Babək

Babək

Arayış

1978-ci ilədək adı Təzəkənd olub. Naxçıvan şəhərindən 6 km cənub – şərqdə, Naxçıvançayın sağ sahilində, düzənlikdə yerləşir. İnzibati rayon kimi 1930 – cu ildə təşkil edilib. Ermənistan və İranla həmsərhəddir. Bakı – Yerevan dəmiryolu, Ordubad – Naxçıvan – Yerevan, Yevlax – Laçın – Naxçıvan avtomobil yolları, Yevlax – Naxçıvan qaz kəməri rayonun ərazisindən keçirdi. 1992 – ci ildən bunların heç biri işləmir. Rayon Azərbaycan tarixinin ən məşhur şəxsiyyətlərindən birinin adını daşıyır. NMR ərazisində Babəklə bağlı yer adları çoxdur.

Babək (795 – 838)

Babək əl – Xürrəmi xalq qəhrəmanı, görkəmli sərkərdə, IX əsrdə Azərbaycanda hakim ərəb idarəsinə qarşı xalq azadlıq hərəkatının başçısı olub. 20 ildən artıq ərəblərə qarşı vuruşub. Xəyanət nəticəsində əsir alınaraq 838 –ci ildə İraqın Samirə şəhərində edam edilib. Deyilənə görə, bütün orqanlarının hissə – hissə kəsilərək xüsusi qəddarlıqla qətlə yetirilməsinə qərar verilib. Ilk öncə sağ qolu kəsilən Babək digər əliylə qırmızı qanı üzünə sürtüb. Bunu nədən etdin sualına isə, “qoy düşmən mənim qan itirməkdən saralmış üzümü görməsin” deyib.

Tarixi abidələri

Rayon mərkəzində görüləcək və gəziləcək maraqlı bir yer olmasa da, buranı yaxşı tanımaq üçün bəzi kəndlərə getmək lazımdır. Buralarda tarixi – mənəvi dəyəri çox yüksək olan qiymətli abidələr var ki, onları görməyə mütləq dəyər. Kültəpə I, Kültəpə II, Kültəpə nekropolu Babəkdəki antik dövrə aid dünya əhəmiyyətli tarixi abidələrdir.

Kültəpə

Bu, arxeoloji termindir. Söhbət hündürlüyü 30 metrə çatan nəhəng nekropoldan, qədim mədəniyyətin qalıqlarından gedir. Mərkəzdən 13 km şimalda yerləşən eyniadlı kənddə, Naxçıvançayın sol sahilində Eneolit – ilk Dəmir dövrünə aid yaşayış yeridir. Kültəpə kəndin ortasında dağa bənzəyir. Torpağı külə bənzədiyi, əl vuranda kül kimi ovulduğu üçün arxeoloqlar bu cür ad veriblər. Qədim insan məskəninin bugünə qədər salamat qalmış sahəsi 1.5 ha-dır. Burada ilk dəfə 1904 – cü ildə kəşfiyyat xarakterli tədqiqat işləri aparılıb. Qazıntılardan əldə olunmuş materialların bir qismi Tiflis Qafqaz muzeyinə bağışlanıb.

Sirab

Naxçıvandakı ən məşhur adlardandır. Bu adı daşıyan bir neçə yer var. Birincisi, Babək ərazisindən axan 11 km uzunluğunda çaydır. Rayon mərkəzindən 15 km şimal – şərqdə yerləşən dağətəyi kənd məşhur Sirab – Daşqala mağarası, mədənləri ilə tanınır. Buradakı mis yatağında qədim mədən qalıqları tapılıb. Kəndin cənubunda orta əsrlərə aid arxeoloji abidə – 5 ha sahəsi olan nekropol və içində üzərində ərəbcə yazılar olan qoç başlı heykəllər aşkar edilib. Sirab mineral su yatağı da eyniadlı kəndin yaxınlığındadır.

