Aybilet.az logo

Abşeron Bakı

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on pinterest
Pinterest
Share on whatsapp
WhatsApp

Küləklər şəhəri

Şəhərin ləqəbidir. Bakı və xəzri kəlimələri yaranışından bəri bir – biri ilə bağlıdır. Xəzri əsməyə başlayanda bir həftə davam edir. Köhnə bakılılar bir nəfərin bakılı olub olmadığını öyrənmək üçün ona belə bir sual verərdilər: “Bakıda qış nə vaxt olur?” Əgər həmin adam “Xəzri əsəndə” deyə cavab verərdisə, onun bakılı olduğuna şübhə etməzdilər

Abşeron yarımadası

Əlverişli buxtası, quru isti iqlimi, münbit torpağı, faydalı qazıntıları sayəsində bura qədimdən bəri insanların məskən saldığı yerlərdən olub. Şirin sulu və şoran göllər diyarıdır. Burada 40 – a yaxın göl var. Masazır, Böyük Şor, Mirdalabi və sair bunlardan bəziləridir. Bu göllərdə yod elə çoxdur ki, rəngləri çox vaxt qırmızıya çalır. İnsanlar duz vannası qəbul etmək üçün bura üz tuturlar. Bəzən isə duz toplamaq üçün gölə girirlər. Buradan kustar üsulla toplanan duz emal edildikdən sonra satışa yollanır.

Abşeron toponimi

“Əfşar” türk tayfa adı və məkan şəkilçisindən törəyib. Əfşarların məskunlaşdığı yer deməkdir.
Toponimin kəndə, şəhərə, limana, hətta mayaka verilməsi haqda məlumat var. Yazılı olaraq bu sözün ilk dəfə işlədildiyi tarixi sənəd, 1731 – ci ildə F.İ.Soymonovun tərtib etdiyi “Kaspi dənizinin baş xəritəsi”dir. XII əsrə aid bir mənbədə Abşeron yarımadası Bakı adası kimi təqdim edilir və göstərilir ki, burada ağ və qara neft çıxarılır. Torpaqdan alov qalxır. Bu mənada bir vaxt Xəzər də, Abşeron limanı da, bütövlükdə yarımadanın ərazisi də Bakı adı altında məşhur olub. Odur ki, bu adlar çox vaxt cüt çəkilir. Elə biz də onları ayrımamağa qərar verdik. Abşeron torpağı özünəməxsus təbiəti, adət – ənənələri, inancları, insanları, qabarıq ləhcəsi və meyxanası ilə digər bölgələrdən seçilir.

Meyxana

Abşeron söz sənətidir. Sırf yarımada kəndlərinə xas olan bu mədəniyyət televiziyada son illərdə yayımlanan və böyük reytinqlərə səbəb olan meyxana yarışmalarından sonra Azərbaycanın hər tərəfinə yayılmağa və sevilməyə başladı. Meyxana söz ustalarının deyişməsi və sözlə bir – birini bağlamasıdır. Bir növ Qərb zonasındakı aşıq sənəti kimidir. Aradakı fərq burada deyişmə klassik janrda, əruz vəznində deyilən şeirlərdən ibarətdir. Əvvəllər hər hansı musiqi alətindən istifadə edilməz, meyxana deyilərkən sadəcə çırtma çalınardı. İndi meyxana iştirakçılarını “sintizator” adlandırdıqları orq müşayiət edir. Meyxana başdan – başa improvizasiyadır. Ortaya istənilən mövzuda əruz vəznində bir qafiyə misra atılır. Meyxana ustası bu mövzu və qafiyəyə uyğun misraları həmin anda fikirləşib, düzüb – qoşmağı, bədahətən bunu oxumağı bacarmalıdır. Bu da o deməkdir ki, meyxanaçı olmaq istəyən şəxsin çox zəngin leksikonu, iti ağlı və yüksək söz demək qabiliyyəti, yaxşı cavab qaytarmaq bacarığı olmalıdır. Əvvəllər sadəcə məhəllə arası, çadır mədəniyyətinin bir parçası olan meyxanaya tələb və maraq elə artıb ki, indi ölkənin hər yerində, demək olar bütün toy məclislərində meyxana şousu qurulur. XX əsrin ən böyük söz ustadı və qəzəlxanı, əslən Novxanılı olan Əliağa Vahid idi.
Yarımadanı ən qısa yoldan buranı məşhur edən ən önəmli ünvanlar vasitəsilə gəzib tanıyaq. Beləliklə,

Bağlar

Yay vaxtı istər şəhər, istərsə də kənd əhalisinin bağlara köçməsi Abşeronun köhnə ənənəsidir. Bağ mövsümü may – sentyabr aylarını əhatə edir. XIV əsrdə Əbu ər – Rəşid əl – Bakuvi yazırdı:
“Əncir, nar, üzüm burada boldur. Bağlar şəhərdən uzaqdır. Buna görə şəhər əhalisinin çoxu yay vaxtı oraya köçür. Bir müddət orda yaşayır, sonra isə geri qayıdırlar. Və onlar hər il belə edir. “
Yeri gəlmişkən abşeronlular və buraya sonradan köçmüş insanlar indiyədək bu ənənəyə sadiq yaşayırlar.

Bakı bağlarının tarixi

Orta əsr səyyahlarının bəzilərinin qeydlərinə görə, Abşeron yarımadası üçün bağ tikililəri xarakterikdir. Nardaran və Buzovnadakı Xan bağları, 1842 – ci ilə aid yazılara əsasən, XVIII əsr Bakı xanlarından olan Mirzə Məhəmməd xanın ailəsinə mənsub olub. Abşeron yarımadasında varlı şəxslərin tikdirdikləri yay iqamətgahları XIX əsrin sonu, XX əsrin başlanğıcında neft milyonçularının hesabına daha da populyarlaşdı. Neftxudalar istirahət etmək və əylənmək üçün sərvətlərinə və imkanlarına uyğun olan bağ evləri tikməyə başladılar. Başdan – başa qayalıq, daş – kəsəkdən ibarət, susuz, dəmir yolundan uzaq, adi araba yolu olmayan bir ərazidə superlyuks köşklər qurmaq asan iş deyildi. Çox miqdarda əmək və pul tələb edirdi. Belə ağır, ağıla sığmayan işin öhdəsindən yalnız neft milyonçuları gələ bilərdilər.

Bağçılıq məktəbi

H.Z.Tağıyevin 1894-cü ildə Mərdəkanda açdırdığı bağçılıq – bağbanlıq məktəbi Abşeronda bağ salmağa böyük imkan yaratdı. Susuz, qumsal sahədə ağaclar əkildi, yovşanlıqlar üzümlüyə çevrildi. Yeni meyvə və bəzək ağacları hər tərəfi sardı. Mərdəkanda salınan ilk bağlardan biri Murtuza Muxtarova aid idi. 1890 – cı ildə tikilməyə başlanan bu bağı salmaq üçün minlərlə kubmetr münbit torpağı kənardan daşıyıb dəniz sahilinə tökmüşdülər. Bağların ən çox məhz Mərdəkanda salınmasının əsas səbəblərindən biri, oranın qismən şəhərə yaxınlığı və havanın saf, şirin suların dayaz olması idi.

Bağ həyatı

Bağ həyatı maksimum üç ay sürür. Son illərdə şəhərdə insan sıxlığının artması əslində bağ ənənəsini bir az pozdu. Belə ki, şəhər qələbəliyindən qaçan hər kəs bağ evlərində daimi məskən qurdu. Yay aylarında, bağ mövsümü zamanı bağça məhsullarından xüsusi ləzzətlər hazırlayır, qışa hazırlıq görürlər. Abşeron bağlarının şanı üzümü məşhurdur. Ondan mürəbbə, doşab və sirkə hazırlamaq adəti geniş yayılıb. Üzümü xüsusi olaraq qurudur və kişmiş hazırlayırlar. Kişmiş burada ən yaxşı çərəzlərdən hesab edilir.

