Biləsuvar

Əslində burada diqqət çəkəcək hər hansı tarixi – təbii abidələrdən danışmaq yersiz olardı. Salyan – Biləsuvar yolu, özəlliklə Şorsulu deyə bilinən şoran, bitkisiz, çöllük ərazi yayda çox isti, soyuq aylarda isə yaranan göllərdə mövsümi quşlarla dolu olur. Bunlar belə bu cansıxıcı yolçuluğu əyləncəli etmir. Rayonun düz mərkəzindəki A.S.Puşkinin heykəli indiyədək durur. Vaxtilə buraya köçürülmüş rusların yerləşdiyi qəsəbəyə dahi rus şairinin adı verilib. Rayon kimi təşkil edildikdən sonra da adı dəyişdirilərək Puşkin qoyulur. Sovet dönəmində yol verilmiş tarixi səhv Azərbaycan müstəqillik qazandıqdan sonra, 1991-ci ildə düzəldilir. Cənubun bu sakit – səssiz məntəqəsində gəzilib – görüləsi yerlər azdır.

Arayış

Bakı – Biləsuvar arası məsafə 180 km-dir. 1930-cu ildə təşkil edilib. 1938-ci ildə Cəlilabad rayonu ilə birləşdirilib, 1964- cü ildə yenidən müstəqil rayon elan edilib. Muğan düzünün cənub – qərb və cənub hissəsini tutan Biləsuvar qərbdə İranla 64 km məsafədə həmsərhəddir. Araz çayının iki yerə böldüyü və yarısı şimalda, yarısı cənubda qalan 3 rayondan biridir. Beynəlxalq gömrük keçid məntəqəsi burada yerləşir.

Biləsuvar Bolqar çay

Tarixən bir neçə cür adlandırılıb. Şənbəçay, Qələbəçay, Şirinsu və sair. Rəsmi xəritələrdə həmişə Bolqar çay kimi göstərilib. Türk tayfalarının adı ilə bağlıdır. Çayın üzərində “Ağdam” qalalarının qalıqları indiyədək gəlib çatıb. Teymurləngin 1395 – ci ildə Kür çayını keçəndən sonra bu qalaların yanında dayandığından bəhs edirlər.

1992 – ci ildə Bəydili kənd sakini Ağarəhim Teymurlu qədim şəhərin yerləşdiyi güman edilən ərazinin yaxınlığında taxıl zəmisindən böyük bir dəfinə tapır. Müxtəlif insanların əlinə keçən sikkələrin çoxu dağılsa da Sasani hökmdarlarının III – VII əsrə aid kəsilmiş 351 gümüş sikkəsi Azərbaycan Tarix muzeyinə qədər gedib çıxır.

Biləsuvar tarixi

Azərbaycanda şəhər tipli orta əsr yaşayış məntəqəsidir. Tarixçi – yazar Həmdullah Qəzvini(XII əsr) bildirir ki, bu şəhəri X əsrdə əmir Piləsuvar saldırıb və şəhər də onun şərəfinə belə adlandırılıb. XIV əsrdə feodal çəkişmələri zamanı tənəzzül edib. Əslində bəzi tədqiqatçılar Biləsuvarın X əsrdə tikdirilməsini həqiqətə uyğun hesab etmirlər, çünki onların fikrinə görə ərazidəki tarixi abidələrdən əldə edilmiş qədim mədəniyyət nümunələri bu faktı inkar edir. Şəhərin ən az V əsrdə inşa edildiyi məlumdur. İlk orta əsrlərdə Muğan düzü – Biləsuvar – Ağdam qədim insanın yaşaması üçün çox münasib yer olub. Çünki mülayim təbii – coğrafi iqlim, çaykənarı, bol içməli sulu bulaqlar, zəngin fauna – insanların burada tarixin erkən dönəmlərində məskunlaşmasına səbəb olub. Azərbaycan 1828 – ci il Türkmənçay müqaviləsinə görə 2 yerə bölünəndən sonra şəhərin rus imperiaysı daxilində qalan hissəsi dağıdıldı. 1914-cü ildə cənub hüdudlarını bərpa edən bolşeviklər onu keçilməz edəndən sonra bölgə əhalisinin İranda qalan qohumları ilə əlaqəsi kəsildi.

