AZAL dörd ədəd “Boeing” alır – 918 milyon dollara

Bu gün “Azərbaycan Hava Yolları” QSC (AZAL) Paris aviasalonunda təxminən 918 mln. dollar həcmində qiymətləndirilən dörd “Boeing 787-8 Dreamliner” təyyarəsi almaq niyyətini elan edib.

AZAL-ın mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, təyyarələrin sifarişi və tədarük tarixləri barədə məlumat tamamilə təsdiqləndikdən sonra “Boeing” korporasiyasının rəsmi saytında yerləşdiriləcək.

“Yeni “787-Dreamliner” təyyarələrinin sifarişi barədə qərar AZAL-a gələcək inkişaf üçün böyük imkanlar açır. Biz MDB məkanında aparıcı aviadaşıyıcılardan biri olaraq, müasir “Boeing 787″ təyyarələrinin bizə təqdim etdiyi imkanlar sayəsində marşrut şəbəkəmizin genişləndirilməsini səbirsizliklə gözləyirik”, – dövlət konserninin prezidenti Cahangir Əsgərov bildirib.

“Boeing” korporasiyasının Yaxın Şərq, Türkiyə, Rusiya və Mərkəzi Asiyada satış məsələləri üzrə vitse-prezidenti Marti Bentrott isə bildirib ki, bugünkü saziş AZAL ilə tərəfdaşlıqda yeni səhifə açır: “Biz əminik ki, bazarda lider olan “Boeing 787-8 Dreamliner” sərnişin təyyarələrinin səmərəliliyi və rahatlığı AZAL-ın aviaparkının müasirləşdirilməsi planlarına müvəffəqiyyətlə kömək edəcək”.

AZAL böyük aviadaşıyıcı və MDB ölkələrinin aviasiya icmasının liderlərindən biridir. Aviaşirkətin ümumi marşrut şəbəkəsi 25 ölkədə 40 istiqamətdən ibarətdir. 2016-cı ildə “Azərbaycan Hava Yolları” 2 milyondan çox sərnişin daşıyıb.

AZAL 25 hava gəmisindən ibarət ən yeni təyyarə parkına malikdir. Hazırda aviaşirkətin donanmasına iki “Boeing 787-Dreamliner” təyyarəsi, həmçinin “Boeing 767” və “Boeing 757” təyyarələri daxildir.

Ən ucuz Azal aviabiletlərini saytımızın aviabiletlər bölümündən ala bilərsiniz.

lent.az

SHARE
Şərh et