Bura “kiçik vətən” də deyirlər. Möhtəşəm bir yerdir. Sözlə ifadə etmək çətindir. Göy qübbəsi yerə elə yaxındır ki, sanki əlini uzatsan buludlara dəyəcək. Yerlilər bunu Tanrıya çox yaxın torpaq olmaqla əlaqələndirirlər. Burada səma o qədər mavidir ki, ağ bulud topalarını seyr etməkdən insan yorulmur. Tarixi hadisələrdən bol olan Naxçıvanı sivilizasiyanın beşiyi adlandırırlar. Buranı tanıyarkən isə sanki tarix dərsinə düşürsən.
Arayış
Bakı – Naxçıvan arası məsafə 560 km olsa da son 17 ildir buraya yalnız təyyarə ilə getmək mümkündür. 1991-ci ildən blokada şəraitində yaşayan Muxtar Respublikaya bir tək hava yolu açıqdır. NMR-nın paytaxtı mühüm dəmiryolu və hava qovşağıdır. Şəhər dəniz səviyyəsindən 1000 metr yüksəkdə, Naxçıvan düzündə və Naxçıvançayın sahilində yerləşir.
İqlimi
Naxçıvandan söhbət açılanda iqlimindən danışmadan olmaz. Bir dəfə yanvarda, qışda insanın sümüklərinə qədər işləyən soyuqda donub, bir dəfə də avqustda yayda insanı əldən salan istini görəndən sonra buraya gəlməyə tövbə etdim. Gəzmək istəyənlər may ayında Naxçıvana səyahət etməlidirlər. NMR iqliminə onun coğrafi mövqeyi, hər tərəfdən dağ silsiləsi ilə əhatə olunması və iri su hövzələrindən uzaqda yerləşməsi çox təsir göstərir. Ərazinin iqlimi 5 tipə ayrılır. Buraya rütubətli hava kütlələri daxil olmur. Ona görə də digər regionlarla müqayisədə Naxçıvana yağıntı çox az düşür. Güclü leysan çox təsadüfi halda olur. Yağışlar ən çox yaz aylarında yağır.
Tarixi
Yaxın Şərqin ən qədim şəhərlərindən hesab edilən Naxçıvanda aparılan tarixi – arxeoloji tədqiqatlar ərazinin 3500 ildən çox yaşı olduğunu, şəhərin e.ə. II minilliyin ortalarında, 1539 – cu ildə salındığını göstərir. E.ə. IX-VI əsrlərdə qədim Manna və Midiya dövlətləri tərkibində ikən Naxçıvan artıq tanınmış şəhər idi. Yaxın Şərq ilə Qafqazı əlaqələndirən əsas yolların kəsişdiyi nöqtədə yerləşən şəhər əlverişli coğrafi mövqeyə görə hər zaman mərkəz rolunu oynayıb. Roma – İran, İran – Bizans müharibələri zamanı döyüş meydanına çevrilən bölgə dəfələrlə əldən – ələ keçib.
Bura haqqında ilk yazılı məlumata Klaudi Ptolemeyin “Coğrafiya” əsərində rast gəlinir. O, Naxçıvanın hələ miladdan öncə II yüzillikdə şəhər olduğunu xəbər verərək yazıb: “Naksuana geniş ərazisi olan Vaspuraqanın mərkəzidir. 37 nahiyədən ibarət olan bu ölkənin bir nahiyəsini də Naksuana təşkil edir.”
Orta əsr tarixçisi Mayise Xoreninin fikrinə görə, şəhər eradan əvvəl VI əsrdə, ərəb-fars coğrafiyaşünaslarına görə isə eramızın VI əsrində Sasani hökmdarlarından I Xosrov Ənuşirəvan, Bəhram Çubin tərəfindən inşa edilib. Türk səyyahı Övliya Çələbi isə Naxçıvan şəhərinin yaranması tarixini Turanın əfsanəvi hökmdarı Əfrasiyabla əlaqələndirib.
Bizim eranın I əsrində Bizans imperatoru II İrakli şəhəri soyub-talayıb. Naxçıvanda olan Fransız səyyahı Vilhelm de Rubruk monqol istilasına qədər Naxçıvanın böyük bir dövlətin paytaxtı, iri və gözəl şəhər olduğunu qeyd edirdi. 1221-ci ildə Çingiz ordularının hücumuna məruz qalan şəhərdə xeyli dağıntılar olub.
