O hərəkata damğasını vurmuş tarixi şəxsiyyətlərdən biri Goranboy sakini idi…
Qatır Məmməd
Və ya əsl adı ilə Məmmədov Məmməd Əli oğlu kəndli çıxışlarından birində bəyi öldürəndən sonra qaçaq düşür. Çar hakimiyyətinə qarşı apardığı mübarizəyə görə tutularaq Sibirə sürgün edilir. İrkutska gedərkən yolda qatardan qaçıb, Azərbaycana qayıdandan sonra mübarizəni davam etdirir, başına böyük dəstə toplayaraq meşələrə çəkilir. Tarixdə özünə qaçaqçılıq hərəkatı rəhbəri kimi yer tutan, çar müstəmləkəsinə qarşı inadla döyüşən Qatır Məmməd 1919-cu ildə mühasirəyə alınaraq öldürülür. Onun qəhrəmanlığından bəhs edən və dildən-dilə dolaşan 50-yə yaxın dastan hekayəsi var. Şərəfinə Goranboy və Gəncədə heykəl qoyulub.
Sovet hakimiyyətinin tənəzzül etməyə başladığı 1980-ci illərin sonunda etnik zəmində yaranan çaxnaşmalar zamanı qaynar nöqtələrdən biri də Goranboy idi. Coğrafi cəhətdən müharibə zonasında yerləşən rayonun Borsunlu, Tap Qaraqoyunlu kəndləri cəbhə xəttindədir.
Bunlar ən çox hərbi əməliyyatlar keçirilən və atəşə məruz qalan yaşayış məntəqəsidir. Strateji cəhətdən əlverişli şəraitdə yerləşən Goranboy, Gəncə və Kürün sağ sahilində olan ərazilərə nəzarət üçün uyğun mövqeyə sahibdir. Bu səbəbdən Goranboydakı bəzi tarixi məkanları ziyarət etmək hələlik imkansızdır. Tarixi abidələrdən Abbastəpə yaşayış yeri(III – VIIIəsrlər), Borsunlu yeraltı hamamı (XIX əsr), Borsunlu məscidi (XVIII əsr), Borsunlu türbələri (XIII – XIV əsrlər), Qaşaltı kurqanları, Qızılhacılı məscidi (XVIII – XIX əsrlər), Goran staniyasından 2.5 km şimalda aşkar edilmiş Goran yaşayış yeri (e.ə. VI – VII əsrlər), III – XIII əsrlərə aid Goranboy (Gözətçilər) körpüləri və sair mövcuddur.
Toponim
Bir ehtimala görə goran atəşpərəstlər məskəni, boy sözü isə qəbilə, tayfa, oba anlamında başa düşülür. Bəzi tədqiqatçılar Goranboy sözünü Starbonun 17 kitabdan ibarət “Coğrafiya” əsərində göstərilən müxtəlif dilli 26 tayfadan biri olan “gel-ger” tayfasının adı ilə bağlayır. Goranın (gelan) gel–ger tayfasının yaşadığı ərazi kimi işləndiyini söyləyirlər. Başqa mənbələrdə Goranboy sözünü “Kitabi – Dədə Qorqud”da işlədilən “gor” sözü ilə bağlayır, “çoxlu ölünün dəfn olunduğu yer – məzar yeri, insanın son məskəni” anlamında başa düşüldüyünü göstərirlər. Digər qrup alimlər isə “goran” sözünü türk – monqol dillərində işlənən “güryan” sözündən yarandığını, düşərgə, ordugah, müharibə edən tərəf, nahiyə mənasını verdiyini göstərirlər. XIV əsr tarixçisi Rəşidəddinə görə, səhrada 1000 ədəd alaçığın dairəvi şəkildə düzülməsi koran adlanıb, mərkəzində isə tayfa başçısının alaçığı yerləşib. Hər hansı tayfanın koran şəklində düzülməsi müdafiə məqsədi ilə olub. Və nəhayət, başqa bir mənbəyə görə “Goran” sözünü Qarabağın Kolanı tayfasının Goran qolunun adı ilə bağlayırlar.
Gədəbəy
Qara və ağ mərmər, qızıl filizi yataqları ilə zəngin olan bu rayon ərazisi vaxtilə ətraf kəndlərin yaylaq yeri olub. Bura “günəş doğan təpə” deyərlərmiş. Bol çəmənlik, çox sayda bulaq, dağ və meşə faktorlarının hamısı eyni yerdə toplandığı ərazi güclü turizm potensialına sahibdir. XIX əsrin ortalarında mis mədəni işə düşərkən “mədən” sözü yerli əhalinin dilində coğrafi yer adı kimi formalaşıb. 1930-cu ildə rayon statusu alsa da, indiyə qədər yaşlı əhalinin əksəriyyəti mədən və zavodların olduğu qəsəbəyə “mədən” deyir. Gədəbəy ərazisi istər çar, istərsə də sovet höküməti illərində gözdən və diqqətdən uzaq qalıb. Gözdən uzaq olan könüldən də uzaq qalarmış misalını çəkən yerlilər onları inkişafdan geri salan bu fakta təəssüflənirlər. Zənnimcə Gədəbəyi digər yerlərdən fərqləndirən, cazibəli edən də elə bu xüsusiyyətidir: nəzərlərdən uzaq, başqa deyişlə pak və təmiz qalmasıdır. Gədəbəylilər vətənlərini “mollanın və haramın girmədiyi torpaq” deyə tərif edirlər.
