Astara

Astara

Bura cənubun mirvarisi deyirlər. Rayona gələndə ilk təəssürat sitruslar olur. Köhnə SSRİ-nin ən böyük sitrus sovxozunun yerləşdiyi Astaraya getmək üçün ən yaxşı vaxt payızdır. Meyvə sezonunda bura tam bir ekzotik cənnətə çevrilir. Dörd bir tərəfdə yetişən üstü meyvələrlə dolu limon, mandarin, qreyfrut, portağal, kivi, kinkan və feyxua ağacları göz oxşayır. Ölkə ərazisində ən çox yağıntı burada düşdüyünə görə Astaraya aramsız yağışlar diyarı deyirlər. Eyni adlı yaşayış məntəqəsi İranda da var.

Arayış

Bakı – Astara arası məsafə 313 km-dir. Ölkənin cənubundakı bu son yaşayış məntəqəsi Iranla sərhəddə yerləşir. Araz çayı sərhəd rolunu oynayır. Bakı – Tehran yolunun üstündə vacib məntəqədir. Ərazidən Qərbi Avropa və Asiya ölkələrini birləşdirən tranzit yolunun keçməsi vaxtilə buranın İpək yoluna daxil dayanacaqlardan olduğunu sübut edir. 1930 – cu ildə təşkil edilən Astara coğrafi quruluşuna görə düzənlik və dağlıq olmaq üzrə iki hissəyə ayrılır. İlk baxışda düzənlik təsiri bağışlayan ərazinin dağlıq hissəsi qərb istiqamətindədir. Xəzər sahili ilə Talış dağlarının əhatəsində yerləşir. Mülayim isti iqlimi var. Düzənlik və dağətəyi hissə subtropik zonaya daxildir. Hündürlük artdıqca iqlim soyuqlaşır.

Talış dağları

Azərbaycanın cənubundakı dağ silsiləsi belə adlanır. Cənub – şərqdə, Kiçik Qafqaz dağlarından Elbrus (İran) dağlarına keçid hissədə yerləşir. Ən yüksək zirvəsi 2477 metrdir. Üç əsas dağ silsiləsindən ibarətdir.

Hirkan dənizi

Antik müəlliflərin, Xəzərin cənub – şərq sahilində yaşayan hirkanların adına uyğun olaraq, dənizə verdikləri addır. Sahilinin kaspilər və albanların yerləşdikləri hissələrinə müvafiq olaraq, yunanlı Böyük Plini həmin Xəzəri Kaspi dənizi və Alban dənizi adlandırıb.
Strabon özünün “Tarixi hadisələr” barədəki qeydlərində Astaranı tərif edərkən, “dənizin ləpələrinin dağların ətəklərini yuması və öpməsi” kimi bənzətmədən istifadə edib.

Astarada dəniz, sahil və qum təmiz olsa da, çimərlik istirahəti üçün təsislər qurulmayıb. Sahil narın qara qumluqdur. 825 kmlik dəniz zolağının son ucu olan Astara balıq cənnətidir. Sahildə son dərəcə sadə balıqçı daxmaları var. Balıqçıların dənizdən çıxan kimi bişirdikləri təzə balıqların ləzzəti uzun müddət damaqda qalır. Soğan, göyərti, nar dənələri ilə yağda qızardılmış balıqdan dadmaq məsləhətdir.

Hirkan Milli Parkı (HMP)

Astara – Lənkəran yolunun üstündə yerləşən park üç rayonun ərazisində salınıb: Lerik, Lənkəran, Astara. Ən çox Astara torpaqlarının daxil edildiyi HMP 2004 – cü ildə, 21435 ha sahədə təşkil olunub. Məqsəd həmin ərazidə təbiətin kompleks şəkildə qorunması, AR “Qırmızı kitabı”na daxil edilmiş tipik flora və faunanın saxlanılması, turizm və istirahət üçün şəraitin təşkil edilməsidir. Çox hissəsi meşələrlə örtülü olan ərazidə tarixi qala və abidələr, bəzi yaşayış obyektləri, eləcə də Xanbulan su barajı mövcuddur. HMP üzrə 5 turist marşrutu müəyyənləşdirilib. Səyahətlərin hamısı piyada yürüşlərdən ibarətdir. Ən qısası 4 saat və ən uzunu 9 saat davam edir.