XIII əsrin əvvəllərində farsca “Əcaib əd – dünya” əsərində yazılırdı:
“Naxçıvan Azərbaycanda böyük, əhalisi çox, hündürdə yerləşmiş çox möhkəm şəhərdir. Orada çoxlu köşklər, şəhərkənarı yay sarayları, təntənəli eyvanlar, şəhər yaxınlığında daşdan tikilmiş qala və bu qala içində mədrəsə, məscid və qalada çox gözəl su bulaqları var. Belə deyirlər ki, yer üzündə bundan daha çox əhalisi olan şəhər yoxdur. Bütün binalar kərpicdən və gəcdən tikilib.
XIII yüzildə bütün Yaxın Şərqi, Azərbaycanı da monqollar işğal etdi. 1253 –cü ildə Naxçıvanda olmuş Fransız monax Vilhelm – de Ruburk onun tamamilə dağılmış olduğunu söyləyir. Əvvəllər böyük dövlətin paytaxtı olmuş, əzəmətli və gözəl şəhəri monqollar səhraya çevirirlər. Tarixçi – coğrafiyaşünas Həmdullah Qəzvini (1280 – 1349) “Ürəklərin əyləncəsi” adlı coğrafiya əsərində Azərbaycan ölkəsini Şirvan vilayətinin torpaqlarını təsvir edərkən Naxçıvandan bəhs edir: “Qarışıq pəhləvi dilində danışırlar. Şəhəri Bəhram Çubin salıb. Bu, çox gözəl bir yerdir. Nəqşicahan adlanır. Əhalisinin üzünün rəngi ağdır. Səfəvi təriqətinə bağlıdırlar. Şəhər yaxınlığında bir neçə böyük qala ucalır.” IX – X əsrlərdə yaşamış ərəb coğrafiyaşünası İbn əl-Fakih yazır ki, Naxçıvan şəhərinin əsasını Sasani padşahlarından I Xosrov Ənuşirəvan (531 – 579) qoyub. XIII əsr ərəb coğrafiyaşünası Yaqut Həməvi Naxçıvan haqqında yazır: “Naşava şəhəri Azərbaycandadır. Bəzi şəxslərin deməsinə görə bu şəhər Arrandadır. Qara camaat onu Naxçuan adlandırır.” XII yüzildə 200 min əhalisi olan şəhərdə ticarət inkişaf etmiş, öz ustaları və sənətkarları: dulusçuları, zərgərləri, şüşəçiləri ilə şöhrət qazanmış olsa da inşaat işləri daha geniş miqyas almışdı. Şəhərin gözəlliyindən vəcdə gəlmiş səyyahların şahidliyinə görə, orta yüzillərdə burada Eldənizlərin məşhur saray kompleksi, Cümə məscidi, müsəlman maarifinin mərkəzinə çevrilmiş mədrəsə, dövlət binaları, əsilzadələrin sarayları ucaldılmışdı. Evliya Çələbi hovuzuna hər gün bir səbət qızılgül ləçəyi atılan yerli hamamların ətirli suyundan söz açır. XIII əsr fars mənbələrində Naxçıvan haqqında maraqlı məlumat verilir:
“Hündürdə yerləşən şəhərdə çoxlu köşklər, şəhərkənarı yay sarayları, qala, qalanın içərisində mədrəsə və məscidlər yer alır. Qalada çox sayda su bulaqları var. Belə deyirlər ki, yer üzündə əhalisi bundan çox olan başqa şəhər yoxdur. Burada bol su və yaşıllıq var. Eldənizin bərk gedən günlərində Naxçıvan ən əzəmətli şəkil aldı.”
Söhbət səlcuqi sülalələrinin qurduğu Eldənizlər, başqa deyişlə Atabəylər dövlətindən gedir ki, 1064-cü ildə Səlcuqilər dövlətinə daxil edilən bu şəhərdə hökmdar Alp Arslan özünə xüsusi iqamətgah da tikdirir.
Atabəylər dövləti (XII-XIII əsrlər)
Eldənizlər dövləti həm də bu adla məşhurdur. Səlcuqilər dövlətinin tənəzzülü dövründə meydana gəlmiş müstəqil sultanlıqların yaratdığı yeni dövlətdir. Eldənizlər sülaləsinin idarə etdiyi bu qüdrətli feodal dövləti 1136 – 1225 – ci illərdə mövcud olub. Dövlətin təməlini Atabəy Şəmsəddin Eldəniz qoyub. Səlcuqlu dövlətinin valisi Şəmsəddin Eldənizin 1136-cı ildə bölgəyə hakim olması ilə Atabəylər dönəmi, daha doğrusu Eldənizlər dövrü başladı. XII yüzilliyin ortalarında Naxçıvan Eldənizlər dövlətinin tərkibində idi. Bu dövrdə Naxçıvan Atabəylər dövlətlərinin əsas ticarət və sənətkarlıq mərkəzinə və iqamətgahına çevrilir. 1136 – 1175 –ci ilədək bu dövlətin paytaxtı olan və sürətlə inkişaf edən şəhər iqtisadi və hərbi əhəmiyyətə malik idi. Dövlətin xəzinəsi Əlincə qalasında (Culfa rayonu) saxlanırdı.