Əncir

Abşeronun təbii əvəzsiz nemətlərindən biri məşhur sarı əncirdir. Yerli növ bu incir bal kimi şirin olur. Ildə iki dəfə məhsul verir. Mürəbbəsini bişirir və özünü də qurudaraq qoz – fındıqla çərəz kimi yeyirlər. Mövsüm vaxtı isə ənciri səhərlər ağacdan ac qarnına yemək adətdir. Çünki bu zaman orqanizmə daha faydalı olduğunu söyləyirlər.

Zeytun

Azərbaycanda yalnız Abşeronda yetişdirilir. XIX əsrin ortalarından becərilməyə başlanıb. Buna rəğmən yerli mətbəxdə nə zeytunun özü, nə də yağı elə geniş yayılmayıb. Abşeronun digər kəndlərindən Zirə pomidoru, Hövsan da soğanı ilə məşhurdur.

Zəfəran

Azərbaycanda sadəcə Abşeronda yetişən tək bitkidir. Şərq mətbəxinin vazkeçilməz və əvəzedilməz bitkisi hesab edilir. Yeməklərdə və şirniyyatlarda istifadə edilir. Onlara xüsusi dad, qoxu və rəng verir. Ən çox plovlarda, Abşeron bölgəsində düşbərədə, şirniyyatlardan külçə, paxlava bişirərkən zəfəran mütləq işlədilir. Yarımadada zəfəranın ən çox becərildiyi kəndlərdən biri Qaladır. Avqust və noyabr aylarında məhsul toplama vaxtıdır. Zəfəranın hər qönçəsində bir neçə ləçək olur. Məhz onları toplamaq lazımdır. Bu da o deməkdir ki, bir kilo zəfəran əldə etmək üçün bir hektar yer becərmək lazımdır. Ona görə də təbii zəfəranın qiyməti çox bahadır.

Abşeron mətbəxi

Abşeronun dəniz sahilində yerləşməsi onun mətbəxinə təsir edib. Balıq yeməkləri çoxdur. Yerli mətbəxdə şirniyyatlar da xüsusi yer tutur. Şəkərbura, Bakı paxlavası ən çox Novruz bayramının əvəzedilməz ləzzətləridir. Abşeronluların bir xüsusiyyəti də odur ki, yemək mövzusunda mühafizəkardırlar. Hər bir yeməyin qaydası nədirsə, ona çox ciddi riayət edirlər. Yeməklərdə istər tərkib, istərsə xarici görünüş, təqdimat nöqteyi – nəzərindən bir şey əskiksə, o sayılmır. Məsələn, düşbərə bişərkən elə bükülməlidir ki, bir qaşığa 12 dənə yerləşsin. Həqiqətən həvəslə oturub sayır və buna görə aşbazı təqdir və ya tənqid edirlər. Yeri gəlmişkən Abşeron kulinariyasının ən populyar yeməyi düşbərə – qutabdır. Əslində bunlar ayrı – ayrı yeməklər olsa da, Abşeronda bunları birlikdə yemək adətdir. Düşbərə sulu mantıdır. Kiçik mantılar qoyun ətindən hazırlanır, suda bişir, üzərinə nanə qurusu və sirkə tökülərək yeyilir. Qutab deyincə isə Bakıda hamı bir səmtə üz tutur.

Corat

Sumqayıt – Novxanı arasında, dəniz sahilində yerləşən kənddir. Könlü qutab istəyənlər mütləq bura gəlir. Corat dəvə ətindən bişən şirin dadlı qutabı ilə ad çıxarıb. Bundan başqa ət və göyərti qutabları da verilir. Ət qutabları sumax, göyərtidən hazırlanan isə qatıqla yeyilir. Dəniz sahili boyunca yerləşən və əksəriyyəti çox bəsit olan bu restoranların hamısı yay – qış dolu olur. Corat toponimi XIII əsrə aiddir. Monqolların ön Asiyanın işğalında iştirak etmiş curyat tayfasının Azərbaycana yadigar qalan törəmələridir.

Bakı kəndləri

Mənbələrdə şəhər yaxınlığında çoxlu kənd, hər kəndin də özünün möhkəm hörülmüş qalası olduğundan söz açılır. I Pyotrun səfəri ərəfəsində Bakıda olmuş katolik missionerlərindən birinin yazdığına görə, əyalət şəhəri Bakının 34 kəndi var. 1870 – ci il siyahısında isə Bakıda 41 kəndin hamısında çox az əhali yaşadığı qeyd olunur. Ən böyük kənd sayılan Maştağada 1813-cü il məlumatına əsasən cəmi 582 nəfər yaşayırdı. Bakı kəndlərində yaşayanların əksəriyyətinin İrandan gəlmə tatlar olduğu bildirilirdi.

Tatlar

Hələ Sasanilər dövründə İranın cənubundan Şərqi Azərbaycana köçürülüblər. Iran höküməti İranın şimal hüdudlarının köçəri türk tayfalarından qorunmasında onlardan istifadə edirdi. Öz köçəri həyatları ilə öyünən türk tayfaları sonralar tatları öz hakimiyyətləri altına alaraq, onlara tat adını veriblər. Şah Abbas da tatlardan cəngavər, döyüşkən adamlar kimi istifadə edərək, hətta onları Şahsevən adlandırıb. Tatlar Azərbaycana köçdükdən sonra başqa xırda millət və tayfaları güclü təsirləri altına almağı bacarıblar. Vaxtilə Maştağa kəndi əhalisi sakinləri olan massaget tayfaları da bu qəbilədəndir. Daha çox talışlara yaxınlığı ilə seçilən tatlar pozuq fars dilində danışırdılar.

Bakı ləhcəsi

Uzun əsrlər boyunca İran təsiri altında qalmış bakılıların söz leksikonu elə də geniş inkişaf etməmişdi. Bütün yazışmalar farsca idi. Məişətdə fars-ca qarışıq türkcədən istifadə edirdilər. Bakıda dənizçiliyə aid sözləri başqa yerdə eşitmək olmazdı. Fars, rus və türk dilləri Bakı ləhcəsinə güclü təsir edib. Türkmənlərlə dəniz vasitəsilə geniş əlaqəsi olan bakılılar danışıq zamanı “b” hərfi yerinə “m” hərfindən istifadə edirlər. Məsələn, bunun yerinə munun, bunun üçün yerinə munun üçün və s. Türklər kimi “e” hərfi yerinə “ə” hərfini qoyurlar. “Verim” yerinə “vərdim” deyirlər və s. Farscanın təsiri olaraq “o” hərfi yerinə “u” tələffüz edirlər. Misal üçün “onun” yerinə “unun” deyirlər və sair. Bakılılar sözləri bir qayda olaraq qoşa – qoşa işlədirlər. Gedə-gedə, qaça-qaça, gülə – gülə və s. Hətta belə bir lətifə var ki, bakıdan bir sözü niyə cüt – cüt deyirsiniz deyəndə cavabında, “onu kənti – küttü (kəndli-kündlü) deyir”, – deyə cavab verir.

Maştağa kəndi

Bakının ən böyük kəndidir. Toponim vaxtilə burada məskən salmış massaget tayfasının adı ilə bağlıdır. Eradan əvvəl V əsrdə yaşamış Herodot onlar barədə xəbər verib. Əvvəllər türk tayfalarının beşiyi olan Türküstanda yaşayırdılar. Daha sonra Aralıq dənizi sahillərinə, Xəzər dənizinə və Qırğızıstana, o cümlədən Azərbaycana yayıldılar. A.A.Bakıxanov “Gülüstani – İrəm” əsərində bu haqda ətraflı məlumat verib.

Quşbazlar

Bakı kəndlərinin spesifik görüntülərindən biri quş damlarıdır. Burada quşları sevənlərə, quş saxlayanlara quşbaz deyirlər. Onlar həyətlərində hazırladıqları xüsusi damlarda quş kolleksiyası toplayırlar. Onlara yaxşı qulluq edir, yeməklərini, peyvəndlərini əksik etmirlər. Bu quşlar əsasən göyərçinlərdən ibarət olur. Bəzən onlara ad qoyur, onları qürurla sərgiləyir, bəzən də satırlar. Çox vaxt satılan göyərçinlər bir müddət sonra uçub yenə öz damlarına qayıdırlar.