Turizm

Astaranın turizm potensialı yüksək olsa da turizm infrastrukturu yox deyəcək qədər azdır. “Ağkörpü” kükürdlü mineral sular zonası, “Sım dağ” – meşə, təbii bulaqlar zonası, “Miki dağ” – meşə, təbii bulaqlar zonası, “İstisu” kükürdlü mineral sular zonasının da daxil olduğu rayon üzrə müxtəlif istiqamətlərdə 7 daxili turizm marşrutu müəyyən edilib.

HMP, Xanbulan su anbarı

İstisu

Rayonda müalicə əhəmiyyətli mineral bulaqlardan Ağ körpü, İstisu, Sım, Bi, Toradi, Şeyx Nəsrullah və sair bulaqları göstərmək olar. Dağ – meşə – kurort zonası olan İstisu ərazisində yerin altından qaynayaraq çıxan onlarla isti mineral su bulaqları var. Minerallar torpağa müxtəlif rəng verir. Ətrafa kəskin kükürd qoxusu yayılır. Sanatoriya təsisləri yoxdur. İnsanlar sadəcə ayaq vannaları qəbul edə bilirlər. İstisu meşəsi piknikçilər üçün ideal ünvanlardan sayılır. Buradakı restoranlar daha çox “özün bişir – özün ye” tərzində fəaliyyət göstərir. Spesifik məişəti ilə seçilən cənubun evlərində diqqət çəkən çox maraqlı obyektlər var. Onlardan birini bizim vətəndaşlar “Ulduz” filmindəki məşhur fraqmentdən, Məhəmməd ilə Züleyxanın tanışlıq səhnəsindən yaxşı tanıyırlar. Söhbət ləmdən gedir.

Ləm

Cənub zonasına xas spesifik – orijinal tikililər belə adlanır. Bunlara yay evi də deyirlər. Ən çox Astarada yayılıb və bu günədək populyarlığını itirməyib. Təbii kondisionerlər, yay aylarının əvəzsiz və zərərsiz oturma və yataq yeridir. Astarada demək olar hər kənddə, hər evdə ləm var. Buna bənzər yay evləri keçən əsrin ortalarınadək Abşeron yarımadasında geniş yayılmışdı ki, onlar da “külafirəngi” adlanır. İsti – subtropik iqlimin hökm sürdüyü Astarada may – noyabr aylarında, isti düşəndən soyuqlar düşüncəyədək ev əhli burada gecələyir, yeyir, içir, qışlıq evə demək olar girmir. Istidən qorunmaq və istirahət etmək üçün inşa edilən ləm dörd tərəfdən açıq olur. Cənub zonasında ən çox XVIII – XIX əsrlərdə geniş yayılıb. Ləmin aşağı, sütun hissələri qırmızı kərpicdən, yuxarısı isə meşə ağacından düzəldilir və müxtəlif əl işləri ilə bəzədilir. Bu da ləmə özünəməxsus gözəllik verir. Yerlilər qonaqlarını da yayda burada qəbul edirlər.

Qeyd

1638-ci ildə Novruz bayramı vaxtı Astarada olan məşhur alman səyyahı Adam Oleari (1599- 1671) yazır ki, Xəzər dənizi sahilində yerləşən Astara vilayətində adam yoğunluğunda üzüm tənəkləri bitir. Bu faktı daha əvvəl xəbər verən Strabona görə o vaxtlar Hikaniya adlanan bu yerlərdə bir kiçik tənək bir səbət üzüm verərmiş. Başdan – ayağa narinciyə bağları ilə əhatə olunmuş bu yerdə deyirlər ki, torpağa hansı toxumu səpsən həmən cücərir. Həqiqətən torpaq o qədər bərəkətlidir ki, nə desən, çəkinmədən əkmək olar, mütləq yetişəcəkdir