Arayış
Bakı – Gədəbəy arası məsafə 444 km-dir. Qərb və cənub-qərb tərəfdən 123 km məsafədə Ermənistan ilə həmsərhəddir. Gədəbəy Kiçik Qafqazın orta və yüksək dağlıq qurşaqlarında yerləşir. Ən yüksək dağ zirvələri: Qoşabulaq (3549 m.), Qocadağ (3317 m.), Qaraarxac (3063 m) Quraq iqlimə sahibdir. Mülayim isti yayı, soyuq qışı var. Çay şəbəkəsi sıx olan Gədəbəydə meşələrin ümumi sahəsi 30.5 min hektardır.
Gədəbəyə ilk gəldiyinizdə burada gözə çarpan maraqlı heç nə görməzsiniz. Xüsusilə rayon mərkəzi o qədər balaca və sıxıcı bir yerdir ki, bir an öncə insan buranı tərk etmək istəyir. Odur ki, bu tərəflərə yollanmadan əvvəl orayla bağlı kiçik bir araşdırma aparmaq məsləhətdir. Bu kiçik araşdırma yerini Gədəbəyi gəzib tanıdıqdan sonra böyük təəssüratlara buraxacaq. Beləliklə, bu dilbər guşə ilə bağlı bilinməsi gərəkən ən vacib ipucları bunlardır.
Kartof
Deyən kimi ağla gələn ilk yer Gədəbəydir. İkinci çörək sayılan kartofun vətənidir. Ölkənin ən iri kartofçuluq rayonunda hər il tonlarla kartof əkilir. Gədəbəyin özünə aid yerli sort deyilən kartof şirin ləzzətiylə digərlərindən seçilir. Yerli Gədəbəy kartofu xaricdən gətiriləndən 2 dəfə baha olur. Burda kartofları kilo ilə deyil, çuvallarla satın alırlar. Kartofdan “külləmə” bişirirlər. Nazik qabıqlı, nisbətən kiçik ölçülü kartofları təmizləyir və külün içərisində bişirirlər. Sonra da duzlayıb qabıqlı halda yeyirlər.
Şır – şır şəlaləsi
Gədəbəyə gəlmişkən mütləq görülməsi gərəkən yerlərdən biridir. Rayonun meşə ərazisində yerləşir. Ağacların arasında gizləndiyi üçün görünmür. Su şırıltısının səsini təqib edərək qayalıq ərazidəki şəlaləni tapmaq mümkündür. Yay aylarında adətən burada manqal məclisi qurmuş kişi kompaniyalarına rast gəlmək olur. Aşıq musiqisinin sədaları altında yeyib – içir, yüksək tonda sağlıqlar deyir və isti vuranda sərinləmək üçün şəlalənin altına girirlər. Qarşılarına yad bir qadın çıxdığı zaman qaçıb qayaların arxasında gizlənmələri çox məzəli mənzərə yaradır.
Mineral sular
Gədəbəydə Narzan tipli mineral su qaynaqları çoxdur. Ərazidə ümumi hesabla 26 tanınmış mineral su bulağı qaynayır. «Narzan» (Slavyanka, Kiçik Qa
ramurad və Söyüdlü kəndləri), «Turşsu» (Qalakənd), «Mormor» (Mormor kəndi), Turşsu (Şınıx) məşhurdur. Gədəbəylilər müalicə-sağlamlıq üçün yararlı olan bu bulaqlara əsl can dərmanı deyirlər. Yayda bu bulaqların yanında uzun növbələr görmək olur. Ətraf rayonlardan insanlar və istirahətə gələnlər buralardan litrələrlə su doldurub aparırlar.
Uzunömürlülər
Ekoloji təmiz hava, stresdən uzaq və sağlam həyat tərzi, torpağa bağlı fiziki iş buranı uzunömürlülər diyarına çevirib. Gədəbəydə yaşı 100 civarında olan 100- dən çox insan qeydiyyatdan keçib. Onlar haqqında kitab yazılıb. Uzunömürlülərin çoxu Gədəbəyin Şınıx bölgəsində yaşayır.
“Amazonkalar” Gədəbəydə cavan qızlardan tut-muş, yaşlı nənələrə qədər, burdakı xanımların çoxu məharətli atlılar-dır. Bəzən dağlarda dördnala elə çapırlar ki, toz dumana qarışır, məcburən kənara çəkilirsən. Tarix kitablarındakı amazon qadınlarını xatırladırlar. Qışda kənddə, yayda yaylaqda yaşayan qadınlar hər yerə atla gedirlər. Bu tərəflərdə ən rahat nəqliyyat vasitəsidir. Odur ki, dağda, yaylaqda, meşədə gəzərkən hər yerdə onlarla qar-şılaşmaq olur. Bəzi kişilər at sürməkdə qadınlarla baş edə bilmədiklərini etiraf edirlər.
Gədəbəy toponimi
“Gədə” və “bəy” sözlərinin birləşməsidir. Gədəbəy ərazisində qədim türk tayfaları yaşayıb. Kət və bək sözlərindən yaranan coğrafi adlar Orta Asiya türk dövlətlərində də var. Qədim türkcədə “kət” sözünün əks tapdığı həmin yerlərdə, əhalini düşmənlərin qəfil basqınlarından xəbərdar etmək məqsədilə bir çox qarovulxana, keşikçi – gözətçi məntəqələri mövcud olub. Gədəbəy adı ilə bağlı onlarla rəvayət mövcuddur. Alban tarixçisi Muxtar Qoş “Albaniya xronikası” əsərində (1206-cı il) Gədəbəy əyalətinin adını “Getabey” kimi işlədib.
