Aranlı – dağlı Qarabağın dörd bir tərəfinə uzanan yolların başında qərar tutan dəli, amma mehriban ürəkdir Ağdam. Şirindilli camaatının əzəldən bəri ticarətlə arası yaxşı olub. Odur ki, hələ sovet mağaza vitrinlərinin bom-boş olduğu illərdə hər cür mal axtaran Ağdam bazarına üz tutar, dönəmin son dəbinə uyğun tikilmiş ikimərtəbəli əzəmətli evlərindən və səliqəli küçələrindən ağız dolusu danışardılar. Qarabağın düz göbəyində yerləşən şəhərin keçmişini bilənlərə bu gün o möhtəşəm Ağdamda daşın daş üstündə qalmadığı inandırıcı gəlmir. Acı, amma gerçək…
Arayış
Bakı – Ağdam arası məsafə 358 km-dir. Kür – Araz ovalığının Kiçik Qafqaz dağlarına söykəndiyi Qarabağ düzündə mövqe tutur. Relyefi əsasən düzənlik, qismən alçaq dağlıqdır. Dəniz səviyyəsindən 410 – 1365 metr yüksəklikdə yerləşir. Xaçın və Qarqar çayları axır. Rayon ərazisinin 1700 hektarı meşəlik, 91.3 hektarı isə kənd təsərrüfatına yararlı torpaqlardan ibarətdir.
Ərazidə əhəng daşı, sement xammalı, çınqıl, qum yataqları var. DQMV ilə həmsərhəddir. Qarabağ müharibəsində döyüşən 11000 ağdamlıdan 6 mini şəhid oldu. Rayonda 5 ildə 3 şəhidlər xiyabanı əmələ gəldi. Bu gün rayonun cəmi 25% – lik ərazisində həyat ağdamlılar üçün davam edir…
İŞĞAL TARIXI23.07.1993 Rayonun 75% -i, 13 tarixi və 18 dini abidə və ziyarətgahı işğal altındadır.
Müharibə
Müharibənin ilk günündən ən böyük ağırlıq Ağdam rayonunun üstünə düşdü. Şuşa, Laçın, Kəlbəcər rayonlarını işğal etdikdən sonra Ağdam da hədəf seçildi. Buranı ələ keçirmək üçün başlayan iri miqyaslı hücum əməliyyatları nəticəsində Ağdamın 87 kəndi və şəhər mərkəzi yerlə bir edildi. 126 min ağdamlı 1993-cü ildən bəri qaçqın statusuyla yaşayır.
İlk şəhidlər
1988 – ci ilin fevralında Qarabağı Azərbaycandan ayırmaq niyyətilə Xankəndində başlayan mübarizəyə ilk etiraz dalğası da məhz Ağdamda coşdu. Ermənilərin ərazi iddiasına cavab olaraq hiddətli Ağdam camaatı yüzlərlə gənc-ixtiyar əlində dəyənək, daş-kəsəklə ermənilərin yaşadığı qonşu Əsgərana tərəf axdı. Həmin gün iki ağdamlı gənc Əli Hacıyev və Bəxtiyar Quliyev öldürüldü. Beləliklə də, Azərbaycanın ən yeni tarixinin ilk yazısı qanla yazıldı. Bunlar yenidən başlayan etnik münaqişənin, Qarabağ müharibəsinin ilk şəhidləri idilər. Torpaqların müdafiəsi uğrunda döyüşlərdə xüsusi şücaətləri ilə seçilən Şirin Mirzəyev, Allahverdi Bağırov, Canpolad Rzayev kimi ağdamlılar isə ən yeni tarixinin qəhrəmanlıq salnaməsini yazaraq Milli Qəhrəman adına layiq görüldülər.
Tarixi
Mənbələrdə bu yaşayış yerinin adı ilk dəfə 1357 – ci ildə çəkilir. Şəhərin qədim qəbirstanlığındakı 1174-cü ilə aid olan bir daş kitabədə buranın çox qədim Qala yaşayış yeri olduğu məlum olur. Ağdam şəhəri yaxınlığında, Şahbulaq deyilən yaşayış məntəqəsi ərazisində əhəngdaşından ibarət qədim daş karxanası bu fikrin doğruluğunu təsdiq edir. Qala divarları sonralar da elə həmin daşdan hörüldüyündən Ağdam adlandırılıb. Şəhər kimi 1828 – ci ildə qeydə alınan Ağdamda 1832 – 33 – cü illərdə cəmi 55 ev olub. XIX əsrin ortalarında burada 3 dəmirçixana, üç sabun bişirmə müəssisəsi fəaliyyət göstərirdi. Həmin dönəmdə xalçaçılıq önəmli istehsalata çevrilir. 1882 – ci ildə “Kafkaz” qəzetində dərc olunan bir yazıda göstərilir ki,
“Ağdam cəmiyyətində demək olar ki, bütün komlarda müsəlman qadınlar xalça
istehsalı ilə məşğul olurlar. Bu komalar toxucuların mənzillərini əvəz edir.”