Atabəy
Səlcuq sultanları vəliəhd şahzadələrinin tərbiyəçisinə verilən tituldur. Səlcuqilər dövründə meydana çıxmış termindir. Naxçıvanda Atabəylər məhəlləsi bu günə qədər durur və el arasında belə də tanınır. “Orta əsrlərdə Naxçıvan şəhərində bir neçə məhəllə var idi. Osmanlı dəftərində bu məhəllələrin demək olar hamısında türklərin yaşadığı qeyd olunurdu.” Cığatay məhəlləsi, Qurdlar məhəlləsi – məhəllə sistemi olmasa da xalq arasında bu anlayışlar hələ də qorunub. Naxçıvanlılar bir – birlərinə hansı məhəllədən olduqlarını hələ də soruşurlar.
Naxçıvan xanlığı
XVIII əsrin ortalarında Kəngərli tayfasının başçısı Heydərqulu xan tərəfindən yaradılmış feodal dövlətidir. İranın daim təsirində olan xanlıqda daxili çəkişmələr illərlə sürüb. 1813 – 1828 –ci illərdə davam edən Rus – İran müharibəsində hakimiyyət tez- tez dəyişmək
məcburiyyətində qalıb. 1827 –cı ildə rus qoşunları Naxçıvanı zəbt etdilər. 1828 – ci il Türkmənçay müqaviləsi ilə Naxçıvan xanlığı İrəvan xanlığı ilə birlikdə Rusiyanın tərkibinə qatıldı. Eyni ildə çar I Nikolayın verdiyi fərman ilə ləğv edilmiş Naxçıvan və İrəvan xanlıqlarının ərazisində süni şəkildə “erməni vilayəti” yaradıldı. 1828-ci ildə Güney Azərbaycandan, 1829-1830-cu illərdə Ərzurum və çevrəsindən ermənilər köçürülərək Naxçıvan və İrəvan dairəsində yerləşdirildi. 1850-ci ildən şəhər azərbaycanlıların idarəçiliyində olan İrəvan quberniyasının tərkibinə daxil idi. İlk dəfə 1905- ci ildə Naxçıvanda da ermənilərlə azərbaycanlılar arasında qırğınla start alan etnik münaqişə, 1917-ci ildə ermənilərin Naxçıvana ərazi iddiaları ilə çıxış etməyə başlamasıyla davam etdi.
Qaçırılmayacaq yerlər
Naxçıvan yaşayan muzeyi xatırladır. Burada tarixlə yaşayış evləri iç – içədir. Tarixi abidələrlə zəngin paytaxtın Cəmşid Naxçıvanski, Hüseyn Cavid, Bəhruz Kəngərli, Cəlil Məmmədquluzadə, Heydər Əliyev, Şəhidlər muzeylərini görməyə dəyər. Bundan başqa şəhərin tarixi – memarlıq əsərləri və digər gəziləsi yerləri kifayət qədər maraqlıdır.
Əcəmi seyrangahı
Açıq Səma Altında Muzey, Möminə Xatun türbəsi, Xalça muzeyi komplekslərinin daxil olduğu geniş ərazidə salınmış park belə adlanır. Qədimdə Qala məhəlləsi adlanan yerdə, 1980 – 82 – ci illərdə 4 ha sahədə inşa edilib. Şəhərin ən hündür nöqtəsində salınan bu park, yerlilərin və şəhərin qonaqlarının, eləcə də fotoqrafların şəhəri seyr etmək, piyada gəzmək üçün üz tutduqları populyar məkandır.
Qızlar bulağı
Naxçıvan şəhərində təbii – abidədir. Qala məhəlləsində yerləşir. Qayaların arasından süzülüb gələn göz yaşı kimi dumduru sərin bulaq suyu yaxınlıqdakı yaşıl vadidən axan Bazarçayın suyuna qarışır. Gənc sevgililərin ən populyar görüş yeridir. Yayda çox zövqlü olur. Qayaların arasından axan şəlalə ətrafı bir az sərin tutur. Yaxınlığında tarixi abidə olan hamam dəyişdirilirək çayxanaya çevrilib ki, burda da ətirli və ləzzətli çay servisi var. Bu, məhəllə adıdır. Əcəmi seyrangahında yerləşir. Qayadan tumurcuqlanıb mirvari kimi süzülən su bulaq başına yığışan qızların darayıb arxasında tökdüyü saça bənzədiyinə görə buraya Qızlar Bulağı adını veriblər.
