Qax

Qax

Acınohur gölü ətrafında salınmış bu kiçik rayonda ovçuluq və balıqçılıq üçün geniş şərait var. Qanıq – Əyriçay vadisindəki düzənliklər və dağətəyi yerlər əsas ovçuluq zonalarıdır. Meyvələri ilə məşhur Qaxda müxtəlif ölçülü, rəngli, sulu və şirin bir neçə növ armud yetişdirilir. Xüsusilə düşes armudlar çox sevilir. Ondan hazırlanan qazlı limonadlar hər zaman süfrədə tapılır. Meyvə bol olduğu üçün müxtəlif kompot və mürəbbələrdən başqa, xarab olmamaları üçün onları həm də qurudub saxlayırlar. Yemək süfrəsində şərbət, gül suyu, əzgil suyu, üzüm şirəsi və sair kimi iştah açıcı və müalicə əhəmiyyətli içkilər olur. Bunların içərisində baldan hazırlanan şərbətin yeri başqadır. Süskən kəndi yaxınlığında meşə ilə əhatələnmiş dağın ətəyindən süzülüb gələn təbii mineral su son illərdə ölkədə Qax suyu brendi kimi sürətlə populyarlıq qazanıb.

Arayış

Bakı – Qax arası məsafə 409 km-dir. Yevlax dəmiryolu stansiyasından 116 km məsafədədir. Dəniz səviyyəsindən 500 metr yüksəklikdə, Kürmük dağ çayının sağ sahilində, Şəki – Zaqatala şose yolunun kənarında yerləşir. Azərbaycanın şimal – qərbindəki Qax Gürcüstan və Dağıstanla həmsərhəddir. Ərazidən Kürmük, Qaşqaçay, Əyriçay çayları axır. Cənubda quru subtropik, mərkəzdə qismən isti, qismən rütubətli subtropik, yüksək dağlarda isə soyuq iqlim müşahidə olunur. Baş Qafqaz silsiləsinin yamacları dik və sıldırımdır. Ən yüksək zirvə 3480 metrlik Ahvay dağıdır. Rayon kimi 1930 – cu ildə təşkil edilib.
Kürmükçay vadisi

Qax tarixi abidələri

Qaxda 60 – dan çox dünya və ölkə əhəmiyyətli tarixi abidə qeydə alınıb. Əksəriyyəti ətraf kəndlərdə yerləşir. Ərazidə aşkar edilmiş arxeoloji abidələr, kurqanlar burada Tunc dövründə məskunlaşmanın olduğundan xəbər verir. Rayon mərkəzindəki Qala divarları (XVI əsr), Cümə məscidi (XIX əsr), Alaverdi kilsəsini (1884) gördükdən sonra Zaqafqaziyadakı ən qədim, ən böyük və ən tanınmış abidə – ziyarətgaha getmək məsləhətdir.

Kürmük məbədi (V əsr)

Qaxın ən yüksək təpələrindən birində yerləşir. Dağlıq ərazidə meşəliyin içərisi ilə abidənin bir neçə yüz metrliyinədək maşınla getmək mümkündür. Sonra bir az piyada getmək lazımdır. Ərazi bol meyvə bağları ilə zəngindir. Abidənin olduğu yerdən ətrafa mükəmməl mənzərə açılır. Məbəd adını eyniadlı çaydan alıb. Kürmük sözünün mənası bu cür yozulur: kür – dəli, şıltaq, ərköyün (kaprisli), muq isə türk – hun tayfalarından birinin adıdır.

XIX əsrdən etibarən Müqəddəs Georgi kilsəsi kimi də tanınır. Buraya Gürcüstandan ziyarətə gəlirlər. Aprel və noyabr ayları ziyarət vaxtıdır. Müsəlman və xristian əhalinin birlikdə ziyarət və ibadət etdiyi nadir yerlərdəndir. Hər ziyarətdən sonra mütləq qurban kəsilir. Maraqlı olan fakt, xristian zəvvarların burada qurbanlıq olaraq donuz kəsməməsidir. Əslində Kürmük ilkin orta əsrlərdə inşa edilmiş Qaxdakı ən qədim Alban məbədlərindəndir. Xristianlıqdan əvvəlki dönəmlərdə Albanların aya sitayiş məbədlərindən olduğu və Ay ilahəsi şərəfinə tikildiyi bildirilir.

Strabon (e.ə.64 -cü il)

Albanların həyat tərzini geniş təsvir edərək onların Helios (günəş), Zevs (göy) Allahlarına və Spena (Ay) ilahəsinə sitayiş etdiklərini yazıb. Bu cəhətdən o dövrdəki məbədlərin çoxu məhz Ay ilahəsinin şərəfinə tikilib. VI – VII əsrlərdə Albaniyada digər kilsələrdən heç bir asılılığı olmayan, digər heç bir dini mərkəz tərəfindən idarə olunmayan müstəqil kilsənin fəaliyyəti də həmin dövrdə ölkədə xristianlığın güc və nüfuzunu artırıb. Albaniyanın şimal – qərbində yerləşən Qax ərazisindəki Alban məbədləri haqqında ilk yazılı məlumat 1898 – ci ildə verilib.

Toponim

Qax deyən kimi hər kəsin ağlına ilk öncə meyvə qurusu gəlir. Çünki Azərbaycanda qurudulmuş meyvələrə qax deyirlər. Amma toponimin əslində meyvə qurusu ilə heç bir əlaqəsi yoxdur. Qax sözünün mənası qala, istehkam deməkdir. Bir digər versiyaya görə toponim vaxtilə burada məskunlaşmış qədim qaq tayfasının adı ilə bağlıdır. Son ehtimala görə isə söz iki kökdən ibarətdir: qa – yaşayış yeri, ax – çay. Qaax, yəni çay yaşayış yeri. Tədricən a hərfinin biri dildən düşüb. Akademik İqrar Əliyev “Midiya tarixi” əsərində Midiya və onun ətrafında yaşayan qeyri – iran mənşəli 24 tayfadan birinin Karx tayfası olduğunu bildirir. Dağlı tayfa olan karxlar geniş coğrafiyaya yayılıblar.

Qaxlılar

Qaxda 20 – yə yaxın xalqın nümayəndəsi yaşayır. Statistikaya baxanda hələ 1873 – cü ildə Qaxda 9 bəy, 23 saxur, 77 muğal (azərbaycanlı), 130 ingiloy ailəsi olmaqla cəmi 239 ailə yaşadığını görürük. Etnik azlıqların rəngarəng folkloru, adət – ənənəsi, məişətləri buranı digər yerlərdən fərqləndirir. Bu dəliqanlı insanlarla tanışlıq, ünsiyyət də maraqlıdır. Yüzillərdir bir arada yaşayan dağlı xalqlar XIX əsrin əvvəllərində başlayan rus işğalına qarşı, 25 il boyunca mübarizə apararaq imperiyaya boyun əyməyib, etiraz ediblər. Üsyan və müharibələrlə yadda qalan həmin dövrdən qalma çox xatirə Qaxda hələ də durur.

Tanqıt kəndi

Bu kiçik kənd vaxtilə burada yaşamış böyük türk nəsillərindən birinin adını daşıyır. Tarixi bilənlər Tanqıt kəndində mütləq ayaq saxlayırlar. Qax – Zaqatala yolunun üstündə, qocaman palıd meşəsinə gedən ensiz, dar bir cığır var. Bu cığırın sonunda Şeyx Şamilin naibi Hacı Muradın məzarı yerləşir. Məzarın üzərindəki daşın üstündə ərəb dilində bu sözlər yazılıb: “Burada böyük cəfakeş, avar Hacı Murad Xınzaklı dəfn edilib.” Əfsanəvi Hacı Muradın qəbri Tanqıtdakı tarixi qəbiristanlıqdadır.