Çay

Astaranın əvəzsiz neməti, zənginliyi sayılır. Lənkəran – Astara subtropik zonası iqtisadiyyatında əsas yer tutur. Burda sovet vaxtından salınan çay bağları əvvəlki kimi məhsuldar və bol olmasa da yenə yetişdirilir. Çay toplama sezonu may ayıdır. Başlarında şlyapaları olan qızlar sübh tezdən saat 6-dan axşama qədər çay toplayırlar. Toplama prosesində əlləri elə sürətlə işləyir ki, çevikliyə təəccüblənirsən. Burada hamı çay mütəxəssisidir, yaxşı çaydan anlayırlar. Çay süfrəsi üçün lazım olan hər şey bu torpaqda yetişir: limon və çay. Bunlar Astara süfrələrində ayrılmaz ikilidir. May ayında çay çiçəyini, avqust ayında isə tumurcuqları toplayırlar. Qönçə çayı daha ətirli və bahalı olur. Öz kimyəvi tərkibinə görə Azərbaycanın qara çayı xarici mənşəli ən yaxşı çaylardan geri qalmır. Azərbaycanda ilk çay bitkisi 1896 – cı ildə, Lənkərandan 12 km aralıda, mühacir Novoselov tərəfindən əkilib. Çox böyük səylə 1ha sahədə 2000 kol yetişdirib. 20 illik təcrübədən sonra çay və subtropik bitkilərin bu zonada daha çox gəlir verəcəyi qənaətinə gəlib. Rayonda 3 çay fabriki fəaliyyət göstərir. Ölkədə istehsal edilən çayın 99% Astarada yetişir.

Feyxoa

Həmişəyaşıl subtropik meyvə ağacıdır. Şirəli, ətirli, dadlı meyvədir. Tərkibinin 70% sudur. Meyvəsinin əti dadlı, jeleyə bənzər, sərinləşdirici – şirəlidir. Eyni anda ananas, banan və çiyələyin ətrini sanki özündə topladığı üçün sevilir. Vətəni Amerika olan feyxoa Azərbaycana ilk dəfə 1928 – ci ildə gətirilib. Yalnız Astara – Lənkəran zonasında yetişir.

Cənubda feyxoa kompotunu mütləq dadmalısınız. Nə şirin, nə turş dada sahib bu meyvənin şirəsi digərlərindən fərqli olaraq mədəyə köp vermir. İnsan içdikcə içmək istəyir. Digər bir ləzzət yenə feyxoadan hazırlanan mürəbbədir. Təzyiqi yüksək olanlardan ötrü bir nömrəli dərman hesab edilir. Buralarda təzyiqi yüksək olanlar üçün çay dəmləyir, stəkanın içərisinə bir çay qaşığı feyxoa mürəbbəsi töküb içirirlər.

Bicar

Düyü əkilən yerdir. Başqa deyişlə, çəltik plantasiyasıdır. Eqzotik cənub mənzərələrindən biridir. İlin fəsillərinə görə burada dəyişkən maraqlı görüntülərlə qarşılaşmaq mümkündür. May ayında Astarada yol boyunca gölməçəyə bənzər xüsusi yerlərdə yerə əyilmiş, ayaqyalın, palçığın içərisində əlləri ilə torpaqda nəsə eşələyən xanımlar diqqəti cəlb edir. Bataqlığı xatırladan kiçik sahələrdə başları az qala yerə dəyəcək şəkildə əyilmiş qadınları görüncə əvvəl yəqin nə isə itiriblər və tapmağa çalışırlar düşüncəsinə qapılır insan. Əslində isə onlar alaq edirlər. Yəni sulu sahəni daş – kəsək, yabani otlardan təmizləyirlər. Təmizləmə işini bitirdikdən sonra düyü şitillərini yerləşdirirlər. Əkilən şitillər 3 ay müddətində, isti yay aylarında yetişir. Sentyabr ayında yığım başlayır. 10 günlük fasilələrlə növündən asılı olaraq yetişmiş düyülər toplanır. Astaralılar yerli düyü dedikləri yumru düyüdən, sədri, 1001, həsəni, haşimi növ düyülərin keyfiyyətindən və dadından olduqca məmnundurlar.

