Aybilet.az logo

Ağsu

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on pinterest
Pinterest
Share on whatsapp
WhatsApp

Şamaxıdan 37 km aralıda, tarixi Şirvan ərazisində bir yer var. Yeni salınanda ona Yeni Şamaxı deyirdilər. Sonradan adı dəyişərək Ağsu oldu. İlk baxışda burada maraqlı bir şey görünməsə də, ərazi çox qədim tarixə sahibdir. Əslində rayonu turizm cəhətdən cazibəli edən bir çox yer var. Təəssüf ki, bundan çoxları xəbərsizdir. Buranı kəşf etməyə dəyər.

Arayış

Bakı – Ağsu arası məsafə 160 km-dir. Göyçaydan Pirsaatçaya qədər Şirvan dağ silsiləsini təşkil edir. Dağlıq hissəsi dəniz səviyyəsindən 700 – 2000 metr yüksəklikdədir. Ağsunun Böyük Qafqazın cənub yamacında, Şirvan düzünün qurtaracağında, Hinqar silsiləsinin ətəklərində yerləşən rayonun landşaftı yarımsəhra quru çöl, kolluq, dağ və meşədir. Qışı quraq keçən mülayim – isti, yarımsəhra, quru bozqır iqlimi var. Rayon kimi 1943-cü ildə təşkil edilib. 1967-ci ildən şəhər adlanır.

Ağsu dolayları

Ağsuya gedən yol məşhur “pereval”dan keçir. Şamaxı və Ağsu rayonları sərhəddindən, Ləngəbiz silsiləsindən, meşə və kolluqlardan keçən və uzunluğu 14 km olan bu aşırımın ən hündür nöqtəsi dəniz səviyyəsindən 900 metr yüksəklikdədir. Açıq, aydın havada buradan ətrafa tamaşa edəndə Şirvan vadisinə açılan mənzərənin gözəlliyi, panoram izləyənləri özünə heyran buraxır. Aşırım boyunca dağlarda fəaliyyət göstərən restoranlar bu ərazidən keçən bütün yolçuların ən sevimli istirahət yeridir. Xüsusilə yay aylarında buralarda var –gəl edən müştərilərin çoxu rayonun içindən keçən və bundan daha ekstremal ikinci “perevalı” olduğundan xəbərsizdirlər. İkinci Ağsu aşırımı Muğanlı kəndindən başlayır. Dağ belində dolanaraq yüksələn yol İsmayıllıya, daha dəqiq desək Basqal kəndinin girişinə gəlib çıxır və İsmayıllı – Balakən trassına birləşir. Bu aşırımın ən yüksək nöqtəsi təxminən 1500 – 1600 metr hündürlükdədir. Yol anlayışının sıfıra bərabər olduğu dağ cığırları ilə yalnız güclü motorlu, böyük nəqliyyat vasitələri ilə hərəkət etmək mümkündür. Yüksəklikdə salınan kəndlər yaşamaq üçün cənnətin bir parçası sayıla bilər. Mərkəzə yaxın olmalarına rəğmən sivilizasiyadan uzaq həyat yaşayırlar. Kərcivan kəndindən sonra mükəmməl mənzərənin fonunda səssiz – sədasız davam edən uzun, çətin yolun sonunda yavaş – yavaş insanların artığı müşahidə edilir. Buralar piknik üçün insanların axın etdiyi ideal məskənlərdir.

Ağsu çayı

Ağsu çayının hər iki sahilində yerləşən rayon eyniadlı çayın adını daşıyır. Çay öz mənbəyini qarlı dağlardan götürdüyü üçün suyu şəffaf, təmizdir. Çayın dağlardan gətirdiyi nəhəng süxurlar onun yatağına çökərək ağ çöküntü yaratığı üçün bu adı aldığı ehtimal edilir. Rayon ərazisindən 2 böyük Girdman və Ağsuçay, eləcə də onların qolları Ağdarçay və Nazirçay keçir. Cavanşir gölü və Yuxarı Şirvan kanalı da burada yerləşir.