Sirab mineral su yatağı

NMR-nın ən məşhur süfrə suyu markasıdır. Sirab kəndindən 3 km şimalda, dəniz səviyyəsindən 1100 metr hündürlükdə yerləşir. Sirab sözünün mənası sirli su, yaxud farsca “sər ab” – başsu deməkdir. Su bu adla qədim zamanlardan bəri məlumdur. Ərazidə mineral su istehsal edən zavod fəaliyyət göstərir. Ən maraqlı yer dağların arasındadır. Burada yerin altından çıxan mineral suyun mənbəyi yerləşir. Çılpaq dağlıq ərazi minerallarla elə zəngindir ki, bunlar da torpağa müxtəlif rəng verir. Qat – qat yaşıl, çəhrayı, qırmızı rənglər bir – birini əvəz edir. Burada müxtəlif qaynaqlardan çıxan suyu zavoda ötürmək üçün xüsusi borular çəkilib və xüsusi çənlər yerləşdirilib. Yerdən çıxan sular əvvəlcə çənlərə doldurulur, sonra istehsal edilib, doldurulmaq üçün zavoda yollanır. Çənlər dolduğu zaman isə daşır və süni şəlalə əmələ gətirir. Yay istisində burada olanlar təbii mineral su şəlaləsində çimib sərinləyə bilərlər.

Yataqda kimyəvi tərkibinə görə fərqlənən 3 tip su aşkar edilib. Şimali Qafqaz – Kilsovodskun “Narzan”, Gürcüstanın “Borjomi”, Sibir – Saxalindəki “Sineqorsk” və Culfadakı “Darıdağ” tipli sulara uyğun tərkibləri var. Sudan mədə – bağırsaq, qaraciyər və sair xəstəliklərin müalicəsində istifadə olunur.

Kəlbayağı

Sirab kəndindən bir neçə km aralıda, daha yuxarıda yerləşən mineral su yatağı belə adlanır. Bu su dəri xəstəlikləri, xüsusilə də ekzema üçün yaxşı dərman sayılır. Sirabdan fərqli olaraq bu kükürdlü su məkanını çox insan hələ ki, tanımır. Rayonun əsas su anbarı burdadır. Çox qəribədir, ətrafda bir dənə də ağac olmamasına baxmayaraq bura yayda yerlilərin piknik ərazisidir. Yüksəkdə, dağların arasında elə yerləşir ki, daimi hava axını külək əmələ gətirir və aşağılara nisbətən daha sərin olur. Bundan əlavə yayın yandıran istisində buradakı soyuq bulaqlarda sərinləməyi yerlilər xoşlayırlar.

Nehrəm kəndi

Naxçıvanın ən məşhur kəndi Azər-baycanın ərazisinə və əhalisinə görə ən böyük kəndlərindəndir. Mərkəzdən 4 km cənubda, Araz çayının sol sahilində yerləşir. Kəndin adı ərəb mənşəli nehr – böyük çay və əm – icma, cəmiyyət sözlərinin birləşməsindən əmələ gəlib. Böyük çay kənarında yaşayış deməkdir. Ərazidən axan Nehrəm çayının uzunluğu 13 km-dir. Kənd daşduz və dolomit yataqları ilə zəngindir. Nehrəm tarixi kənddir. Naxçıvanın hər yerinə xas olan orta əsrlərə aid yaşayış yeri burada da aşkar edilib. Kəndin aşağı hissəsində, Araz çayı sahilində başqa bir arxeoloji abidə Ölənşəhr adlanır. Tədqiqatçılar Ölənşəhrin qədim insan məskəninin xarabalığı olduğunu ehtimal edirlər. Rəvayətə görə, bura əfsanəvi padşah Dağyunusun vaxtından qalan şəhərdir. Kənd əhalisi 12 min nəfərdir. Hamısı bir – birinə qohum olduğunu söyləyir. Dini inanc burada olduqca güclüdür. Belə ki, qatı ateist rejim belə yerli camaatın dini əqidəsini dəyişdirməyi bacarmayıb. Buna baxmayaraq, 1885-ci ildə kənddə ilk dünyəvi məktəb açılıb. Azərbaycan satirasının banisi olan Mirzə Cəlil 1890 – 1897 –ci illərdə həmin modern məktəbdə yeni üsulda dərs deyib və yaradıcılığının “Danabaş kəndinin əhvalatları”, “Danabaş kəndinin məktəbi”, “Ölülər” kimi bir çox şah əsərini də buradakı fəaliyyəti sırasında yazıb. Qəribədir ki, indiyədək Nehrəmə gedəndə, kəndin dar küçələrində yürüyəndə insan özünü bu əsərlərdəki personajlardan biri kimi hiss edir, sanki həmin dövrə düşür və eyni qəhrəmanlarla qarşılaşırsan. Cəlil Məmmədquluzadənin dərs dediyi həmin məktəb indi muzeydir.