Ehtimal edirlər ki, “Gettabey” sözü sonradan deformasiyaya uğrayaraq Gədəbəyə çevrilib. Qədim türkcə böyük, qüdrətli adam mənasında işlədilib. Coğrafi relyefinə görə bura qədimdə döyüşkən türk tayfalarının yerləşdiyi ərazi olub. Gədəbəy sözü də buna müvafiq olaraq bədii ədəbiyyatda müraciət olunan şəxs, igid oğlan mənalarını verir. Gədəbəy toponimi qədim türkcə gədə – keşikçi və bək – təpə sözlərindən ibarətdir və “gözətçi təpəsi” deməkdir. Bu ehtimal həqiqətə daha yaxındır. Tarixi mənbəlrədə adı ilk dəfə 12-ci əsrdə çəkilən Gədəbəy qalasının xarabalıqları rayonun Təpəlik sayılan yuxarı hissəsindədir. Başqa bir ehtimala görə isə, Dədəbəy sözü deformasiyaya uğrayaraq Gədəbəy olub. Orta əsrlərdə bu torpaqların bir hissəsi Atabəy, Şəkərbəy, Gədəbəy – ata və oğulları arasında bölüşdürülüb. Gədəbəy, Atabəyin oğlu olub. Ərazidə indi də Atabəy və Şəkərbəy adlı kəndlər var. Bək – təpə sözü ilə əlaqədar olaraq Gədəbəy oykoniminin haqqında da danışmaq lazımdır. Gədəbəy qədim türk dillərindən ket – keşik, gözətçi və türk dillərindəki bək – təpə sözlərindən ibarət olub gözətçi (keşikçi) təpəsi mənasını daşıyır.
Qızıl yatağı
Gədəbəylilər özlərini qızıl üstündə yaşayan kasıb insanlar kimi tərif edirlər. Qiymətli metal yataqlarıyla məşhur olan ərazidə mis emalının tarixi çox əvvəlki yüzilliklərə gedib çıxır. Arxeoloji qazıntılar bu bölgənin qədim sakinlərinin hələ e.ə. II-III əsrdə misdən istifadə etdiklərini göstərir. Rayonun zəngin filiz yataqları XIX əsrdə kəşf edilib. Xaricilərin Gədəbəyə gəlmələri buranın yeraltı sərvətləriylə birbaşa bağlıdır. 1849- cu ildə yunan Qriqoris Mexov bir qrup yoldaşıyla Gədəbəyə xəzinə axtarmağa gəlib və araşdırmalardan sonra Çar hökümətindən icazə alaraq mədənlərdə ilk dəfə qazıntı – araşdırma işinə başlayıb. Dağların qoynunda zavodun inşasına başlayan alman sahibkarları bu yerlərdə xeyli iş görüblər. 1865-ci ilə kimi mis çıxarılması və emalı işinə hannoverli German Tanker və Danimarkalı Simen Maric başçılıq edib. Sonradan bütün səhmləri alman Verner və Valter Simens qardaşları satın alıb.
Sitat
“Yerin cənnəti Gədəbəydədir”
Volfman (alman mühəndis – geoloq, 1890-cı il)
Simenslər Gədəbəydə
1865-ci ildə Rusiyaya gələn Simenslər, Hindistan-Avropa rabitə xəttini çəkmək fikrinə düşüblər. Xətt Qafqazdan keçməli olduğundan, Valter Simens Tehrana müqavilə bağlamağa gedib. Bu xəttin çəkilməsi üçün çoxlu mis və digər metallara ehtiyac yaranıb.
Gədəbəydə almanlara məxsus inzibati bina (XXI əsr)
«Simens» şirkəti 1856-cı ildə burdakı misəritmə zavodunu yenidən qurub. Ancaq Simens qardaşları bu zavodla kifayətlənməyiblər. Qalakənddə tikdikləri digər misəritmə zavodunu 1883-cü ildə işə salıblar. Gədəbəy – Qalakənd arasında yol çəkdirib, dəmir yol xətti qurdurub, eləcə də misi əritmək üçün elektrik stansiyası inşa etdiriblər. Beləcə, Qalakəndin məhsulu dünya bazarına çıxarılıb. O vaxt Qafqazda ən böyük və Azərbaycanda yeganə olan bu zavodda, Rusiyada istifadə olunan misin dörddə biri istehsal edilib. ”Simens”şirkəti 1883-cü ildə Qalakənddə Çar Rusiyasi ərazisindəki ilk su elektrik stansiyasını tikdirib. Kənddəki misəritmə zavodunda elektroliz üsulu ilə mis əridilirdi. Eyni tarixdə Avopanın London, Paris, Sankt Peterburq kimi iri sənaye şəhərlərində gerosin lampalarindan istifadə olunduğu halda, Gədəbəydə artıq elektrik işığından istifadə edilirdi. Simens qardaşları buradakı mis mədənlərinin istismarından külli miqdarda gəlir əldə ediblər. Bəziləri bu fikirdədir ki, onlar Gədəbəydən misdən başqa 57 ton gümüş, 3 ton qızılı gizlicə Almaniyaya qaçırıblar. Sosialist inqilabından sonra yeni hakimiyyət misəritmə zavodlarını işlədə bilmədi və buna görə də hər şey dağılıb getdi. Uzun fasilədən sonra, XX əsrin sonlarında mədənlər yenidən fəaliyyətə başladı. Gədəbəy qızılının istismarı bu dəfə ingilislərə tapşırılıb.