Tarixi abidələri
Orta əsrlərdən qalma buzxana, hamamlar, məhəllə məscidlərini saymaqla bitmir. XIX əsrdə inşa edilmiş dəmiryolu vağzalı Zaqafqaziyada çəkilən ilk dəmiryollarına aid yaraşıqlı bina kimi memarlıq abidələri siyahısına daxil edilib. Tarixi abidələrin çoxu müxtəlif zamanlarda dağılsa da, bu günə gəlib çıxmış bir neçə dənəsi yerlilərin qürur mənbəyidir. Şəhərin bütün qonaqlarının görməsi gərəkən ən əsas abidələri Naxçıvan memarlıq məktəbinin nümunələridir.
Naxçıvan memarlıq məktəbi
Eldəgizlər dövlətinin paytaxtı olduğu dönəmdə əsası qoyulan və yüksəliş dövrünü yaşayan məktəb Azərbaycan və Yaxın Şərq memarlığına böyük təsir göstərib. XII əsrdə ölkədə şəhərsalma, memarlıq və incəsənət, tətbiqi və təsviri sənət növləri geniş inkişaf edir.
Əcəmi Əbubəkr oğlu Naxçıvani (XII əsr)
Naxçıvan memarlıq məktəbinin banisidir. Yaxın Şərq memarlığına yeniliklər gətirib. Şərqin böyük mütəxəssisləri ona “Şeyxül – mühəndis” (mühəndislərin başçısı) fəxri adını veriblər. Möhtəşəm tikililərindən ikisi günümüzə qalıb: Yusif ibn Küseyir və Möminə Xatun türbələri.
Yusif İbn Küseyr türbəsi (1162)
Üzərindəki kitabədə 1162- ci ildə tikilib. Xalq arasında buna “Ata – baba türbəsi” də deyirlər. Yusif İbn Küseyir Atabəylər sarayında çox sevilən məsləhətçi olub. Elə hörmətə sahib olub ki, öldükdən sonra xatirəsini əziz tutmaq üçün zamanənin ən məşhur memarına onun üçün türbə tikməyi tapşırıblar. Nəticədə Naxçıvan şəhərinin ən gözəl tarixi əsərlərindən biri ortaya çıxıb. Sərdabə və yerüstü qülləvari hissədən ibarət olan bu abidənin kitabəsində onun kimin şərəfinə və hansı tarixdə inşa olunduğu qeyd edilib: “Bu türbə xacə, canlı rəis, dinin zəkası, islamın camalı, şeyxlər başçısı Yusif Kuseyir oğlunundur.” Digər kitabədə isə “Bənna Əcəmi Əbubəkr oğlu Naxçıvaninin əməli” sözləri yazılıb.
Möminə Xatun türbəsi (1186)
Milli memarlığın möhtəşəm abidəsi, Şərq memarlıq incisi hesab edilir. Buna Atabəy məqbərəsi, Atabəy günbəzi də deyirlər. Ümumi hündürlüyü 34 metr olsa da zaman içərisində dağılıb. Aparılan son restavrasiyadan sonra indiki hündürlüyü 26 metrdir. XIX əsrə qədər türbənin yanında başqa tikililər, o cümlədən məscid də olub. Naxçıvan şəhərinin emblemi sayılan türbə şəhərin bəzəyidir. Məqbərəni Atabəy hökmdarı Məhəmməd Cahan Pəhləvan 1186 – cı ildə anasının şərəfinə inşa etdirib.
Məqbərəni Naxçıvanın Tac-Mahalı adlandırırlar. Təkcə Azərbaycanda deyil, islam ölkələrində də ən uca və incə kompozisiyalı türbələrdən olan bu abidənin uzunömürlülüyünü mükəmməl mühəndis işi ilə bağlayırlar. Abidənin baş tağında kufi xətlə bunlar yazılıb:
“Biz gedirik ancaq qalır ruzigar. Biz ölürük, əsər qalır yadigar.”
Möminə Xatun kimdir?
Azərbaycan Atabəyləri dövlətinin ilk dövründə mühüm rol oynamış qadın, hökmdar Məhəmməd Cahan Pəhləvan və Qızıl Arslanın anasıdır. Dövrün siyasi hadisələrində məsləhətçi olub, saray çəkişmələrindən hökmdar ailəsini qorumağı bacarıb. Həyatının sonunadək Naxçıvanda yaşayıb.
