Aviabiletlər niyə bahadır?

Səyahət etməyi planlaşdıranların böyük əksəriyyəti ilk növbədə xərclərini düşünür. Xaricə səyahətə gəlincə, büdcənin əhəmiyyətli bir hissəsini aviabiletin pulu tutur. Və burada sanki “rus ruleti” oyunu başlayır. İstədiyimiz tarixə bilet tapa biləcəyikmi, yoxsa, işimiz tərs gətirəcək?

Niyə belə olur? Havayollarının qiymət cədvəli niyə birjadakı oyuna bənzəyir – bir gün daha yüksək, o biri gün ucuz və heç bir səbəb də göstərilmədən…

Bu yazıda, aviabilet alarkən pərdəarxasında nələrin baş verdiyini daha yaxşı başa düşməyiniz üçün qiymətlərin formalaşması yoluna qısa bir “tur” təklif edirik.

Aviaşirkətlərin dilemması

Ondan başlayaq ki, istənilən aviaşirkətin əsas vəzifəsi ilk növbədə gəlirli və rentabelli olmaqdır. Aviaşirkətlərin hər reysdən gəlir götürmək məqsədi çox normaldır. Bunun üçün “gəlirlərin idarə edilməsi” adlı müasir texnoloji strategiya tətbiq edirlər.

Bu barədə sadə bir dildə danışmağa çalışaq. Təsəvvür edin ki, 100 oturacaqlı bir təyyarəniz var, A nöqtəsindən B nöqtəsinə uçursuz. 100 fərqli sərnişin minmək istəyir və bunları iki şərti kateqoriyaya bölmək olar.

Birinciləri (onları “istədiyin qədər pul verirəm” deyək) istənilən qiymətə bilet almağa hazırdır – bunlar təcili ezamiyyətə gedən sərnişinlər və ya biletin dəyərinə “semiçka pulu” kimi baxanlardır. Bir sözlə, biletin qiyməti bu kateqoriyalı sərnişinlər üçün heç bir önəm daşımır – əgər uçmaq lazımdırsa, istənilən məbləğdə yola çıxacaqlar.

İkinci qrup insanlar, yalnız bilet qiymətindən razı qaldıqları təqdirdə uçmaq istəyənlərdir. Bu kateqoriya çoxluq təşkil edir və gediş tarixi onlar üçün çox da vacib deyil, əsas odur ucuz bilet tapsınlar. Gəlin bu qrupu “qiymət uyğun gəlsə” adlandıraq.

Aviaşirkətin qarşısında dilemma yaranır – hər iki kateqoriyalı sərnişinləri necə cəlb etmək olar? Birinci kateqoriyaya uyğun sabit bir yüksək qiymət təyin edərsə, təyyarədə çoxlu boş oturacaqlar qalacaq. İkinci kateqoriya sərnişinlərə uyğun ucuz qiymət qoysa, təyyarə tez dolacaq, amma hava yolu şirkəti mənfəət çatışmazlığı ilə üzləşəcək.

Bu vəziyyətdən ən optimal çıxış yolu dinamik qiymət aralığı yaratmaqdır. Satış xətti yeni açıldıqda ən aşağı qiymətlə start götürür, təyyarə dolduqca isə pillə-pillə bahalaşır.

Bu, bir tərəfdən “qiymət uyğun olarsa” qrupunun sərnişinlərini ucuz aviabiletləri almağa həvəsləndirir, digər tərəfdən də təyyarədəki son bir neçə oturacağa istənilən pulu verməyə hazır olanların sayəsində pul qazana bilirlər. Demək olar ki, bütün aviaşirkətlər bu alqoritmə uyğun işləyirlər.

Nadir istisnalar

Yer və müəyyən istisnalarda olur. Məsələn, Azərbaycanda daxili aviareyslərin qiymətini Tarif Şurası təyin edir. Bu sovet dövründə belə idi, “DövlətQiymətKomitəsi” bütün ölkə üzrə vahid tarif qoyurdu. Müasir iqtisadi reallıqlarda isə bu cür yanaşma böyük mənfəət gətirə bilməz.