XIX əsrin əvvəllərində Dağıstanda dünyaya gəlib. Avar xalqının lideri rus qüvvələrinə saysız – hesabsız hücumlar təşkil edərək qısa zamanda İmam Şamilin ən cəsur və müvəffəqiyyətli naibi kimi ad çıxarıb. Dəfələrlə Çar höküməti ona qarşı sui – qəsd düzənləsə də sağ qalmağı bacarıb. Bir dəfə çarın özəl dəvəti ilə Tiflisə gedib, burada həbs edilib, həbsxanaya gedərkəın yolda özünü yüksək uçurumdan ataraq qaçıb. Topal qaldığı bu hadisədən sonra Şeyx Şamillə birləşərək çarın qorxulu röyasına çevrilib. Hacı Muradın gözlərindən gah şimşək çaxır, gah da gözlər elə bil qan çanağına dönürdü. Onun misilsiz cəngavərliyi ilə yanaşı, həm də ağır vəziyyətdən çıxmaq məharəti daim köməyə gəlirdi. İgid, cəld, cəsur və qorx-maz adamın qəhrəmanlığı dillərə dastan olub. Onu qısqananlar Şeyx Şamillə aralarını vurmağa başlayıb və hətta buna nail olublar. 1850 – ci ilin oktyabrında Hacı Murad öz süvari dəstəsi ilə Qax ərazisinə girir. Lakin rus hərbi hissələri ona qarşı çıxış etməyə çəkinirlər. 1851- ci ildə sirri indiyə qədər bilinməyən bir səbəblə birdən – birə rusların tərəfinə keçib. Bu hadisə bəzilərinə görə İmam Şamil ilə bərabər qurduqları planın bir parçası, digərlərinə görə isə Şamil ilə münasibətlərinin pozulmasının nəticəsi idi. Rus əsarətinə düşən Hacı Murad Şəkidə göz dustağı kimi saxlanır. 1852 – ci il aprelin 23- də əsgərlərin müşayiəti ilə ova çıxan Hacı Murad bir nəfərdən başqa bütün əsgərləri öldürərək Qax istiqamətində qaçmağa başlayır. Sağ qalan əsgərin məlumatı ilə hərəkətə keçən ruslar onu Qaxın Tanqıt kəndi ərazisində mühasirəyə alırlar. Burada baş tutan qeyri – bərabər döyüşdə Hacı Murad adına yaraşan şəkildə vuruşaraq həlak olur. Çar I Nikolayın əmri ilə başı kəsilir və mumiyalanır. Nuxa qalasının komendantı Korqanov Hacı Muradın kəsilmiş başını şəxsən Tiflisə aparıb Vorontsova təhvil verir. O da Sankt Peterburqa yollayır. Deyilənlərə görə, ordu hissələrində nümayiş etdirilən Hacı Muradın kəlləsi indiyədək Sankt Peterburq Hərbi Akademiyasının muzeyində saxlanır. Hacı Murad haqqında yüzlərlə rəvayət və dastan yazılıb. Dahi rus yazıçısı Lev Tolstoy 1896 – cı ildə qələmə aldığı “Hacı Murad” pyesini ona həsr edib.

Son illərdə Türkiyəli bir sıra tarixçilər Qaxın başqa bir kəndində yerləşən qəbiristanlığı tez – tez ziyarət edirlər. Onları buraya gətirən səbəb məşhur türk filosof – şairi Yunus Əmrənin (1240 – 1320) burada olduğu iddia edilən məzarıdır.

Cümə məscidi

Oncallı kəndi

Bu kənddəki qədim Oğuz qəbiris-tanlığında türk poeziyasının klassiki Yunus Emreyə istinad edilən qəbir – abidə var. Bura ziyarətgahdır. 700 il əvvəl vəfat etmiş Yunus Emrenin müxtəlif ölkələrdəki 7 qəbrindən birinin burada ola biləcəyi güman edilir. Türkiyədə isə Yunus Emreye aid 22 ayrı yerdə məzar var. Bunlardan hansının dəqiq olduğu bilinmir. Digər yerlərdən fərqli olaraq Oncallıdakı qəbirstanlıqda şair müridi Hacı Tapdıqla eyni yerdə dəfn edilib. Onların bu ərazilərə gəlmə missiyaları burada yaşayan qıpçaqları islam dininə yönəltmək olub. Allah sevgisini təlqin edən, sufi təriqətinin davamçısı şair bütün Anadolunu, Azərbaycan və İranı gəzib.

Qıpçaqlar

Qədim türk tayfasıdır. İlkin vətənləri Altaydır. VIII əsrdə xəzərlərin tərkibində Qafqaza gəliblər. Qıpçaqlar Qax rayonu ərazisində məskunlaşmış ən qədim türk tayfalarındandır. Burada qıpçaq adını daşıyan çay və məkanlar var. Qıpçaq kəndindən bir qədər aralı keçən qədim karvan yolunun üstündəki Oğuz qəbirstanlığı yerləşir.

Nizami yurdu

Qaxın Qum kəndi bu adla tanınır. Söhbət Azərbaycan klassik ədəbiyyatının dahisi Nizami Gəncəvidən (XII əsr) gedir. Nizaminin həyatı və yaradıcılığı ilə bağlı xalq arasında yayılmış rəvayətlər çoxdur. Eləcə də yer adları geniş yayılıb. Belə nəql edirlər ki, Nizami Böyük Qafqaz dağlarını gəzəndə, Qumdakı bir yüksəklikdən Kəpəz dağını seyr edərmiş. Bunu bilən Atabəy hökmdarı Qızıl Arslan bu kəndi sevimli şairinə bağışlayır. Hətta onu kənddən Ağca adlı bir qızla evləndirir. Şairə çox ehtiram edən Ağcanın qohumları onunçün Qumda qala – qəsr tikdirirlər. Deyilənlərə görə, Nizami Gəncəvi arvadı Ağca xanım ilə yay aylarında buralara gəlib dincəlirmiş. Amma şairin xoşbəxtliyi uzun çəkmir. Ağcanın vaxtsız ölümündən sonra Nizaminin bu yerlərdən əli – ayağı kəsilir. Qızıl Arslanın ona bağışladığı Qumdakı qala da sahibsiz qalır.

Qum kəndi

Qıpçaq tayfalarının bir qolu ilə bağlıdır. Hələ II əsrdə Qıpçağın adı xatırlanır. Akademik Ziya Bünyadov “Azərbaycan Atabəyləri dövləti” kitabında Nizaminin arvadı Afaqın Qum kəndindəki qıpçaqlardan olması fikrini irəli sürür. Azərbaycanın ən qədim kəndlərindəndir. Ərazidəki bir neçə tarixi abidənin olması buna əyani sübutdur. Qum mərkəzdən 8 km aralıda, Baş Qafqaz silsiləsinin ətəyində, dəniz səviyyəsindən 700 metr yüksəklikdə yerləşir. Kənd ərazisindən Ərdəva dağ çayı axır. Dağ ətəkləri sıx meşə ilə əhatə olunub. Meşələrdə əzgil, alça, zoğal, meşə alması, meşə armudu ağaclarından ibarətdir. Kənddə cəmi 200 ev var. Qafqaz Albaniyası dövrünə aid tarixi abidələrlə zəngin olan kənd kənarında çox da böyük olmayan qədim Alban məbədi var. Bir vaxtlar məhəllə kilsəsi kimi fəaliyyət göstərib.

Bazilika (V əsr)

Çox möhtəşəm tikilidir. Görənləri özünə heyran buraxır. Qum Alban məbədi, Hun məbədi kimi məşhurdur. Uzunluğu 25 metr, eni 20 metrdir. Dörd tərəfdən eyvanla əhatə olunmuş bazilikanın üç zalı var. Bunlar qurbangah və ibadət otaqlarıdır. Dağılmış vəziyyətdəki abidə ağaclıq və kolluqlar içərisində qalıb. İri daş sütunları və tağları çox incəliklə və zövqlə işlənib. Alban tarixçilərinin məlumatına görə, eramızın əvvəllərində xristian dinini yaymağa gələn fələstinli missioner Patrik Yelisey, Qomenk adlı yerdə (indiki Qum kəndi ərazisində) şəhid olub. Sonralar Qafqaz Albaniyasının hakimi III Vaçaqan həmin yerdə məbəd tikilməsi haqqında sərəncam verib. Bu, Qum məbədinin tarixi ilə bağlı mövcud olan tək ehtimaldır.