Nehrəm İmamzadəsi (XVIII əsr)

Kəndin ən məşhur tarixi abidəsidir. Qədim qəbiristanlığın içərisində yerləşir. 18 – ci əsrə aid memarlıq abidəsidir. İmamzadə bir türbədən ibarətdir. Türbənin içərisində ziyarət obyekti olan qəbir var. İnsanlar bu qəbri ziyarət edir, nəzir verir və qurban kəsirlər. Qəbrin üzərində onun kimə aid olduğunu bildirən kitabə yoxdur. Camaat arasında yayılan rəvayətə görə burada şiələrin VII imamı Museyi – Kazımın oğlu Seyid Əzəm Əqil dəfn olunub. Onun öldüyü tarix isə 760 – cı ilə aiddir. Divarlarda Bektaşi dərvişlərinə məxsus dualar var. Bu da onu göstərir ki, İmamzadədə Bektaşi dərvişləri yaşayıb, fəaliyyət göstəriblər.

İmamzadə nədir?

Orta əsrlərdə imam övladlarının məzarları üzərində ucaldılmış abidələrdir. Əməvi və Abbasi ərəb xəlifələrinin hakimiyyəti dövründə təqib olunaraq öldürülən şiə imamlarının övladları təqiblərdən yaxa qurtarmaq üçün qaçıb ətraf ölkələrə – Suriya, İran, Azərbaycana üz tutublar. Həmin ölkələrdə əhali arasında böyük nüfuza malik olan imam övladları vəfat etdikdə onların məzarları ziyarətgaha çevrilib. 1930 – cu illərdə fəaliyyət göstərən “Allahsızlar” cəmiyyətinin üzvləri İmamzadələri dağıtdılar.

Naxçıvan Azərbaycanda adət – ənənələrin ən yaxşı qorunub qaldığı yerdir. Bayram, toy və yaxud yas mərasimlərindən tutmuş məişətə, gündəlik yaşam tərzinə qədər hər yerdə bunu müşahidə etmək mümkündür. Dəyərlərini qoruyan naxçıvanlılarla söhbət edərkən, onların zəkasına heyran qalmamaq mümkün deyil. Qonaqpərvərliyə isə söz ola bilməz. Bu torpağa ayaq basdığın andan etibarən hər şeyin daha fərqli olduğunu hiss edirsən. Bu fərqliliklərdən biri çörək bişirmə mərasimidir.

Naxçıvan çörəyi

Çörəyə lavaş yaxud fətir də deyirlər. Burada çörək mədəniyyəti tamamilə fərqlidir. Naxçıvanlılar çörəyi 1 – 2 günlük deyil, 30 – 40 günə çatacaq qədər bişirirlər. Naxçıvanda çörəklər anbarlarda xüsusi çörək rəflərində saxlanır. Burada lavaşlar quruyur. Yeməzdən əvvəl onları ilıq su ilə azacıq isladırlar, bezin arasında bükürlər. Bir neçə dəqiqə sonra yumşalan lavaş təzəliyini itirmir. Yəni buralarda köhnəlmiş, bayat çörək anlayışı yoxdur.