Məhz buna görə də milli hava yolları şirkəti olan AZAL-a əlavə subsidiyalar ayrılır, çünki Bakı-Naxçıvan-Bakı reysinə qoyulan tarif 60 AZN təşkil edir və bu qiymət rentabelli deyil. Yerigəlmişkən, analoji subsidiyalar Rusiyada da bir neçə daxili aviareyslərə tətbiq edilir.

Digər hallarda isə hər reysə tarif sinifləri üzrə onlarla müxtəlif qiymətdə bilet tapmaq olar. Bunu xidmət sinifləri (ekonom, biznes, komfort) ilə səhv salmayın. Amerikanın United Airlines şirkəti təkcə ekonom sinif üçün 43 müxtəlif tarif elan edir. Ən ucuz və ən bahalı biletin qiyməti arasında fərq 16 dəfəyə çata bilər!

Əlbəttə, bahalı yer alan sərnişinlərə pulsuz yük, alışdan sonra uçuş vaxtını dəyişmə kimi əlavə bonuslar verilir, ancaq istənilən halda hər bir aviaşirkət təyyarədə kreslo satır. Digər əlavələr, ya biletin qiymətinə əlavə olunur, ya da ayrıca xidmət şəklində satılır.

“Avropada aviabilet 1 avroya!”

Yəqin ki, hər birimiz heç olmasa bir dəfə internetdə oxşar xəbərlə rastlaşmışıq. Ancaq indi, fikirləşirəm, sizə aydındır ki, belə bir hal aviaşirkətin qiymət setkasında start qiyməti kimi ola bilər.

Avropanın populyar RyanAir, EasyJet və Wizzair loukesterləri həqiqətən də 1-10 avroya bilet qoya bilərlər, ancaq təyyarədə belə yerlərin sayı barmaq hesabıdır. RyanAir təyyarəsində oxşar son yerlərin qiyməti yüz avroya, bəlkə də daha baha başa gələ bilər.

Digər aviaşirkətlər də “təkəri yenidən icad etmirlər” və oxşar marketinq qaydalarına riayət edirlər. Pandemiyadan əvvəl milli loukoster Buta Airways “29 avrodan” aviabilet təqdim edirdisə, uçuş tarixinə çox az qalmış qiyməti minimum tarifdən 4-5 dəfə yüksək oldu. Şirkət üçün 10 ucuz yeri maya dəyərindən aşağı satmaq problem deyil, təbii ki, əgər qalanlarını daha baha sata bilirsə! Təəssüf ki, xüsusi uçuşlar zamanı Buta Airways “Büdcə” tarifini təklif etmir. Hələki saytda yalnız “Standart” və “Super” tarifləri arasında seçim imkanı var.

Fikirləriniz daha çox qarışdı?

Bəlkə də bütün bu “tarif-qiymət iqtisadiyyatı” çox mürəkkəb göründü və sizi daha da çaşdırdı, bilmək lazım olan əsas məqamların qısa xülasəsi belədir:

  • Hava yollarının sabit qiymətləri yoxdur. Yalnız dinamik olaraq yaradılan tarif şkalası sayəsində təyyarələrin dolmasına və gəlirliliyinə zəmanət verə bilərlər;
  • Aviabiletlərin qiymətləri müəyyən tarixlərdən deyil, təyyarədə qalan boş oturacaqların sayından asılıdır;
  • Aviaşirkətin saytında çox bahalı aviabiletlər görürsünüzsə – bilin ki, bu uçuşda qalan son pulsuz yerlərdir;
  • “Pik mövsüm”də uçmaq istəyənlərin sayı kəskin artdıqda, aviaşirkətlər qiymətləri qaldıra bilərlər. Bu, məsələn, yay tətili, Yeni il və digər tətillər zamanıdır.

Biz isə tövsiyyə edə bilərik ki, təyyarə ilə səyahətlərinizi əvvəlcədən planlaşdırın və biletləri nə qədər mümkündürsə tez, hətta uçuş tarixindən bir neçə ay əvvəl əldə edin. Səhifəmizin sosial şəbəkələrinə qoşulub, yeni reyslərin ilk satışlarını izləsəniz, ən səmərəli qiymətə ilk yerləri əldə edə biləcək bəxtəvərlərin siyahısına düşə bilərsiniz.

Xoş və gözəl səyahətlər arzulayırıq!