Saxurlar

Qum sakinləri saxurlar çox qonaqpərvərdir. Bunlar Azərbaycandakı qədim dağlı xalqlardan biridir. Özlərini yixiy ya da yıxbı adlandırırlar. Tarixən onların məskunlaşdığı məkanlar Kür – Alazan çayları vadisi və Samur çayının yuxarı hissəsidir. Saxurların həmin ərazilərdə yerləşməsi barədə XIX əsrə aid tarixi məlumat və xalq rəvayətləri mövcuddur. Alban tayfalarından olan saxurların yayılma arealı Azərbaycan və Dağıstan torpaqlarıdır. Ümumi sayları 20 – 30 mindir. Dağıstan dillərinin ləzgi qrupuna daxil olan saxur dilində danışırlar. Maldarlıq, əkinçilik, toxuculuqla məşğuldurlar. Qafqaz Albaniyası dövlətinin inkişafında mühüm yer tutan saxurlar xristianlığı ilk qəbul edənlərdən olublar. Sonradan İslam dininə sitayiş etməyə başlayıblar. Qum sakinlərinin həyətlərində yetişdirdikləri izabella və amerikan üzüm növlərindən ev şəraitində hazırladıqları çaxır məşhurdur.

Ballı bulaq

Qumdan 5 km aralıda, Çinarlı kəndinə yaxın yerləşən bu kurort ərazi əsl turizm cənnətidir. Qaraçayın ətrafında, sıx meşənin içərisində gur sulu şəlalə axır və bir neçə mərtəbədən enərək töküldüyü yerlərdə suyun şiddətindən təbii vannalar əmələ gətirir. Yayda istidən ürəyi sıxılanlar burada çimir.

Sırt qalası (VIII əsr)

Qum kəndinin yuxarı başında yerləşir. Heyranedici mənzərəli yerdə, yüksək bir dağın təpəsində yerləşən qalaya dar cığır vasitəsilə çıxmaq olur. Sırt qalası haqqında ətraflı və dəqiq hər hansı məlumat yoxdur. Qalanın üstündən baxdığın zaman bütün ətraf kəndlər ovucunun içindəymiş kimi açıq görsənir. Gözətçi qalasına bənzəyir. Müdafiə məqsədilə tikildiyi ehtimal edilir.
Ləkit məscidi XVIII əsr

Ləkit kəndi

Deyirlər ki, bu kəndin 1600 illik tarixi var. Eyni adlı yaşayış məskənləri Azərbaycanda çoxdur. Bəziləri löküt sözündən götürüldyünü deyirlər. Löküt düyünün qeyri – dənəvər halında pörtlədilmişinə deyilir. Əslində toponim türkdilli tayfa birləşmələrinin adı ilə bağlıdır. Strabon qellərdən başqa leqlərin də Qafqaz dağlıları ilə birikdə yaşadığını göstərib. Urartu mənbələrində adı çəkilən liklər də həmin leklərdir. Rayon mərkəzindən 12 km-lik məsafədədir. Sıx meşə, dağ, çaylar və bulaqlar və qalalar kompleksi ilə zəngin olan Ləkit Qaxın ən mənzərəli mütləq görülməsi gərəkən kəndlərindən biridir. Fındıq bağları çoxluq təşkil edir. Hətta yerlilər buranın fındığının daha ləzzətli, iri ölçülü və keyfiyyətli olduğunu söyləyirlər. Kənd əhalisi müsəlmandır. Kənd mərkəzindəki məscid XVIII əsrdə, çaydaşı və əhəng məhlulundan inşa edilib. Vaxtilə məscid nəzdində mədrəsə fəaliyyət göstərib. Orada dərs deyən hocalar dünyalarını dəyişdikdən sonra məscid ərazisində dəfn ediliblər. Ləkitdə dünyaca məşhur iki tarixi abidə var. Biri kəndin yuxarı, digəri isə aşağı başındadır.

Alban məbədi (V əsr)

Kəndin kənarında, fındıq bağlarının əhatəsində yerləşir. Bizans memarlığı üslubunda tikilib. Ləkit məbədinin əsası xristianlıqdan əvvəl qoyulub. Al-ban inanclarına görə Tanrılardan birinin şərəfinə tikilib. Ləkit alban məbədi Qafqaz Albaniyasının ən önəmli tarixi abidələrindən biri hesab edilir. 1968 – ci ildə Ləkit – Kötüklü kəndlərində son tunc və ilk dəmir dövrü abidəsi aşkara çıxarılıb. Bu, müxtəlif bəzək əşyalarından ibarət dəfinədir. Bu tapıntılar burada e.ə. II minilliyin sonu I minilliyin əvvəllərində həyat olduğunu sübut edir. Ərazi e.ə. VIII əsrdə Skif çarlığına, e.ə. IV əsrdə Alban dövlətinə daxil olub. 1985 –ci ildə Ləkitdəki Alban məbədində və Qumdakı bazilikada arxeoloji tədqiqat işləri aparılıb və həmin abidələrin IV – VI yüzilliklərə aid olduğu müəyyən edilib. Memarlıq üslubuna görə Ləkit məbədinin Alban yepiskopluğuna daxil olduğunu ehtimal edirlər.

Qax 7 kilsə (V – VI əsrlər)

Abidənin üzərində “7 kilsə sövmənişini” yazılıb. Sövmənişin monastır, kilsə deməkdir. 7 kilsə monastırı 2 bazilika və 5 kiçik sövməədən ibarət olduğu üçün belə adlanıb. Ləkitdən Kötüklüyə gedən yolda, dağüstü meşənin içində, kəndin ən üst şimal nöqtəsində yerləşir. Abidənin çox yeri dağılıb. Ərazidə qurbangah, içərisində taxıl saxlanıldığı güman edilən böyük və qızıl saxlanılan kiçik küplər aşkar edilib. Yaxınlıqdakı dağda isə burada yaşayan rahiblərin təhlükə zamanı sığınıb müdafiə olunduqları qalaların izləri durur. Monastır kiçik, yığcam bir kəndi xatırladır. Vaxtilə burada yaşayan rahiblərin natural təsərrüfat həyatı keçirdikləri ehtimal edilir. Xristianlığın inkişaf etdiyi dönəmdə inşa edilən 7 kilsədə rahiblər yaşayıb, oxuyublar. Bu kompleks bölgədə yerləşən Qafqaz Albaniyası abidələrinin ən böyüyüdür. Monastırdan az aralıdakı geniş düzən ərazi Albantala adlanır. Buradan sıx meşənin içərisiylə dik yamacdan enərək Mamırlı şəlaləyə piyada getmək mümkündür.

Mamırlı şəlalə

Ləkit – Kötüklü kəndində, sıx meşənin dərinliyində yerləşir. Çox nadir şəlalədir. Qayalardan yüzillər boyu süzülərək axan su bunların üstündə sıx mamır bitməsinə səbəb olub. Bu mamırlar qayaları elə örtüb ki, sanki yaşıl xalça sərilib. O qədər sıx ağac bitib ki, əraziyə heç vaxt gün işığı düşmür və bura daim sərin olur. Şəlalə ətrafı piknik cənnətidir. Hər zaman yeyib – içənləri, piknikçiləri görmək olar. Ləkit və Kötüklü kəndinə gedən qonaqlar mütləq buraları gəzməyə çıxırlar. Qaxda gəzilib – görüləcək yerlər çoxdur.

