Bərdə

Bərdə

Bərdəyə ilk dəfə gedənlər buranın bir vaxtlar əslində inkişaf etmiş böyük ticarət mərkəzi, eləcə də Qafqazın ən qüdrətli antik dövlətinin paytaxtı ola biləcəyinə bir az çətin inanırlar. Şəhərin əfsanəvi keçmişindən əsər – əlamət qalmayıb. 1990 – cı illərdən isə Bərdənin tarixində çətin səhifə açılıb. Dağlıq Qarabağda başlayan müharibə insanları yurd-yuvalarından didərgin salıb. Ağdam, Laçın və Kəlbəcər camaatının bir qismi ən yaxın yurda, Bərdəyə sığınıb. Bunun səbəbini həmin camaatın əsas məşğuliyyətinin maldarlıq olması ilə də bağlayırlar. 1993 – cü ildən etibarən Bərdə əhalisinin sayı qədər məcburi köçkünə ev sahibliyi edir.

Arayış

Bakı – Bərdə arasında məsafə 314 km-dir. Rayon kimi 1930 – cu ildə yaradılıb. Kür – Araz ovalığının şimal – qərb hissəsində, Qarabağ düzünün mərkəzində yerləşir. Tərtər və Xaçın çayları, eləcə də Yuxarı Qarabağ kanalı rayonun ərazisindən keçir. Kür çayı rayon sərhəddi boyunca axır. Mərkəzdən 3 km məsafədə, Tərtər yolunun sağ tərəfində 2 göl və qaynar kükürdlü su bulağı – İstisu, 23 km aralıda isə Ağalı gölü, Muğanlı kəndi yaxınlığında mineral su bulağı yerləşir. Bərdə ilə Ağdam arasındakı düzənlikdə məşhur Soltanbud meşəsi yerləşir.

Soltanbud

Əraziyə verilən ümumi addır. Eyniadlı meşənin yaxınlığında Soltanbud təpəsi durur. Yaxın vaxtlara qədər burada 7 belə təpə var idi. Daha sonra içərisində dəfinə ola biləcəyi güman edilərək təpələr qazılıb talanmağa başladı. O dağıntılardan nə tapıldı, nə əldə edildi bilinmir, amma 7 təpədən geriyə sadəcə ən böyüyü olan Sultanbud qaldı. Bura haqqında çeşidli əfsanələr gəzir. Deyilənlərə görə, təpələrin yaranma tarixi monqol yürüşləri zamanına gedib çıxır. Uzun müharibələr edən və davamlı səyahətlərdə olan monqol əsgərləri yollarda ölən sərkərdələrini həmin yerlərdə dəfn edərlərmiş. Adət üzrə məzara monqol qoşunlarındakı əsgərlərin hərəsi bir ovuc torpaq atarmış. Beləcə, hər qəbir normalda olması gərəkdiyindən dəfələrlə böyük, təpə şəklində olarmış. 7 təpə – Soltanbud kurqanları da eyni silsilədən olan qəbirlərdən hesab edilir.

Qarabağın dağı ilə aranı arasında qapı adlandırılan Bərdə qədim Təbrizlə Gəncə arasında mühüm mədəni və siyasi mərkəz hesab edilib.

Vaxtilə yaraşığı və zənginliyinə görə Bağdad şəhəri ilə müqayisə edilən Bərdənin bişmiş kərpicdən tikilmiş evləri, hamam və karvansarayları, bağ və əkin sahələri, eləcə də bazarları dillərdə dolaşıb. Müxtəlif dövrün məşhur səyyah və yazarlarının əsərlərində Bərdənin adına tez – tez rast gəlinir. İbn Xordadbeh (X əsr) “Yollar və ölkələr kitabı”əsərində Arranın sonuncu paytaxtı olan Bərdədən keçən ticarət yolları, şəhərin inzibati quruluşu haqqında məlumat verib. XII əsrdə Bərdəyə səyahət edən Nizami Gəncəvi buranı elə bəyənir ki, “İsgəndərnamə” poemasında şəhəri uzun – uzun tərifləyərək heyranlığını gizlətmir:

Bərdə nə qəşəngdir, necə gözəldir,
Yayı da, qışı da güldür, çiçəkdir…

“Qarabağ vilayətində salınan birinci şəhər Tərtər çayının üstündə və Kür çayının 3 ağaclığında olan Bərdə şəhəri və qalasıdır.”