Gryunfeld
1819-cu ildən buraya köç etməyə başlayan almanların Gədəbəydə yerləşdiyi məhəllə belə adlanır. Burada XIX əsrin ikinci yarısında inşa edilmiş xəstəxana, xüsusi memarlığı ilə seçilən evlər və digər tikililər indiyədək qalır. Məhəllədəki daş döşəməli yol diqqəti çəkir. Bir çox yeniliyə imza atan almanlar, yağış və qar yağan zaman yolların sürüşüb çuxur əmələ gətirməməsi üçün 130 – 140 il əvvəl tamamilə yerli daşlardan istifadə edərək yol döşəyiblər. Almanlara məxsus yüzlərlə sənaye və yaşayış tikilisinin bir çoxu sovet hakimiyyətinin ilk illərində amansızca dağıdılıb. Gryunfelddə artıq almanlar yaşamır. Buna baxmayaraq məhəlləyə gələndə sanki başqa dünyaya düşmüş kimi hiss edirsən. Tamamilə fərqli aurası olan bu məhəllədə mütləq dolaşmaq lazımdır.
Körpülər
Gədəbəy mis mədənlərinə 50 il başçılıq edən almanlar burada onlarla körpü salıblar. Körpülərin salınma səbəbi dəmiryollarıyla birbaşa bağlıdır. Mis zavoduyla mədənlər arasında nəqliyyat əlaqəsi yaratmaq üçün 1879-cu ildə Zaqafqaziyada ilk dəfə uzunluğu 28 km olan Gədəbəy-Qalakənd arasında dəmiryolu xətti çəkiblər. Ərazi dağlıq olduğundan bir çox yerdə, dərə və çay keçidlərində, uçqun və nahamar yerlərdə körpülər labüd idi. Onların hörülməsində işlədilən materiallar tamamilə yerli daşlardır. Bəzi yerlərdə qayaları yarmaq məcburiyyətində qalıblar. Deyilənlərə görə, Simenslər körpü inşaatında çalışan işçilərə qarşı çox səxavətli davranaraq yüksək əməkhaqqı ödəyiblər. Körpülərin çoxu dağılıb. Salamat qalanları tarixi abidə dəyəri qazanıblar. Onların içərisində bir dənəsi möhtəşəmliyi ilə diqqət çəkir.
Qanlı körpü
Körpünün adının belə qalması bir əhvalatla bağlıdır. Deyilənlərə görə, mədənlərdə çalışan fəhlələri daşıyan vaqonlardan biri bu körpüdən aşaraq uçuruma yuvarlanıb. Vaqondakıların hamısının ölümü ilə nəticələnən bu bədbəxt hadisədən sonra camaat bura Qanlı körpü deməyə başlayıb. Elə yüksəkdir ki, aşağı baxanda baş gicəlləndirir. Yüksəklik qorxusu olanların üstündən keçməsi məsləhət deyil. 7 tağdan ibarət olan körpü qövsvari formada inşa edilib. Çaldaş kəndi yaxınlığında iki tağlı körpü və Gədəbəy rayon mərkəzində tək tağlı körpülər də bu günə qədər durur. Bunlar enli salınıb ki, üzərində faytonla hərəkət etmək mümkün olsun. Bu gün körpülərdən sürülər və piyadalar istifadə edir.
Gədəbəylilər
Gədəbəy daxil Qərb bölgəsi camaatını ayrım adlandırırlar. Gec başa düşən kobud adam kimi anlaşılsa da, sözün etimologiyasının izahı tamam başqadır. Ayrım, burda yaşayan qədim türk tayfasının adıdır. Bunlar, yerlilərin diliylə desək, padşaha boyun əyməyərək dağlara üz tutmuş döyüşkən türklərdir. Başqa bir ehtimala görə, aya baxıb gələcəyi bilənlərə də ayrım deyrilər. “Ay” səma cismi, “rum” müjdə, xoş xəbər, xəbərçi kimi tərif olunur. “Rım” qədim türk dilində bir şeyin əvvəlcədən başlanması haqqında xəbər verən, bilmək, anlamaq mənalarında işlənir. Ayrım “Kitabi-Dədə Qorqud” dastanında baş bilən, ağsaqqal yaxud olacaq hadisələri əvvəlcədən məlumat verən Tanrı deməkdir. Vaxtilə burada səma cisimlərindən anlayan və astronomiya ilə məşğul olan münəccimlər yaşayıb. Bunu təsdiq edən qədim rəsədxanalar var, amma bunlarda elmi araşdırmalar aparılmayıb. Daha bir fərziyyəyə görə, VII – VIII əsrlərdə Qafqaz Albaniyasına köçmüş yunanlar yerlilərin dilindən anlamadıqları üçün onlara “ay rum” deyə müraciət ediblər. Türkcə yunan sözünün sinonimi kimi rum kəliməsi işlədilir. Ayrım ya da ayrum, qoçaq, igid, cəld deməkdir. Bu söz sak mədəniyyətində “yaradıcı ruh” anlayışı kimi işlənir. Ay sözü qıpçaq tayfalarında “qəhrəman”, igid adı kimi istifadə olunur. Ayrım eyni zamanda Oğuz dastanlarında tayfa adı kimi səslənir; dağ və dağətəyi zonalarda məskunlaşan xalq, tayfa və qəbilə adı ilə bağlıdır. Tarix kitablarında qədim albanları ağbəniz, açıq rəngli saçları və rəngli gözləri olan hündürboylu yaraşıqlı insanlar kimi tərif edirlər. Gədəbəyin ucqar kəndlərində bu tərifə çox uyğun olan insanlar yaşayır. 19-cu əsrdə Gədəbəyə almanlar və slavyanların yerləşməsiylə buranın etnik tərkibi dəyişdi.