Nardaran kəndi

Nardaran kəndiMaştağadan sonra gəlir. Dəniz sahilində, xəzri küləklərinin şiddətinin ən çox hiss edildiyi kəndlərdəndir. Əhalisi tarixən dənizçiliklə – balıqçılıqla məşğul olub. Tarixən Bakı kəndlərinin adları əhalisinin məşğuliyyətinə görə dəyişirdi. Bir fərziyyəyə görə, toponim “nar” və “aran” sözlərindən törəyib: nar olan yer kimi izah edilir. Digər ehtimala əsasən isə, toponimin yaranma səbəbi keçmişdə əhalinin dəvəçiliklə məşğul olduğuna da dəlalət edir. Sözün kökü “nər”dir. “Nər” 2 mürgülü erkək dəvəyə deyilir.

Nardaran qalası (XIII – XIV əsrlər)

1301 – ci ildə Hürüm anası Bərəkə bu qəsri tikdirməyi əmr edib. Memarının Mahmud ibn Səat olduğu divarına həkk edilib. Kəndin şimal hissəsindəki 3 yaruslu, 12 metr hündürlüyü olan bu dairəvi qala 4 bucaqlıdır və hər küncündə bürcü olan hasar çəkilib.

Şirvanşahların yay iqamətgahı (XIII – XIV əsrlər)

Tikiliyə yerlilər “Xan bağı” deyirlər. Ətrafında geniş üzüm bağları salınıb. Bakı hakimlərinin yay aylarında istirahət yeri olub. Dəniz sahilindən 2 km məsafədə, kəndin şimal – şərqində, yüksək qumsallıqda yerləşir. Dənizsahili əlverişli iqlimi, strateji əhəmiyyətli coğrafi məkan, müdafiə qalasına yaxın olduğundan, Şirvan şahları məhz bu ərazini istirahət zonası üçün yararlı hesab ediblər. Abşerondakı bağ iqamətgahları içərisində Şirvanşahların Nardarandakı yay iqamətgahı öz sadəliyi və əzəməti ilə seçilir. Bağda 10 metr dərinliyində bir quyu var ki, onun dibində şərqə və qərbə tərəf ayrılan iki yol görünür. Yerlilər arasında yayılan bir rəvayətə görə guya quyunun dibindəki yollar Nardaran qalasına və məşhur Nardaran pirinə gedib çıxır. Yeri gəlmişkən, bura Bakının ən dindar kəndi kimi tanınır.

Nardaran piri (VIII əsr)

Kəndin şimalında yerləşir. VII İmam Museyi Kazımın bir qızı, həzrəti Rəhimənin qəbri bu məsciddədir. O, Harun ər – Rəşid Məmunun dövründə Azərbaycana pənah gətirən Peyğəmbər övladlarından biridir. Yeni məscid 1994 – cü ildə tikilib. Hündürlüyü 41 metr olan 4 minarəsi var. Qəbri eyni vaxtda 1500 mömin ziyarət edə bilər. Dini bayramlarda, Məhərrəm ayında, xüsusən Aşura günündə burada insan əlindən iynə atsan yerə düşməz. Imam nəslindən olanların şərəfinə ucaldımış bir başqa məşhur məqbərə şəhərin tamamilə başqa ucunda, Bakının girişində yerləşir.

Bibiheybət (XII əsr)

Məqbərə vaxtilə Bakının 5 kilometirliyində dağın ətəyindəki qəbirstanlıqda yerləşirdi. Buraya bitişik qədim kənd isə Şıx kəndi adlanır. Rəvayətə görə, məqbərə səkkizinci imam Əli bin Musa ƏL – Rzanın bacısı Hökümə xanımın və onun xidmətçisi Heybətin burada basdırılması ilə bağlı yaranıb.

Rəvayət

VIII əsrin axırlarında Harun ər – Rəşidin təqibindən qaçmış şiələrin VII İmamı Museyi – Kazımın qızı Hökümə indiki Şıx kəndinin yerləşdiyi ərazidə gizlənir. Onun Heybət adlı bir sədaqətli xidmətçisi var imiş. O da qadını “bibi” çağırarmış. Hər ikisi öləndən sonra burada dəfn ediliblər. Bir müddət sonra Elxani hökmdarı Qazanxan Mahmudun (1205-1304) əmri ilə Şirvanşah Axsitan oğlu Fərruxzad qəbrin üstündə məscid ucaldır. Sonralar bu məscid Bibiheybət kimi məşhurlaşır və ziyarət edilməyə başlanır.

Deyilənlərə görə, orta əsrlərdə tikilmiş məscid o dövrdə gözəlliyinə görə hamını heyran edirdi. Abşeronda ən məşhur və ən möhtəşəm məbəd idi. Yazda və payızın ilk aylarında burada zəvvar və dindarlar əlindən tərpənmək imkansız idi. 1001 libasda adama rast gəlmək olardı. Varlılar süfrə açıb Əliaşı verirdilər. Dərvişlər qəsidə oxuyurdular. Zəvvarlar dərvişi araya alıb qulaq asır, tamaşa edirdilər. Məscidin içərisində qəbir var. Burada həmişə namaz qılırlar. Ziyarət vaxtı qəbri ortaya alan zəvvarlar uşağı olmayanlar, xəstəlikləri olanlar, dərdi və problemi olanlar ağlayaraq özlərini qəbrin üstünə ataraq dərdlərinə çarə, xəstəliklərinə şəfa diləyirlər. Ramazan, Qurban, Məhərrəm aylarında, Məhəmməd peyğəmbərin doğum günlərində məsciddə adam əlindən iynə atsan yerə düşmürdü.

Əhvalat

Bura ilə bağlı çox maraqlı hadisələr danışırlar. Deyirlər ki, 1845 – ci ildə Bibiheybəti ziyarətə gələnlərdən biri Xurşidbanu Natəvan olub. Uşağı olmadığı üçün burada dua edərək dərdinə çarə axtarıb. İkinci dəfə, 1858 – ci ildə şairə Bibiheybətə təkrar gələndə artıq iki övladı var idi. Bu səyahəti sırasında Xan qızı burada fransız yazar Aleksandr Düma ilə görüşür. Niyyətinə əməl edərək Bibiheybətə öz borcunu ödəmək istəyən Natəvan məscidin narahat daşlıq yolunun bir hissəsini öz hesabına düzəltdirir. XX əsrdə Bakı – Salyan yolunun çəkilişi ilə bağlı olaraq məqbərə sökülüb yox edilsə də, əsrin sonunda yenidən bərpa etdirilir.

Qala kəndi

Yarımadanın şimal – şərqində yerləşir. Bakı üzrə gerçəkləşdirilən daxili turist marşrutlarından biridir. Ekskursiya 5 saat davam edir. Şəhərdən 45 km məsafədə yerləşən Qala Abşeron yarımadasının ən qədim yaşayış məskənidir. Burada e.ə. III minilliyə aid tarixi mühit qorunub saxlanılır. Arxeoloji qazıntılar Qalada 5000 il əvvəl tunc dövrünə aid yaşayış məskəninin olmasını sübut etsə də, onun müasir dövrümüzə qədər gəlib çatmış tikililəri XVI – XIX əsrlərə aid edilir. 5 məscid, 3 hamam, 4 ovdan, yaşayış evləri, kənd təsərrüfatı təyinatlı binalar, sərdabələr, məqbərələr, kurqan-lar, qəsrin qalıqları və sair mövcuddur. Kənddə bir neçə məhəllə olub. Qala Tarix – Etnoqrafiya Qoruğunun ərazisində “Açıq səma altında ilk Arxeoloji Etnoqrafik Muzey Kompleksi” yaradılıb. 200 hektarlıq sahədə 243 tarixi, arxeoloji və memarlıq abidələri qorunur.

Qala evləri

Abşeron xalq memarlığının bənzərsiz şəhərsalma irsi hesab edilir. Hər bir ev qapalı qalaya bənzəyir. Abşeronun yerli ağ əhəng daşından inşa edilib. Əsasən bir mərtəbəli tikilən evlər iki otaqlıdır. Bunlardan biri qonaq, digəri mətbəx hissə adlanır. Qonaq otağı əsasən taxçalarla bəzədilir. Bunların üstünə qab – qaşıq yığılır. Bu otaqlardakı əsas elementlərdən biri də çıraq və Quran qoymaq üçün divarlarda oyulmuş taxçalardır. Evlərin fasadına dekorativ çalar qatan daş navalçalar dam örtüyündə yağış sularının toplanmasını tənzimləyir. Keçmişdə Qala kəndində dulusçuluq və dəmirçilik sənəti çox geniş inkişaf edib.