Macar şərqşünas və səyyahı Armin Vanberinin (1832- 1913) 1885-ci ildə Budapeştdə nəşr etdirdiyi “Türk elləri” adlı kitabın böyük bir fəsli Azərbaycana həsr olunub, Astarada gəzib dolaşdığını bildirib, burada yaşayan xalqın gözəl folklorundan bəhs edib.

Halay

Astara – Lənkəran zonasında meydana gələn, oxuma və əlçalma ilə müşayiət olunan eyni tipli rəqslərə verilən ümumi addır. Cənubda yaşayan əhali qədimdən bəri düyü əkini ilə məşğuldur. Əkinə qulluq edilməsi, düyü yetişdirilməsi ağır işdir, çox zəhmət tələb edir. Çıxıntılar görünəndən 10 – 16 gün keçdikdən sonra düyü kollarının dibi alaq otundan təmizlənir. Bu işlə də ən çox qadınlar məşğul olur. Belə təmizləmə prosesi alaqvurma adlanır. Əmək prosesində həmin sözlərin həmahəmg səsuyğunluğu tərzində “Halay” mahnısı meydana gəlib. Bu mahnı ilkin versiyasında sırf əmək xarakteri daşıyırdı. Əmək prosesində yaranmış mahnıların əksəriyyətindəki kimi burada da “Halay” sözü məhsuldan danışır, çox zaman ağır, zəhmətli, uzun müddətli işi ifadə edir.

Ən qədim rəqslərdəndir. Son dərəcə sadə melodiyası var. Adicə əl çalma ilə müşayiət olunur. Halayda heç bir musiqi alətinin müşayiətinə ehtiyac duyulmur. Sonradan zərb çalğı aləti olan dəfin müşayiəti ilə ifa edilməyə başlandı. Çalanlardan biri adətən rəqsi aparan, sağ qıraqda duran halaybaşı dəfi ritmik tərzdə vurur. Halay ritmik əlçalmadan başqa oxuma ilə də ifa olunur.

Tarixi

Yunan coğrafiyaşünası İsgəndəriyyəli Klavdi Ptolomey (b.e. 90 – 160) II əsrə aid Xəzər dənizinin xəritəsini tərtib edib və onun sahillərində yerləşən coğrafi adlar, obyektlər və yaşayış məntəqələri barədə məlumat verib. Bu xəritədə Albaniyanın ona məlum olan bir çox şəhər və kəndlərin adlarını çəkən müəllif Astaranın adını yunanca “Astarata” kimi qeyd edib.

İngilis taciri Antoni Cenkinson İngiltərə ilə Buxara arasında ticarət əlaqələrini yaratmaq məqsədi ilə 1959-cu ildə Xəzər dənizi sahillərində olub. 1562-ci ildə Londona qayıdaraq öz səfərləri haqqında “Rusiya-Tatarstan təsviri” adlı əsərini nəşr etdirib. Xəzər dənizi ətrafındakı yaşayış məntəqələrinin adlarını verən müəllif Astaranı yunanca “Stara” kimi təqdim edib.

Orta əsrlərdə Astara əyalət paytaxtı, dini, mədəni və ticarət mərkəzi olub. Dulusçuluq və saxsıbişirmə geniş inkişaf edib. XIII – XIV əsrlərdə şəhərdə zərbxana fəaliyyət göstərib. Rus alimi A.M.Markov Dərbənd, Şamaxı və Təbriz, eyni zamanda Astarada zərb olunan sikkə pullarını tədqiq edib və bildirib ki, üzərində adları yazılan Astara indiki Astara şəhəridir. Müxtəlif dövrlərdə hökmranlıq etmiş Hülakilər, Cəlairlər, Teymurilər Astara zərbxanasında pul kəsiblər. Əmir Teymurun dövründə üzərində “Zərbe Astara” (Astarada zərb olunmuşdur) sözləri yazılan sikkələrin 16 nümunəsi Tacikistan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda mühafizə edilir.