Çörək bişirmə

Çörək burada bir gün səhərdən axşamacan kollektiv əməklə bişirilir. Hər həyətdə təndirxana var. Bir neçə qonşu hər dəfə birinin həyətində toplaşaraq bir yerdə, öz dilləriylə desək, çörək yapırlar. Qadınlardan biri xəmir yoğurur, o biri təndiri qalayır, digəri çıl- çırpı toplayır. Təndirxana hazırlanır. Sonra biri hazır xəmirdən kiçik kündələr düzəldir, 2 nəfər kündələri yayır, digəri isə təndirin başında durub yayılmış yuxaları təndirə salır, 2 – 3 dəqiqə sonra çıxardaraq kənarda gözləyən xanıma verir. O da bişmiş lavaşları xüsusi bez parçasına elə yerləşdirir ki, isti çörəklər tərləyib xəmirə dönməsin. Soyumuş çörəklər çərəkə deyilən xüsusi qabda toplanır. Beləcə səhərdən axşama qədər bir neçə yüz dənə çörək bişirən xanımlar, axşam onları öz aralarında bölüşdürür və hərə öz çərəkəsiylə evinə aparır. Çörək bişirmə mərasimi bir tam gün apardığından xanımlar həmin gün başqa heç bir işlə məşğul olmurlar. Təndirxanaya samovar gətirir, çaylarını dəmləyir, yeməklərini təndirdə bişirir, əsasən də təzə bişmiş, qaynar çörəyin arasına yağ – şor – pendir sürtür, dürmək düzəldib yeyirlər. Kənddəki son xəbərləri bir – birinə çatdırır, dedi – qodu edir, mahnı oxuyur, yaşlı nənələr isə bayatı da deyirlər.

Çörək Azərbaycanda müqəddəsdir. Duz – çörək kəsmək adəti var. Xətir – hörmət, dostluq əlaməti sayılır. Süfrədəki çörəyə və duza əl basıb and içmək adəti bu günə qədər qorunur. Duzdan söz açılmışkən, Naxçıvan həm də duzu ilə məşhurdur. Ölkədəki ən böyük duz mədənləri də Babək rayonu ərazisində yerləşir.

Duzdağ

Hündürlüyü 1173 metr olan dağdır. Bomboz dağların əhatəsində yerləşən məşhur duz mağaraları və duz müalicəxanası Naxçıvan şəhərindən 10 – 12 km aralıdadır. Yarımsəhra landşaftı olan bu yerdə qədim daşduz mədəni yerləşir. XIX əsrin 70 – ci illərində Duzdağda işləmiş dağ – mədən mühəndisi Koşkul və Bayer adlı şəxslər tərəfindən bir neçə ədəd daş balta tapılıb. Bunlardan duz çıxarmaq üçün istifadə edildiyini təxmin edirlər. 1879 – cu ildə burada arxeoloji kəşfiyyat işləri aparmağa başlayan tədqiqatçılar bu qənaətdədirlər ki, tapılan bu alətlər daha qədim dövrün insanlarına məxsus olub. Həmin alətlər Naxçıvan Dövlət Tarix Muzeyi, Sankt- Peterburq və Tiflis muzeylərində saxlanılır. Qədim duz mədənləri isə 1967 – ci ildə uçqun nəticəsində təsadüfən aşkar edilib. Həmin uçqundan sonra girişi qapalı olan qədim mədənlərə aparan yol açılıb. Bu yol 70 metr uzunluğunda tuneldən ibarətdir. Eni 6 – 20 metr, hündürlüyü 10 metrə çatan mağarada 10 zal var. Bu mağaralarda duzdan yonulmuş sütunlar, divarda his izləri aşkar edilib. Duz mədənlərindən e.ə. III-II minilliklərdə istifadə edildiyi ehtimal olunur. Buradan çıxarılan duz Böyük İpəkyolu vasitəsilə Yaxın Şərq, Cənubi Qafqaz ölkələrinə də ixrac olunub.

Müalicəxana

1979 – cu ildə Duzdağda qədim duz mədənlərinin bazası əsasında fizioterapiya xəstəxanası təşkil olunub. Müalicəxanaya getmək üçün 300 metrlik tuneldən keçmək lazım gəlir. Bronxial astma, ağciyər bronx sisteminin digər xəstəlikləri, tənəffüs yolları xəstəlikləri müalicə olunur. Müalicə üsulu çox sadə və pulsuzdur. Xəstələr yeraltı şaxtalarda yerləşdirilmiş çarpayılarda gecələyir və şəfa tapırlar. Müalicə saatları axşam 19.00 səhər 07.00 arasıdır. Çox sadə olan bu üsulda məqsəd havanı udmaqdır. Kəskin yod qoxusu içəri girər – girməz hiss edilir. Xəstələr duz qayalarının üstündə sənət əsərləri yaradırlar. Tunelin və xəstəxananın divarlarını duzdan yonulmuş heykəllər bəzəyir.