Gədəbəydə ruslar
19-cu əsrin ortalarında dini fikir ayrılıqlarına görə Çarın əmriylə bəzi xristian sektalar imperiyanın ucqar əyalətlərinə sürgün edildi. Başqa bir versiyaya görə bu, əslində imperiyanın gizli ruslaşdırma siyasətinin bir parçası idi. Azərbaycana, Gədəbəyə qədər gəlib çıxan malakanlar burada Slavyanka, İvanovka və Saratovka kəndlərində məskunlaşdılar. Rus – slavyan kəndləri azərbaycanlıların yaşadığı kəndlərdən çox fərqlənir. Təxminən 150 il əvvəl planlı şəkildə salınan evlər və səliqəli, rahat küçələr indiyədək olduğu kimi durur.
Novosaratovka kəndi
Gədəbəyə ilk ruslar 1831-ci ildə ayaq basdı. Sürgün edilmiş 12 malakan ailə Novosaratovka kəndinə yerləşdi. Maraqlıdır ki, burada yaşayan ruslar Azərbaycan dilində Gədəbəy ləhcəsi ilə danışırlar. Malakan kəndlərinin memari quruluşu və məişəti elə fərqlidir ki, buralara yolu düşən Azərbaycanda olduğunu unudur. Ruslar köhnə adət – ənənələrini, mətbəxlərini, musiqilərini yaşadırlar. Bir yerə yığışıb qarmonda çalır, çastuşka oxuyur, rəqs edirlər. Biriləri gələndə, klassik rus hamamlarına od salır, qonaqlarını məşhur süpürgələriylə döyəcləyib yaxşıca çimdirirlər. Yayda Saratovkada ev kiralayıb qalmaq mümkündür.
Alban məbədi
Saratovka kəndində 1535-ci ilə aid Alban kilsəsi var. Bu tarixi kilsələrdən istifadə etməyən malakanlar dini ibadətlərini evlərində yerinə yetirirlər. Deyilənlərə görə, bir vaxt bu kilsənin üzərində yazılı işarələr olan daş hörgü var imiş. Daha sonra bu daş və kilsədəki böyük xaç müəmmalı şəkildə yoxa çıxıb.
Fındıqlı
Novosaratovkanın yaxınlığında Fındıqlı deyilən yerdə əvvəllər çox böyük fındıq bağları olub. Ekoturizm zonası elan edilən əraziyə daxili turist marşrutu təşkil olunur. Burada bir neçə mərtəbəli Fındıqlı şəlaləsi var. Şəlaləyə iki cür getmək olur: üst tərəfdən dağ yolu və nisbətən qısa olan aşağı yol. Alt yolu seçənlər, təxminən 2 km məsafəni piyada suyun içiylə getməlidirlər. Əziyyətli olmasına baxmayaraq bu “sulu” macəranı yaşamağa dəyər: gah suda, gah da qayaların üstünə çıxaraq davam edən yolçuluqdan sonra nəhayət şəlaləyə çatıb onun səsini dinləməyə, yaranan bol köpüklü təbii su vannalarını seyr etməyə dəyər. Hətta əməlli başlı soyuq duş qəbul etmək, gur sudan yaranan vannada – təbii jakuzidə çimmək olar. Sərinləmək, dincəlmək və piknik etmək üçün əla yerdir. Azərbaycan ərazisindəki ən qədim qəbirstanlıqlardan biri Saratovkada yerləşir. Buradakı daşların üzərlərindəki unikal rəsmlər diqqəti çəkir. Qəbirlərin çoxu ilkin orta əsrlərə aid edilir.
Xaç haqqında
Məşhur araşdırmaçı – jurnalist Murad Acının əsərlərində xaçın yaranma tarixi ilə bağlı maraqlı fikirləri var. Onun araşdırmalarına görə xaç xristianlıq tarixindən daha əvvəl mövcud idi. Türklərin yaşadığı geniş coğrafiyanı gəzən müəllifin müxtəlif qaynaqlara əsaslanan xaçla bağlı qeydləri diqqəti çəkir. IV əsrdə Qafqaz Albaniyasında rəsmən xristian dini hakim olsa da, xaçlardan istifadə edilmirdi.
Bütpərəst olan qıpçaq türklər isə hələ I əsrdə öz dini rituallarında xaçdan istifadə edirdilər. Gədəbəy ərazisindəki tarixi abidələrin demək olar hamısında, o cümlədən bütün qəbir daşlarında müxtəlif formalı və ölçülü xaç rəsmləri var. Bunlar qədimdə yerlilərin dini rituallarda istifadə etdikləri simvollardır.
Novoivanovka kəndi
Saratovkadan bir neçə km aralıda yerləşir. Heyranedici mənzərəsi olan kənddə rus mədəniyyət muzeyi yaradılıb. 1985-ci ildən başlayan yenidənqurma siyasətindən sonra yaranan sosial vəziyyət və erməni təcavüzü nəticəsində camaat burdan köçüb. İndi kənddə yalnız 15 – 20 nəfər yaşlı rus yaşayır. Novoivanovka Gədəbəyin Ermənsitanla 123 km-lik sərhəd zolağında yerləşən son yaşayış məntəqəsidir.