Məlumata görə, burada 1200 ədəd xalça toxunub. Xalça və palazlar Ağdam bazarında satılırdı. 1853-cü ildə Soqomonov qardaşlarının Muradbəyli kəndində təsis etdiyi çaxır zavodu ilə birlikdə şərabçılıq sənayesi inkişaf etməyə başlayır. 1890 – cı ildə xarici ölkələrdən texniki avadanlıq gətirilir və xalis konyak istehsal edən zavod işə salınır. Ağdamda digər çaxır zavodlarından biri də 1862-ci ildə Xublarov qardaşları tərəfindən tikilmişdi. Bunlardan başqa Boyəhmədli kəndində Aleksandr Zildxiyevə məxsus olan çaxır zavodu da var idi. Ağdam Azərbaycanın ilk pambıq becərən rayonlarından olub. Bu təsərrüfatla əsasən aran kəndlərində məşğul olublar. Pambıq əkib-becərən bəylərə isə el arasında “pambıq bəylər” deyiblər. Xındırıstanlı İsmayıl bəy daha sonra ərazidə pambıqtəmizləmə zavodu və baramaqurutma zavodu da tikdirir. XX əsrin əvvəllərində Ağdamda kiçik tütün fabriki də mövcud idi ki, burada əsasən maxorka məhsulları istehsal edilirdi. Bütün bunlar keçən əsrin əvvəllərində Ağdamın artıq kapitalizm inkişafı yoluna düşdüyünü, təkcə Qarabağda deyil, Azərbaycan iqtisadiyyatında öz mövqeyi olan önəmli bir bölgəyə çevrildiyini göstərir.
Xaçın çayı
Kəlbəcər, Ağdam və Bərdə rayonları ərazisindən axan çaydır. 119 km uzunluğu var. Mənbəyini Qarabağ silsiləsindəki Uyuxlu dağından, 2100 metr yüksəklikdən götürür. Xaçın hidronimi Qafqaz Albaniyasının Xaçın əyalətinin adındandır. Bu əyalətin adı ilk dəfə VII – X əsrlərdəki hadisələrlə əlaqədar çəkilib. XII – XIII əsrlərdə Qarabağda (Arsaqda) Xaçın knyazlığı yaranıb. Bütün bu adlar ərazidəki Xaçın qalasının adı ilə bağlıdır. Qala monqol hücumları zamanı 1227-ci ildə dağıdılıb. XIII əsrdə monqollar xaçın hökmranlığına son qoyublar. XV əsrdə Qaraqoyunlu hökmdarı Cahanşah Həqiqi Cəlalilərə məlik titulu verdi. Bu məliklik sonralar – 1813 – cü ildə Qarabağ xanlığının tərkibində Rusiyaya birləşdirildi. Xaçın dərəsi boyunca bir çox qiymətli tarixi abidələr yer alır.
Tarixi abidələri
Bunların əksəriyyəti işğal altında dağıdılıb. Xanoğlu türbəsi (XVII əsr), Qarabağ xanı Pənahəli xanın imarəti (XVIII əsr) və türbəsi (XIX əsr), qoşa minarəli Ağdam Cümə məscidi (1870) bunlardan bir neçəsidir.
Ağdam çörək muzeyi
Sovet illərində SSRİ-də ilk dəfə Ağdamdakı köhnə dəyirmanda yaradılıb. Vaxtilə burada dənin üyüdülməsindən xəmir yoğrulmasına və çörəyin bişirilməsinə qədər olan bütün prosesi izləmək olurdu. Muzeydə əkinçilik tarixini öyrədirdilər. Çörək muzeyinin Ağdamda açılması təsadüfi deyildi. Çünki yarandığı tarixdən bəri Ağdam bərəkətli torpaq kimi tanınıb və buna görə də hər zaman istila edilib. Çörək muzeyi də 1993-dən bəri işğal altındadır.
