Xocavənd

Xocavend

Dağ yamaclarına səpələnmiş bir neçə Qarabağ obasından ibarət rayon Ağdam – Füzuli avtomobil yolu kənarında, dağətəyi düzənlikdədir. Relyefi dağlıqdır. Hündürlüyü təqribən 500 metrdən 2725 metrə (Böyük Kirs dağı) qədərdir.

İŞĞAL TARIXI18.02.1992 25 tarixi abidə, 12 ziyarətgah işğal altındadır.

Arayış

26 noyabr 1991-ci ildə DQMV ləğv edilərək Martuni və Hadrut rayonlarının bazası əsasında Xocavənd rayonu yaradılıb. Rayonun relyefi əsasən dağlıq olub, şərqdə və cənub-şərqdə dağətəyi düzənlikdədir. Üzümü və yaşıl mərməri ilə məşhur olan rayon tarixi – memarlıq abidələri ilə zəngindir.

Tarixi abidələri

Xocavənd ərazisində Tağlar mağarası, “Ritiş” qalası və Tuğ kəndində Qırmızı məbəd (X əsr), Ərgünəş dağının yamacında ildırım qayalar üzərində qala, Düdükçü kəndində “Rzaqulu bəy” türbəsi (XIII əsr), Böyük Tağlar kəndində Alban məbədi(1241-ci il) və sair tarixi qədim abidələr mövcuddur. Erməni təcavüzü nəticəsində bunların əksəriyyəti ciddi ziyan görüb.

Amaras

Qafqaz Albaniyasında mövcud olmuş yepiskopluk mərkəzi və şəhəri belə adlanırdı. Eyniadlı çay, monastır və şəhər yeri indiyədək mövcuddur. Xarabalığı Xocavənd ərazisində, Xonaşen çayının sağ sahilindədir. Erkən orta əsrlərə aid mənbələrdə Amarasın adı IV əsr hadisələri ilə əlaqədar olaraq çəkilir. Burada antik çağdan bəri yaşayış var. VI əsrdə Amarasda məbəd tikilib, alban yepiskoplarından Qriqoris dəfn olunub və zaman içərisində ərazi ziyarətgaha çevrilib. Toponim “amar” və “as” sözlərindən ibarətdir. Qədim türkcədə “amar”-çay mənasına gəlir, “as” isə böyük çay qolu anlamındadır, yəni böyük çayın qolu deməkdir.