DQMV ilə Ermənistan arasında yerləşən ərazi etibarı ilə ən böyük rayondur. Ermənistandan Dağlıq Qarabağa gedən yeganə şose yolu rayonun mərkəzindən keçir. Ermənistan sərhəddindən DQMV-nin mərkəzi Xankəndinə qədər şosenin uzunluğu təqribən 80 km-dir. Həmin yol dərin dərələrdən, Həkəri, Qarqar və bir neçə xırda çayların üzərindən, “Keçəl dağ” aşırımından keçir və tamamilə əyri-üyrü dolamalardan ibarətdir. Dağ döşü ilə çəkilmiş bu yoldan heç bir texnika sağ – salamat çıxa bilməz. Yol boyu onlarla körpü var. Rayon mərkəzi DQMV sərhəddinin 4 kmliyindədir.
İŞĞAL TARIXI 18.05.1992 24 tarixi, 21 dini ziyarətgah işğal altındadır.
Arayış
Ölkənin cənub – qərbindəki yüksək dağ rayonlarından biridir. Ən hündür nöqtəsi dəniz səviyyəsindən 3594 metr yüksəklikdəki Qızılboğaz dağıdır.
Rayon mərkəzi Qarabağ silsiləsinin ətəyində yerləşir. Palıd, fıstıq, vələs ağacları ilə örtülmüş dağ meşələrinin ümumi sahəsi 33.3 min hektardır. Bünövrəsi 1924-cü ilin əvvəllərində laçın dağının yamacındakı maili düzənlikdə, qəza mərkəzi kimi Abdallar poçtu və Qarakaha kəndinin üstündə qoyulub. Yaşayış məntəqəsi dağın adı ilə əlaqədar olaraq Laçın adlandırılıb.
Toponim
Deyilənlərə görə, şəhərin yerini Tağı Şahbazi Simurq seçib və bu adı ona özü verib. Türk dilindəki yalçın sözünün təhrif olunmuş formasıdır. Sıldırım mənasını daşıyır. Toponimin laçın quşundan götürüldüyünü deyənlər də var.
Tarixi
Rayon ərazisi bütöv bir tarix muzeyinə bənzədilir. Laçındakı memarlıq abidələrinin əksəriyyəti Qafqaz Albaniyası yadigarıdır. Dağların arasındakı saysız-hesabsız mağaralar araşdırılmağı gözləyir. Ərazidəki Qafqaz Albaniyası dövrü abidələrinin bir çoxunun yaşı bizim eranın xristianlıqdan əvvəlki dövrlərinə aiddir. Onların inşası ilə bağlı bəzi rəvayətlər indiyədək dillərdə dolaşır.
Ağoğlan qəsri (IX əsr)
Kosalar kəndindədir. Kosalar Ağoğlan kəndinin keçmiş adıdır. Qarabağ yaylasında, eyniadlı çayın sahilində yerləşir. Burdakı pir, qəsrin (məbədin) adı ilə əlaqədar belə adlanıb. Bir rəvayətə görə, Ağoğlan qədimdə buraya basqın etmiş yadellilərlə döyüşdə öldürülmüş və yaxınlıqdakı alban kilsəsi ərazisində dəfn edilmiş igidin adıdır. Başqa bir rəvayətə görə isə, bu ərazidə həmin ağ oğlanı ilan vurub öldürüb. Toponim pak, təmiz oğlan kimi izah edilir.
Ağoğlan əfsanəsi
Qədim zamanlarda gənc bir səyyahın yolu buralardan keçir. Qarşılaşdığı gözəlliyə elə məftun olur ki, burada qəsr tikdirməyə qərar verir. Yerli usta və könüllüləri toplayıb işə girişir. Gənc səyyah çox yaraşıqlı olduğundan yerlilər ona ağ oğlan deyirmiş. Günlərin birində günorta yeməyi saatında bir qaranquş gəlib aşpazın başında fırlanaraq yemək paylamağa mane olur. Hər kəs buna maraqla tamaşa etdiyi yerdə quş özünü qaynar qazana ataraq öldürür. Hamı gördüyü mənzərənin qarşısında donur. Qazanı boşaldan aşpaz yeməyin içərisindən bir ilan ölüsünün də çıxdığını görüncə heyrətlər içərisində qalır və quşun hərəkətinin mənasını anlayır. Qəsr hazır olunca Qaranquş qəsri deyilsə də, illər sonra onu inşa etdirənin şərəfinə adı Ağoğlan qəsri deyə yaddaşlarda qalır.
Leninkənd
Mərkəzdən 55 km şimal-qərbdə, dağ ətəyində yerləşir. Keçmiş adı Qara Keşiş olub. Yerlilər Qarakeçdi də deyirlər. XVIII əsrdə Cənubi Azərbaycandan gəlmiş ailələrin Qara Keşiş damı adlanan yerdə məskunlaşması nəticəsində yaranan kəndə 1936-cı ildə Leninin adı verilib. Rəvayətə görə, Qara Keşiş damı adlanan qara daş “Əsli və Kərəm” dastanındakı Əslinin atası Qara Məlikdir. Kənddəki bulaqlardan biri də “Əsli-Kərəm” bulağıdır.
Təbii sərvətləri
Sərt qayaları keçmək çox çətindir. Faydalı qazıntılar, tikinti materialları, qızıl, dağ bülluru, ipək daşı, qranit, civə yatağı, əhəng daşı, pemza, travertin, isti su, turş su, eləcə də dərman bitkiləri ilə zəngindir. Dünyada nadir sayılan qırmızı dəmirağac meşələri, çoxlu mineral suları, kobalt, uran, civə, qızıl, dəmir, müxtəlif rəngli mərmər yataqları, çox sayda dərman bitkiləri var. Laçının 1885 kv.km ərazisinin 34877 ha-ı Qırmızı kitaba düşən nadir ağac növləri olan meşələrdən ibarətdir. İti sürətlə axan onlarla dağ çayı farel balıqları ilə doludur. Hər qaya dibindən qaynayan şirin, turş, isti, soyuq sulu bulaqlar Narzan tipli mineral sulardır.
Laçınlılar
Kiçik Qafqazın bu bölgəsi sərt dağlıq, meşəlik, ticarət yollarının kəsişmədiyi bir məkandır. 3900 metr hündürlükdə qışı şaxtalı, yayı sərin olan yaylaqlar saf sular, təmiz hava ilə zəngindir. Bu yerlərə yaylaq yolları ilə Cənubi Zəngəzurun, Qaradağın, Aran Qarabağın elatları gəlib – gediblər. Yerli insanlar ancaq burada yaşayıb – yaradıb, nəsillərini artırıblar. Laçınlılar dağətəyi mülayim iqlimli yerlərdə daimi məskən salır, yaydan – yaya kəndlərindən yuxarıdakı yaylaqlara çıxır, əsasən özünəqapanıq həyat tərzi sürür, özlərinə məxsus danışıq dilində danışırdılar. Buna görə də ərazidə qədim adət – ənənələr işğala qədər hökm sürürdü.
[justified_image_grid facebook_id=2222665901206802 facebook_album=2343719725768085]