Qaxingiloy kəndi

1897 – ci ildə əsası qoyulan kənd, mərkəzdən 2 km aralıda, super mənzərəsi, istiqanlı insanları ilə hamının ürəyini açan bir yerdir. Kənd mərkəzindəki kilsə XIX əsr tarixi abidəsidir. İngiloyların yaşadığı bu kənd adət – ənənəsi, məişəti ilə digər Azərbaycan kəndlərindən fərqlənir. Tarixən ingiloylar münbit suvarma torpaqlarına malik olan Alazan ətraflarında məskunlaşıblar. Geniş həyətyanı sahəsi olan evlər bir – birindən aralı salınıb. Bütün həyətlərdə kəhriz sistemi var. Burada puri – xaçapuri sexləri diqqəti çəkir. Qax – İngiloy kəndində iki ziyarətgah var. May və noyabr aylarında ziyarət dövrü sayılır. Pirlər gövdələri oyulmuş iki nəhəng ağacdan ibarətdir. Buralarda dua etmək, niyyət tutmaq, şam yandırmaq adəti var. Kəndin yuxarı başındakı mənzərəli dağa Uludağ deyirlər və kənd camaatı gələn qonaqlarını gəzmək, dincəlmək, piknik üçün oraya aparır. Təxminən 3 saatlıq bir dırmanışdan sonra möhtəşəm havası və mənzərəsi olan yüksəkliyi görməyə dəyər. Kempinq, trekinq, ekoturizm üçün ideal şərait var. Yol boyunca şəlalələr buraların gözəlliyinə başqa bir rəng qatır.

Puri – xaçapuri

Puri çörəyə deyirlər. Formasına və dadına görə çox fərqlidir. Uzunsov, türk pidələrinə bənzəyən bu çörəyin bir dənəsini bir oturumda yeyib bitirmək mümkündür. Xaçapuri isə pendirli çörəkdir. Qat-qatlı xəmirdən hazırlanan xaçapuri Zaqafqaziyada çox məşhur bişintidir. Xəmiri yayıb, içərisində sulquni pendiri qoyur və sonra da dördkünc formada qatlayırlar. Üzərini sulu fırça ilə fırçalayırlar ki, bişərkən çox qızarsın. Təxminən 20 dəqiqə sobada bişirirlər. Bişdikcə xamır qabararaq qalxır. Arada bir çöplə xəmirin üstünü deşirlər ki, içərisi də yaxşı bişsin. Bunlar ingiloy kənd süfrələrinin vazkeçilməz dadlarıdır.

İngiloy qonaqlığı

Saatlarla davam edir. Qonaqpərvər kənd camaatı yeyib – içməyi çox sevir. Süfrə arxasında mahnı oxumaq, manqal keyfi yaşamaq, kababı elə şişlərdə servis etmək, masaya mütləq pendir və puri qoymaq bu süfrə mədəniyyətinin əsas parçalarıdır. Qonaqlığın baş atributu olan çaxırdan danışmamaq olmaz.

Çaxır

Alban tayfaları ingiloylar arasında qədimdən bəri çaxır geniş yayılıb. Alazan vadisində qədim zamanlardan üzümçülüyün inkişafı çaxırçılıq üçün əlverişli zəmin olub. Arxeoloji qazıntılar zamanı bu ərazilərdə iri çaxır küpləri və diblərində qatranlaşmış çaxır qalıqları tapılıb. Xristian ingiloylar hər dəfə yeməkdən sonra “xəstələnməmək üçün mütləq çaxır içirlər.”
Xristian ingiloylar hər dəfə yeməkdən sonra “xəstələnməmək üçün mütləq çaxır içirlər.”

Bu zonada çaxırı demək olar hamı öz evində, əl üsulu ilə hazırlayır. Hər həyətdə çaxırlıq üzümlər yetişdirilir. Avqustun sonu, sentyabr ayında üzüm yetişir, toplanır, emal edilir və çiy çaxır dəymək üçün küplərə doldurulur. Bu küplər gildən hazırlanır və müxtəlif tutumlu olur. Ən kiçiyi 25 litr və ən böyüyü 100 litrədək olan küpləri torpağa basdırır, içərisinə şərabı doldurduqdan sonra ağzı möhkəm bağlanır ki, içinə hava dolmasın. Beləcə ən az 1 il bunları qapalı vəziyyətdə saxlayırlar. Evə əziz qonaq gələndə və yaxud başqa xüsusi səbəblərlə çaxır açılır. Küpün açılması xüsusi, izləməyə dəyər bir mərasimdir. Hamı həvəslə küpün olduğu yerə toplanır. Ev sahibi bel ilə qazıb küpün qapağını torpaqdan təmizləyir, ağzını açır və əlindəki qabla çaxırın üzündəki yığılmış maddəni atır və üstdən şərabı qarışdırır. Yanındakılar əllərində stəkan və puri-pendir-kababla həvəslə gözləyirlər. Ev sahibi çaxırı hamının stəkanına süzür və ilk tostlarını “xoş gəlmisiniz” deyərək qaldırırlar. Stəkan dibinədək boşaldılır, puri-pendir-kabab yeyilir və yalnız bundan sonra çaxır böyük sürahiyə doldurularaq süfrəyə qoyulur. Masada oturan hər kəs sıra ilə qalxaraq tost deyir: məclisdə iştirak edən və etməyən, ağla gələ biləcək hər kəsin və hər şeyin şərəfinə gözəl sözlər deyilir və qədəhlər boşaldılır. Bura ayıq girən buradan necə çıxdığını sonra xatırlamır. Açılmış küplər isə mütləq boşaldılmalıdır. Əks təqdirdə artıq hava udmuş şərab küpün içində qalıb sirkəyə dönə bilər.

“Kurumuxi”

Kürmükü də deyilə bilər. Qaxingiloy kəndinin məktəbli oğlanlardan ibarət folklor qrupu belə adlanır. Dağlı folklorunu yaşadırlar. Mahnı ritmləri, musiqi janrları, rəqs hərəkətləri, “Cilveloy” və “Atabarı” kimi mahnılar Türkiyənin Qaradəniz bölgəsindəki folklora bənzərliyi ilə diqqəti çəkir. Uşaqlar oynadıqca, oxuduqca bir yerdə durmaq olmur, insanın bütün bədən əzələləri qeyri – ixtiyari hərəkət etməyə başlayır. Uşaqların üstündəki Qafqaz milli forması gündəlik geyim olmaqdan, məişətdən çoxdan çıxıb. Bu geyim tərzinin ən mühüm atributu və bəzək elementi, şübhəsiz, xəncərdir.

Xəncər

Keçmiş məişətin zəruri parçasıdır. Yetkin hər kişi belində kəmərdən asma xəncər gəzdirməyi özünə borc bilir, şərəf işi sayırdı. Müdafiə məqsədilə ehtiyac duyulduğundan üstündə daim xəncər gəzdirmək həyati zərurət, bütün dağlılara xas olan bir xüsusiyyət idi.

İngiloy – Kötüklü kəndi

Qaxın İngiloylar yaşayan, səfalı digər kəndidir. Iyunun əvvəlində, tut sezonunda buranı görmək maraqlıdır. Kənddə demək olar küçədə nəhəng tut ağaclarının altında əllərində böyük bez parçalarla toplanmış, hay – küylə danışıb – gülən, bəzən də qışqıran insanlar diqqəti cəlb edir. Yanlarından keçərkən tut yağışından ehtiyatlı olmaq lazımdır. Qayda belədir. Tutu çırparaq toplayırlar. Bunun üçün biri ağaca çıxır. Digərləri məhsul yerə tökülməsin deyə geniş parçanı çəkib ağacın altında dayanırlar. Çırpma işi bitər – bitməz hər kəs arı kimi meyvəyə daraşır. Tut şirinliyi və vitamini getməsin deyə yuyulmadan yeyilən meyvədir. Tutdan mürəbbə və doşab və ya digər adıyla bəhməz bişirirlər.