Tarixi abidələr

Şəhriyar qalası, Ağdam qülləsi, Torağay və Nərgiz təpələri rayonun ən məşhur kurqan və tarixi abidələridir. Ancaq adı çəkilən yerlərə gedincə boş ərazidən başqa bir şey görmək mümkün deyil. Çünki bunlar torpaq qala tipinə məxsusdur. Daşdan yox, torpaqdan inşa edildiyi üçün özlərindən demək olar əsər – əlamət qalmasa da, yerləri və kiçik izləri hələ də durur. Digər qismləri isə torpaq altında qalıb və hər hansı bir arxeoloji araşdırma aparılmadığından gözlə görüləcək bir obyekt hələlik yoxdur. Biləsuvar tarixi Muğan torpaqlarının tərkib hissəsi sayılır.

Muğan

Yusif Vəzir Çəmənzəminli “Tarixi, coğrafi və iqtisadi Azərbaycan” kitabında yazır:

“Muğan yaxud Muqan Muğan bin Yasəfin adı ilə bağlı olması haqqında rəvayətlər var. Hal – hazırda Muğan Azərbaycanın şərq cəhətində, Bakı dənizi yaxınlığındadır. Şəhərlərindən biri Bacrəvan imiş. Venetsiyalı Marino Sanuto miladın 320 sənə tarixində tərtib etdiyi xəritəsində Muğan haqqında yazarkən tatarlar qışlayan Muğan səhrası deyə bəhs edirdi…Qubad şah zamanı Muğana sular çıxarılıb, abad olunub. O zamandan qalan “Kafər arxı”ndan Çingiz xan zamanına qədər istifadə edilib. Monqol hücumları, Muğanın mədəni həyatını söndürüb. 1288 – 1290 – cı illərdə Qızıl Orda qoşunlarının Azərbaycana hücumları zamanı Elxani hökmdarı Arqun xanın (1282-1291) hərbi düşərgəsi burada olub. Bir müddət sonra, Teymurləng yürüşləri zamanı qədim arxları bərpa etdirilir və bu sayədə səhranın həyatı təkrar canlanır. Nadir şah zamanına qədər abadlıq işləri davam etsə də XIV əsrdə feodal çəkişmələri nəticəsində tənəzzül edən Biləsuvar kiçik yaşayış məskəninə çevrilir. 1828 tarixində Türkmənçay sülhü ilə Muğan Rusiyaya ilhaq olunur. Məmləkətin hüdudlarında rus əksəriyyətini təmin etmək məsələsi rus təşəbbüsü ilə Muğan səhrasında yollar açır. Çar höküməti Muğan səhrasını tədricən sulandırır, içəri Rusiyadan mühacirlər gətirib yerləşdirməyə çalışır. Gözəl pambıq məhsulatı verən Muğanda az bir zamanda bir çox rus kəndləri inşa olunur.”

Toponim

Ehtimal edilir ki, biyər və suvar adlı iki qəbilənin cəmləşib düşmən qarşısında qəhrəmanlıqla vuruşduğu yer olub. Sonradan həmin qəbilələrin adlarının birləşdiyi yolu əraziyə ad olaraq veriblər. Belə bir izah da verirlər ki, atlı əsgərlərin və çaparların keçid yeridir. Tədqiqatçı K.Qan toponimin “belə” “su” “var” sözlərindən yarandığını irəli sürən fikrini dəstəkləyən tədqiqatçılara görə toponim farsca bala – uca, suvar – atlı, ərəbcə bela – bədbəxtlik, farsca atlı sözlərindən yaranıb. Toponim sabir, sibir sözlərinin etnonimidir. Bilmək isə qədim insanlardan olan suvarın ilk həyat anlamlarındandır. Bu gün də Muğanda hər hansı bir iş başlamazdan əvvəl oranı bəlləyər, yəni öyrənər, bilərlər. Qədim türk suvar yurd seçəndə həmin yeri, ərazini yaxşıca biləndən sonra məskunlaşardı. Türk yurdunu adətən öz adı ilə adlandırardı. Biləsuvar suvar eli, suvar yurdu mənasına gəlir.

[justified_image_grid facebook_id=2222665901206802 facebook_album=2338135369659854]