Mirzə Camal Cavanşir Qarabaği (V əsr)

Tarix

Yazılı mənbələrdə Bərdə adına ilk dəfə V əsrdə rast gəlinir. Azərbaycan tarixçisi Mirzə Camal Cavanşir Qarabaği “Qarabağ tarixi” əsərində Qarabağ vilayətində salınan ilk şəhərin Bərdə olduğunu qeyd etsə də, yaranma tarixindən bəhs etməyib. A.A.Bakıxanov (XIX əsr) isə Bərdə şəhərinin xarabalarının Qarabağ ölkəsində, Kür çayı sahili yaxınlığında onun dövründə də mövcud olduğundan xəbər verib.

Tarixi mənbələrə görə, e.ə. IV – V əsrlərdən inkişaf edən Bərdə 1500 il əvvəl Qafqazın ən böyük şəhərlərindən biri hesab edilib. “Kitabi – Dədə Qorqud” dastanında Bərdənin adı çəkilib. Həmdullah Qəzvini bildirir ki, Bərdəni Makedoniyalı İsgəndər tikdirib. Firuzun oğlu Qubad isə onu təmir etdirib, ətrafına divar çəkdirib. Məhz həmin vaxt ərzində şəhər bir müddət Firuzabad adlanıb. Moisey Kalankatlının məlumatına görə, Bərdə Alban hökmdarı II Vaçe dövründə (459 – 484) salınıb. Strabon Düzən Qarabağdakı Uti vilayətində Ayniana adlı şəhərdən bəhs edir. Bərdənin ilk tədqiqatçılarından olan Əbdürəhim bəy Haqverdiyev bunun Bərdə olduğunu qeyd edib. Klaudi Ptolomey Albaniyada 29 iri şəhər və yaşayış məntəqəsinin adlarını çəkərək İberiya ilə Kürə tökülən Araz çayı arasında Bakura (Bərdə) adlı iri yaşayış məntəqəsinin yerləşdiyini yazıb.

Qədim Bərdə

İndiki ərazisindən təqribən 5 km kənarda yerləşib. Qədimdə şəhər iki hissədən ibarət idi. Qala divarları ilə əhatə olunmuş mərkəz Şəhristan adlanırdı. Rabat adlanan hissədə sənətkarlar, tacirlər məhəlləsi və karvansaray yerləşirdi. VIII – IX əsrlərdə Yaxın və Orta Şərqin mühüm ticarət, mədəniyyət mərkəzinə çevrilmiş şəhərin məşhur “Əl – Kürkiy” bazarı Bərdə darvazasının yaxınlığında yerləşirdi.

Qısa tarixi arayış

Sasanilər dövründə Bərdə canişinlik, 752 – ci ildə Arran vilayətinin mərkəzi, VI – X əsrlərdə, təxminən 500 ilə yaxın müddətdə Albaniyanın paytaxtı olub. 552 – ci ildə Alban kilsəsinin mərkəzi Bərdəyə köçürülüb. 628 – ci ildə Xəzərlər tərəfindən işğal olunan şəhəri, 639 – cu ildə İran feodalları istila etsə də, Alban hökmdarı Cavanşir onları şəhərdən qovmağı bacarıb. Xəlifə Osmanın dövründə (644 – 656) Ərəb qoşunları şəhəri tutub. Dəfələrlə basqın və dağıntılara məruz qalan şəhər XII əsrdə monqolların və sonra da Əmir Teymurun yürüşündə dağıdılıb. 1736 – cı ildə İran şahı Nadir şəhəri tamam viran edib. Bütün bunlardan sonra tamamilə tənəzzül edən şəhər XIX əsrin ikinci yarısında cəmi 200 – 300 nəfər əhalisi olan kiçik bir kəndə çevrildi. O tarixdən sonra əvvəlki möhtəşəm günlərinə heç cür qayıda bilmədi.

Qeyd

“Qafqaz Albaniyasının mərkəzi Qəbələdən Bərdəyə köçdükdən sonra bu qədim şəhərin inkişafında yeni intibah dövrü başladı. İlk orta əsrlərdə Yaxın Şərqin siyasi, iqtisadi, mədəni mərkəzlərindən biri olub. Azərbaycanın ən uzaq bucağında yerləşən şəhər. Bişmiş kərpicdən və əhəngdən tikilib, düzənlikdə yerləşir. Əl – İstəxrinin yazdığına görə, Bərdə çox böyük şəhərdir. Mənə qalsa, bu köhnə yazıdır, çünki indi şəhərdən heç nə qalmayıb. Azərbaycanda mən Bərdədə yaşamış adamlar ilə görüşüb, onları şəhər haqqında sorğuya tutmuşam. Onların deməsinə görə, şəhər güclü şəkildə dağıdılıb və indi orada çox az adam yaşayır. Demək olar kənd kimidir; orada yaşamaq qorxuludur, kasıbçılıq, ehtiyac göz qabağındadır, evlər dağıdılıb, hər şeydə talan izi qalıb.”