Kəndin indiki əhalisi əsasən erməni aqresiyası nəticəsində 1948 – 53 və 1989-cu illərdə Ermənistandan qovulmuş azərbaycanlılardan ibarətdir. Novoivanovkanın əvvəlki adı Qarapapaq, bir müddət də Seyidlər kəndi olub. Burada Seyid dərəsi, Qərib Seyid kimi yer adları var. Ərazidəki qədim qəbir daşları kənddə yaşayan müsəlman əhalidən xəbər verir.
Ağ kilsə
Novoivanovkanın ən məşhur abidəsi kənddən bir neçə km aralıda yerləşən “Ağ məscid”dir. Ruslar buraya gəldikdən sonra buna “Meçetka” deyiblər. Abidənin orijinal adı isə “Ağ kilsə”dir. IV əsr tarixi kilsəsi Gədəbəyin ən qədim Alban abidələrindəndir. Digər bənzər tikililərdən fərqli olaraq nisbətən ağ rəngə çaldığı üçün belə çağırırlar. Ağ kilsə yerli çaldaşlardan hörülüb. Üzərindəki daşlara Alban dövrünə aid etnoqrafik işarələr həkk olunub.
Ağkilsənin yerləşdiyi əsrarəngiz gözəlliyə sahib geniş ərazi ekoturizm zonası elan edilsə də turzim üçün infrastruktur mövcud deyil. Yalnız Hacı Əkbərə aid təsərrüfat var ki, buradakı 3 süni göldə balıq yetişdirirlər. Gədəbəydəki ən məşhur balıq isə ləzzətinə doyum olmayan xallı balıqdır. Novoivanovkaya yolunuz düşsə Hacının yerinə mütləq baş çəkin.
Slavyanka kəndi
Gədəbəyin girişində yerləşən mənzərəli kənddir. Rəngli taxtalı, klassik evləri rus nağıllarını xatırladan Slavyanka sarı rəngli malinası və ondan hazırlanan mürəbbəsi ilə məşhurdur. Giləmeyvənin bu sortu Azərbaycanda yalnız bu kənddə yetişdirilir. Əvvəlki adı Qızılça yaylağı olub. Kurort zona hesab edilir. Qızmar yayda şəhərdə temperatur 40 dərəcəyə çatanda, burada istilik 18 – 20 dərəcədən yuxarı qalxmır. İyul ayında dağların yamacı lalələrlə dolu olur. Slavyanka kəndindəki mineral bulaqlarının yanında, kəndin yuxarı və aşağı başlarında yeni açılan otellər yay fəslində fəaliyyət göstərir.
Slavyankada kənd camaatı minillik tarixi abidələrlə iç – içə yaşayır. Qədim Oğuz qəbiristanlığındakı nəhəng qəbr daşları diqqət çəkir. Kəndlilər danışırlar ki, keçən əsrlərdə buraya gələn xaricilər qəbiristanlıqda dəfinə axtarıblar. Kur qanlardan qazıb çıxardıqları xəzinələri də özləriylə aparıblar. Elmi araşdırmaların aparılmadığı ərazidə Oğuz tayfalarına aid olan qədim qala və məbədlər çoxdur.
Tarixi və tarixi abidələri
Gədəbəydəki tarixi mədəniyyət abidələrinin eradan əvvəl XII – VII əsrləri əhatə etdiyini deyirlər. Ərazidən tapılan və son tunc – ilk dəmir dövrünə aid edilən müxtəlif alətlər, çoxlu bəzək əşyaları o vaxtlar Gədəbəydə sənətkarlığın yüksək səviyyədə olduğundan xəbər verir. XII əsr monqol işğalından əvvəl burada artıq Gədəbəy qalası olub. Həmin qalanın xarabalığı keçən əsrdə mis istehsal edilən və yerləşmə mərkəzinə çevrilən Mədən qəsəbəsində tapılıb.
Qız qalası
Söyüdlü kəndində, Şəmkir çayının üstündə yerləşən möhtəşəm tikilidir. “Namərdqala” adı ilə də tanınan abidə elə mürəkkəb coğrafi mövqedədir ki, oraya hər deyəndə getmək olmur. Sıldırım qaya üzərindəki qalanın hündürlüyü 15 metrə qədərdir. Yalnız yağışların çox az olduğu quraq yay aylarında qalaya çıxmaq mümkündür. Yağışlar zamanı çay daşaraq təhlükə yaradır və qalaya çıxmağı qeyri – mümkün edir. Ümumi görünüşünə görə Dəvəçidəki Çıraqqalaya bənzəyən Qız qalasının Sasanilər dövründə, V – VI əsrlərdə inşa edildiyini ehtimal edirlər. Zəngin mis yataqları olan bu yer uğrunda Sasanilərlə Qafqaz Albaniyası arasında müharibə baş verir. Hərbi münaqişə zamanı albanlar Şəmkir çayı boyunca mövqelərini möhkəmləndirmək məqsədilə müdafiə qalası qururlar. Müxtəlif mənbələrdə Qalanın IX əsrdə tikildiyi, XII əsr Atabəylər dövləti dönəmində ən qüdrətli tikililərindən hesab olunduğu bildirilir.