Toponim

“Astara” farsca “aşağı yer”, “aşağıda duran” mənasında işlədilir. Talış dilində “Ostoro” adlanır. Toponimi “Asta şəxs” adı ilə də bağlayırlar. “Asta yol” deməkdir. Türk dillərindəki “ast-alt tərəf”, “aşağı tərəf” sözüdür. Arazdan aşağıda yerləşdiklərinə görə bu toponimlərin bəzilərində “ast” sözü öz əksini tapıb. Bunu Atropenada Ptolemeyin göstərdiyi Astabene, Strabonun göstərdiyi Azar, müasir Astara və Astrabad toponimlərində görmək olar. Assuriya hökmdarı II Sarqon (e.ə. 721 – 705) kitabələrində döyüş şücaətindən bəhs edilərkən, Xəzər ətrafı Telusena vilayətinin fəthi barəsində məlumat verilir. Telusena müasir İranın şimalında, talışların yaşadığı qədim vilayət, Talışın ilkin variantıdır. Başqa ehtimala görə, ərəblər bura gələnədək Talış sözünə heç bir mənbədə rast gəlinmir. Tarixçi Əhməd əl – Bəlazuri (820 – 892) talış sözünü Təyləsan şəklində işlədərək ərəblərin buranı fəthindən bəhs edib.

Talışlar

Xəzərin cənub sahilində yaşayan aborigenlərdir. Özlərini Tolış və ya toloş adlandırırlar. Talış dili Hind – Avropa dil ailəsinin Hind – İran qoluna daxildir. Çox səmimi, çalışqan, istiqanlı insanlardır. “Talış” ərəbcə mənası “sadə”, “saf”, “təmiz” deməkdir. Bunlar təmiz əxlaqlı, sakit həyat tərzi sürən insanlardır. Müharibə, qarət və oğruluğu sevməzlər. Kazımbəy Boradigahi 1869 ildə yazmış olduğu “Cəvahirnameyi – Lənkəran” əsərində talış sözünün tayalis sözündən əmələ gəldiyini bildirib. Qədimdə buralar Talis adlanıb. Talış sözü tülüş, yəni palçıq sözündən götürülüməsi ehtimalı da səslənir. Çox yağış yağdığından buralar həmişə palçıq içində olub. Tiyuliş talışca bataqlıq yer, palçıq demək olsa da, bu ehtimalın üzərində dayanmırlar. Iran alimi Səid Nəfisi talışları türk irqindən hesab edir və onalrın əcdadlarının Çingiz xan tərəfindən İrana gətirilmiş qoşunlar arasında olduğunu bildirir.

Kaddusilər

Talışların əcdadları sayılır. Onlar haqqında ilk dəfə Ktesi və Ksenofont (e.ə. 430 – 355) məlumat verib. Kaddusilər Azərbaycanda yaşayan ən qədim və ən böyük tayfalardandır. İndiki Astara torpaqlarının ilkin sakinləri olublar. Iran tarixçisi Həsən Pirnirə görə “kadus” kəliməsi, müasir “talış” sözünün yunanlaşmış formasıdır.

Ərçivan kəndi

Astaranın böyük və qədim kəndlərindəndir. Burada Şah İsmayıl Xətai ilə bağlı hekayələr maraqlıdır. Deyilənlərə görə, atası taxt – tacdan devrildikdən sonra özü də ölüm təhlükəsi ilə üz – üzə qalan Səfəvilərin gələcək hökmdarının himayədarları onu məhz Ərçivan kəndində beşiyini bir ağaca bağlayaraq gizlədiblər. İsmayıl taxta çıxandan sonra getdiyi hərbi yürüşlərdən əvvəl Ərçivandakı qədim məscidə gəlib namazını burada qılıb. Söhbət 1499 – cu ildə əsası qoyulmuş Məhəmməd Hənəfiyyə məscidindən gedir. Şiəliyi yayan Səfəvilərin əfsanəvi hökmdarı məhz onu ölümdən xilas etdiklərinə görə bu kəndin inancına toxunmayıb. Dörd bir yanı şiə olan Ərçivan camaatının bu günə qədər sünni məzhəbinə sadiq qalmasının səbəbini də bununla izah edirlər. XIX əsrə aid Kərbəlayi Həmid Abdulla hamamı, Pensər kəndində Məşədi Abutalıb hamamı, Hacıteymur və Hacıcahanbaxış məscidləri də var. Köhnə kənd qəbiristanlığındakı ziyarətgah buranın ən tanınmış piridir.