“Ölkələrin əlifba ilə sadalanması”
(coğrafi ensiklopediya)

Yaqut Əl – Həməvi (1179 – 1229)

Ruslar Bərdədə

Xəzər hövzəsinə yürüşlər edən rus döyüşçülər iqtisadi cəhətdən inkişaf etmiş, zəngin sərvəti olan şəhər haqqında məlumata sahib idilər. 943 – 944 – cü ildə şəhəri işğal edən ruslar 20 min nəfəri qılıncdan keçirib, əhali üzərinə vergi qoydular. Hər kəs canını xilas etmək üçün müəyyən məbləğdə pul verməliydi. Verməyənləri öldürürdülər. Əhali buna görə də yaşayış yerini tərk edirdi. Ruslar da nə qədər əhali olduğunu dəqiqləşdirmək üçün yanğınlar törədirdilər. Məcbur qalan əhali üzə çıxırdı. Həmin dönəmdə şəhərdə taun xəstəliyi geniş yayıldığından ruslar tezliklə buranı tərk etməli olurlar. Şəhər təxminən həmin vaxtdan etibarən tənəzzülə keçdi. Bundan sonra bir daha özünü düzəldə bilmədi.

Toponim

Tarixən Pərdə, Bərzə, Partav, Berda, Hərum, Firuzabad və sair kimi adlarla tanınıb. Nizami Gəncəvi “İsgəndərnamə” poemasında şəhərin ilk adının Hərun olduğuna eyham vurur. Bu faktı Nizamidən başqa heç kim yazmır.

Bərdə toponiminə Mərkəzi Asiya, Ural, Altayda da rast gəlinir və bu, sak tayfaları ilə əlaqələndirilir. Yeri gəlmişkən, Azərbaycana e.ə. VIII – VII əsrlərdə gələn saklar Kür və Araz çayları arasında öz vilayətlərini qurublar. Tədqiqatçılar Bərdəni Mannadakı Parda toponimi ilə, bundan başqa iskit tayfalarının Azərbaycanda məskunlaşmış hun – türk tayfası olan Bərdonun adı ilə əlaqələndirirlər.

Bərdənin adı e.ə. VII əsrdə skif çarlarından biri olan Partatuanın adı ilə də bağlayırlar. Deyilənlərə görə o, burada Assuriyaya qarşı mübarizə aparıb. Bu məlumat əsasında Bərdənin ən azı 2700 il tarixi olduğu güman edilir.

Fars mənşəli söz olan Bərdə, əsir etmə yeri, dar yer mənasını verir. Hökmdarlar ətraf yerlərdən tutduqları əsirləri dustaq kimi burada saxladıqlarından belə adlandırılıb.

Toponimin bir başqa izahında “qız şəhəri” mənası verdiyi bildirilir. Bir başqa fərziyyəyə görə isə toponim türk mənşəli berdi sözündən olub, qab, piyalə, kuzə deməkdir. Berdi eyni zamanda ipək sap kimi tərcümə edilərək, ensiz çay, qol, tel mənasındadır.
Bərdə adının Əhəməni hökmdarı Kirin (e.ə. VI əsr) oğlanlarından birinin adı ilə – Bisütun qayalarında yazılmış “Bardiya” ilə əlaqədar olub, mənasının nəhəng qamətli, bahadır, güclü demək olduğunu bildirir.

Tarixi abidələr

Bir çox əyalət mərkəzlərindən fərqli olaraq Bərdədəki mühüm tarixi abidələrin çoxu rayonun içində yerləşir. Axsadan Baba (XIV əsr), Güloğlular, Bəhmən Mirzə Qacar (1880) və sair türbələr, 1322 – ci ildə usta Əhməd Əyyub oğlu əl – Hafizin tikdiyi çoxüzlü məqbərədən başqa orta əsrlərdə çiy kərpicdən tikilmiş kvadrat şəkilli torpaq qala da çox böyük maraq doğurur.