İsgəndər qalası
Şınıx bölgəsində yerləşən bu qala digərlərindən fərqlidir. Keçən əsrin 90- cı illərində Ermənistanla Azərbaycan arasında baş verən müharibə zamanı müdafiə məqsədilə yaranıb. Cəbhə xəttində yerləşən kənddə şiddətli döyüşlər olub. Şınıx türk dilində sıldırım qaya mənasında işlənir və sınıq türk tayfalarının məskunlaşdığı yer kimi izah edilir. Gədəbəyin hər qarışı tarixi abidələrlə zəngindir. Qalalar diyarında bir ölkə, 81 dünya və 24 yerli əhəmiyyətli abidə qeydə alınıb. Burada olduğumuz 5 – 6 gündə gəzib gördüklərimiz bunlar oldu.
Tala kilsəsi
Rayonun yuxarı hissəsindəki meşəlikdə, tala adlanan ərazidə yerləşən qədim kilsədir. Yaşıllıqlar arasında itmiş abidənin içərisində müxtəlif dərin oyuqlar var. Buradan müxtəlif istiqamətlərdə tunellər qazıldığı anlaşılır. Vaxtilə ibadətxana olduğunu deyirlər.
Böyük Qaramurad kəndi
Şahdağ ətəyində, Qaramurad çayının sahilində yerləşir. Mükəmməl mənzərəsi olan bu yaşayış obyektinin adının mənasını böyük, igid insan kimi izah edirlər. 1888 – 1891 – ci illərdə alman alimi Valdemer Belk Böyük Qaramurad ərazisində arxeoloji qazıntı işləri aparıb.
Qədim qəbirləri açıb, içindən qızıl, gümüş, tunc bəzək əşyaları, silah tapıb. Qəbirlərdən çıxan qənimətin siyahısını tutub və bunların hamısını Almaniyaya aparıb. İndi həmin sənədlər və əşyalar Berlin muzeyində saxlanılır.
Zəngli Kilsə (V – VII əsrlər)
Böyük Qaramurad kəndinin ən məşhur tarixi abidəsi V-VII əsrlərə aiddir. XII – XIII əsrlərdə yenidən bərpa edildikdən sonra bu günkü formasını alıb. Bəzi mənbələrdə 1634-cü ildə inşa edildiyi yazılır. Yerlilərdən buna niyə Zəngli Kilsə deyildiyini soruşduq. Sən demə, kilsənin tavanından nəhəng dəmir zəng asılıbmış. Bu zəngə dəmirlə vurulduğu zaman cingiltili səs ətrafa yayılarmış. 1960-cı illərdə kilsənin zəngi müəmmalı şəkildə yoxa çıxıb. Kəndlilər oğurlandığını güman edirlər. Məbədin divarlarına müxtəlif ölçülü formalı xaçlar və naxışlar döyülüb. Deyilənlərə görə vaxtilə bu məbəddən karvansaray kimi də istifadə ediblər.
Qızıltorpaq kəndi
Torpağının məhsuldar olması ilə bağlı belə adlandırıldığını deyirlər. Kənddən 1-2 km aralıda, meşənin dərinliyində qədim Alban monastırı yerləşir. Buraları gəzərkən abidələrin bəzi yerlərinin qazılmış olması diqqətdən yayınmır. Məbədin bünovrəsində küplərlə qızıl basdırıldığını zənn edənlər dəfinə axtararkən bunları dağıdıblar. Kəndin başqa istiqamətində yerləşən Qızıltorpaq şəlaləsinə getmək məsləhətdir. Dağların arası, sıx meşəlik olan bu ərazi Dəlikdaş adlanır. SSRİ-nin Qırmızı kitabına düşmüş nadir quş, heyvan və bitkilərin olduğu yerdir.
Çaldaş kəndi
Çal, burada rəng mənasında işlədilən sözdür. Çal daşlar və qayalar həmişə boz rəngdə göründüyündən belə ad qoyublar. Vaxtilə buranın əhalisi saz sənəti ilə məşğul olub. Kənddən çox sayda aşıq nəsilləri yaşayıb. Çaldaşın ən məşhur tarixi abidəsi Qafqaz Albaniyası dövründən qalma, V-VII əsrlərə aid, dini ayinlər üçün nəzərdə tutulmuş qədim tikilidir. Kənddəki evlərin birinin həyətində yerləşir. İçərisində ot tayası saxlayırlar. Divarlarında hər hansı bir yazı və işarə yoxdur. Məbədin divarlarına gömülən küplər burada da dəfinə ovçuları tərəfindən sındırılıb.
Qalakənd
Şahdağın ətəyində, Şəmkir çayı sahilində yerləşir. Toponim yolüstü, hay – küylü mənalarına yozulur. Qala eyni zamanda qıpçaq tayfa adlarından biridir. Şəhərdən xeyli aralı, uca dağların, sıx meşələrin qoynunda yerləşən kənd, əsl yerüstü etnik muzeydir. Təkcə Qalakənddə 11 monastır var. Kənddəki evlərin demək olar hamısında orta əsrlərə aid xatirələr var. Kənd sakinlərinin biri həyətində kartof əkmək istəyərkən, torpağın altından nəhəng beton parçası çıxarıb. Bu, üstündə çox iri və bəzəkli xaçları və qədim əlifba ilə yazıları olan iri qəbir daşıdır. Burada əlinə bel alıb haranı qazsan, antik dövrdən qalma əsərlərə rastlamaq normal hal sayılır. Kənd sakini Bəkir Məmmədov böyük həvəslə ərazidən tapdığı bütün qədim əşyaları toplayıb. Evinə girincə tarix – etnoqrafiya muzeyinə düşdüyümüzü zənn etdik. Müxtəlif ölçülü küplər, keramikadan hazırlanmış qablar, müxtəlif metal sikkələr, bəzək – zinət əşyaları, çeşidli nizələr, bıçaqlar və silahlar vardı.
