Fizuli

Fizuli

Yer üzünün ilk insan məskənlərindən biri sayılan Azıx mağarası buradadır. Quruçay mədəniyyətinə evsahibliyi edir. Saf hava, bol günəş, bərəkətli torpaqlar, duzlu – məzəli, təmiz ürəkli insanlar, türbələr, karvansaraylar, qəsr, qala və hasar izləri Qarabağ müharibəsinə qədər qalmaqda idi. Məşhur Ərgünəş meşələri 1993-cü ildən bəri hər il yandırılır, ağacları qırılır…

İŞĞAL TARIXI 23.08.1993 Rayon mərkəzi, 58 kənd, 24 ta-rix – memarlıq, 20 dini abidə və ziyarətgah işğal altındadır.

Arayış

Ölkənin cənub – qərbində, İİR ilə sərhəddə, Bakı – Naxçıvan dəmir və magistral yolları yaxınlığında, əlverişli iqtisadi – coğrafi mövqedə yerləşir. Araz çayı üzərində salınan körpü onu İranla birləşdirir. Qarabağ dağ silsiləsinin cənub – şərq ətəklərində, Araz çayına qədər maili düzənlik və alçaq dağlıq sahələrini əhatə edir. Dəniz səviyyəsindən 300 – 800 metr yüksəklikdədir. Köndələnçay, Quruçay, Qozluçay, Çərəkən ən iri çaylarıdır. 1930-cu ildə təşkil edilib. Hazırda rayonun işğal olunmamış 22 kəndində 50 min nəfərə yaxın əhali yaşayır.

Tarixi

Əsası 1827-ci ildə qoyulub. Qarabulaq adlanan yaşayış məntəqəsinin nəzdində təşkil edilmiş rayonun ilkin adı Qarabulaq olub. Sonralar Malakan, daha sonra isə çar polkovniki Karyaginin şərəfinə Qaryagin, sovet hakimiyyətinin ilk illərində inqlibaçı B.Sərdarovun şərəfinə Sərdarabad adlanan rayonun ən son 1959 – cu ildə dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 400 illiyi münasibətilə adı dəyişdirilərək Füzuli qoyulub.

Azıx mağarası

Rayon mərkəzindən 14 km aralıda, Quruçayın sol sahilində, dəniz səviyyəsindən 900 metr hündürlükdə yerləşir. 1968 – ci ildə Azıx mağarasından yaşı 350 – 400 min il olan 19 yaşlı insanın alt çənə sümüyü tapılıb. Azıxantrop Avropanın ilk sakinləri xəritəsinə daxil edilib. Dünyada insan məskəninə görə üçüncü, Azərbaycanda ən qədim mağaradır. Mağarada daş keçidlərlə birləşmiş 6 salon var. Ən böyüyü 3-cü salondur. 1960 – cı illərdən aparılan araşdırmalar Qarabağın Aralıq dənizi və Şərqi Afrika ilə birlikdə insanlığın ilk vətəni olduğunu söyləməyə əsas verir. Azıxda öyrənilmiş çay daşı alətlərinin hazırlanmasında fərqli cəhətlər də var ki, bu da Azıxda əldə edilmiş əmək alətlərini Quruçay mədəniyyəti adlandırmağa imkan verir. Son tədqiqatlara görə Quruçay mədəniyyətinin yaşı 1.5. milyon il hesab olunur.

Horadiz qəsəbəsi

Tarixə 1994-cü ilin 8 yanvarında baş vermiş Horadiz əməliyyatı ilə keçdi. Erməni silahlı dəstələrinin işğal etdiyi Füzulidə ən şiddətli döyüşlər bu zaman getdi və bu qəsəbə də daxil olmaqla 22 kənd işğaldan azad edildi. Mərkəzdən 29 km cənub – şərqdə, düzənlikdə yerləşən Horadiz sonradan şəhər statusu aldı. Ərazidən bir neçə km aralıda eyniadlı kənd də mövcuddur. Toponimin düzgün izahı fars dilindəki “oura” (qala) və “dizə” (məskən, yurd) sözləri ilə izah edilir. Qala kənd mənasındadır.

[justified_image_grid facebook_id=2222665901206802 facebook_album=2343720442434680]