Şirvanlı kəndi

Bərdənin ən böyük kəndidir. Hacıoğlular adı ilə məşhurdur. Bu kəndlə bağlı ən qədim qaynaqlarda söhbət açılır. Burada XII əsrə aid olan cəmi bir şamla yanan hamam indiyədək qalmaqdadır. Vaxtilə kənd hamamı cümə axşamları qadınlar, cümə günləri isə kişilərə xidmət göstərib. Azərbaycanda sovet hökuməti qurulandan sonra hamam qismən dağıdılıb. Yerdə qalan qalıqları tarixi abidə statusunu alıb.

Cümə məscidi (1324)

Bərdənin mərkəzində yerləşən məscid 1324 – cü ildə tikilib. 2 minarəlidir. Sovet illərində gübrə anbarı, məktəb və arxiv binası kimi istifadə edilib. 1990 – cı illərdən yenidən ibadətə açıqdır.

Bərdə türbəsi (1322)

Bəzi mənbələrdə verilən məlumata görə Bərdə qalası Əcəmi məktəbinin yetirməsi Naxçıvanlı Əhməd İbn Əyyub Əl Hafiz tərəfindən 1322 – ci ildə tikilib. Qalanın hündürlüyü 13 metrdir. Qala haqqında bir çox səyyahlar əsərlərində yazıblar. Qala monqolların Azərbaycana yürüşləri zamanı dağıdılıb və sonradan bərpa olunub. Son dəfə 1958 – ci ildə təmir edilib. XIV əsrdə Bərdədə tikilən iki qülləvari türbədən biridir. Formaca dəyirmidir. Bişmiş kərpiclə işlənmiş türbə XIX əsrdən araşdırılmağa başlanıb. Yeraltı və yerüstü hissələrdən ibarətdir. Üstündə 200 dəfədən artıq Allah sözü yazılmış naxış var. Abidənin üstündəki kitabənin məzmunu belədir: “Əməli Əhməd ibn Eyyub əl – Hafiz Əlbənnayi ən – Naxçıvani”. Bu, Naxçıvan memarlarının XIV əsrdə məsul binaları tikmək üçün başqa şəhərlərə dəvət edildiyini göstərir. Türbə Naxçıvan memarlıq məktəbi ənənələrinin davam etdiyini təsdiq edən son dərəcə qiymətli sənət nümunəsidir. Abidənin kitabəsi uçub – dağıldığından kimin şərəfinə tikildiyi məlum olmasa da onun Elxanilər sülaləsindən bir nəfər üçün inşa edildiyi ehtimal olunur. Xalq arasında Nüşabə qalası adı ilə tanınır.

Nüşabə kimdir?

Orta əsrlərdə Bərdə hökmdarı olub. Nizami Gəncəvi “İsgəndərnamə” əsərində dünyanı fəth etməyə çıxmış Makedoniyalı İsgəndərin Bərdəyə gəlib Nüşabə ilə görüşməsindən geniş bəhs edib.

Əfsanə

Deyilənlərə görə, Nüşabə erkəksiz, keyflə yaşayan çox gözəl bir qadın imiş. Sarayında ona tabe minlərlə gözəl qız çalışır, 30 min qulamı varmış. İsgəndər ayaq basdığı bu torpağa heyran qalır və hökmdarı ilə görüşməyə qərar verir. Elçi qiyafəsi geyərək saraya üz tutur. Elçini qəbul edən Nüşabə onun təzim etməməsindən, davranışlarından, daş-qaşlarından İsgəndər olduğunu anlayır və nədən elçilik etdiyini ondan soruşur. Lakin İsgəndər bunu inkar edincə, Nüşabə üzərində onun əksi olan ipək yaylığı hökmdara gösətirir və İsgəndər çarəsiz razılaşır. Bundan sonra Nüşabə onunla sakit söhbət edərək ölkəsinə zərər vurmamasını xahiş edir. Sonra xanım əmr edir ki, süfrə açılsın. Süfrəyə yemək yerinə qablarla dolu ləl-cəvahirat, qızıl – gümüş düzülür. İsgəndərin təəccüblü sual dolu baxışlarına Nüşabə belə cavab verir:

Əgər bu boğazdan keçmirsə, nədən bundan ötrü nahaq qanlar tökmək lazımdır? Əgər daşa pərəstiş etmirsənsə, əl çək və yerində qal.
Qadının müdrikliyinə və cəsarətinə heyran qalan İsgəndər bu dərsdən sonra onunla yemək məclisində oturur, Nüşabəyə hədiyyələr verərək ölkəni sülh içərisində tərk edir və sözünü tutaraq Bərdəyə toxunmur.