Məqbərədə aparılan qazıntı işləri zamanı üzə çıxarılan insan sümüklərinin həqiqətən qadına aid olduğu müəyyənləşdirilib. Amma türbədəki qəbrin başqa bir xanıma aid olması ehtimalı da irəli sürülür. Akademik Ziya Bünyadovun fərziyyəsinə görə, eyni türbədə dəfn olunan qadın zənn edildiyi kimi Mömünə xatun yox, onun oğlu, Məhəmməd Cahan pəhləvanın arvadıdır. Atabəy hökmdarı Məhəmməd Cahan Pəhləvanın hakimiyyəti dövründə Naxçıvan hakimi onun arvadı Zahidə xatun idi. Bu, o qədər ağıllı və müdrik, eləcə də hökmdarın sevimli qadını olub.
Açıq Səma Altında Muzey
2004 – cü ildən fəaliyyət göstərən bu muzeyin ölkədə analoqu yoxdur. Orta əsr Ağqoyunlu və Qaraqoyunlular zamanından qalma abidələri qorumaq məqsədilə yaradılıb. Buna qoç heykəllər muzeyi də demək olar. NMR ərazisində yerləşən bütün qəbiristanlıqlardakı qoç və digər daş heykəllər içlərində qızıl olduğu iddiasıyla barbarcasına dağıdılıb. Yerdə qalanlar da məhv olmasın deyə çıxış yolunu belə bir muzey quraraq tapıblar.
Xan evi
XVIII – XIX əsrlərə aid Şərq memarlıq üslubunda tikilmiş bu abidə Naxçıvan xanı Rəhim xanın yaşayış evi olub. Bina zirzəmidən və 8 böyük otaqdan ibarətdir. Qədim Qala məhəlləsində və Möminə xatun türbəsinin 50 – 60 metrliyində yerləşir. Xan evinin pəncərələrində şəbəkə üslubundan geniş istifadə edilib. Binanın şəhərin yüksək təpəsində, “Xan diki” üzərində inşa edilməsi onu son
dərəcə əzəmətli və gözəl göstərir. Bu nöqtədən şəhərə gözəl panoram açılır.
Naxçıvan Xalça muzeyi
Xan evi 1998-ci ildən bəri muzey kimi fəaliyyətdədir. 6 zalda xalçalar nümayiş etdirilir. Digər iki zal xan ailəsinə ayrılıb. Azərbaycanda fəaliyyət göstərən ikinci Xalça muzeyinin Naxçıvanda açılması faktı çox maraqlıdır. Keçən əsrin 90-cı illərində bir qrup insan ölkənin hər yerində olduğu kimi Naxçıvanı da kənd – kənd dolaşaraq qiymətli əl işlərini, o cümlədən xalçaları əhalidən su qiymətinə toplayıb. Qaçaq yolla respublikadan qaçırmaq istərkən sərhəddə yaxalanıb. Müsadirə olunmuş xalçaların hamısı muzeyə təhvil verilib. Burada xalçanın təkamülünü izləmək mümkündür. Bu xalq sənətinin tarixi qədim şumerlərin dövründən, 3 – 5 min il əvvəldən başlayır. Əvvəl sadə keçədən hazırlanan yun örtüklər zaman içərisində ən mükəmməl formasını, müasir xalça şəklini alıb. Muzeydə bir – birindən gözəl 250 – yə yaxın nadir xalça nümayiş olunur.
Buzxana
Azərbaycan ərazisindəki ən böyük buzxanadır. İmamzadə kompleksinin yaxınlığında yerləşir.
Yüksək memarlıq quruluşuna sahib abidə Naxçıvan memarlıq məktəbinin inkişafı dövründə, XII – XIV əsrlərdə tikilib.
İmamzadə (1722 – 1732)
Kompleks şəhərin cənub – şərq hissəsində, yerli əhali arasında Köhnəqala adlanan ərazidədir. Burada antik və orta əsrlərə aid qədim şəhərin qala divarları aşkar edilib. İmamzadə türbəsi XVI – XVII əsr Səfəvilər memarlıq abidələrinin tipik xüsusiyyətlərini daşıyır. Vaxtilə bu sahədə tanınmış şeyxlərin dəfn edildiyi, əhəmiyyətli məqbərələr yerləşən ərazi olub. Zaman içərisində nekropolun yeri dəyişərək abidənin yaxınlığındakı təpəyə keçib.
İmamzadə binası isə XVIII əsrin 20-ci illərində inşa olunub. 3 binadan ibarətdir. Hazırda üzərində olmayan kitabənin tərcüməsi belədir:
“1722-1732-ci illərdə bu İmamzadə, ərəb və əcəmin ixtiyar sahibi, səxavətli xaqan, möhtərəm əmir, ən böyük sultan, şah oğlu Şah Əbu Müzəffər Təhmasib Bahadır xanın hökmdarlığı dövründə, günahları bağışlamağa layiq, mərhum Hacı Polad bəyin oğlu sahibkar, zəmanənin xeyirxahı olan Rufan bəyin əmri ilə tikilib.”
