30 mindən çox bulaq, yüzlərlə isti və mineral suyun çıxdığı, 4 mindən çox bitkinin yetişdiyi, müxtəlif faydalı minerallarla zəngin bu torpağı təbiət muzeyi adlandırırlar. Kəlbəcər dağlarını inamla yaşıl aptekə bənzətmək olar. Burada 200-dən artıq müalicəvi əhəmiyyətli bitki mövcuddur. 2200 metr yüksəklikdəki İstisu kurortu öz əhəmiyyətinə və gözəlliyinə görə dünya markası Karlovı Varıdan heç nə ilə geri qalmır.
“Yalnız Tərtərçay vadisini gəzməyən insan İsveçrənin gözəlliyinə heyranlıq duya bilər.” Geoloq V.Abix
Arayış
Bakı – Kəlbəcər arası məsafə 458 km-dir. Bərdə dəmiryolu stansiyasından 139 km aralıda, Bərdə – İstisu avtomobil yolu kənarında, Tərtər çayı dərəsindədir. Dəniz səviyyəsindən 1500 – 3800 metr yüksəklikdə, Kiçik Qafqaz dağlarında yerləşir. Azərbaycanın ən yüksək dağ rayonudur. Ən yüksək zirvəsi olan Camışdağ – Murov dağının hündürlüyü 3724 metrdir. Şahdağ, Şərqi Bəyazit, Basarkeçər, Mıxtökən, Qarabağ silsiləsi və Qarabağ yaylasının bir hissəsi burada yerləşir. Ərazisinin çox hissəsində qışı quraq keçən soyuq və dağlıq tundra iqlim tipləri hakimdir. Ən böyük çayı Tərtərdir. Alagöllər, Zalxa gölü və sair göllər var. Bir zamanlar uzunömürlülər diyarı kimi məşhur idi – yaşı 100-ü ötmüş çox sayda insan yaşayırdı. Memarlıq abidələrindən Tərtər çayının başlanğıcındakı Xotavəng məbədi (XIII – XVIII əsrlər) qalıb. Kəlbəcər qaya təsvirləri də rayon ərazisindəki sütun qayaların üzərindədir. 280 min ha ərazisi meşələrdir.
1930 – cu ildə təşkil edilən rayon Ermənistanla sərhəddə yerləşir.
İŞĞAL TARIXI02-06.04.1993 132 yaşayış məntəqəsi, 24 tarixi, 5 dini ziyarətgah işğal altındadır. Qızıl yataqları ermənilər tərəfindən işğal tarixindən bəri yağmalanır.
Göllər, çaylar, dağlar və zonalar
Həm düzəngah, həm də dağ zirvələrində toplam 13 göl var. Kəlbəcərin ən böyük çayı Tərtər çayıdır. Onun iri qolları Tutxun, Lev çayı, Zəylik, Alolar, Qaraarxac (Sərkər) çaylarıdır. Çox məşhur 20-yə yaxın bulaq mövcuddur. Rayon ərazisinin 70-80% hündür dağlar təşkil edir. Burada hər bir dağın, təpənin öz adı var. Dağlıq ərazidə bütün istiqamətlərdə avtomobillərin hərəkəti məhdudlaşdığına görə rayonun ərazisi el arasında bir neçə zonaya bölünürdü:
1. Yuxarı zona – mərkəzdən qərbə tərəf olan ərazilər
2. Ayrım zonası – şimal – qərb hissəsindəki ərazilər
3. Qamışlı – Lev zonası – şimal – şərq bölgəsi
4. Tutqu zonası – Zülfüqarlı – Başlı bel ətrafında yerləşən ərazilər
5. Sərsəng SES zonası – şərq hissəsində yerləşən zəngin meşəlik ərazilər
6. Dəlidağ-Sarıyer-Keyti zonası
çılpaq və meşəsiz dağ və düzənliklərdən ibarətdir.