Qoşa körpü

Bu gün həmin tarixlərdən qaldığı güman edilən qədim körpünün qalıqları Tərtər çayının üstündə durur. Düzdür, indi orada çaydan əsər – əlamət yoxdur. Deyilənlərə görə, İsgəndərin qoşunları məhz bu çayın vadisində yerləşiblər. Sonradan çay məcrasını dəyişərək indiki istiqamətdə axmağa başlayıb.

Axsadan türbəsi (XIV əsr)

Nüşabə türbəsinin 50 metr şərqində yerləşir. Üslub cəhətdən Bərdə türbəsinə oxşayırdı. XIV əsrdə memar Əhməd ibn Əyyub əl – Hafiz Naxçivani tərəfindən tikilib. Yerlilərin anlatdığına görə burada Şirvanşah Axsitan (1149 – 1204) dəfn edilib. Yalnız yeraltı hissəsi bu günə gəlib çatan türbənin kitabələri dağıdılıb. Sosialist rejimin ilk illərində, 1920 – ci illərdə türbə tamamilə sökülüb, söküntüdən çıxan kərpiclərdən və qəbiristanlıqdakı baş daşlarını əridib əhəngə çevirərək Bərdədə indi “köhnə mehmanxana“ deyilən binanı tikiblər.

İmamzadə (XIV əsr)

Rayon mərkəzində yerləşən İmamzadə məscidinin 4 minarəsindən ikisi 12 metr, ikisi də 15 metrdir. Tamamilə bişmiş kərpicdən inşa edilib. 1974 – cü ilədək bağlı qalan İmamzadə 1980 – ci illərdən etibarən yenidən ziyarətçilərin üzünə açılıb. Ziyarətgahın yaranma tarixi maraqlıdır:

İmam Cəfər Sadiqin qız nəvəsi İsmayılın qəbri ilə əlaqədar Bərdə tarixi ipək yolunun üstündə olduğundan karvanlar daima buradan keçib. XII əsrdə tanınmış tacirlərdən İbrahim adlı şəxs görür ki, camaat bir qəbrin başına dolanır. Soruşur ki, niyə bu məzarı müqəddəsləşdiriblər? Cavabında bu məzarın müqəddəs imam balası Şahzadə İsmayılın qəbri olduğunu öyrənir. Tacir İbrahim bu sözü eşitdikdən sonra qəbrin üstünü çaylaq daşından günbəz halına salaraq məqbərə tikdirir. O vaxtdan türbə – ziyarətgahın adı “İbrahim məscidi” kimi tarixə düşür.

Əslində ziyarətgahdakı qəbir İmam Cəfəri Sadiqin qız nəvəsi şahzadə İsmayılın qəbridir. VIII – IX əsrlərdə yaşamış Şahzadə İsmayıl düşmənlərinin əlindən qaçaraq Bərdəyə pənah gətirib, yaşayıb və burada vəfat edib. 1861 – ci ildə Bərdəyə gələn B.Dornun nəzərini çox qəribə bir məscid cəlb edir. Sonralar yazırdı: “Orada həm də tarixi bilinməyən qədim İbrahim İmamzadəsi var. Binanın təmiri sahibinə 3000 rubl gümüş pula başa gəlib.

1886 – cı il üçün Qafqaz təqvimində belə bir xəbər getdi:

“Yelizavetpol quberniyası, Cavanşir qəzasının Bərdə şəhərindəki İmamzadənin üstündə 1868 – ci ildə məscid tikildi”.

İmamzadədə məscid divarlarına bitişik sinə daşının üzərində əski əlifba ilə rusca yazılmış yazı maraq doğurur:

“Zdes pokoitsya Mamed bek Djavanşir (1874 – 1900)”

Belə ehtimal edilir ki, Məhəmməd bəy Cavanşir Şuşada İran şahı Ağa Məhəmməd şah öldürüləndən sonra Qarabağ xanının vəziri, şair Molla Pənah Vaqifi edam etdirmiş şəxsdir.