1997 –ci ildə əsaslı təmir olunan türbəni ziyarətə gələnlər burada ibadətlərini yetirirlər. Şəhərin ən qədim ziyarətgahı sayılan bu yerə Nuh türbəsi də deyirlər. 1984 – 87 –ci illərə qədər əczaxana kimi istifadə olunub. Burada VIII İmam Rzanın qız nəvəsi Seyyid Sultan Səfa dəfn edilib.
Yəzdabad qalası –
Köhnəqala – Narınqala
Vaxtilə köhnə şəhərin olduğu ərazinin xalq arasında geniş yayılmış adıdır. Naxçıvanın cənub – şərqindədir. İki hissədən – kiçik qala və böyük qaladan ibarətdir. Qalanın böyük hissəsi dağılsa da bəzi bürcləri hələ də durur. Böyük karvan yolunun üzərində yerləşən Naxçıvan şəhəri miladın III yüzilliyində sasanilər tərəfindən dağıdılıb.Burada VI yüzilliyin birinci yarısından VII yüzilliyin birinci yarısına qədərki dövrdə sasanilərə məxsus Naxçıvan zərbxanalarında üzərində “Naxç” sözü yazılmış gümüş pullar kəsilib. Qala Sasani şahı III Yəzdigird (632 – 651) zamanında tikilib. Həmin vaxt şəhərdə 30 minə yaxın evin olduğu və 150 minə yaxın insanın yaşadığı iddia edilir. Evliya Çələbi Yəzidabad qalasının monqol – tatarlar dönəmində dağıdıldığını söyləyir.
Şəhərin baş müdafiə istehkamı olan qala XVII əsrin ortalarınadək mövcud olub. Səfəvi – Osmanlı müharibələri zamanı dağıdılıb və bir daha əvvəlki möhtəşəm günlərini bərpa edə bilməyib.
Nəqşicahan qalasının təsviri: “Bu şəhər doğrudan da öz adı-na layiqdir. İranda o, şəhərlərin fəxridir. İndi Azərbaycan torpa-ğında ayrıca bir xanlıqdır. Xanın qoşunu çoxdur. Bu şəhərin binası-nı qədimdə şah Əfrasiyab qoyub. İndi də onun əcdadlarının qəbri qalmaqdadır. Onun vaxtında Nax-çıvan vilayəti çox abadlaşdırılıb, işlənməyən bir qarış torpaq belə qalmayıb. Sonralar monqol tayfası tamaha düşüb böyük bir ordu ilə buraya gəldi, dünya gözəli olan bu şəhərin gözəlliyini yox etdi, onun qalasını dağıdıb torpağa qatdı. Gil örtüyü olan 10 min böyük ev şəhəri bəzəyir; şəhərdə 70 cami və ibadət yeri, 40 məhəllə məscidi, 20 karvansara, 7 gözəl hamam, minə qədər ticarət köşkü var. İmarətlərin çoxu gözəldir.” Evliya Çələbi “Səyahətnamə” (XVI əsr)
Rəvayətə görə, əfsanəvi peyğəmbər Nuhun qəbri Köhnəqaladakı şəhər qəbiristanlığınındadır.
Ərəfsa dağı – Nuhun qəbri
Nuh kainat tufanıyla bağlı Muxtar Respublika ərazisindəki önəmli yerlərdən biridir. Belə ki, iddialara görə Nuh peyğəmbər məhz burada dəfn olunub. Deyirlər, Adəm peyğəmbərin də cənazəsi kainat tufanı zamanı Nuhun gəmisində olub. Nuh və Adəm peyğəmbərlər eyni dövrdə yaşadıqları üçün 10 000 il əvvəl baş vermiş su daşqınının birlikdə iştirakçısı olublar. Nuh peyğəmbərin arvadının və anasının məzarları Cənubi Azərbaycanın Mərənd şəhərindədir. Nuhun öz qəbrinin isə Naxçıvan şəhərinin Köhnə Qala adlanan ərazidə olması ehtimalı güclüdür. Bu ərazi xalq arasında pir deyə ziyarət olunur. Son illərdə ərazidə geniş miqyasda böyük arxeoloji qazıntılar aparılır.Digər rəvayətə görə isə, Nuhun və qarısının qəbri Naxçıvanda “Nuhdaban” adlı qədim kəndin xarabalığındadır. Söhbət Nəhəcir (çox güman ki, Nuhəcir) dağı və kəndindən gedir.