Toponim
Ağdam toponimi “ağ” və “dam“ kom-ponentlərindən ibarətdir. Ağ rəng bildirir. Dam ilə birlikdə möhkəmləndirilmiş yer, qala divarı kimi izah edilir. Toponimi “işıqlı dam” kimi də mənalandırılır. Yəni “yer üstündə qurulan və günəş işığı ilə işıqlandırılan ev” deməkdir.
Görünür, qışlaq kimi istifadə edilən ərazidə mal-qaraya baxanlar qazma-qara damlarda yaşadıqları halda, sonradan burada yer üstündə evlər tikiblər. Əmələ gələn yeni yaşayış məntəqəsinə isə ağ dam deyiblər. Başqa qrup tədqiqatçılar toponimi Ağ Adəm kimi yozurlar.
Indi də Ağdamda həyatın davam etdiyi və bizdə qalan 25% ərazisinə səyahət edək. Görülməsi gərəkən bəlkə də yeganə ünvan ölkənin ən məşhur ziyarətgahlarından biridir. O, çox məşhur bir seyidin məzarı üzərində inşa edilib.
Seyid Lazım ağa
Qarabağ camaatının səcdəgahı, sağlığında minlərlə insana şəfa vermiş seyidin adı belədir. Ağsaqqal kimi böyük hörmət və ehtirama sahib olub. Laçın rayonunda anadan olsa da, Ağdamda yaşayıb. Deyilənlərə görə keçən əsrin əvvəllərində Ağdamın Çəmənli kəndində çox xeyirxah insan, qubernatorun yüzbaşısı işləyən Alı bəy yaşayıb. Alı yüzbaşı seyid Lazım ağanın ata-babası ilə çox yaxın dost olub.
Ona görə də ailəni Çəmənli kəndinə dəvət edib və burada yaşaması üçün hər cür şərait yaradıb. Onların nəsli 4-cü şiə imamı Zeynalabdinin nəslinə mənsubdur. 114 yaşında vəfat edən Seyid Lazım Ağa Çəmənli kəndində “Cümşüd” məscidində dəfn edilib.
Çəmənli kəndi
Mərkəzdən 16 km şimal – şərqdə yerləşir. Keçmiş adı Qara Çəmənli olub. Türkdilli xələc tayfası yaşayıb. 1859 – cu ilə aid tarixi sənəddə göstərilir ki, kənd 59 ailədən ibarətdir. Mil- Qarabağ düzlərində əsasən maldarlıqla məşğul olmuş çəmənlilər sonralar 1928 –ci ildə bu ərazilərdə oturaq həyata keçiblər. Qara Çəmənli toponimi – qaraçəmənli nəslinə mənsub olanlar mənasındadır. Qara deyilən şəxs çox imkanlı bir mülk sahibi olub. Çəmənli cəbhə xəttinə yaxın ən sakit kənddir.
Cəbhə xəttindəki Qərvənd kəndlərində isə atəşkəs tez-tez pozulur, atışmalar qeydə alınır. Buradakı əkin sahələri, taxıl zəmiləri düşmən snayperlərinin hədəfi altında olsa da, camaat burada yaşamağa davam edir. Kəndin bir çox evləri güllə-barandan dağılıb, damları və evlərin ikinci mərtəbələri yararsız hala düşüb.
Ayaq Qərvənd kəndi
Rayon mərkəzindən 16 km şimal – şərqdə, Xaçın çayının sahilində, Ağdam – Bərdə şose yolu kənarında yerləşən kənd cəbhə xəttindədir. Yaşayış məntəqəsi Baş Qərvəndin aşağısında olduğuna görə, Ayaq sözü əlavə edilib. Qərvəndlər türkdilli qədim xəzərlərin kəbirli tayfasına mənsubdurlar. Bunu gərayvənd tayfasının adı ilə əlaqələndirirlər: “gəray” nəslindən olanların törəmələri…
Baş Qərvənd kəndi
Mərkəzdən 17 km şimal – şərqdə, Xaçın çayının sağ sahilindən azacıq aralıda, Qarabağ düzündə yerləşir. Yer adı kəbirli tayfasının qərvənd qolunun adını özündə əks etdirir. Keçmiş adı Kəkilbəyli Qərvənd olub. Kəkilbəy qərvəndlilərin bu kənddə məskunlaşmış hissəsinin başçısının adı olub.
[justified_image_grid facebook_id=2222665901206802 facebook_album=2343698405770217]