Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün elektron xidmətlər

Məlum olduğu kimi, Azərbaycan Respublikasında 10 gündən az müvəqqəti qalmaq istəyən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər bu müddət ərzində olkədə qeydiyyatsız yaşaya bilərlər. Qeydiyyata düşməyin vacib olduğu son müddəti öyrənmək üçün isə Dövlət Miqrasiya Xidmətinin saytına müraciət etməklə kalkulyatordan istifadə edə bilərsiniz. Bunun üçün açılan səhifədə ölkəyə giriş tarixini (ayı və günü) qeyd edib, hesabla düyməsini sıxmaqla son qeydiyyat tarixi ekranda görünür.

Əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında 10 gündən artıq müvəqqəti qalmaq istədiyi təqdirdə olduğu yer üzrə qeydiyyata düşməsi mütləqdir.
Diqqət! Olduğu yer və yaşayış yeri üzrə qeydiyyat qaydalarına əməl edilməməsinə (həmçinin qeydiyyata alındığı ünvanda yaşamamasına) görə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 575.1.5-ci maddəsinə, onların vaxtında olduğu yer üzrə qeydiyyata alınması və qeydiyyatdan çıxarılması üçün tədbirlər görülməməsinə görə isə əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə yaşayış sahəsi vermiş Azərbaycan Respublikası vətəndaşları və ya Azərbaycan Respublikasında yaşayan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 577-ci maddəsinə əsasən məsuliyyət daşıyırlar.
Bu proses Dövlət Miqrasiya Xidmətinin təqdim etdiyi “Olduğu yer üzrə qeydiyyata alınması üçün müraciətin və sənədin qəbulu” adlı elektron xidmət vasitəsi ilə heç yerə getmədən daha asan həyata keçirilir.
Qeyd olunan elektron xidmətdən həm Dövlət Miqrasiya Xidmətinin saytına, həm də “Elektron hökumət” portalınamüraciət etməklə yararlanmaq olar.