Bəzi tədqiqatçılar Naxçıvanın adını qədim Nuh əfsanəsi ilə əlaqələndirirlər. Şumer mənşəli bir mifologiyaya görə, ümumdünya daşqını baş verən zaman, yer üzünü tamamilə su basıb. Həmin vaxt Nuh peyğəmbər övladları ilə birlikdə öz gəmisində xilas olaraq bu yerə gəlib, məskənləşib şəhər salıb və sonralar tədricən insan nəsli buradan dünyaya yayılıb. Nuhun quruya çıxdığı bu ilk insan məskəni onun şərəfinə Nuhçıxan adlanıb.
XVI ərəb coğrafiyaşünası Əl-Əşrəfi də Nuhun gəmisinin və qəbrinin Naxçıvanda olduğunu qeyd edir. Mirzə Camal Cavanşir Qarabağinin məlumatına görə Azərbaycanın bir çox şəhərlərinin meydana gəlməsi Nuhun və ya onun oğlu Arranın adı ilə sıx əlaqələndirilir. Nuh əfsanəsinin Naxçıvanla bağlanması təsadüfi deyil. Arxeoloji tədqiqatlar sübut edir ki, 4000 – 5000 il bundan əvvəl Azərbaycanın əsas qədim mədəniyyət ocaqlarından biri olan Naxçıvan Yaxın Şərqin Mesopotamiyanın qüdrətli Şumer dövlətlərinin mərkəzi şəhərləri ilə sıx iqtisadi mədəni əlaqələr şəraitində inkişaf edib.
Naxçıvan toponimi
Fars – ərəb mənbələrində və digər bir çox qaynaqlarda müxtəlif variantlarda dəfələrlə adı çəkilib: Nuh tufan, Nuh çıxan, Nəqşi – cahan və sair.
Qədim yəhudi ədəbiyyatında Nahhunti kimi yazılır ki, bu sözün İbranicə lüğət mənası “Allah” deməkdir. Sonralar bu adın yerli türk əhalisi tərəfindən Naxçıvan şəklinə düşdüyünü söyləyirlər.
Yunan coğrafiyaşünası Klaudi Ptolomeyin “Coğrafiya” əsərində (b.e. II əsri) Naxçıvanın adı ilk dəfə Naksuana şəklində qeyd olunub və coğrafi mövqeyi göstərilib.
Naxçıvanın qədim adlarından biri Nəşəvadır. Ərəbcədən tərcümə edildiyində bu, “gün çıxan yer”, “işıq saçan məkan” deməkdir. Tarixi mifoloji qaynaqlardan bu torpaqda yaşayan insanların günəşə, oda, işığa olan inamları qədim dövrlərdən mövcuddur.
Həmdullah Qəzvini və Övliya Çələbiyə aid yazılarda, bir sıra digər qaynaqlarda Naxçıvan toponimi “Nəqşi – cahan” kimi təqdim edilir. Bu ad metaforadır. Dünyanın bəzəyi mənasını bildirir. Görünür, bu epitet Naxçıvanın ən parlaq çağında, Azərbaycan Atabəylərinin paytaxtı olduğu XII əsrdə yaranıb.
Başqa bir məlumata əsasən isə şəhərin adının Nəxçir sözündən yaranması Sasani şahlarından Bəhramın ləqəbi ilə əlaqələndirilir. Guya şəhər Bəhram tərəfindən salınıb. “Naxçirov” ovusevən, ov edilən yer və qənimət mənasını daşıyır. Bir qrup tədqiqatçıların ehtimalına görə, Naxçıvan sözü ərazidə yaşamış qədim tayfaların adı ilə bağlı etnotoponimdir. Məşhur tarixçi Moisey Xorenski Qafqazda yaşamış qəbilələrdən bəhs edərək, Naxçamasen qəbiləsinin də adını çəkib.
Toponim Nəşəva adı ilə əlaqələndirilir ki, bunun da ərəb dilində mənası böyüyən, inkişaf edən deməkdir.
Naxçıvan Qafqaz xalqlarının dilində (hazırda çeçenlərin) nax – xalq (qəbilə), çuo – insan mənasını verir. Hətta çeçenlər zarafatla Naxçıvan çeçen torpağıdır deyirlər. Van kəliməsi isə qədim Midiya dilində məkan, yaşayış yeri mənasında işlənib. Buna istinad edən Naxçıvan sözünün Qafqazda yaşamış bir tayfanın adından götürüldüyü ehtimal edilir. Qafqaz və Midiya tayfalarının dilində işlənmiş nax – cuo – van (xalq – insan – məkan) sözlərinin qovuşmasından yaranıb.