Hamam

Kənd ərazisində bir neçə hamam vardı. Onlardan biri – göl ətrafında yeraltı hamam bir müddət əvvəl qazılıb çıxarıldı. Hesab olunurdu ki, duzlu göl müalicəvi xüsusiyyətlərə malikdir. Qalada bir məşhur tarixi hamam bu günədək çalışır. Hamamın əsas xüsusiyyəti odur ki, onun suyunu qırdırmaq üçün bir şam yandırmaq kifayət edir. Bunu duyanlar hadisəni gözlə müşahidə etdikdən sonra heyrətlərini gizləyə bilmirlər. Yeri gəlmişkən həmin hamam bu günə qədər fəaliyyət göstərən nadir hamamlardandır. Azərbaycanın bir çox yerində olduğu kimi, Abşeron kəndlərində də onlarla orta əsrlərdən qalma hamamlar uzun müddət istifadəsiz qaldıqları üçün, baxımsızlıqdan sökülüb gedirlər.

Ovdan

Yeraltı suların saxlanması üçün Abşeron kəndlərində xüsusi quyular belə adlanır. Hər kənddə bir neçə tarixi ovdan mövcuddur. Çoxu tarixi əsər statusu daşıyır. Bəzilərindən indiyədək istifadə edirlər. Orijinal quruluşları diqqəti çəkir. Qala kəndindəki qədim ovdan qəbirstanlıq ərazisindədir. II Şah Abbasın zamanında qazılıb. 1665 – ci ilə aid edilir. Qayada ovulan pilləkənlər su mənbəyinə aparır.

Qala toponimi

Toponim çox qədim tarixdə burada tikilmiş qala ilə bağlıdır. Istehkam mənasını verir. XIV əsrdə kəndin hündür yerində ucaldılan qalanın qülləsi sovet dövründə dağıdılıb. Qala divarlarının qalıqları və yanaşı yerləşən orta əsrlərə məxsus Cümə məscidi bu günə qədər gəlib çıxıb.

Mərdəkan kəndi

XIX əsrin əvvəllərində cəmi 100 nəfərədək adamın yaşadığı kənd XX əsrdə Abşeronun ən populyar məkanlarından birinə çevrildi. Yerli müalicə – sanatoriya ocaqlarında kardioloji, mədə – bağırsaq, sinir, əsəb xəstəlikləri müalicəxanada ilboyunca müalicə edilir. Toponim türk mənşəlidir. Mərd Orta Asiyada yaşamış mardı, amardı – tayfa adı türkcə “qoçaq, cəsarətli, zirək, qeyrətli” mənasında, kan isə yer məkan bildirir. Mərdlər məkanı deməkdir. Kənddə 2 qədim qala mövcuddur.

Mərdəkan qalaları

1187 – ci ildə, Şirvanşah Mənuçöhrün oğlu I Axsitan dövründə tikilib. 4 künc formasındakı qalanın hündürlüyü 22 metrdir. 76 pilləli bürcün içində 2 içməli su quyusu, 60-dək ərzaq quyusu var. Digər dairəvi bürc 500 metr aralıdadır. El arasında “Yumru qala” kimi tanınır. Şeyx Əbu Səid Əbülxeyrin şərəfinə “Şıx qalası” da deyilir. Hündürlüyü 12 metrdir. Üzərindəki ərəbcə yazılardan onun 1232-ci ildə memar Əbdülməcid Məsud tərəfindən tikildiyi məlum olur. 1481 – ci ildə inşa edilmiş Tubaşahi məscidi kəndin köhnə tikililərindəndir. Bunların hamısının yeraltı yolla biri-birinə bağlı olması ehtimal edilir.

Mir Mövsüm Ağa ziyarətgahı

Kəndin və ölkənin ən məşhur tarixi – dini abidəsidir. Şüvəlan qəsəbəsinə gedən yolun sağ tərəfindəki qəbirstanlıqda yerləşir. Mir Mövsüm Ağanın qəbri üzərində, 1992 – 1994 – cü illərdə inşa edilib. Mir Böyükağa Mir Əbutalıb oğlu Mir Mövsümzadənin (1883 – 1950) yaşadığı İçərişəhərdəki evi də pir kimi fəaliyyət göstərir. Hər ikisini hər gün yüzlərlə insan ziyarət edir.

Qərənfil

Bakı kəndləri gül istixanaları ilə hələ sovet vaxtından bəri ad çıxarıb. Gülçülük buralarda yaxşı inkişaf edib. Illərdir Bakı kəndliləri istixanalarda xüsusi olaraq yetişdirdikləri çiçəkləri həm daxili bazarda satır, həm də ixrac edirlər. Daha çox Rusiya bazarlarında satırlar. Bu çiçəklərin içərisində xüsusi növ olaraq yetişdirilən qərənfillərin xüsusi yeri var. Hər zaman toy – bayram bəzəyi olan qərənfillər 20 yanvar 1990 – cı ildən sonra matəm çiçəyinə çevrildi.

Qanlı şənbə gecəsi

1988 – ci ildən başlayan Milli Azadlıq Hərəkatı, Bakının Azadlıq meydanındakı milyonluq mitinqlər bütün SSRİ-ni lərzəyə saldı. Bundan təşvişə düşən sovet liderləri Bakıya o tarixdə qoşun yeridərək şəhərdə qətliam törətdilər. Yüzlərlə gənc, ixtiyar, qadın, uşağı öldürdülər. Bakıda qan su yerinə axdı. Bu hadisə zamanı yerində sakit dura bilməyən gülçülər sovet əsgərlərinin gözləri qarşısında milyonlarla qərənfili azadlıq qurbanları-nın qanlarının üstünə döşədilər. Şəhərin küçələri qırmızı qərənfildən xalıya büründü. Həmin tarixdən sonra qərənfil – şəhid qanı kimi yaddaşlara həkk oldu.. O tarixi hadisə isə Sovet imperiyasının parçalanması yolunda qəti addım oldu.

Suraxanı

Yarımadanın ən qədim kəndlərindən sayılır. Zəngin neft və təbii qaz yataqları ilə məşhurdur. Buranı tanıdan əsas amil, yer altından çıxan yanar qazlardır ki, əsrlər boyunca Abşeron torpağına ayaq basanları heyrətləndirib. Toponim isti bulaq, mənbə yeri kimi izah edilir. Alimlər bunu Suraxanıda od, alovla yox, isti mineral bulaqlarla əlaqələndirirlər.

Atəşgah

Bakıdan 21 km şərqdə, təbii qazların çıxdığı, sönməz alovların yerində Atəşgah var. XVIII əsrdə Hindistanın Moltanı vilayətindən olan tacirlər tərəfindən tikilib. Burada özbaşına yanan qazın olduğunu öyrənən hindlilər Qanqa və İnqa sahillərindən axın edərək buraya ibadətə gəlirdilər. Hind tacirləri buranın tərifini yaydıqca buraya ibadətə gələnlərin sayı da sürətlə artırdı.

Tarixçi Sara Aşurbəylinin fikrincə Suraxanı atəşgahı qədim atəşpərəst məbədinin üstündə qurulub. Atəşgah kiçik qalanı xatırladır. Daş hasarla əhatələnmiş həyətin içərisində hücrələr var. Məbəd isə düz həyətin mərkəzindədir. Dörd küncündə duran borulardan fasiləsiz alov püskürür.

Atəşpərəstlər burada asketik həyat tərzi sürürdülər. Maddi dünyadan bir şey gözləməyən bu insanlar dünya nemətlərindən özlərini məhrum edərək qapalı həyat yaşayırdılar.