Yeni Şamaxı – Xaraba şəhər

İndiki Ağsu yeni yarananda adı Yeni Şamaxı olub ki, o da indiki yerindən 4 km aralıda salınıb. 1734 – cü ildə Nadir şah Şamaxını yerlə yeksan edəndən sonra salamat qalmış şəhər sakinlərinin buraya köçürülməsini əmr edib. Tarixi mənbələrdə bu hadisə belə qələmə verilir:

“Nadir Şah tərəfindən 1735 – ci ilin may ayında Şamaxı şəhərinin 4 ağaclığında (37 km), mövqe etibarilə çox əlverişli olan Ağsu adlı yerdə yeni şəhərin əsası qoyuldu. Az bir zamanda şəhərin ətrafında hasarlar tikildi. Şəhərin qədim əhalisi də buraya köçürüldü və Ağsu Şirvan hakimlərinin mərkəzi oldu.”

Həmin qədim şəhərin qalıqları Ağsunun 4 – 5 km cənubunda yerləşir. XVI əsrdə qızğın həyat yaşayan bu şəhər indi “Xaraba şəhər” adlanır. Ürgüc kəndi ərazisində “Xaraba şəhər” arxeoloji abidəsi 34 hektar sahəni əhatə edir.

Tarixi

Şirvanda İran əsarətinə qarşı üsyan mərkəzlərindən biri olan Ağsu 1734 – ci ildə Nadir şahın qoşunları tərəfindən tamamilə dağıdılsa da, onun ölümündən sonra, 1747 – ci ildə əhalinin əksəriyyəti yenidən Şamaxıya qayıtdı. 1796 – cı ildə Ağa Məhəmməd Şah Qacarın Azərbaycana yürüşü zamanı İran qoşunları Ağsunu yenidən dağıtdı. O vaxt Azərbaycanda olmuş Avropalı səyyahlar qeydlərində yazırdılar:

“Yeni Şamaxıda evlər əsas etibarı ilə kiçik və yaraşıqsız idi. Yaşayış evlərinin əksəriyyəti palçıqdan tikilmiş daxmaları xatırladır. Bura kiçik şəhərdir. Təxminən 4 – 5 min əhalisi var.”

1265 – ci ildə Noqay – Bərkə xanın qoşunu Şirvana yeridi və Ağsuya kimi gəldi. Tarixi mənbələrdə Ağsu dövrünə görə inkişaf etmiş, gur, strateji əhəmiyyət daşıyan şəhərlərindən olub. Lakin giriş qapısı olduğundan ölkəyə edilən basqınlarda Ağsu dəfələrlə yerlə bir edilib. Teymurləngin, Osmanlıların, Səfəvilərin, Nadir şahın zamanında, eləcə də daxili feodal çəkişmələrində çox ziyana uğrayıb.

A.Bakıxanovun “Gülüstani – İrəm” əsərində göstərilir ki, 1762 – ci ildə Zaqafqaziya vilayətindəki güclü taundan ən çox zərər çəkən Ağsu, 1798 – ci ildəki Şirvan taununda da ağır fəlakətə düçar qaldı.

Toponim

Ağsu toponimi çox yayılıb. Azərbaycan ərazisində şəhər, kənd və digər yer adlarında olan su sözü SU türk tayfalarının adı ilə bağlıdır. Su tayfalarının Ağsuda qalma ehtimalı dəqiq deyil. Başqa versiyaya görə, Ağ – saf, təmz, içməli su kimi izah edilir. Toponimi türk sak tayfaları ilə də əlaqələndirənlər əslində vaxtilə buranın adının Ağsak olduğu ehtimalı ilə çıxış edirlər.

Tarixi və memarlıq abidələri

Antik dövrdən qalma qədim qəbiristanlıq, məbəd və yaşayış yeri, ilk orta əsrlərə aid, mərkəzdən 3 km şərqdə Cavanşir yaşayış yeri, Pir Bəxtiyar türbəsi, Padar kəndində Bilal Əfəndi məscidi (1864), Qaraqoyunlu kəndində Ağ günbəz (1897) və Qırmızı günbəz(1909), Ərəbuşağı kəndində “Xan yurdu” arxeoloji abidə – kurqanı və digər onlarla tarixi – dini abidə rayonun müxtəlif kəndlərinin ərazisinə səpələnib.

Şeyx Dursun ( XII əsr)

Rayon girişindəki qəbiristanlıqda, mərkəzdən 3 km aralıda yerləşir. 1382 – ci ildə ucaldılıb. 8 bucaqlı prizma formasındadır. Üstü konusvari tağla bağlanıb. Bir qapısı var. Onun üstündəki daş kitabədə inşa tarixi həkk edilib. Bu türbə ilə bağlı çox maraqlı bir rəvayət danışırlar.