Tarixi şəxsiyyətlər
Naxçıvan tarixi şəxsiyyətlər diyarı kimi də məşhurdur. Bu torpaq tarixin bütün dönəmlərində Azərbaycan tarixinə, mədəniyyətinə, elminə və ədəbiyyatına iz salmış böyük şəxsiyyətləri yetişdirib. Bəzilərini tanıyaq.
Heydər Əliyev (1923 – 2003)
Azərbaycanın görkəmli siyasi və dövlət xadimidir. Dövlət təhlükəsizlik orqanlarında xidmətə başlayıb və general rütbəsinə qədər yüksəlib. 1969-da Az.SSR Sov.İKP MK-nın I katibi seçilib. 1982 –ci ildə Siyasi Büro üzvü seçildikdən sonra siyasi fəaliyyətinə Moskvada davam edib. SSRİ tarixi boyunca bu posta layiq görülən tək azərbaycanlı olan H. Əliyev, SSRİ Nazirlər Soveti sədrinin I müavini işləyib.
1990 – cı ildə Azərbaycana, Naxçıvana geri qayıdır və fəaliyyətinə davam edərək 1991 – 93 –cü illərdə NMR Ali Məclisinin sədri seçilir.
1993 – cü ildə ölkədəki qarışıq siyasi və müharibə vəziyyətində xalqın çağırışını qəbul edərək Bakıya qayıdır və prezident seçilir.
Əcəmi seyrangahında diqqət çəkən H.Əliyev büstünün maraqlı tarixçəsi var. Büst 1986 – cı ildə, onun sağlığında qoyulub. Çünki 2 dəfə, 1979 və 1983 – cü illərdə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb. SSRİ qanunlarına görə 2 dəfə bu titula layiq görülən şəxslərə sağ ikən büst qoyula bilərdi.
Cəlil Məmmədquluzadə (1869 – 1932)
Mirzə Cəlil kimi tanınır. Yazıçı, jurnalist, ictimai xadimdir. 1906 – cı ildən çıxarmağa başladığı “Molla Nəsrəddin” jurnalı ilə türk – müsəlman dünyasında satirik jurnalistikanın əsasını qoyub. 1920 – ci illərdə jurnalın “Mübariz Allahsızlar Cəmiyyəti”nin orqanı kimi fəaliyyət göstərməsi təklif olununca “mən Allahsız deyiləm”, deyərək jurnalın fəaliyyətini dayandırıb. Özü isə ömrünün sonunu Bakı hamamlarının birində bilet sataraq yaşayıb. 1886 – cı ildə fəaliyyətə başlayan Naxçıvan teatrı ədibin adını daşıyır. Yazıları aktuallığını itirməyib.
Hüseyn Cavid (1882 – 1941)
Şair və dramaturqdur. Fəlsəfi və tarixi faciələri, ailə – məişət dramları, yazı manerası və forma yeniliyi baxımından Azərbaycan dramaturgiyasında yeni bir mərhələ yaradıb. Milli teatr mədəniyyətinin inkişafına güclü təsir göstərib. 1937-ci ildə milliyyətçi düşüncəsinə görə həbs edilərək Sibirə sürgün olunub və Maqadanda vəfat edib. 1982-ci ildə Az SSR Sov.İKP MK-nın I katibi Heydər Əliyevin xüsusi səyləri nəticəsində H.Cavidin sümükləri Sibirdən Naxçıvana gətirilərək vətənində dəfn edildi. Cavid ailəsinin bütün üzvlərinin dəfn edildiyi məqbərə şəhər mərkəzində yerləşir.
Naxçıvanın tarixinə doymaq olmur. Elə bir – birindən ləziz yeməklərinə də.
Naxçıvan mətbəxi
Özünəməxsus mədəniyyətə sahib bu qədim şəhərin mətbəxi də bunun ayrılmaz hissəsidir. Burada kifayət qədər məşhur yerli təamlar mövcuddur. Misal üçün, xüsusi şəkildə qurudulan şaftalı və yaxud armudun içinə üyüdülmüş qoz-fındıq və şəkər tozu doldurmaqla hazırlanan “alana” dan dadmaq məsləhətdir. Yerli mətbəxin spesifik şah yeməklərindən biri də Ərzuman küftəsidir ki, bunun hazırlanması çox xərc və zaman tələb edir. Nə vaxtsa dadına baxanlar hər fürsətdə bu yemək ziyafətindən həvəslə bəhs edirlər.
[justified_image_grid facebook_id=2222665901206802 facebook_album=2343726119100779]