Süfrə duzu

Duz şaxtalarından eyni zamanda süfrə duzu çıxarırlar. İstehsal sırasında ətrafa saçılmış minerallarla zəngin yeməli duz kristallarından bəzi parçalar almazı xatırladır. Yüzillərdir buradan çıxarılan Naxçıvan duzu sovet dönəmində brend halına gəldi. İndiyədək mədənlərdə qayaları çapıb duz istehsal edirlər. Prosesi izləmək maraqlıdır. Duz yerli əhalinin tələbatını artıqlamasıyla ödəyir.

Naxçıvana gedərkən haranı görmək lazımdır deyə sual versəniz, bütün naxçıvanlılar düşünmədən bir yerin adını çəkəcəklər. Oranı görmədən muxtar respublikadan ayrılmaq demək olar ki, qəbahət sayılır.

Əshabi – Kəhf

Azərbaycanın ən məşhur pirlərindən olub, ilin bütün fəsillərində ziyarətə açıqdır. Yerlilər həyatları boyunca buranı yeddi dəfə ziyarət etməyi özü üçün borc bilir. Eyniadlı yerdən Kiçik Asiya və Fələstində də var. Əshabi – Kəhf Haça və Nəhəcir dağları arasında, Naxçıvan şəhərindən 12 km aralıda olan, hündürlüyü 1665 metrə çatan dağdır. NMR-ın qiymətli təbiət əsəri hesab olunur. Əshabi – Kəhf dağının üstü konusvari formadadır. Vulkan püskürməsi və ayrı – ayrı daşların sementləşməsi nəticəsində dağ və ərazidə təbii mağara yaranıb. Yerin adı ərəb dilindən tərcümə edildiyində “mağara adamları” deməkdir. Qurani – Kərimin XVIII, “Əl – Kəff” surəsində Allahdan başqasına inananlardan ayrılıb mağaraya sığınan 7 gəncin – Təmlixa, Bərnuş, Sərnuş, Məksilma, Məslina, Sazənuş, Kəftəntuşun (çoban) və onlara sadiq olan itləri Qıtmirin, 300 ildən artıq yatıb oyandıqdan sonra başlarına gələnlərdən bəhs edilir. Naxçıvan ərazisində yayılmış əfsanə də təqribən eyni məzmundadır:

Əfsanə

Allahdan üz çevirib bütlərə tapınan Dağ Yunis adlı hökmdarın zülmündən əhali əziyyət çəkirdi. İnsanlar arasında küfr hökm sürürdü. Buna dözə bilməyən vəzir Temirxan tək Tanrıçılıq inancında olan bir neçə dostu ilə zülmdən qurtulmaq üçün şəhərdən qaçaraq dağlara sığınır. Yolda hökmdarın çobanına rast gəlirlər. Vəziyyəti öyrənən çoban və çobanın iti də vəzirə qoşulur. Onlar yaxınlıqdakı mağaraya sığınır və dərin yuxuya gedirlər. Beləcə 300 ildən çox yatırlar. Oyanandan sonra acdıqlarını hiss edirlər. Vəziyyəti öyrənmək və çörək almaq məqsədilə vəziri şəhərə göndərirlər. O, şəhərdə yaxalanır. Vəzirə başa salırlar ki, çörək almaq istədiyi əlindəki pullar 300 il bundan əvvəl hökmdarlıq etmiş Dağ Yunisə aiddir. Burada bir möcüzə olduğunu anlayan vəzir başına gələnləri danışır. Hekayədən maraqlanan insanlar mağaraya doğru axışırlar. Vəzir bundan yoldaşlarının qorxuya düşməsinlər deyə onları xəbərdar etmək üçün hər kəsdən qabaq qaçaraq mağaraya gəlir. Baş vermiş möcüzəni bildirir. Lakin bir daha bu dünya insanları ilə yaşamaq istəməyən mağaradakılar əl qaldırıb Allahdan qeyb olmalarını diləyirlər. Hər biri qayaya söykənir və yox olur. İçəri daxil olanlar yalnız onların izlərini tapırlar.