Rəvayət

Uzun müddət övladı olmayan Bəhram şahın nəhayət ki, bir qızı doğulur. Adını Dursun qoyurlar. Böyüyüb gözəl qız olan Dursun

Cavanşir şahın oğlu Daşdəmirləsevişir. Cavanşir şahın qoca vəziri Qiyas bəyin oğlu Rəhim ağa da Dursuna aşiq olsa da, şahın oğlunun yanında onun şansı çox az idi.

Buna görə ata – oğlu hiyləyə əl ataraq iki hökmdarı bir – birinə düşmən edirlər. Hətta atanı oğula qarşı qoyurlar. Şah xəyanətkar oğlunun edam edilməsini əmr edir. Ancaq cəllad Daşdəmirin qaçmasına kömək edir. Savaş bitdikdən sonra peşman olan Cavanşir şah ailəsiylə buralardan köçməyə qərar verir. Dursun Daşdəmirin ölüm xəbərindən sonra dəmir dəbilqəli əsgər paltarları geyinib sevgilisinin ordusunda döyüşməyə başlayır. Döyüşlərdən birində şahı qoruyarkən ağır yaralanır, atdan yıxılır. Dəmir dəbilqə başından düşür. Bu igidin qız olduğunu görüb təəccüblənən Daşdəmir onun kim olduğunu soruşur. Qız ona hər şeyi açıqlayır. Verdiyi qərardan kor peşman olan hökmdar oğlunun qəbrinin yerini soruşur. Bu zaman cəllad onun ölmədiyini xəbər verir və yerini deyir. Oğlunun yaşadığına sevinən şah Dursunu uca dağlar ətəyində, bağlar qoynunda dəfn etməyi tapşırır. Bunu edən Daşdəmir onun qəbrinin üstündə günbəz də tikdirir. Həmin vaxtdan bura əbədi sevgiyə inananların məbədinə çevrilir.

Xəzinə dağı

Padar kəndi ərazisində arxeoloji abidədir. Ətrafı çay və düzənlikdir. Girişi tac formasındadır. Sal qaya daşlardan hörülüb. Dağın içərisinə aparan tunel var. Girişi qapandığından daxil olmaq mümkün deyil. İndiyədək ərazidə hər hansı arxeoloji araşdırma aparılmayıb. Guya içərisində nə vaxtsa xəzinə varmış. Qızıldan bir xoruz varmış. Kənar adamlar yaxınlaşanda banlayırmış.

Dilman kəndi

Ağsunun İsmayıllı ilə qonşuluqda yerləşən və Böyük Qafqazın cənub yamaclarına səpələnən 16 yüksək dağ kəndlərindən biridir. Buralardan etibarən yaşıllıq çoxalır və yüksəklik artır. Bu kəndləri əhatə edən meşələr piknik cənnəti hesab edilir. Meşənin dərinliklərində bir neçə şəlalə mövcuddur. Onlardan ən yaxını olan Dilman şəlaləsinə 1.5 – 2 saatda getmək olur. Maşın yolu yoxdur. Atla 30 – 45 dəqiqəyə gedilir. Təmiz havada piyada yürüş etməyə dəyər. Bu şəlalə uzaqdan divardan bir xətt üzrə süzülərək axan südü xatırladır. Töküldüyü yerdə təbii hovuz əmələ gətirib. Hovuza girmək üçün yosunlarla örtülü sürüşkən daşları dəf etmək lazımdır. Yol üstündə bəzi bulaqlar var. Ən məşhur bir dənəsi Gürcü bulağı adlansa da, niyə belə çağırıldığının səbəbini bilən yoxdur.

[justified_image_grid facebook_id=2222665901206802 facebook_album=2338054046334653]

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on pinterest
Pinterest
Share on whatsapp
WhatsApp

XƏBƏRLƏR

SƏRBƏST SƏYAHƏT

istanbul

İstanbula 3 günlük səyahət

Əgər bu günə qədər sərbəst səyahət etməmisinizsə artıq bunu etməyin tam zamanıdır. Çamadanlarınızı hazırlayın İstanbula yollanırıq. Dil, din və mədəniyyət baxımından bizə

Ətraflı »