Beyləqan

Beyləqan

Bakı – Beyləqan arası məsafə 265 km-dir. Kür və Araz çayları rayon ərazisindən keçir. Mil düzündə Kür sahili ilə İran gömrük məntəqəsi arasında yerləşir. Cənubdan İranla həmsərhəddir. 1939 –cu ildə təşkil edilən rayon 1989 – cu ilə qədər Jdanov adlandırılıb. Həmin ildən şəhərin tarixi adı özünə qaytarılıb. Muğanın qədim yaşayış məntəqələrindəndir. Buranın çox məşhur iki abidəsi var: Örənqala və Cərcis peyğəmbər piri. Bunlar haqqında danışmaqla rayonun keçmişi ilə bağlı məlumat toplamaq olar.

Beyləqan yolu

Xalq arasında “Bel yolu” da deyilir. Mil düzündə şimal – cənub istiqamətində uzanır və Bərdə – Ərdəbil karvan yoluna tamamilə uyğun gəlir. Bu da o deməkdir ki, Beyləqanın vaxtilə yerləşdiyi yeri müəyyən etmək üçün Bərdə – Ərdəbil arasındakı “Beyləqan yolu”nun izinə düşmək lazımdır. Mil düzündə indiki Beyləqanın adı orta əsr yerli mənbələrdə “Bilqan” yaxud “Millər” kimi göstərilir. Balasakan, Balakun kimi adlara da rast gəlinir.

Mil düzü

Yerli əhali arasında “Harami düzü” kimi tanınır. Bu da Milin əsasən susuz ərazilərini nəzərdə tutur. Harami düzü baş soğanı ilə məşhurdur. Adını XI – XIII əsrlərə aid məşhur Mil minarəsindən götürən düzdə yaşayış çox qədimlərdən başlayıb. Arxeoloqlara görə bu tarix 6000 il əvvələ aiddir.

Toponim

Mil düzündəki Paytakaran şəhərinin adından törədiyi güman edilir. Mənasını aydınlaşdırarkən ortaya müxtəlif izahlar çıxır. Tarixdən məlumdur ki, Paytakaran Atropatena dövlətinin şimalda – Arranda yerləşən ən mühüm şəhəri idi. Odur ki, bu sözü “Paytaxt – e Arran” – Arranın paytaxtı kimi mənalandırmaq daha ağlabatandır. Arranda Beyləqandan əvvəl mövcud olmuş ən möhtəşəm şəhər Paytakaranın izləri Təzəkənd yaşayış yerində indiyədək durur.

Beyləqan tarixi

Şəhərin tarixi V – VI əsrlərdən başlayır. Bu haqda ilk məlumatı verən ibn Xordabeh yazır ki, Beyləqanı Sasani padşahı I Qubad (488 – 496) salıb və ətrafına kərpicdən hasar çəkdirib. Arran şəhərləri içərisində monqol dağıntılarının ilk və güclü zərbəsi Beyləqan şəhərinə dəyib. Cebe və Sabutayın başçılığı altında 30 minlik işğalçı monqol ordusu şəhəri mühasirəyə alır. Şəhərin nümayəndələri danışığa getmək istəsələr də, monqollar elçiləri öldürür, köçərilik üçün daha lazımlı və daşınması asan olan əşyaları toplayır, camaatı qılıncdan keçirib hər tərəfi talan etdikdən sonra da şəhəri yandırırlar. Deyilənlərə görə, şəhər əhalisinin çoxu bu hadisədən sonra buradan qaçıb və bir daha geri qayıtmayıb. Bir – birini əvəz edən dağıntılardan sonra Beyləqan ağır tənəzzülə uğrayır. Nəsəvinin verdiyi məlumata görə, 1227 – ci ildə Xarəzmşah Cəlaləddin İraqdan Ərdəbilə və Beyləqana səfər edən zaman bu şəhərləri bərpasını çətin və hətta mümkün olmadığı dərəcədə dağılmış vəziyyətdə görür. Monqol dağıntılarından sonra şəhərdə sənətkarlıq da birdən – birə dayanıb. Qazıntılar zamanı aşkar olunan bir təbəqəyə arxeoloqlar “lal təbəqə” adını veriblər. Bu da o deməkdir ki, Beyləqan bir şəhər kimi getdikcə tarix səhnəsindən silinir. Bunun ilk əlaməti olaraq XIII əsrin 20-ci illərindən sonra şəhərdə nəinki həyat olmayıb, əksinə o, tamamilə qəbiristanlığa çevrilib. Şərafəddin Yəzdinin verdiyi məlumata görə, 1403 – cü ildə Teymurləng Beyləqanda olan zaman şəhər elə xaraba halında idi ki, “nə onun tikintilərindən bir əsər, nə də qurd – quşdan başqa orada bir kimsə vardı.” Bununla belə Əmir Teymur həmin ilin qış fəslində ordunun bekar olmasından faydalanaraq şəhəri yenidən tikdirmək fikrinə düşür və xeyli iş görür.

Örənqala (V əsr)

Kəbirli kəndi yaxınlığındadır. 14 ha sahəni əhatə edən bu kiçik şəhər yeri indiyədək durur. XVI əsrdə rus coğrafiyaşünaslarının tərtib etdiyi xəritədə Beyləqan adı yerinə “Uren” yazılır – yəni Örən. Qala divarlarının hündürlüyü 6 metrə yaxındır. Qədim Gavurarx suvarma kanalı və Mil minarənin xarabalıqları bu günə qədər gəlib çıxıb. Örənqala xarabalığında ilk araşdırma işləri 1955 – ci ildə aparılıb.

Həzrəti Cərciz Peyğəmbər piri
(XVII – XVIII əsrlər)

Beyləqanın ən məşhur tarixi – dini abidəsidir. Ölkənin hər yerindən, eləcə də Gürcüstan və Dağıstandan bura çox sayda insan ibadət və niyyət etməyə gəlir. Bu gün Azərbaycanın yeganə peyğəmbər qəbri Beyləqandadır. Qafqazın ən böyük ziyarətgahlarındandır. Türbənin girəcəyindəki zəncirə niyyət edənlər yaylıq atır, niyyətləri qəbul olarsa, yaylıq qarmağa ilişib qalır.

Cərcis peyğəmbər

Peyğəmbərlər içərisində ən səbrli kimi tanınıb. IV əsrdə bütpərəstliyə qarşı mübarizə aparıb. Dövrün hökmdarları tərəfindən dəfələrlə ölümə məhkum edilsə də, Allahın istəyi və qüdrətilə yenidən həyata qaytarılıb. Bizim eranın 313-cü ilində Romada anadan olub. Fələstində yaşayıb. 16 yaşında peyğəmbərlik verilib. 392 – ci ildə təkallahlılığı qəbul etdikdən sonra gördüyü bütün təqib, işgəncə və təzyiqlərə baxmayaraq həyatının sonuna qədər yolundan dönməyib. Öz dinini təbliğ etmək və kafirlərdən qaçmaq üçün Azərbaycana gəlir. Burada da bir neçə dəfə fiziki şiddətə məruz qalır. Bir dəfə onu dərin quyuya atıb üstünə də daş qoyurlar. Peyğəmbər artıq canını alması üçün Allaha dua edir. Onun məqbərəsini ilk dəfə 1905-07-ci illərdə usta Həsən Təbrizi tikdirir.

[justified_image_grid facebook_id=2222665901206802 facebook_album=2338317252974999]