Yanar bulaq

Ərçivan kəndinin ən məşhur və populyar turizm obyektidir. Bu, içməli – kükürdlü sudur. Günün bütün saatlarında bulağın qarşısında növbəyə durmuş insanlar buradan su alıb yollarına davam edirlər. Adından da məlum olduğu kimi yanar bulağın suyu yanır. Bunun üçün kibriti götürüb suyun üstündə yandırmağınız kifayətdir. Deyirlər ki, iri bir çaydan bu sudan çıxan alovun istisi ilə 45 dəqiqədə qaynayır.

Miki kəndi

Astarada mütləq görülməsi gərəkən dağ kəndlərdəndir. Adını qədim Miki tayfasının adından götürüb. Miki tayfası cəngavər tayfa kimi tanınıb. Toponim “Miyo” və “kü” sözlərindən törəyib. Mənası dağ ortası deməkdir. Talış dağlarının yüksək yamaclarından birində yerləşir. Çoxsaylı qəbiristanlıq və hər tərəfdən onu əhatə edən pirlər kəndin qədim yaşından xəbər verir. Mikinin şimal hissəsində Monkəllə deyilən yer var. Deyilənlərə görə burada monqollarla döyüşlər olub. Döyüşlərdə həlak olan çox sayda monqol məhz burada basdırıldığına görə monqol kəllələrinin çox basdırıldığı yer, yəni Monkəllə adını qoyublar.

Kənd dik yamacda yerləşdiyi üçün buraya inşaat materiallarını daşımaq çox çətin və bahalıdır. Buna görə də Mikidə evləri daşdan yox, əsasən meşə ağaclarından tikirlər. Onların arasına kənd torpağını ot – samanla yoğuraraq doldururlar. Beləcə yayda sərin, qışda isti olan xüsusi hörgülü evlər əmələ gəlir.

Arıçılıq

Mikidə arıçılıq yüksək inkişaf edib. Limon, bal, çay – bu trio kənd süfrəsinin bəzəyi və atributudur. Demək olar bütün kənd sakinləri professional arıçılardır. Arı və bal ilə bağlı elə çox şey bilirlər ki; hansı ağacın çiçəyindən nə qədər bal çıxar, hansı arı nə qədər çalışır, dağ çiçəyindən əmələ gələn bal nə ilə fərqlənir. Məlum olur ki, Miki meşələrində bitən yabanı xurma ağacının meyvələrindən xanımlar doşab, arılar isə onun nektarından bal hazırlayır. Ən məhsuldar bal ağacı yabanı xurmadır. Hər erkək arı orta hesabla 1.5 – 2 kq bal topalayır. Bir qutudan 25 – 30 kq bal çıxır. Mikililərin arı və bal ilə
bağlı deyimlərinin hamısını yadda saxlamaq imkansızdır. Ən məşhur bir neçə dənəsi isə belə səslənir.

Aforizmlər

Arı peyğəmbərə deyib:
“İcazə ver, mən qızıl gətirim, insanı sancım ki, ölsün.”
Peyğəmbər deyib:
“Yox, sən bal gətir, adamı sanc və özün öl.”

Həqiqətən bu arılar sancmır, əgər sancarsa özləri ölürlər. Pətəyin kəsilməsi mərasimi olduqca maraqlıdır. Hamı diqqətlə dequstasiya prosesini izləyir. Saf bal – sərt, yapışqan, kəskin dada sahibdir, çətin udulur və boğazı yandırır, çox da ətirlidir.

Miki balı 1001 dərdin dərmanıdır. Şanının içərisində xarlamır. Süzülüb başqa qaba tökülən bal uzun zaman içərisində xarlasa da, kərə yağı kimi sapsarı və dənəvər olur. 100 il qalsa xarab olmaz deyirlər yerlilər. Balı yeyib üstündən su içmək olmaz deyən mikililər yalnız çay içməyi məsləhət görürlər.

