Artıq pul almaq üçün tur şirkətlərinin 5 hiyləsi

Tətil

Moskvada bir tur şirkətin sahibi, bəzən müştərilərdən daha çox pul qoparmaq üçün turoperatorların göstərdiyi hiyləgərliklər haqqında məlumat verib.

Biletə görə əlavə pul

Turagentlərdən alınmış aviabiletlərin qiymətləri bir neçə səbəbdən bahalaşa bilər. Birincisi, turoperatorlar qiymətə aviabiletin minimal dəyərini daxil edirlər. Daha sonra yeri bronlaşdıran zaman isə əlavə olaraq real qiyməti tələb edə bilərlər.

İkincisi, biletin qiymətində çox vaxt yanacaq yığımı göstərilmir. Biletin pulunu ödəyən zaman səyahətçi əlavə pulun ödənilməsi ilə qarşılaşa bilər.

Reys-sürprizlər

Əgər çarter reysinə yer bronlaşdırırsınızsa, bu o demək deyil ki, siz əvvəlcədən sifariş etdiyiniz məhz həmin reys və həmin vaxtda uçacaqsınız. Uçuş proqramı sezona yaxın formalaşır və bəzi çarter reyslərinin ləğv olunması, köçürülməsi, sürüşdürülməsi və s. riski həmişə var.

Ona görə də yarım il qabaqdan yer bronlaşdıran zaman uçuş tarixini və saatını dəqiq bilmək üçün müntəzəm reyslərə bilet almağınız məsləhətdir. Onlarda köçürmələr daha az olur.

Konkret olmayan reys

Turoperatorların daha bir xidməti var – reyslərin konkretləşdirilməsi. Qiyməti 30-40 şərti pul vahidinə (dollar və ya avro) bərabər olur. Əgər xidmətdən istifadə olunmursa onda turoperator turisti özünə rahat olan istənilən reysdə əyləşdirə bilər. Bunun hesabına onlar qiyməti aşağı salır və narahat reysləri doldururlar.

Bronlaşdırmadan sonra əlavə pul

Turoperatorlar turu bronlaşdırandan sonra tez-tez əlavə pul tələb edirlər. Onlar bunu turun təsdiqlənməsi ilə əlaqəli hesab edirlər. Yalnız oteldən asılı olaraq 100-300 şərti pul vahidi qədər müəyyən məbləği ödədikdən sonra tur təsdiqlənə bilər.

Fərqli korpus

Saytda dəniz qırağında, yeni təmirli, təmiz və səliqəli otaqları olan əsas korpusu görürsünüz, qiymət və keyfiyyəti müqayisə edirsiniz, ödəyirsiniz, otelə gəldikdə isə sizi başqa korpusa yerləşdirirlər (birindən digərinə çatmaq üçün 15 dəq. getməli olanlar da var). Həmin korpus isə artıq sizin ödədiyiniz pula layiq deyil.

Əslində siyahını daha da uzatmaq olar – maya qiymətinə qaynar turlar, oteldən dənizə piyada yox maşınla 10 dəqiqəlik yol və ya dənizə məzarlıqdan keçən yol, otel bələdçilərinin bahalı ekskursiyaları, Asiya ölkələrində həşəratların dişləməsini ödəməyən sığorta və s…

Ona görə də gələcək turistlər təkcə artıq özgə ölkədə yox, turun rəsmiləşdirilməsi üçün şirkətin seçilməsi mərhələsində də xüsusi diqqət göstərməlidir, heç olmasa onun haqqında rəyləri oxumalıdır.