Ağcabədi

Ağcabədi

Ermənistanın təcavüzü nəticəsində Qarabağın aşağı hissəsində qalan Ağcabədi rayonuna da zərər dəyib, Qiyaməddinli kəndində yüzlərlə ev, məktəb binası və digər inzibati binalar döyüşlər zamanı yandırlıb. Kənd cəbhə xəttində yerləşir və əhalisi 1992 – ci ildən müharibə şəraitində yaşayır.

Arayış

Ağdam dəmir yolu stansiyasından 45 km, Bakıdan (263) 374 km aralı, Qarqar çayının hər iki sahilində Mil və Qarabağ düzlərindədir. 1930 – cu ildə inzibati vahid kimi təşkil edilən rayon 1963 – 65 –ci illərdə Ağdamın tabeçiliyində olub. Kür – Araz ovalığındakı rayonun relyefi düzənlikdir, şimal – şərqdən cənub – qərbə doğru tədricən yüksəlir. İsti səhra və yarımsəhra, quru subtropik iqlim müşahidə edilir. Kür və Qarqar çayları axır. Yuxarı Qarabağ kanalı buradan keçir. Kür çayı sahilində seyrəlmiş tuqay meşələri, şor sulu göllər var.

Ağgöl Milli Parkı

Rayonun Mil düzündəki 9.1. min ha sahədə təşkil edilib. Buradakı gölə Ağgöl deyirlər. Ətrafındakı dayaz yerlər qamışlıqlardan ibarətdir. Çoxlu su quşları var. Ərazisində balıqçılıq təsərrüfatı yaradılıb. Sahilləri ağ şoran olduğu üçün göl belə ad alıb. Rayonun ən diqqət çəkən ərazisidir. 1964- cü ildə Ağcabədi və Beyləqan rayonlarının ərazisində yaradılıb. Məqsəd burada məskunlaşmış oturaq və köçəri su və bataqlıq quşlarını, digər heyvanları qorumaqdır. Ağgölün suyunda çəki, naxa və sair kimi bir sıra balıqlar var. Bir müddət əvvəl Milli Park elan edilib.

Üzeyir Hacıbəyov (1885 – 1948)

Ağcabədi torpağının yetirdiyi ən böyük dəyərdir. Alim, publisist, dramaturq, pedaqoq, ictimai xadim və ən əsası müasir musiqinin, eləcə də milli operanın banisidir. Bəstəkar kimi məşhur olsa da, bədii yaradıcılığa publisistika ilə başlayıb. XX əsrin əvvəllərində dövrün mətbuatında aktiv çıxış edib. 1908 – ci ildə Bakıda H.Z.Tağıyevin teatrında ilk dəfə göstərilən “Leyli və Məcnun” operası bütün müsəlman Şərqində və türk dünyasında operanın təməlini atıb. Eyni zamanda musiqili komediya janrının yaradıcısıdır: “O olmasın, bu olsun”, “Arşın mal alan”. Azərbaycanda ilk çoxsəsli xor kollektivini, ilk musiqi məktəbini təşkil edib. 1937- ci ildə ilk dəfə səhnəyə qoyulan “Şah İsmayıl” operası yaradıcılığının zirvəsi hesab edilir. ADR və Azərbaycan SSR dövlət himnlərinin, ilk romansların(“Sənsiz”, “Sevgili canan”), eləcə də məşhur “Çırpınırdı Qara dəniz” mahnısının bəstəkarıdır.

Tarixi

Çar höküməti dönəmində hərbi – müsəlman dairəsinə, Qarabağ əyalətinə (1822 – 1840), Kaspi vilayətinin Şuşa (1840 – 1846), Şamaxı quberniyasının Şuşa (1846 – 1859), Bakı quberniyasının Şuşa (1859 – 1867), Yelziavetpol quberniyasının Şuşa (1867 – 1918) qəzalarına bağlı idi. Xanlıq dönəmində bir hissəsi I və II Kəbirli, bir hissəsi Cavanşir, bir qismi də Dəmirçihəsənli mahalına tabe idi.

Bəylərbəylik dönəmində Ağcabədi bölgəsi Xaçın qəzasının Qarağac (XVI – XVII əsrlər), Bərdə qəzasının Bayad (XVIII əsr) nahiyələrinə daxil olub. Ağcabədi adı mənbələrdə ilk dəfə 1593- cü ildən çəkilir. Göstərilir ki, indiki şəhərin mərkəzindəki çökəkliyin qərb hissəsi keçmişdə Xəlfərəddin adlanıb. 1823- cü ilə aid tarixi məlumata görə, xəlfərəddinlilər 88 ailədən ibarət icma olublar. Sonralar onların yaşadığı yaşayış məntəqəsi Ağcabədi ilə birləşib və bir müddət Ağcabədi- Xəlfərəddin adlanıb.

Toponim

Adının mənası iri məskən (ağca – iri, badi – məskən) deməkdir. “Ağca” və “bədi“ sözlərinin birləşməsindən yaranıb: “ağca”, bozumtul yer mənasına gəlir. Ağ sözü bəzi araşdırmaçılara görə həyat enerjisi anlamı daşıyır. Bu mənada Ağcabədi “işıq allahının nurlanmışları” kimi səciyyələndirilir. Rayon həqiqətən bozumtul düzənlikdə salınıb. Bəziləri bunu şoran düzlərin ağarması kimi də izah edirlər. Toponimi türkcə “ağ” (torpaq) və ərəbcə “badiye” (düzəngah) kəlimələri ilə izah edənlər də var.

Tarixi abidələri

Ərazisində eneolit, tunc, antik dövrə və orta əsrlərə aid yaşayış yerlərinin qalıqları (Kamiltəpə, Nərgiztəpə, Qaraköbər, Yantəpə, Qalatəpə) və müxtəlif qəbir abidələri (Üçtəpə, Şahtəpə) aşkar edilib. Antik Gavur arxı diqqəti cəlb edir. Bunlar eneolit, tunc, antik dövrlərə və orta əsrlərə aid yaşayış yerlərinin qalıqlarıdır. Tarixçilər bu təpələri Misir ehramları ilə müqayisə edirlər. Hətta Gavur arxının Makedoniyalı İskəndər tərəfindən təmir edildiyi güman edilir. XVI əsrdə Teymurləngin buralarda bərpa, abadlıq işləri apardığı məlum olub.