Mikidən sonra mütləq görülməsi gərəkən ikinci ünvan Sımdır. Kənd istiqamətində yol boyunca bir neçə yerdə durmaq olar. Ekoturların təşkil edilməsi üçün əla ünvandır. Dəmirağac meşəliyi və çay sahili boyunca yerləşən bulaqlar istirahət üçün əladır. Qədim su dəyirmanı, qədim su arxları, Qədim daş sarayı var. Cır xurma və qoş meşəliyinə səyahət etmək olar.

Sım kəndi (40 km)

Astaranın mütləq görülməsi gərəkən ən yüksək, qədim dağ kəndidir. Sıma aparan yol çox yorucudur. Daha doğrusu yol deyilən şey yoxdur. Odur ki, 40 km məsafəni 4 saatda zorla qət etmək olur. Amma ətraf elə gözəldir ki, şikayət etməklə sanki təbiətə haqsızlıq edirsən. Yol boyunca ara sıra atlılara rastlamaq mümkündür. Təəccüblə kimsiniz, hara gedirsiniz deyə soruşmaqdan özlərini saxlaya bilmirlər. Söhbətdən məlum olur ki, buralar ucqar yerlər olduğundan kəndə çox nadir hallarda qonaq gəlir, hər dəfə kimsə təşrif buyuranda bayrama çevrilir. Sımda nə işıq, nə qaz, nə mobil əlaqə, nə yol – bir sözlə sivilizasiya əlaməti olan heç nə yoxdur. Kənddə tərkibi minerallarla zəngin 50 – yə yaxın təbii bulaq, hündürlüyü 25 – 30 metrə çatan 2 şəlalə var. Burada da mükəmməl ləzzəti və ətri ilə seçilən yerli bala qonaq edirlər.

Muzeylər məskəni adlandırılan Sımda 20 – ə yaxın qədim qəbiristanlıq var. Ilkin arxeoloji araşdırmalar Sımda yaşayışın eradan əvvəllərə gedib çıxdığını göstərir. Daş oturacaqlar və masalar, daş hovuz, daş sarayın izləri, daş üzərindəki naməlum yazılar, daş həbsxana, müxtəlif mağara və buzxanalar burada həyatın izlərini 2 – 3 min il əvvələ aparır. Sım qayalar şəhəridir. Kəndin ortasında, eləcə də hər həyətdə nəhəng qaya parçaları durur. Kəndin ətrafı da üzəri mixi yazılarla dolu qayalardan boldur. Daşlardan yonulmuş qədim su hovuzu, qədim məscidin minarə qalıqları və sair tarixi abidələr mövcuddur. Yaşıllığın içərisində olmasa buraya Qobustan demək olar. IX – X əsrlərə aid olan Sım yaşayış yeri ölkə əhəmiyyətli arxeoloji abidədir.

Padşah daşı

Kəndin Utey meydanında vaxtilə müxtəlif mərasimlər həyata keçirilib. Nəhəng daş yonulub, üzərində 3 nəfərin otura biləcəyi oyuqlar hazırlanıb. Padşah daşı kresloya bənzəyir. Burada pəhləvan yarışları, cıdır, at yarışları keçirilib, zorxanalar və eyni zamanda xalq məhkəməsi qurulub. Cinayət işləmiş şəxslər, deyilənlərə görə burada məhkəməyə çıxarılıb. Edama məhkum edilənlər, Padşah daşının yaxınlığındakı dərin uçuruma atılıblar. Üzərində göstərilən tarixə baxmayaraq Sım yaşayış yerini Atropatena dönəminə aid edirlər.
Sım toponimi

Bir neçə versiyada izah edilir.

  1. Sam – qədim türk tayfasının adıdır.
  2. Sam – Nuh peyğəmbərin oğlunun adıdır.
  3. Sım – sı daş sözündən götürülüb.
  4. Sım – qırmızı deməkdir.
  5. Sım – Sımbə sözündən götürülüb. Şiş, sünbə mənasına gəlir.
  6. Sım həm də qıraq, kənar yer deməkdir. Toponim coğrafi mövqeyinə görə belə adlanıb.