Yaylaqlar
Rayon ərazisi böyük olduğundan Sarıyer, Murov, Keyti, Dəlidağın sahələri yay aylarında mal – qoyunun yaylaması üçün Azərbaycanın 30-a yaxın rayonunun istifadəsinə verilirdi. Elə ki, istilər başlayırdı, iyun – sentyabr ayları Azərbaycanın əksər rayonlarından əhali yaşamaq üçün Kəlbəcərə gəlirdi. İstirahətə gələnlərin əsas düşərgə yeri İstisu, Taxta düzü, Ceyran bulağı, Tutqu zonası, Tərtər çayı boyunca olan düzəngah sahələr idi.
Bal
Kəlbəcərdə iqlim şəraiti sərt olduğundan, əhalinin əsas məşğuliyyəti heyvandarlıq idi. Bununla belə arıçılıq da yüksək inkişaf etmişdi. Yerli bala tələb o qədər yüksək idi ki, arıçılıq sovxozu da açılmışdı. Çox yüksək keyfiyyətli bal istehsal edilirdi.
Tarix
Kəlbəcərə antik dövr abidəsi deyirlər. Tarixi olduqca qədimlərə gedib çıxır. Qayaüstü rəsmlər, eləcə də e.ə. III minilliyə aid yaşayış məskənlərində tapılan gil qablar və digər tapıntılar, eləcə də yüzlərlə qədim mağaralar buradakı antik həyatı gözlər önünə sərir. 1980 – ci illərdə Böyük Güney deyilən ərazidə tapılmış eni 1 km-ə qədər uzanan mağara arxeoloqların marağına səbəb olub. Kəlbəcər dağlarında Lok, Comərd, Uluxan, Qalaboynu, Xotavəng məbədi və sair kimi qalalar buranın qədim tarixinin digər xəbərçiləridir.
Toponim
Adın yaranması haqqında dəqiq məlumat yoxdur. Yaşlıların dediyinə görə, Kəlbəcər Kərbəlayı Həcər adlı şəxslə bağlıdır. Onun məzarı üzərində tikilən günbəz rayon qəbiristanlığında 1993-cü ilə qədər dururdu. Toponimlə bağlı bir rəvayət geniş yayılıb.
Rəvayət
Qədimdə buralarda Uluxan adlı xan yaşayırmış. Xanın ordusu, güclü pəhləvanları var imiş. Bir sabah həyətdə gəzişərkən gəlini Becanın camış sağdığını görür. Yanındakı kəl şuluqluq edirmiş. Buna səbri çatmayan Becan bir göz qırpımında kəli başı üzərindən qaldırıb qayadan aşağı atır. Kəl gumbultu ilə Tərtər çayının yanında olan xaraba kəndə düşür. Xan gördüklərindən kimsəyə bəhs etmir. Günlərin birində yadellilər xanın torpaqlarına hücum edirlər. Onun 18 qüdrətli pəhləvanı varmış. Qaydaya görə savaş başlamadan hər iki tərəfdən iki pəhləvan güləşməliymiş. Hansı pəhləvan döyüşü qazansa, həmin tərəf də üstün sayılırmış. Yadellilərin pəhləvanı xanın 18 pəhləvanının hamısını yıxır. Birdən xanın yadına gəlini Becan düşür. Bu dəfə meydana o çıxır və döyüşü qazanır. Amma onun qadın olduğunu anlayan pəhləvan sinəsinə əl atır və döşündən yaralayır. Buna qəzəblənən Becan onu yerə yıxaraq başını kəsir. Beləliklə, xan qalib gəlir, ancaq çoxlu qan itirən gənc xatun ölür. Bu igidliyi xatirələrdə yaşatmaq istəyən Uluxan gəlini Becanın kəli qayadan atdığı və yadelli pəhləvanın başını kəsdiyi səhnəni şəhərin qala divarına həkk etdirir. Bu görüntü indiyədək qalmaqdadır. Bununla da kifayətlənməyən hökmdar yaşadığı məmləkətə Kəlbecan adını verir.
Aşıqlar yurdu
1993-cü il işğalına qədər rayonda yaşayan əhali təxminən 400 – 500 il bundan qabaq, yəni XIV – XV əsrlərdə burada məskunlaşan Alpana və Məmməd uşağı tayfası olub. Bura həm də məşhur aşıq və şairlər məskəni kimi ad çıxarıb. Saz və zurna-balaban aşıqları olaraq ayrılan Kəlbəcər aşıqları 1993-cü ildən bəri qaçqın həyatı yaşayır, sazlarını Şamaxı – Pirqulu, Nabran kimi kurortların restoranlarında və toy mərasimlərində çalaraq dolanırlar.