Qalaçalar
Gədəbəydə 30 qalaça var. Bir tona yaxın ağırlığı olan nəhəng daşlardan inşa edilmiş bu qalaçalar strateji əhəmiyyətlidir. Oğuz qalaçaları deyirlər. Qalaçaları tikən qədim türk tayfası nümayəndələri – oğuzlar ucaboylu, iri cüssəli olublar. Qəbrlərin ölçüləri bunu təsdiq edir. Qalaçalar müdafiə məqsədli gözətçi qurğularıdır. Kəşfiyyat məqsədi daşıyıb və böyük qalalarla gizli xəbərləşmə mərkəzi olub. Yüksəkdəki qalalardan fərqli olaraq qalaçalar iri ölçülü qaya parçalarından hörülüb. Döyüşlərdə həlak olanları eyni ərazilərdə dəfn ediblər.
Səbətkeçməz qalaçası
Qalakənddən 2 km aralıdadır. Səbətkeçməz ya da Govdu qalaçası adlanır. Sıldırım qaya, çayın hündür sahili, dağın diki, təpə və sair kimi mənalara gəlir. Türk mənşəli sözdür. Təpədə qalaça olan yer kimi formalaşıb.
Səbətkeçməz məbədi
Qalaçadan aralıda, yüksək meşəlik ərazidə bir tikili var. Tipinə və quruluşuna görə buradakı digər Alban abidələrinə bənzəyir. Tək hücrəli bu abidəyə kəndlilər Alban məbədi deyirlər. Bunun müşahidə qülləsi olduğunu da söyləyirlər. Yaranma tarixini ilkin orta əsrlərə aid edirlər.
Onun olduğu nöqtədən uzaqdakı Koroğlu qalası açıq – aydın görünür.
Xalq qəhrəmanı Koroğlunun adı ilə bağlı qala, Qalakənd ətrafındakı Tunc dövrünə aid Oğuz qalaçasının xarabalıqlarında salınıb.
Koroğlu qalası (V-VII əsrlər)
Buna Cavanşir qalası da deyirlər. Dəniz səviyyəsindən iki min metr yüksəklikdə yerləşir. Bu, əslində öz dövrünə görə hər şəraiti olan qala – şəhərdir. Gildən hazırlanmış borularla xeyli uzaqdan su çəkilib. Qala daxilində iki gözdən ibarət gizli su anbarının və külək dəyirmanının qalıqları indiyədək durur. Qalanın ətrafında qoşa təndir qalıqları, yüzlərlə qoyun sığan mağara, habelə, bir neçə qədim məbəd olub. Alban mənşəli bu qalada orta əsrlərə aid çoxlu sikkələr, məişət əşyaları, nizə və yay oxlarının ucluqları, qadın bəzəkləri aşkara çıxarılıb. V-VII əsrlərə aid tarixi abidədir. Alban hökmranlığının son dönəmlərində, Girdman dövlətinin knyazı Cavanşirin atası Varastırdat tərəfindən inşa etdirilib. Düşmən təhlükəsi olduğu zaman hökmdar ailəsi və yaxınlarının sığındığı, sıldırım qayanın üstündə tikilmiş strateji əhəmiyyətli möhtəşəm müdafiə kompleksidir. Feodal istehkamlardan biri hesab edilən tarixi abidənin XII əsrdə inşa olunduğu istisna edilmir. Qalanın Cavanşir və Koroğluya aid olmasını isə belə izah edirlər. Tarixi abidə kimi Alban dövrünü əks etdirsə də, XVI-XVII əsrlərdə Koroğlunun ixtiyarında olub. Koroğlu adıyla bağlı yerlər Gədəbəydə çoxdur. Koroğlu dərəsi, Koroğlu dağı və sair. Bu qalanın Koroğlunun Azərbaycandakı əsas sığınacaqlarından biri olduğu güman edilir.
Koroğlu kimdir?
Bu mistik xalq qəhrəmanı, türk xalqlarının ortaq etnosudur. XVI – XVII əsrlərdə Osmanlı imperiyası və Azərbaycanın bir çox ərazilərini kəndli hərəkatı bürümüşdü. Bu kəndli üsyanlarından birinə Koroğlu başçılıq edirdi. Rəvayətə görə Koroğlunun əsl adı Rövşən olub. Atası Alı kişinin gözünü çıxardırlar. Padşahın əmriylə gözləri çıxarılan atasının bu halına qəzəblənən Rövşən özünə o gündən Koroğlu ləqəbini seçir və ədalətsizliyə qarşı mübarizəyə başlayır. Koroğlu və silahdaşları haqqında yazılı mənbələrdə məlumat çox azdır. Tədqiqatçıların bəziləri Koroğlunun Anadoluda, əksəriyyəti isə Azərbaycan ərazisində fəaliyyət göstərdiyini qeyd edirlər. Koroğlunun adı ilə bağlı rəvayətlər “Koroğlu” dastanında toplanıb. Vuruşmalarda mərdlik və şücaəti ilə seçilən Koroğlu, kasıbların dostu, zülmkarların düşməni, bir xalq qəhrəmanıdır.
[justified_image_grid facebook_id=2222665901206802 facebook_album=2338958059577585]