Pilləkən kəndi

Sım yolunun üstündə mənzərəli kəndin əsl adı Pəlikəşdir. Burada VI – XIII əsrlərə aid “Vilipard” və “Pijenə Pard” körpüləri ilə bağlı rəvayətlər maraqlıdır.
Deyilənlərə görə, padşah Ənuşirəvan bir gün qoşunu ilə birlikdə növbəti yürüşünə gedirmiş. Daşqın sulu çaydan hökmdar və ordusu min bir əziyyətlə keçir. Bunu görən kəndli qarı nənə, padşahı utandırmaq üçün öz əlləriylə bir körpü tikir. Yürüşdən geri qayıdan hökmdar körpünü görüb təəccüblənir. Hekayəni eşidir. Acığından və utandığından “körpüdən keçən məndən deyil” söyləyərək suyun içərisiylə çayı keçir. Beləcə, körpü də məşhur olur.
Çay sahilində körpülərdən əlavə qarşıdan – qarşıya keçmək üçün kanat yol var. Əyləncə üçün bundan faydalanmaq olar. Əsasən sel gəldiyi zaman kanatdan istifadə edilir. Hündürlüyü 2.5 metr olan bol sulu şəlalə buranın ən populyar məkanıdır. Kənddə “Əliçapan” qayalığı maraqlıdır. Burada daş üzərində qazılma üsulu ilə çəkilmiş piyada yolu var. Kənddəki meşəlikdə müalicəvi əhəmiyyətli “Giləmərzə” deyilən bitkidən toplamaq olar. Çöl nanəsi deyirlər. Uzunmüddətli olsun deyə qurudub saxlayırlar. Ondan feyxoa kompotunda qırmızı rəng almaq üçün istifadə edilir.

Tarixi abidələr

102 tarix – mədəniyyət abidəsinin qeydə alındığı rayon ərazisindən vaxtilə İpək yolu keçib. Bunu rayonun Qapıçıməhəllə kəndində, Astara çayının kənarında tapılmış VII əsrə aid karvansaranın qalıqları sübut edir. E.ə. II minilliyin sonu I minilliyin əvəllərinə aid olan Əzərrüd kəndindəki “Daş qutu nekropolu”, Miki kəndindəki “Miki dolmen nekropolu”, bizim e.ə. V-I əsrlərə aid Rüədıla kəndindəki “Xolobin daş qutu nekropolu”, tunc və antik dövrə aid Siyakü kəndindəki I və II – Siyakü yaşayış yerləri, tunc dövrünə aid “Baba Cabbar kurqanı”, “Təngərüd kurqanı”, “Seyidcamal kurqanı”, “Vaqo” kurqanları, “Baba Hümmət kurqanı”, “Bi yaylağı kurqanı” Siyakü kurqanları, dəmir dövrünə aid “Koraoba daş qutu nekropolu” və s. göstərmək olar. Bunların içərisində ən möhtəşəm abidə Şindan qalasıdır.

Şindan qalası

Şindan dağının başında, İranla sərhəddə, təxminən 2000 metr yüksəklikdə yerləşir. Azərbaycanın tarixi Nəmin şəhərinin böyük memarlıq əsərlərindən hesab edilir. Islamdan əvvəlki dövrü əhatə edir. Həmin dönəmdə ərəb işğalına qarşı döyüşən Babəkin strateji obyektlərindən biri burada olub. Qala ərazisində qədim qəbiristanlıq var. Orta əsrlərdə müxtəlif üsyanlara başçılıq edənlər bu qalada sığınıblar. Daş və kərpicdən hörülən qalaya ancaq şimal tərəfdən aparan bir yol var. Gözətçi və sərkərdənin müşahidəsi üçün düzəldilmiş xüsüsi yerlər maraq doğurur. Mühafizə məqsədi ilə tikilən qalanı ziyarət etmək bir gün vaxt aparır.

[justified_image_grid facebook_id=2222665901206802 facebook_album=2338132089660182]