Suraxanı atəşgahı mövcud olduğu tarixdən bu günə qədər Bakıya gələn bütün səyyah və yazıçıların diqqətini cəlb edib. Ən təfərrüatlı materialı Aleksandr Düma 1858 – ci ildə yazdığı “Qafqaz səfəri” kitabında verib. Indiyədək şəhərə gələn turistlər buranı ziyarət etməmiş şəhəri tərk etmirlər. 1902 – ci ildə burdakı alovlar söndürülür. Çünki yaxınlıqda qazılan quyudan qaz fontan vurur. Tezliklə ərazidə 15 qaz quyusu qazılır və ətrafa qaz kəməri çəkilir və Atəşgah da əvvəlki əhəmiyyətini itirir. 1975 – ci ildən muzey kimi fəaliyyətdədir.

Atəşpərəstlik

Odu, suyu, torpağı, havanı – həyatın 4 əsas mənbəyi hesab edir. Banisi peyğəmbər Zərdüştün e.ə. VII əsr “Avesta” (Qanun) müqəddəs kitabında deyilənə görə, 12 min öküz dərisi üzərində yazılıb. Avesta od və su deməkdir.

Atəşgah əfsanəsi

Xəzər sahilindəki atəşpərəst məbədi (Qız qalası) 90 gün, 90 gecə düşmən mühasirəsində qalır. Qalanı mühasirədə saxlayan Nurəddin şah guya babasından alınmış müqəddəs dəniz qalasını nəyin bahasına olursa olsun, geri – atəşpərəstliyi dövlət dini elan etmiş qüdrətli İrana qaytarmalıdır. Kahinlərin gecə-gündüz etdiyi dua və ibadətləri aciz idi. Qala sakinləri təslim olmağa hazır idilər. Lakin Baş kahin inadından əl çəkmir, deyir ki, müqəddəs məbədin odu – alovu bizi mütləq xilas edəcək. Qəflətən məbədin qapıları açılır və əlində oddan qılınc tutan Alovlu qız peyda olur. Kahin ondan kömək istəyir. Kahini dinləyən Alovlu qız Nurəddin şahın yanına gedir və gənc hökmdardan xoşlanır. Şah da onu bəyənir və əlindəki qılıncı buraxacağı təqdirdə ona eşq elan edir. Təklifi qəbul etməyən Alovlu qız bütün gecəni tərəddüd içərisində keçirərkən, Nurəddin şah eyş – işrət məclisindən sonra dərin yuxuya gedir. Nəhayət, səhərə yaxın atəşpərəstləri ibadətə çağıran tütək səsini eşitdikdən sonra odlu qılıncı ilə hökmdarı öldürür və geri qayıdır. Kahinə vəzifəsini yerinə yetirdiyini bildirdikdən sonra isə eyni qılıncla özünü də öldürür. Bundan sonra qiyamət qopur. 7 gün, 7 gecə davam edən tufan sakitləşəndə bütün alovları söndürür. Hər kəs təlaşa düşür. Bu zaman Baş kahin uzaqdakı alovu göstərib hər kəsi sakitləşdirir. Doğrudan da, Qız qalasından xeyli aralıda 7 başlı, 7 rəngli alov yenidən parıldayırdı ki, Alovlu qızı yenidən həyata gətirsin. O vaxtdan həmin yerdə məbəd tikib adını da Surakşana qoyurlar.

Yanardağ

Məhəmmədi kəndi ərazisində yerləşir. Kəndə aparan yollar yalnız boz, sarı kimi cansız quru təpələrdən ibarətdir. Bu təpələrin arasında bir yer var ki, ora minillərdir yanır. Buna Yanardağ deyirlər. Belə danışırlar ki, əvvəllər bütöv dağ yanırmış. Indi alov dilimləri azalıb. Amma yenə də bir dağın yamacı gecə – gündüz sönmədən alovlanır. Son illərdə bu Yanardağın ətrafında atəşpərəstlərin zamanından qalma ən böyük mərasim şənliyi olan Novruz bayramı dövlət səviyyəsində, təntənəli şəkildə qeyd edilir.

Novruz bayramı

Türklərin ən qədim bayramlarından biridir. Təqvimlə mart ayının 20 – 21 – 22 – də keçirilir. Yazın gəlişini müjdələyir. Bolluq, firavanlıq etiqadları ilə bağlıdır. Bununla bağlı ən geniş yayılmış mif belədir:

“Mağarada yaşayan oğuz Oğlu soyuq qışdan yaman qorxardı. Ona görə də hər il qışa güclü ərzaq tədarük edərdi. Bir il qış uzun çəkdi. Onun ərzaq ehtiyatı tükəndi. Çarəsiz qalan Oğuz oğlu yeməyə bir şey tapmaq üçün bayıra çıxmalı olur. Heç nə tapmır. Geri qayıdanda bir qurd balasına rast gəlir. Onunla söhbət edir və vəziyyəti başa salır. Oğuz oğlunu dinləyən qurd balası deyir ki, irəlidə bir yolayırıcında səni bir sürü qo-yun, bir qucaq sünbül, bir cəhrə, bir də əl dəyirmanı gözləyir. Onları özünlə götür. Qoyunu kəsib ətini yeyər, yunundan cəhrədə ip əyirər paltar tikər, dərisini də tikib əyninə geyinərsən. Sünbülün dənini əl dəyirmanında çəkib, unundan çörək bişirərsən. Yaza çıxarsan. Ancaq gərək sünbülü və qoyunu özün artırasan. Quzuları göz qabağında böyüdüb, sünbülün dənini yerə səpib alın təri ilə onu suvarasan. Dediklərimi etməsən, ya-şamaq sənin üçün çox çətin olacaq.

Oğuz oğlu yolayırıcına gəldi. Qurd balası haqlı idi. Oğuz oğlu onun dediklərinə tək – tək əməl etdi. Ona bir bolluq üz verdi ki, gəl görəsən.
Həmin ildən Oğuz oğlu bütün ili işlədi. Qurd balasına rastladığı həmin tarixdən – böyük çillənin otuzuncu günündən etibarən isə bayram hazırlığına başladı. Ilin axır dörd çərşənbəsini yedi, içdi, çaldı, çağırdı, qohum – qardaşa bayramlaşmağa, təbrikə getdi. Oğuz oğlu ilin baş-lanğıcını o gündən hesabladı. O günə Novruz adını verdi. Bayram etməyə başladı. Novruz ona bərəkət və uğur gətirdi.

Başqa bir türk mifində isə Novruz ilk insan övladının dünyaya gəldiyi gün hesab edilir. Əski türk təqvimi hesablamaları isə həmin günü Adəmin dünyaya gəldiyi gün kimi təqdim edir.

Novruz bir tarixi hadisə ilə də əlaqələndirilir. Rəvayət olunur ki, İran və Turan övladı Keykavusun oğlu Səyavuş (“Avesta”da Siyavarşarap) Əfrasiyabın ölkəsinə gəlir. Əfrasiyab onu yaxşı qarşılayır. Hətta qızını ona ərə verərək onunla qohum və yaxşı dost olur. Səyavuş Əfrasiyab ölkəsində özündən yadigar Buxara hasarını tikdirir. Lakin düşmənləri onların arasını vurmağa nail olurlar. Bundan sonra Əfrasiyab Səyavuşu öldürtdürüb Buxara hasarının ütündə atdırır. Atəşpərəstlər isə onu Şərq qapısı ağzında dəfn edirlər. həmin dövrdən xalq arasında Səyavuşun adı ilə bağlı yaranan mərsiyələr onun dəfn edildiyi günün Novruz adlandırıldığını göstərir. Məlum olur ki, həmin tarixdən atəşpərəstlər bu günü təzə ilin ilk günü kimi qeyd etməyə başlayıblar.

Novruz qədim mənbələrdə

Ə.Firdovsinin “Şahnamə”sində, bayramı İran təqviminə görə ilk ay olan martın əvvəllərində keçirildiyi göstərilir. N.Gəncəvinin “İskəndərnamə”sində və Ə.Nəvainin “Səddi – İskəndər”ində bizim eradan 350 il əvvəl Novruzun türk xalqları içərisində böyük xalq bayramı kimi keçirildiyi göstərilir. Təsadüfi deyil ki, “İskəndərnamə” əsərində İskəndərin Bərdə hökmdarı Nüşabəyə qonaq gəldiyi gün elə Novruz bayramı günü idi.