Həmin andan etibarən mağara ziyarətgaha çevrilir.

Onların qeyb olduğu mağara “Yeddi kimsənə” adlanır. Oradan 50 – 60 metr aralıda, 15 metr uzunluğunda çox qədim tarixə malik olan məscidin divar qalıqları aydın şəkildə görünür. Tədqiqatçılar Əhsabi – Kəfin 3000 ildən artıq keçmişi olduğunu söyləyirlər.

Ziyarət

Uzun ziyarət prosesi mərhələlərdən ibarətdir. Aşağıdan yuxarıya doğru müxtəlif rituallar həyata keçirilir. Bu inancın islam inanclarıyla heç bir şəkildə əlaqəsi yoxdur. Ziyarətçilər niyyət tuturlar. Yol boyunca bəzi qayaların ətrafında 3 dəfə dönür, bəzi tunellərdən keçir, kiçik qaya parçalarını üst-üstə yığır, yerdən daş götürüb yuxarı qayalara atırlar. Beləcə ən yüksək qayaya çatırlar.

Damcıxana

Ziyarətgahın son dayanacağı belə adlanır. Ən üstdəki böyük mağarada oturmaq lazımdır. Ziyarətçi eyni niyyəti ürəyində təkrar edir və bu düşüncələr içərisində mağara tavanından başına damcı düşməsini gözləyir. Damcı o anda da düşə bilər, bir neçə saatda da. Buna görə həmin diləyin yerinə yetib yetməyəcəyinə, tez ya da gec gerçəkləşəcəyinə qərar verirlər. Damcı düşdükdən sonra insanlar sevinərək mağaradan çıxırlar və bununla da ziyarət tamamlanmış sayılır. Bu ziyarət Sibirdəki pirlərlə eyni xarakterlidir. Bəzi şeylər şaman rituallarını, ordakı türklərin inanclarını xatırladır.

Ziyarət bitdikdən sonra qurban kəsmə mərasimi başlayır. Daha doğrusu, əvvəlki ziyarətlərində niyyətləri həyata keçmiş insanlar növbəti dəfə buraya təşrif buyuraraq qurbanlarını kəsirlər. Ziyarətgahda eyni anda yüzlərlə heyvanın kəsilməsi buranı sallaqxanaya bənzədir. Sonra qurbanlıq ətlərdən ziyafət başlayır. Bu da ərazidə piknik ab-havası yaradır. Kabab qoxusu ətrafı bürüyür. Ac olanlar rahatlıqla istənilən qazan ya da manqala yaxınlaşıb qurbanlıq ətlərdən ləzzətlə yeyə bilərlər.

Təndir bulaq

Əhsabi – Kəfə gedən yolun üstündə yerləşir. Ziyarətdən geri dönənlər dəstə ilə bulağın başına toplaşır. Sanki tamaşa seyr edirlər. Həqiqətən də belədir: suyun oyunu. Təndir bulağa “Qaynar bulaq” da deyirlər. Hər 20 dəqiqədən bir su öz – özünə qaynamağa başlayır. Sonra sakitləşir. Durulur. Sonra eyni proses yenidən təkrarlanır. Bulağa möcüzə deyirlər. Diz – oynaq ağrılarına, revmatizmaya yaxşı təsir edir. Bulağın başına toplananlar ayaqlarını suyun içinə salır və böyük maraqla onun qaynamasını gözləyirlər. Təbii ayaq vannası təxminən 30 dəqiqə davam edir.
Yuxarıda, sayılan yerlərə səyahət edənlərin Babək rayonu üzrə gəzintini uğurlu şəkildə başa vurduqlarını söyləmək olar. Vəssalam.

[justified_image_grid facebook_id=2222665901206802 facebook_album=2343728812433843]