Bəhməz

Meyvəni heç bir əlavə qatqısız bişirərək əldə edilən şirin, qatı mayedir. Bişirilməsi çox uzun və çətin prosesdir. Çox ağır əməyin bəhrəsi olduğuna görə hər deyəndə və hər kəs bişirmir. Az tapıldığından bişirənlər də baha qiymətə satırlar. Bəzi xəmir yeməklərində, xüsusilə qış aylarında bişirilən xəşil yeməyində sous kimi, eləcə də dərman kimi xalq təbabətində geniş istifadə olunur.
İngiloy kəndlərində tutdan eksklüziv bir içki də hazırlayırlar.

Cecə

Əldəqayırma araqdır. Buna “samoqon” da deyirlər. Toplanmış tut qıcqırdılır və xüsusi texniki avadanlıq vasitəsilə damladılaraq ekoloji təmiz, 70 dərəcəli təbii araq hazırlanır. Tut arağının açıldığı gün isə kənddə tut bayramı kimi qeyd olunur. Havalar soyuyanda içəridən qızışmaq üçün onu içirlər. İngiloylar bu xüsusi istehsallarına dərman kimi baxırlar. Bəzən soyuqdəymə və ya boğaz ağrıları zamanı içərisinə bol istiot tökülərək içilir. Cecəni alma, armud, gilas, şaftalı, tut, zoğal və sair meyvələrdən də hazırlamaq olur. Ən yaxşısı zoğal və tutdan hazırlanan cecə hesab edilir.

İlisu

Hansı fəsildə gəlməyindən asılı olmayaraq İlisunun əsrarəngiz təbiətini görənlər özünü nağıldakı kimi hiss edir. Qışda başdan – başa ağappaq qarla örtülü olur. Hər tərəfi əhatə edən meşəli dağlar və onların üstündən əskik olmayan buludlar, yazda və yayda demək olar hər gün sel kimi yağan yağış, onun ardınca çıxan göy qurşağı, tərtəmiz hava, sakitlik və üzünü hara çevirsən, gözəl mənzərədə salınmış yüzillik evlər, eləcə də çox köhnə tarixdən qalma abidələr… Bunları qoyub geri qayıtmaq istəmirsən. Kurort zonası İlisuda 1 – 2 ay dincələn xroniki stres və onun fəsadlarından tamamilə müalicə olunaraq buranı tərk edir.

Arayış Rayon mərkəzindən 12 km aralı-da, Kürmük çayının sol sahilində, dəniz səviyyəsindən 1200 – 1400 metr yüksəklikdə yerləşir. Qax ra-yonu bir vaxtlar İlisu ilə tanınıb. Turizm cənnətidir. Vaxtilə Baş Qaf-qazdan Dağıstana gedən karvan yolları İlisu ərazisindən keçib. Bu qədim yaşayış məskəni XVI əsrin ikinci yarısından XIX əsrin orta-larına qədər mövcud olmuş İlisu sultanlığının mərkəzi olub. Indi də Qax turizm zonasının mərkəzi İlisudur.

Əgər yer üzündə cənnət üçün müsabiqə elan edilsəydi, İlisu bu yarışmada ən ciddi rəqib olardı.
(Xalq deyim)

İlisuda turizm

Burada dağ turizmi və alpinizm həvəskarları üçün hər cür təbii şərait var. Kənd yaşıl turizmi, icma turizmi, müalicə turizmi, istirahət turizmi daha geniş yayılıb. İlisuya gələnlər atla və piyada olaraq ətrafa yürüşə çıxa bilərlər. Ərazidə ovçuluq üçün ideal şərait var. Sovet vaxtından bəri istirahət zonası kimi məşhur olan İlisuda turizm infrastrukturu qurulub. İllərdir fəaliyyətdə olan pansionatlara yeni kotec və apart tipli otellər əlavə olunub. Təsislərin sayları artsa da yay fəslində buralarda yer tapmaq mümkün deyil. Çünki İlisunu bir dəfə görənlər və istirahət edənlər daha sonra davamlı buraya gəlmək istədikləri üçün yerlərini əvvəlcədən tuturlar. Yerlilərin dediyinə görə, yay tətilində İlisuya gələn qonaqların sayı əhalidən ən az 10 dəfə çox olur. Amma elə ki, havalar soyudu, əl – ayaq yığışır. Hamı çəkilib gedir. Çünki burada qış turizmi üçün lazım olan şərait hələ ki, yoxdur. Buna baxmayaraq bəzi yerlər qışda da çalışır. Otellərdə yer tapa bilməyənlər məyus olmasın deyə yerli sakinlər öz evlərinin qapılarını qo-naqların üzünə açırlar. Belə ki, tarixi İlisu evləri turistlər üçün xidmət edir. Bunlarda qalmaq otel qiymətlərinə görə daha ucuz və sərfəlidir. Məsələn, bir otel və ya pansionatda qalmaq orta hesabla 50 – 100 AZN arasında dəyişirsə, evlərdə bu qiymət 20 AZN təşkil edir. Həm də bu evlərin aurası, bunlarda qalmağın ləzzəti tamam başqadır.

İlisu evləri

İlisu ilk baxışdan kənd təsiri buraxmır. Küçələrin, yolların, evlərin və digər binaların özünəxas memarlığı diqqəti çəkir. Qırmızı kirəmitli, bişmiş kərpicdən, çay daşından tikilmiş evləri çay daşından hörülmüş hasarlar əhatə edir. Evlərin içində spesifik qoxu var. Hamısının daxili dizaynı da demək olar eynidir. Divarlarda xüsusi oymalar var. Bunlar şkaf və vitrini əvəz edir. Pəncərə ilə üzbəüzdəki oymalar yorğan – döşək yığmaq üçündür. Divarın üstündəki kiçik oymalar lampa və ya şam qoymaq üçün nəzərdə tutulub. Nəhayət, divar boyunca taxtalar vurulub ki, buna taxça deyirlər və bunlar da qab – qaşıq düzmək üçündür. Evlərdə kiçik otaqlar da görmək olur. Bunların taxta qapısı var. Heç bir bəzək işlənməyən bu yer vanna otağı rolunu ifa edir. İlisunun qışı çox soyuq olduğundan, şaxtalı aylarda sakinlər bu otaqlarda çimirlərmiş. Buradakı ən gənc evin ən az 100 yaşı var. Bir qayda olaraq daş hasarların üstündə evin inşa edildiyi tarix və ustanın adı, bəzən evin kimə aid olması da yazılıb. Qapılar, darvazalar, balkonlar da evlərlə eyni yaşdadır demək olar ki. Həyətlərdə meyvə ağacları boldur. Torpağa səliqə ilə çay daşı döşəyirlər ki, bu da buralara xüsusi memarlıq çaları qatır.

Məhəllələr

Məhəllə sistemi İlisuya da hakimdir. Səngər, Bucaq, Qala, Qacar, Bəytabun məhəllələri buranın qədim, böyük və məşhur məhəllələrdir. Bəytabun məhəlləsi Sultan məhəlləsi olub. Ruslar İlisunu işğal etdikdən sonra kəndi tamamilə yandırdıqları üçün sultan evlərindən əsər – əlamət qalmayıb. Kənd XIX əsrin ikinci yarısından sonra yenidən tikilməyə başlanıb. Buradakı evlərin bəziləri 1880 – ci illərdə inşa edilib. Əksəriyyəti tarixi əsər statusu daşıyır.

Bulaq, çay, şəlalə

Kənd dağlıq və sıx meşəliklərlə əhatə olunub Möhtəşəm mənzərəli bu yerdə iki dağ çayı, Kürmükçay və Ağçay birləşir. Bunların dərələri çox dərindir və özləri də çox iti axır. Kəndin mərkəzi “Beşbulaq” deyilən yerdir. Buradan həqiqətən eyni yerdən 5 ayrı təmiz bulaq suyu iti surətlə çıxır.