Atəşpərəstlərdə Novruz

Atəşpərəst dünyagörüşünə görə Novruz insan yaradılışının dörd rəmzi olan su, od, yel və atəşə bağlı idi. Zərdüştlük Novruzun Od – Atəş etiqadı əsasında bayramlar silsiləsini yaratdı. Axır çərşənbələrdən hərəsi bir rəmzin adını daşıyır. Zərdüştlərin qanun kitabı olan “Avesta”da Novruz bayramı, onun etiqad və ayinləri, bayram süfrəsinin simvolları əks olundu.

Buna görə Novruz süfrəsində “s” hərfiylə başlayan 7 yemək çeşidi olmalıdır. Süfrə mütləq zəngin olmalı, bayram şirniyyatları mütləq hər evdə bişməli, hər kəs evində olmalıdır. Bayramqabağı mütləq təmizlik işləri aparmalı, hər kəs təmiz olmalı, yeni paltarlar geyinməlidir. İl axır çərşənbədə buğdadan boşqablara səpir, sulayır və bayrama qədər səməni hazırlayırlar. Bir qayda olaraq səməni də hər evdə olur. Novruzun əsas rəmzi olan səməni bolluq və bərəkət rəmzidir. Ondan bəzi yerlərdə, xüsusən Abşeronda halva bişirirlər. Paxlava, şəkərbura, şorqoğalı, bayram aşı bu süfrələrin vazkeçilməzidir. Novruzda yumurta boyanır, süfrəyə düzülür, yumurta sındırma yarışması keçirirlər. Bayramın simvolik qəhrəmanları Kosa və Keçəl olur. Qapı – qapı gəzərək öz bayram paylarını toplayır, əyləncə mənbəyinə çevrilirlər. Bayramda buğdadan qovurğa bişirirlər. Bunu qoz, fındıq ləpəsi və kişmiş ilə qarışdırıb mütləq süfrəyə qoyurlar. Mütləq papaq atma mərasimi olur. Məhəllənin yeniyetmə və uşaqları papaqlarını qapı önünə atıb, özləri qaçıb gizlənirlər. Adətə görə ev sahibi papağın içərisini Novruz ləzzətləriylə doldurmalıdır. Adətlər və etiqadlar olduqca çoxdur. Saymaqla bitməz. Bəzən bölgələrə görə ənənələr dəyişir. Dəyişməyən tək şey isə Novruz tonqalıdır. Bir qayda olaraq hər yerdə, ilaxır çərənbələrdən başlayaraq bayram günü daxil olmaqla hər məhəllədə qalanan böyük tonqallardır. Bunu bütün məhəllə gəncləri böyük həvəslə edir. Hava qaralan kimi tonqal qalanır, hər kəs onun ətrafına toplanır, deyir, gülür, əylənir, yallı gedir və alovlar bir az azalan kimi tonqalın üstündən atlnır və ürəklərində “ağırlığım – uğurluğum səndə qalsın” deyərək keçən ilin bütün problemlərinin, dərdlərinin keçmişdə qalmasını diləyirlər. Beləcə yeni il başlayır.

Qız qalası

Bakının emblemidir. Göz qalası da deyirlər. E.ə. XI – X əsrə aiddir. Qobustanın qayaüstü yazılarında Miladın I yüzilində romalılar onu basılmazlığına görə “Kesar qalası” yəni, “Hakim qalası” adlandırıblar. Atəşpərəstliyin intibahı dövründə Qız qalası Od tanrısı Ahura Mazdu ilə bağlı idi.

Qalanın inşa edildiyi tarix sayılan XII əsrdə burada yenidənqurma işləri aparılıb. Üzərindəki yazılara görə bu, Məsud ibn Davudun qalasıdır. Vaxtilə Abşeronda 30 – a qədər müdafiə qalası olub. Mərdəkan, Ramana və Qız qalası qurudan və sudan olan təhlükə barədə digərlərinə xəbər verirdilər. Bəzi ailmlər Qız Qalasını Çıraqqalaya bənzədir və onu Gilgilçay müdafiə istehkamına bağlayırlar. Deyilənlərə görə, vaxtilə suyun içərisində olan Qız qalası haqqında onlarla rəvayət var. 1960 – cı illərdə isə burada bərpa işləri görülüb. Hündürlüyü 29.7 metr, divar qalınlığı 5-4 metr, diametri 16.5 metr olan qala İçərişəhərin cənub – şərq səmtindədir.

İçərişəhər

Əsl qədim Bakı – İçərişəhərdir. Daş hasara alınmış bu şəhər ərazisi əvvəl necə olubsa, elə də qalıb – 21.5 hektar. 9 məhəllədən ibarət olub. Hər məhəllə bir məscidin adı ilə bağlıdır: Cümə məscidi məhəlləsi, Şah məscidi məhəlləsi və sair.

1647 – ci ildə Bakıda olan türk səyyahı

Evliya Çələbi “Səyahətnamə” əsərində Bakının qala divarlarında 70 yarımdairəvi bürc və 600 – dən çox mağzal olduğunu bildirir. Onun məlumatına görə divar qaya üzərində tikilib və hündürlüyü 40 təkkə dirsək ölçüsünə bərabərdir. İçərişəhərin müxtəlif istiqamətlərinə açılan 5 darvazası olması haqqında 3-ü dənizə, 2-si quruya açılan darvazası barədə mənbələrdə məlumat var. XVIII əsrdə Bakının hüdudları qala divarları ilə əhatə olunmuş İçərişəhərdən kənara çıxmırdı. İçərişəhərdə təqribən 300 ev və 3000-ə yaxın sakin vardı.

1859 – cu ildə Şamaxını yerlə bir edən o məşhur zəlzələdən sonra mərkəz Bakıya köçürülür. Onsuz da darısqal şəraitdə yaşayan şəhər əhalisinin vəziyyəti bundan sonra daha da çətinləşir. Qəribəsi də o olur ki, bu darısqallığa rəğmən heç kəs şəhər hasarlarından kənara çıxıb yaşamaq istəmirdi. Amma buna baxmayaraq neft sənayesi inkişaf etdikcə, əhali sürətlə artdıqca şəhər də böyüdü. Bu darısqallıq, şəhərin içərisinə olan rəğbət, əhalinin Bakıya sürətli və sonsuz axışı bu günə qədər aktuallığını itirməyib.

Şirvanşahlar sarayı (XV əsr)

Orta əsrlərdə Şamaxıdan sonra Şirvanın ikinci böyük şəhəri Bakı idi. Şirvanşah I Xəlilullahın dövründə (1417-1462) şəhərin ən uca nöqtəsində Şirvanşahlar saray-kompleksi tikildi. 1683 – cü ildə Bakıda olmuş alman səyyahı Ebgelbert Kempfer Şirvanşahlar sarayına heyran qalaraq bunları yazıb:
“ Şəhərin yuxarı hissəsində gözəl bir saray vardır ki, bu Şah sarayı adlanır. Saray qayanın üstündə, doğrudan da əzəmətli tikilib. Saray qapısına bir – birilə üzbəüz oturmuş iki şir şəkli həkk olunub. Onların başları üstündə başqa bir heyvan başı da həkk olunub. Elə bil dəvə başıdır”.
Kompleksdə Şah məscidi (1441 – 1442), Seyid Yəhya Bakuvi türbəsi (Dərviş türbəsi), Şirvanşahlar türbəsi (1435 – 1436) kimi qədim tikililər durur. Sonuncu Şirvanşahların ailəvi türbəsidir ki, Şirvanşah Xəlilullah bunu anası və oğlu üçün tikdirib.

Məhəmməd məscidi

1078 – 79 – cu illərdə atəşgah məbədi üzərində tikilib. Xalq arasında “Sınıq qala” adı ilə məşhurdur. Bunun da maraqlı tarixçəsi var. 1723 – cü ildə Xəzər sahili boyunca işğal yürüşlərinə çıxmış I Pyotrun artilleriyası Bakını top atəşinə tutur. Bu zaman şəhərin ən qədim məscidinin minarəsi zədələnir. Həmin vaxtdan ibadətgahın adı Sınıq qala qalır. Məhəmməd məscidinin daha əski bina atəşgah üzərində yenidən tikildiyini söyləyirlər.