Abidə 1868 – ci ildə görkəmli memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən yenidən qurulub. Mömin şəxslər başqa yerlərdə vəfat etsələr də, vəsiyyətlərinə uyğun Bərdə şəhərindəki İmamzadə məscidinin ətrafındakı qəbiristanlıqda dəfn olunublar. İmamzadə ətrafında iki tarixi önəmli abidə var: İbrahim məscidi (XVIII əsr), Bəhmən Mirzə türbəsi.

Bəhmən Mirzə türbəsi (1880)

İmamzadədən 25 metr şimal – şərqdədir. 3 otaqdan ibarətdir. Bəhmən Mirzə Qacar Bəhaüddövlə (1811 – 1884) tarixçi Fətəli şahın nəvəsi, Abbas Mirzənin oğludur. Bir sıra əyalətlərin hakimi olub. Saray təhsili alıb və İran vəzirliyində 13 il çalışıb. Qardaşı Ağa Məhəmməd şah Qacarın gözündən düşüb. Münasibətlər pozulandan sonra İranı tərk edərək əvvəlcə Tiflisə, sonradan daimi yaşamaq üçün Bərdəyə və oradan da Şuşaya gəlib. Vəsiyyətinə uyğun şəkildə burada dəfn edilib.

Qarabağ mətbəxi klassik Azərbaycan dadlarından ibarətdir. Ət, düyü və xəmir yeməkləri mövsümə görə dəyişir, bəzi yeməklər bişirilmə qaydasına görə fərqlənir.

Qarabağ üsulu şüyüdlü plov

Bərdə mətbəxinin ən məşhur yeməyi şüyüd plov hesab edilir. Böyük külfətlər üçün az çəkili quzunu buğum-buğum doğrayaraq duz-istiot vururlar. Üzərinə azca kəklikotu vurub 1 saat basdırmada saxlayırlar. Sonra mis qazanın dibini azca isidib quzunu onun dibinə səliqə ilə düzürlər. Düyünü qaynayan suda süzürlər. Hər bir stəkanı üçün bir dəstə şüyüd doğrayıb qarışdırırlar. Sonra onu basdırmanın üzərinə tökür, qazanı doldururlar. Azca yağ gəzdirib oyuqlar açır, bu yuvacıqların içərisinə adam sayına görə yumurta qırırlar. Ağzını örtüb təxminən 2 saatlıq dəmə qoyurlar. Aş dəm alandan sonra buludlara çəkib yanında ərimiş yağ və camış qatığı ilə süfrəyə verirlər.

Qazandan çıxan bişmiş yumurtalar kirpiyə bənzəyir. Düyü ayrı, yumurta-qazmaq ayrı, əti ayrı qablarda qoyurlar. Yumurta və şüyüdlü düyünü qatıqla qarışdırıb yemək adətdir, istəyə görə dəyişir. Bu, bərdəlilərin şah yeməyi sayılır.

Quzu dəmləməsi

Quzu kəsildikdən sonra dərisi bütöv çıxarılır. Əti 100-150 qr ölçüdə doğranır. Duz, istiot, kəklikotu və reyhanla ovuşdurulur. Sonra yenidən dərisinə təpilir. Ağzı bağlanır. Yerdən çala qazılır. Quzu həmin yerə qoyulub, üstü torpaqla örtülür. Üzərində oçaq qalanır. Qalanan ocağın üstündə isə plov hazırlanır. Düyü süzülüb dəmlənənədək, quzu da dəmdə bişir. Süfrəyə sarımsaqlı qatıqla servis edilir.

[justified_image_grid facebook_id=2222665901206802 facebook_album=2343654322441292]

Qarabağ

Qarabağ şikəstəsi: Əzizinəm Qarabağ Şəki, Şirvan, Qarabağ Aləm cənnətə dönsə Yaddan çıxmaz Qarabağ Şikəstə nədir? Aşıq musiqisinin bir janrı, lirik, şikayət, həsrət

Ətraflı »

Zəngilan

1992-ci il 10 dekabr Ermənistanla 15 km-lik sərhəd xəttini pozaraq erməni silahlıları sərhəddəki Seyidlər, Qazançı, Ağkənd, Günqışlaq kəndlərinə qəflətən hücum etdilər. Ardından

Ətraflı »
istanbul

Əfsanəvi İstanbul

İstanbul öz gözəçarpan təbii gözəlliyi, tarixi abidələri və bu iki meyyarı özündə mükəmməl şəkildə birləşdirə bilən çox əhəmiyyətli və məşhur metropolisdir. Qədim

Ətraflı »