Ulu şəlalə

Kənddən 1 km məsafədə yerləşir. Kəndin yuxarı başındakı bu şəlalə İlisuya gələn qonaqların mütləq görməsi gərəkən yerlərindəndir. İkinci, nisbətən kiçik şəlalə Hamaçaya gedərkən yolun sağ tərəfindədir.

İlisulular

Tarixən yerli əhalinin əsas hissəsi sənətkar olub. Müxtəlif peşələrlə məşğul olan bu kəndlilər öz sənətlərini nəsildən nəslə ötürərək yaşayıblar. 1500- ə yaxın kənd əhalisinin əksəriyyəti saxurlardan ibarətdir. Qoyunçuluq və əkinçiliklə məşğuldurlar. Oxumuş, savadlı insanları ilə tanınan kənddir. Zarafatla deyirlər ki, oxumuş ilisulu alim olur, oxumamış isə çoban. Buranın camaatı məişət adət – ənənələrini qoruyur. Məsələn, İlisuda qapıya qıfıl vurmurlar. Heç həyətdə it də saxlamırlar. Bu kənd sakinlərini yüksək səslə qışqıraraq danışdıqlarını görmək mümkün deyil. Bazarda – küçədə piştaxta arxasında mal satan, satıcı ilisuluya rast gəlmək də olmur. Heç kimsəyə ağız açmağı xoşlamadıqları üçün bir problem olanda özləri həll edirlər. Bunu yerlilər ilisuluların bəy nəslindən olmaları faktı ilə izah edirlər. Tovlatala sultan qəbiristanlığı indiyədək durur. Şəhid sultanlar məzarlığı kimi də tanınır. İlisunun hökmdar nəslindən olan ailə nümayəndələrinin çoxunun qəbri buradadır. Yerli aristokratiyanın kökləri orta əsrlərə gedib çıxır.

İlisu sultanlığı (1563 – 1844)

Orta əsrlərdə Azərbaycanda xanlıqlardan başqa onlara tabe olmayan sultanlıqlar da vardı. Bunların içərisində İlisu sultanlığı (XVII əsr) idarəçilik sistemi ilə seçilirdi. Avar, saxur, ingiloy və muğallar (azərbaycanlılar), eləcə də ləzgilər yaşayırdı. Sultanlığın təməli 3 avqust 1563 – cü ildə qoyulub. İndiki kənd vaxtilə Car – Balakən mahalının vassallığına aid olan İlisu Sultanlığının paytaxtı hesab edilirdi. Sultanlığın ilk paytaxtı indiki Qax şəhəri olsa da, sultanlığın təhlükəsizliyinin təmin edilməsi ilə əlaqədar olaraq hakim öz rezidensiyasını daha yüksəkdə yerləşən İlisu kəndinə köçürüb. XVIII əsrdə rus – türk müharibələri nəticəsində ruslar, Qafqazın daha da içərilərinə soxulmağa başladılar. Nəticədə XIX əsrin əvvəllərində şimali Azərbaycan tamamilə işğal edilsə də Qafqaz xalqları rahat və asan diz çökmədilər. Ciddi müqavimət göstərmələrinə baxmayaraq 26 avqust 1844 – cü ildə ruslar tərəfindən işğal edilib.

Rus qoşunlarının baş komandanı general Sisianov şimal – qərbi Azərbaycan hakimlərindən biri olan İlisu sultanı Əli Sultana ultimatum göndərib ki, təslim olmasa çəkmələrini onun qanı ilə yuyacaq və İlisunun daşını daş üstündə qoymayacaqlar. Buna baxmayaraq Sisianov Azərbaycandan Dağıstana gedən dağ aşırımlarını öz nəzarəti altına ala bilmədi. 1830 – cu ildə sultanlığın hakimi seçilmiş İlisunun son sultanı Daniyal bəyin zamanında bu qarşıdurmalar daha sərt xarakter aldı.

Mahalda sərtliyi, cəsurluğu ilə ad – san qazanmış İlisulu general çox alicənab, işində və qulluğunda sərt və ədalətli bir şəxsiyyət olub. O, sultanlıqda daxili qayda – qanun yaradır və çar hakimlərinə Qafqazda o zaman gedən hərbi əməliyyatları dayandırmağı, münaqişəni sülh və siyasət yolu ilə həll etməyi təklif edib. 1842 – də Daniyal bəyə əvvəlcə general – mayor rütbəsi və ardınca knyaz titulu verən Çar hökümətinin məqsədi onu Qafqazda ruslara qan udduran Şeyx Şamillə müharibəyə cəlb etmək idi. Amma sultan bundan imtina edir.

1844 – də Sarıbaş kəndindən keçərək Şamilin Azadlıq ordusuna gəlir və burada Darqo aulunda Qurana and içir ki, son nəfəsinə qədər ruslara qarşı savaşacaq. Şeyx Şamilin qızını oğluna alır və qızını da onun oğlu ilə evləndirir. Şeyxlə birlikdə düz 15 il rus generallarını dəfələrlə bu torpaqlarda məğlub edir. Çar Rusiyası ilə aparılan müharibənin uzun və üzücü xarakterini görən Daniyal bəy, Şamilə itkiyə yol verməmək üçün ruslarla barışmağı təklif edir. Lakin rədd cavabı alır. Bu arada Çar höküməti onun əfv edildiyini, sultanlığı da yenidən özünə qaytaracağını təklif edir. Bunun qarşılığında Daniyal sultan çarın tərəfinə keçməli və rus idarəçiliyini bölgədə möhkəmlətməyə kömək etməli idi. Ruslara xidmət fikrini rədd edən Daniyal sultan 1859 – cu ildə Osmanlıya mühacirət edir və həmişəlik orada qalır. Sultan tərəfindən dostca qarşılanan Daniyal bəy, 1870 – ci ildə orada vəfat edir. Osmanlı xanədanlığında Bütün Qafqaz türklərinin qəhrəmanı kimi hörmət görən Daniyal sultan bir əsilzadəyə yaraşan şəkildə dəfn edilir.
Daniyal bəy

Toponim

Bir neçə cür izah edilir. Bəziləri ərazidən axan mineral xassəli, kükürd qoxan suya görə “iyli su”, ilıq olduğu üçün “ilıq su” deyiblər. İlisu adlandırılması isti mineral bulaqların çoxluğu ilə əlaqəlidir. Yerlilər kəndin yuxarı hissəsində müalicə əhəmiyyətli suya inanıb ondan bəhrələnib. Təsirinə görə müqəddəs sayıb ona “Ulu su” (Böyük su) deyiblər. Qədim türk dilində işlənən il (ulu) və su sözünün birləşməsindən yaranıb ki, bu da yuxarıdan aşağıya axan mənasını daşıyır. Bu fərziyyəyə görə İlisu zirvədən enən çay deməkdir. Söz iki kökdən ibarətdir: ulus və cu. Uluscu yəni çay kənarında yaşayan xalq, çay kənd deməkdir. Ümumiyyətlə, burada ulu ilə başlayan obyekt adları çoxdur. Ulu müqəddəs kəliməsinin əvəzedicisi kimi işlənir.

Tarixi abidələri

İlisuda qeydə alınmış 11 tarixi abidə var. Dağlardakı yüksəkliklərdə elə maraqlı abidələr var ki, buralara yayda belə gedib çıxmaq çox çətindir. Hündürlüyü 10 metrə çatan Keşikçi qalası (XIV əsr), Şamil qalası, Cinqala bu silsilədəndir. İlisuda 3 dənə rus qalası var. Ruslar İlisunu işğal etdikdən sonra dağlıların onlara qarşı göstərdiyi inadkar müqavimətə qarşı mübarizə apararkən tikiblər. İki dənəsi İlisu kəndi içərisindədir. Onlardan biri Yəzdidağın üstündədir. Ara məhəllələrdən birindən keçməklə, qalaya doğru aparan dağ cığırı vasitəsilə getmək mümkündür.
Digəri daha asan yerdə, Qalaməhəllədə yerləşir. Və nəhayət, üçüncüsü Həsənxan qalasıdır ki, o da İlisunun bitişiyində, indiki Qaxbaş kəndi ərazisində, Kürmük çayının sahilində yerləşir.