“Bu şəhərin bir xüsusiyyəti var: burada gecə də, gündüz də külək əsir, buna görə bəzən güclü külək əsdikdə adamın küləyə qarşı getməsi mümkün olmur. Qış zamanı isə külək atları və qoyunları basıb dənizə tökür. Çünki onlar ayaq üstə dayana bilmirlər.”
Əbd Ər – Rəşid Əl – Bakuvi “Ölkələrin abidələri və Allahın qullarına aid xəbərlər” (XIV əsr)

Qeyd: “Bakını Badukubə adlandırırlar. Çünki bu yerdə daim küləklər əsir. Bəzən elə güclü əsir ki, şəhərin böyük tikililərini də xəsarətə uğradır. Buna görə burada evlərin özülünü yonulmuş daşlardan qoyur, həyətləri və damları qırla örtürlər”.
– 1826 – cı ildə Bakıda olmuş səyyah Zeynalabdin Şirvani

Qədim Bakı

Xəzər dənizinin qərb sahilində, şimal küləklərinin daim döyəclədiyi, cənub və qərb tərəfdən hündür çılpaq təpələrlə əhatə edilmiş çökəkdə yerləşir. Hansı əsrdə salındığı dəqiq məlum deyil. Şəhər ətrafında ən qədim məskən yerlərindən bəziləri hazırda Xəzər suları altında qalıb. Dənizin səthi yüksəldiyi zaman bir çox tikililər, hətta rəvayətə görə Səbail adlı bütöv bir şəhər də suyun altında qalıb. VIII əsrdə Bakı artıq bir ticarət-liman şəhəri kimi var idi. Bakışünas alim Sara Aşurbəylinin araşdırmalarına görə, Bakı feodal şəhəri kimi eranın VIII əsrində artıq mövcud idi. Beləliklə, şəhərin 12 əsrlik tarixi olduğu ehtimal edilir.

Bakı toponimi

Baki yəni təpə sözündən əmələ gəldiyini qeyd edirlər. Təpələr üstündə salındığından bu ad verilib. Başqa bir ehtimala görə isə, toponim türkcə Bəy – köy sözlərindən düzəlib: baş şəhər deməkdir. XVIII əsrdən etibarən mənbələrdə Badikubə sözünə rast gəlinir. İki fars sözündən törəyib: bad – külək, kubə – döyən, yəni külək döyən yer deməkdir.

Əl Məsudi (X əsr)
“Qızıl yuyulan yer və cavahirat mədənləri”

“Bakıda ağ neft və başqa neft vardır. Yalnız Bakıdadır. Bu zəngin neft olan torpaqda yerin altından vulkan şəklində heç vaxt sönməyən od püskürmələri çıxaraq yuxarı qalxır. Neft verən torpağın qarşısında adalar yerləşir. Adalarda gecə vaxtı uzaq məsafədə belə görünən od mənbələri var.”
Həmdullah Qəzvini
(1280 – 1349) “Ürəklərin əyləncəsi”

Azərbaycan ölkəsinin təsviri:
“Burada neft quyuları çoxdur və onlardan ən çox yanacaq verənləri Bakıdadır. Burada torpaqda dayaz quyular qazıb neftli laya çatırlar və bu quyulara vurulan su nefti basıb yuxarı qaldırır.”

Neft səltənəti

Neft səltənəti1733 – cü ildə Bakıda olmuş rus akademiki İ.Y.Lerx Bakıda 52 neft quyusunu gözləri ilə gördüyünü yazırdı. 1820 – ci ildə bütün neft quyuları dövlət xəzinəsinin ixtiyarına keçdi.

Neft sənayesi

1825 – ci ildə Abşeron yarımadasında beş yerdə – Balaxanı, Sabunçu, Binəqədi, Bibiheybət və Şubanıda əl quyularından neft çıxarılırdı. Az miqdarda Pirallahı (Artyom) adasında əl ilə işləyən dayaz neft quyuları qazmağa başladılar. 1848 – ci ildə rus mühəndisi Semyonov Azərbaycan torpağında dünyada ilk neft quyusu qazdı (ABŞ-dan 11 il əvvəl).

Neft kəməri

1873-cü ildən etibarən Bakının Qara Şəhər adı ilə məşhur olan «neft cənnəti» formalaşmağa başladı. Sonra yarımadanın «neft kəndlərini» – Suraxanı, Bibiheybət, Balaxanı və Sabunçunu əhatə edən Bakı sənaye rayonu yarandı. Burada dünyada ilk neft quyusu qazılmış, nefti nəql etmək üçün ilk tankerlər tikilmiş və Bakı-Batumi neft kəməri çəkilmişdir. Fontanlar Bakının şöhrətini Avropa ölkələrində daha da yüksəltdi. Bu, xarici kapitalistlər üçün əsl sensasiya idi. Beləliklə, XIX əsrin 70 – ci illərinin ortalarından etibarən xarici kapital Bakıya axışmağa başladı. Şəhər o qədər yüksək sürətlə inkişaf edirdi ki, nə Rusiyada, nə də ümumiyyətlə Avropada heç bir şəhərdə bu cür sürətli inkişaf görünməmişdi. Dünyanın hər yerindən işgüzarlar iş və səadət axtara-axtara bura üz tuturdu. Şəhərin ətrafında abadlıq işləri aparılır, qeyri-adi möhtəşəmliyi ilə seçilən malikanələrin sayı artırdı. Beləliklə, XIX əsrin axırlarında Bakı Rusiyanın ən iri mərkəzlərindən birinə, Qafqazda ən böyük və əhəmiyyətli şəhərə çevrildi.

Neft daşları

1948 – ci ildə “Neft daşları” əfsanəsi başladı. Neftçi və inşaatçılardan ibarət ilk desantlar Neft daşlarına təşrif buyurdu. 1949 – cu ildə indiki Neft daşlarının olduğu yerdə ilk dəfə buruqların birindən neft fışqırdı. Həmin gün Xəzər dənizindən neft çıxarmanın başlama tarixi hesab olunur.
1949-cu ildə Neft Daşları yatağında işlər başlandı. Bu, dünya praktikasında açıq dənizdəki neft yataqlarının mənimsənilməsi istiqamətində ilk addım idi.

Neft maqnatları – milyonçular

Bakıda milyonçu çox idi. Bəzilərinin adı və sədası bütün dünyaya yayılmışdı. Onlara neftxuda da deyirdilər. Söhbət neft sayəsində birdən – birə varlanmış insanlardan gedir.

Hacı Zeynalabdin Tağıyev

Xeyriyyəçiliyi, maarifpərvərliyi dillərə düşmüşdü. Xüsusilə müsəlman qızların təhsil alması üçün məktəb açdıraraq, qızlarını oxutmaq üçün qapı – qapı düşərək ailələrinə dil açırdı. Tikdirdiyi imarətlər bu günə qədər Bakının ən gözəl binaları arasında göstərilir. Onlardan biri 1895 – 1897 – ci illərdə inşa etdirilən saraydır. Xarici arxitekturasından, daxili bər – bəzəyinə qədər şəhərin ən yaraşıqlı

Statistika

1871 – ci ildə Balaxanıda texniki üsulla qazılan quyu 1900- cü ildə gündə 700 ton neft verirdi. Bakıda 661 milyon pud neft çıxarılırdı. Bu da Rusiyada çıxarılan neftin 95%, bütün dünyada hasil olunan neftin yarısından çox idi. 1883-cü ildə Bakı əhalisinin sayı 45000-i keçmiş, 1913-cü ildə 200.000-ə çatmışdı. XX yüzilliyin əvvəllərində dünyada çıxarılan bütün neftin yarısı Bakıda hasil edilirdi.İkinci dünya müharibəsi dövründə cəbhəni neftlə təmin edən Bakının neft ehtiyatları sovetlər ölkəsinin bütün neft ehtiyatlarının 75%-ə bərabər idi, təyyarə yanacağının 90%-i isə Bakı neftindən alınırdı. binlaraından olan bu sarayın müəllifi Qoslavskidir ki, o da Avropa order memarlıq üslubundan istifadə edərək fərdi kompozisiya yaradıb. Bu gün həmin binada Azərbaycan tarix muzeyi yerləşir.