Aşıq Şəmşir (1893- 1980)
Azərbaycan şifahi xalq ədəbiyyatının ən böyük simalarından hesab edilir. Gəncliyində məşhur Alı, Ələsgər, Qur ban kimi ustad aşıqların əsərləri ruhunda, Göyçə – Kəlbəcər aşıq məktəbinin təsirində böyüyüb. İllər içərisində püxtələşib məşhurlaşsa da, 1955 – ci ildə İstisuda xalq şairi Səməd Vurğunla görüşüncəyədək əsərləri heç çap edilməyib. Bu tanışlıqdan sonra onun əsərlərinin hamısı işıq üzü gördü.
Vəfatından illər sonra, 1992-ci ildə yaşadığı kənd ermənilər tərəfindən yandırılarkən, bütün əl yazmaları məhv oldu, xeyli yaxın qohumu da qətlə yetirildi.
Qızıl yataqları
Söyüdlü – Zod qızıl mədəni tarixə uzun əsrlərdir məlumdur. Zod qızıl yatağının istismarı eramızın III minilliyinə təsadüf edir. Söyüdlü sahəsində 1970 – 80 ci illərdə aparılan geoloji kəşfiyyat işləri vaxtı qədim dağ qazmaları, mağaralar, quyular, qədim süxur çöküntüləri və qədim filiz qırıntılarından ibarət ayrı-ayrı təpəciklər və qızıl istehsal edən alətlər onu sübut edir ki, insanlar 4-5 min il əvvəl buralarda qızıl istehsal ediblər. Zar kəndi isə tarixdə “Şəhrizər”, yəni qızıl şəhəri adı ilə məşhur olub.
Şəhrizər
Sovet hakimiyyəti illərinə qədər Şəhrizər adı ilə tanınan bu kənd ən qədim yaşayış məskənlərindən biri olub. Əhalisini Cəfərilər sülaləsindən olan Oğuzlar təşkil edib. Şəhrizər Albaniya hakimiyyəti zamanında böyük şəhərlərdən idi. Keyti dağından çıxarılmış qızıl filizi Alban hökmdarı Cahanxatun tərəfindən tikdirilmiş qızıl zavodlarında istehsal edilib. Buraya Şəhrizər adının verilməsi buradakı qızıl mədənləriylə birbaşa bağlı olub. Antik qızıl müəssisələrindən biri zamanəmizə qədər Daşdirəkli dam adıyla gəlib çıxıb. Sovetləşmə dövründə Zar deyə dəyişdirilib. Kənddə böyük mağara da var.
İstisu
Bu ərazilərdə çıxan İstisu mineral bulaqları haqqında məlumatlar XII əsrə təsadüf edir. Ancaq geoloji tədqiqatlar göstərir ki, İstisuda olan terminal bulaqlar, mineral sular daha əvvəldən də bəlli idi. Kəlbəcərdəki İstisuyun kimyəvi analizi ilk dəfə 1927 – ci ildə aparllıb. Kurort tikililər isə 1920-ci illərin sonlarında tikilməyə başlanıb. 1951-ci ildə Yuxarı İstisuda vannalar və kurort xəstəxanası, mehmanxana tikildi. Kəlbəcər istisuyu yerin səthinə qaynar halda çıxır. Üzə çıxan suyun temperaturu 62 dərəcədən 75 dərəcəyə qədər, bəzi quyularda isə daha yüksək istilikdə olur. İstisuya “ocaq yeri” kimi də baxırlar. Qədimdən bəri xəstə, şikəst olan insanların buraya gəlib, şəfa tapması ilə bağlı bu inanclar yaranıb. İstisuların çölə çıxarkən vurduğu fontandan yaranan vannalara hər il dünyanın bir çox yerindən gələn insanlar müalicə alırdılar. Mineral sularla bərabər yerin üstünə küllü miqdarda karbon qazı çıxır. Bu qazdan suların qablaşdırılması prosesində istifadə olunur. Karbon qazının küllü miqdarda olması onun ixracına imkan verir