Cinliqala

İlisunu əhatə edən dağ silsilələrindən birinin zirvəsində yerləşir. Üç tərəfdən sıldırım qayanın üstündəki qalaya yalnız bir tərəfdən getmək mümkündür. Onu da yalnız professional dağçılar edə bilər. Təhlükəlidir.

Sumuq qala

Bucaq məhəlləsindəki bu tarixi abidə İlisunun emblemi hesab edilir. Müdafiə qülləsidir, 4 mərtəbəlidir. Üstündən hər tərəf açıq – aydın görünür. Şimali Qafqaz və Dağıstanda bu tip qalalar çoxdur. Yerli əhali sümüyə Sumuq deyir. Sümük kimi bərk olduğu üçün qalanın belə adlandırıldığı güman edilir. Sumuq qala Daniyal sultanın evinin bitişiyində tikilib və onun dayağı olub. Sultanın evindən əsər – əlamət qalmayıb. 1981 – ci ildə Sovet və Azərbaycan kinosunda vestern janrında ilk film sayılan “Qorxma mən səninləyəm” aksiyon filmindən bəzi fraqmentlər burada çəkilib.

İlisu qalası (XIX əsr)

Yerlilər buna Bürcqala deyir. Rusların Şeyx Şamildən qorunmaq üçün tikdirdiyi müdafiə qüllələrindən biridir. Onunla bağlı yer adları və rəvayətlərin, tarixi hadisələrin çox olmasına baxmayaraq Şeyx Şamil heç vaxt bu ərazilərdə olmayıb. Kəndin düz mərkəzində yerləşən qala ikimərtəbəlidir. Dağıstandan gələn yolun üstündə tikilib. Əsasən salamat qalan binaya daxil olmaq mümkündür. İçəridə ikən film pavilyonundaymış hissinə qapılır insan.

Ulu məscid

İlisunun ulu məscidi 1700 –cü ildə İlisu sultanlarından saxurlu Əli Sultanın sərəncamı ilə inşa etdirilib. Ilisunun ən dəyərli abidələrindəndir. Kəndin düz mərkəzində yerləşir. Uzunluğu 10, eni 7, hündürlüyü 4 metrdir. Minarəsi yoxdur. Məscid ətrafı qəbiristanlıqda bəzi din xadimlərini dəfn ediblər. Məşədixanım Nemətova İlisu kitabələrini oxuyub,
tədqiq edib. Ulu məscidin üstündəki yazılar, Tovlatala qəbiristanlığındakı yazıların hamısını oxuyub və açıb.

Ulu körpü (XVII əsr)

Kürmük çayı üzərindəki körpü sultanlığın mərkəzi İlisuya köçürüldükdən sonra inşa edilib. Yerlilərin iftixarı olan körpü İlisunun qapısı sayılır. Deyilənlərə görə 1844 – cü ildə rus qoşunları İlisuya hücum edərkən düşmən kəndə daxil ola bilməsin deyə Ulu körpünün uçurulması fikrinə Sultan Daniyal bəy qəti etiraz edir. Körpünün inşasında yumurta sarısından bərkidici maddə kimi istifadə edildiyinə görə indiyədək sağlam və istifadəyə yarayan vəziyyətdə qaldığını deyirlər.

İlisu Dövlət Təbiət Qoruğu

Tarixi abidələri, təkrarolunmaz memarlığı ilə çox özəl bir yer olan İlisunu və Böyük Qafqazın cənub yamacları üçün xarakterik təbiət kompleksini qorumaq məqsədilə 1987 – ci ildə yaradılıb. Ərazinin dəniz səviyyəsindən hündürlüyü 350 metrdən 3600 metrə qədərdir. Ümumi sahəsi 54 min ha-dır. Yüzlərlə bitki, 35 növ məməli heyvan və 50-yə qədər quş növü yaşayır ki, bunlardan bəziləri Qırmızı kitaba düşüb. Qoruq ərazisində yüzlərlə mineral bulaq qaynayır və çaylarla zəngindir. Ərazidən Qanıx(Alazan) və respublikada sel çıxımına görə ikinci olan Kürmük çayı axır. Həqiqətən 1 az yağış yağan kimi çay dolub daşır, öz cığırından çıxaraq qarşısına çıxan hər şeyi dağıdır, bir çox dağ kəndlərinin yolunu yuyub aparır.

Hamamçay

İlisudan şimal – şərqdə, 7 km məsafədə yerləşən Hamamçay həm İstisu, həm də Ağçay kimi tanınır. Kürmük çayının sol qolu olan Hamamçay Böyük Qafqazın ən gözəl dağ çaylarındandır. Hamamçay dərəsinin yamacları qayalıqdır. Dərənin dibi ilə getmək çətindir, tez – tez gur sulu çayı keçməli olursan. Dərə yuxarıya doğru daralır. Mineral bulağa çatanda qayalı yamaclar az qalır ki, qovuşsunlar.

Burada müalicəvi vannalar qəbul etmək olar. Bu çayın dərəsi möcüzəvi qeyzerlərinə görə müqəddəs hesab edilir və insanlar buraya ziyarətə gəlirlər. Onun hövzəsində çox böyük müalicəvi əhəmiyyətli istisu – qeyzer yerləşir. Hövzədə həmçinin kükürdlü – müalicəvi əhəmiyyətli Mohsu su mənbəyi qaynayır. Qax ərazisindəki ən böyük Ram – ramay, Vəzirçal, Qiçal şəlalələri də Hamamçay hövzəsində yerləşir. Ərazi füsunkar dağ yamacları, bol sulu və meşəli dərələri ilə bənzərsiz lanşaft yaradır. Vəhşi təbiətin olduğu kimi müşahidə edildiyi Hamamçay təbiət abidəsi haqqında əfsanələr yayılıb.

Əfsanə

Deyilənlərə görə Ovçu Pirim ova çıxır, bir maralı yaralayır və sonra da izinə düşür. Yaralanmış maral bir yerdə özünü suya yatır, bir müddət suda qaldıqdan sonra güc toplayaraq yenidən iti sürətlə qaçmağa başlayır. Bu möcüzədən təəccüblənən Ovçu Pirim yaralı əlini həmin suya salır və yarasının sağaldığını görür. Ovçu Pirim tez həmin yerdə hamam düzəldir. Sonra da gəlib burada şəfa suyu olduğunu hər kəsə danışır.

Mətbəx

İlisunun yerli mətbəxi də çox rəngarəngdir. Göy – göyərti, süd məhsulları və yerli baldan çox istifadə edilir. Bunlardan əlavə İlisuda 35 növ xəmir yeməyi mövcuddur. Bu təbiətdə isti və kalorili xəmir yeməyi bir ehtiyacdır və şəhərdəki kimi ağırlıq vermir. Bunlardan ən məşhuru sürhüllüdür.
“Sürhüllü yeməmisənsə, deməli Qaxı görməmisən”

Sürhüllü

Xəmir xörəklərindən biridir. Sürhülə də deyirlər. Bu, xəngəl növüdür. Ən çox soyuq aylarda yeyilir. Buğda unundan yoğrulan xəmiri əllə nazildib uzunsov formaya salandan sonra xırda – xırda bərabər hissələrə doğrayırlar. Doğranmış xəmir tikələrini barmaqla üstünə basmaqla sürüşdürür və yastı hala salırlar. Nəticədə əllə hazırlanmış makarona bənzəyir. Su qaynadılır və sürhüllü makaronları suda 5 – 10 dəqiqə bişirilərək süzülür. Daha sonra geniş boşqaba tökülür. Əvvəlcədən qoyun ətindən sulu sous hazırlanır. Sürhüllü olan boşqaba sous çömçə ilə tökülür. Sarımsaqlı və göyərtili alça turşusu da yeməyin üstünə əlavə edilincə sürhüllü servisə tam hazır olur. Bu zonaya xas, səciyyəvi yemək olan sürhüllü hamıda maraq oyandırsa da, fərqli damaq dadına görə onu hər kəs bəyənmir. Sulu xəmir yeməyini xoşlamayanların mütləq sevəcəyi başqa bir ləzzət daha var ki, bunun dadına baxmadan İlisudan getmək olmaz.