Ağa Musa Nağıyev

Həddindən artıq xəsis olan bu adamın simicliyi əfsanə kimi dillərdə dolaşıb. Xeyriyyə cəmiyyəti üçün gənc yaşda ölən oğlu İsmayılın şərəfinə şəhərin mərkəzində tikdirdiyi əzəmətli İsmailiyyə (1908) binasında bu gün AMEA-nın Rəyasət Heyəti yerləşir. Indiki Semaşko xəstəxanasını da inşa etdirib. Cavanlıqda adi hambal olan, dalında palan 3-5 qəpiyə yük daşıyan bu adam neft hesabına milyonçu olduqdan sonra qısa zamanda çox sayda mülk tikdirdi. O qədər əlibərk olub ki, qoçular onu iki dəfə oğurlayıb yüksək miqdarda pul tələb etsələr də, heç birinə razı olmayıb. Hətta bir dəfə, 10.000 tələb edən qoçulara cəmi 1 000 AZN verə biləcəyini söyləyib.

Nobel qardaşları

Bakıda ilk xarici şirkəti Nobel qardaşları yaratmışdı. Emanuel Nobel 1843 – cü ildə İsveçdən Rusiyaya gəlib, silah, sualtı mərmilər və hərbi qayıqlar üçün buxar maşınlarının istehsalına başlayır. Krım müharibəsi qurtarandan sonra dövlət sifarişi kəsilir. Nobel iflasa uğramaq təhlükəsi qarşısında qalır. O zaman Lyudviq və Robert Nobel qardaşları Peterburqda yeni şirkət yaradaraq tüfəng istehsalına başlayırlar. Almaniyadan tüfəng qundağı üçün xüsusi olaraq gətirilən qoz ağacı Nobel qardaşlarına o qədər də sərfəli deyildi. Peterburq ətrafında isə qoz ağacı bitmirdi. Ölkənin hər yerində araşdırma aparan mütəxəssislər xəbər verirlər ki, belə bir ağac Lənkəran meşələrində bitir. Qoz ağacı üçün Azərbaycana gələn Robert Nobel yolüstü Bakıda qalır. Qaraşəhər və Ağşəhəri, neft mədənlərini gəzir. Maliyyə, sənaye, iqtisadi vəıziyyəti öyrənir. Əsl sərvət mənbəyinin Bakıda olduğunu kəşf edir. Peterburqa məktub göndərib qardaşı Lyudviqə xəbər verir ki, perspektiv cəhətdən tükənməz dövlət burada – Bakıdadır. Buruqlardan gecə – gündüz qızıl axır. Şirkət yaratmağı ondan israrla təkid edir. Beləliklə, onlar xərracla Bakıda neft mədəni və daha sonra neft təmizləyən zavod da satın alaraq burada ciddi fəaliyyətə başlayırlar.

Villa Petrolea (Neft bağı)

1882 – 83 – cü illərdə firmanın qulluqçuları üçün xüsusi olaraq tikilib. Zavodlardan çıxan tüstülərin, gecə – gündüz ətrafa buxar sovuran qurğuların arasından görünən Gülüstan bağına oxşayırdı. Onu salmaq üçün Varşavadan xüsusi olaraq məşhur mütəxəssis E.Beklin dəvət olunmuşdu. Neft və tullantılarla dolu bu torpağın korlandığı məlum olunca bağı salmaq üçün tezliklə Lənkəranın qara torpağı ilə yüklənmiş gəmilər Qaraşəhərə lövbər saldılar. Suvarma üçün xüsusi olaraq Həştərxandan su gətirildi. Rusiya, Gürcüstan, avropadan 80000 ağac və bəzək kolları gətirilirdi. Fəvvarələr, çarhovuzlarla əhatənmiş villada Nobel və onun qulluqçuları firavan yaşayırdılar. Peterburqdan çox sayda heykəl, rəsm əsərləri, büst, çoxlu kitab gətirtmişdilər. Yerli və İran xalçaları ilə bəzədilmiş otaqlarda əsl aristokrat həyat hökm sürürdü. Nobel qardaşları vaxt itirmədən Pirallahı adasını icarəyə götürüb buruq salır və 1904 – cü ildə zəngin neft yatağı kəşf edib buranı istismara başladılar. Beləliklə, kiçik bir balıqçı kəndi qısa müddətdə sənaye qəsəbəsinə çevrildi. Pirallahı adasında hələ qədim zamanlardan əl ilə qazılan quyulardan neft götürülürdü. Burada Atəşgah və Pir varmış. Ona görə də Pirallahı deyirdilər. Buraya hər tərəfdən – şəhər və kəndlərdən ziyarətə gəlirdilər. Camaat kinayə ilə Pirallahıya Nobel Saxalini adını vermişdi.

Murtuza Muxtarov

Neft hesabına varlananlardan biri cavanlıqda arabaçı olub. Mədənlərdən çəlləkdə şəhərə qara neft daşıyıb satıb. Maraqlı orasıdır ki, Bakıda olduğu kimi, Amerikada da (Rokfeller və sair) ilk neft milyonçularının çoxu əvvəlcə buruqlarda fəhləlik, sonra usta köməkçisi, usta, nəhayət milyonçu olublar. Işlərindən dolayı tez – tez Şimali Qafqaza gedən neftxuda, Vladiqafqaz və daha sonra da doğulub böyüdüyü Əmircan kəndində qoşa minarəli möhtəşəm məscid tikdirir. Əmircandakı həmin məscid indiyədək durur və ibadətə açıqdır.

Həmin illərdə Muxtarov Vladiqafqazlı general Tuqanovun ortancıl qızı Liza xanımla evlənir. Bu məhəbbət evliliyi olsa da, digər səbəb milyonçunun əvvəlki nigahından doğulan uşaqların qan qohumluğu ucbatından ölməsi idi. Toydan sonra Liza xanımla Avropa səyahətinə gedirlər. Venetsiyadakı binalardan biri yeni evliləri elə valeh edir ki, ona oxşar bir sarayı 1 il içərisində, 1911 – 1912 – ci illərdə Bakıda tikdirərək gənc və gözəl arvadına hədiyyə edir. İnşasında pul əsirgənməyən sarayı arxitektor Ploşko fransız qotik üslubunda layihələşdirir. Bolşeviklər Bakını istila edincəyədək Muxtarovlar burada yaşayırlar. Deyilənlərə görə, bolşeviklər şəhəri talan edərkən Muxtarov evdə imiş. Sıra onlara da çatır. Qapı döyüləndə qırmızıların qarşısına neftxuda özü çıxır. Orda onlarla əlbəyaxa olur. Silahla evi boşaltmağı tələb edən iki kommunisti öldürür və özü də ölür. Indi həmin bina Səadət Sarayı kimi fəaliyyət göstərir.
Bakının şəhər kimi formalaşmasında, XIX əsrin sonu, XX əsrin əvvəllərində, çox qısa bir zaman dilimində neft milyonçularının inşa etdirdikləri malikanələr, bir sıra obyektlər çox mühüm rol oynayır. Sosialist inqilabından sonra onlara məxsus olan hər şey müsadirə edilərək dövlətin ixtiyarına keçirilir. Rejimlə barışa bilməyən bu ailələrin bəziləri represiayaya məruz qalır, bəziləri isə Azərbaycanı Gürcüstan və İran üzərindən tərk edərək Avropaya, Amerikaya üz tuturlar. Indiyədək həmin nəslin nümayəndələri Azərbaycana geri dönməyiblər.

Abşeron üzrə səyahətlərin sayı – hesabı yoxdur. Bunların hamısını gəzib tanımaq xeyli vaxt tələb edir. İçərişəhərdəki muzeylərdən və şəhərdəki turizm şirkətlərindən yarımada üzrə reallaşdırılan daxili turlar haqqında məlumat toplamaq və onlara qatılmaq olar.

[justified_image_grid load_more=scroll facebook_id=2222665901206802 facebook_album=2337381686401889 limit=0]

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on pinterest
Pinterest
Share on whatsapp
WhatsApp

XƏBƏRLƏR

SƏRBƏST SƏYAHƏT