Girs

Qax – İlisu mətbəxinin ən geniş yayılmış və soyuq vaxtlarda çox xoşlanan xəmir xörəklərindən biri girs olub. Bu yemək çox geniş yayılıb. Qonaq qabağına çıxarılan ləziz yeməklər siyahısına başçılıq edir. Qonaq süfrəsinə girs bişirilib verilməsi xüsusi hörmət əlaməti sayıldığından bölgədə yaşayan bütün etnosların ənənəsinə çevrilib. Birini evə qonaq dəvət edəndə hər iki tərəf üçün də məlum idi ki, süfrədə girs olacaq. Buna digər bölgələrdə və ədəbiyyatda formasına görə gürzə də deyirlər.
Su və undan sadə xəmir yoğrulur, kündələr nazik yayılır. Stəkanla yuxa yuvarlaq biçimdə kəsilir. Əvvəlcədən qoyun ətindən hazırlanmış qıyma yuvarlaq formaların içərisinə doldurulur və bəzəkli formada bükülür. Bükmə işi tamamlandıqdan sonra böyük qazanla bir su qaynadılır və qaynayan suyun içərisinə tökülən girslər 15 – 20 dəqiqə bişirilir. Sonra süzülərək dayaz və geniş qaba tökülür. Onun üçün xüsusi olaraq 2 cür sous hazırlanır. Sarımsaqlı qatıq və sarımsaqlı alça turşusu yeməyin üstünə əlavə edilir. Mütləq ən sonda sumax sərpişdirilir. Qax mətbəxində Girsin müxtəlif növləri hazırlanır. Bu Girsin içərisinə bükülən “iç” ət, şor, boranı, göyərti, xüsusilə gicitkan və sairdən asılı olur. Bunların içərisində ətli girs yüksək kaloriliyi və tamına görə xüsusilə fərqlənir.

Sarıbaş kəndi

Rayon mərkəzindən 18, İlisudan 7 – 8 km şimal – qərbdə, dəniz səviyyəsindən 1800 metr yüksəklikdə, Qunaxaysu ilə Ağbulaq çayları arasında 100 metrlik çay terrası üzərində, yerləşir. Buraya İlisudan keçərək getmək mümkündür. Qışı sərt, yayı isə mülayim, hər tərəfdən yüksək dağlarla əhatə olunan Sarıbaş Qaxın ən ucqar dağ kəndidir. Bu kəndin arxasından Baş Qafqaz silsiləsinin bir neçə zirvəsi ucalır. Kəndə aparan yollar dəhşətlidir. Əgər bunlara yol demək mümkündürsə. Cip və ya ağır texnika vasitəsilə keçmək mümkündür. Ora gediş – gəliş bir gün vaxt aparır. Buralara yol çəkilməyib. Torpaq yol var sadəcə. O da ki, hər dəfə yağış yağanda sel olub daşan Kürmük çayı bu torpaq yolu yuyub aparır və nəticədə kəndə gediş – gəliş kəsilir. Çayın içərisindən piyada keçməyə cəhd etmək isə təhlükəlidir. Yolda yaylağa gəlib – gedən çobanlara rast gəlmək, çoban süfrəsinə qonaq olub onlarla söhbətləşmək olar. Sarıbaşa səyahət əsl macəra və ekstrimi sevənlər üçündür. Əyləncəli yolçuluqdan sonra kəndə gedib, dəyişən hava şəraitinə görə geri qayıda bilməmək ehtimalını unutmamaq lazımdır. Yerlilərin dediyinə görə, bəzən qonaqlar bütün yayı İlisuda Sarıbaşa gedə bilmək üçün havanın düzəlməsini gözləyirlər.

Sarıbaş XIV əsrdə yaşayış məskəni kimi formalaşıb. İlk sakinləri cəlayirlər olub. 1556 – cı ildə saxurlar buranın yerli əhalisinə qaynayıb qarışıblar. Hələ 400 il bundan əvvəl Samur – çay dərələrinin birində mövcud olmuş Saxur kəndindən gəlmələr Qafqaz silsiləsinin qərb hissəsinə keçərək Sarıbaş kəndinin əsasını qoyublar. Tarixi-memarlıq abidələri ilə zəngin kəndin ən qədim abidəsi 16 – 17 –ci əsrə aid Hacı Tapdıq məscididir. Qadınlar burada orijinal naxışlı xalçalar və bol ornamentli yun corablar toxuyurlar. Qadınların məişət işləri prosesində yaranan bir folklor janrı olan Tonqay Məlik oyunu sadəcə bu kəndə aiddir.

Tonqay Məlik

Bu oyun yalnız qadınlar arasında ifa edilir. Sarıbaşda qış soyuq, gecələr də uzun keçir. Hər hansı bir təsərrüfat işi olmayan xanımlar digər məişət işlərinin hamısını evin içərisində, kollektiv halda görür, bu arada darıxmamaq üçün mahnı oxuyur,
bayatı deyir və hətta bir az hərəkət olsun deyə rəqs də edirlər. Oyun zamanı oxuduqları mahnının hər iki misrasından bir “Tonqay Məlik” kəliməsini işlədirlər. Bu dəstənin başında yaşlı bir nənə durur, qızları idarə edir.

Toponim

“Sarı” qədimdə bülbül kimi gözəl səsli, məlahətli mənasında işlədilib. Hətta məşhur xalq mahnısında “Sarı gəlin” deyəndə onun dərisinin rəngi yox, səsinin bülbül kimi məlahətli olması nəzərdə tutulur. Sarı ilə başlayan yer adları Azərbaycanda çoxdur. Amma heç birinin rəngi sarı deyil. Sözün etimologiyası iri, böyük, hündür kəlimələri ilə daha çox əlaqəlidir.

Sarıbaş – yəni dağ başı. Həqiqətən də Qaxın Sarıbaş kəndinə yaraşan addır. Burada səhərlər günəş doğarkən və qürub edərkən dağların arxasına tədricən endikcə kəndin üstünü sarı rəng örtür. Sarıbaş sovet liderlərindən Xruşşovun keçən əsrin 60-cı illərində məşhur regionlarda inkişaf layihəsinin bir parçasının qurbanları siyahısındadır. Bu islahatlara görə, çətin dağ şəraitində, ucqarlardakı yerləşmə mərkəzilərinə infrastruktur çəkilmək yerinə, oraların əhalisi rayon mərkəzlərinə köçürülməli idi. Beləliklə, Sarıbaş kənd camaatı da aşağıya, düzənlik yerə köçürülür və bu yerdə salınan yeni kəndin adını Cəlayır qoyurlar.

Cəlayır kəndi

Bu kənd Cəlairlər sülaləsinin adı ilə bağlıdır. XIII – XIV əsrlərdə Azərbaycana təqribən 200 min türkdilli ailə köçürülüb. Bunların içərisində olan Cəlairlərin adını daşıyan kəndlər var. Cəlairlər sülaləsi 1358 – 1410 illərdə Təbrizdə dövləti idarə edən hökmdar nəsillərdən biridir. Türk – İslam sülaləsi Azərbaycan, Cənubi Qafqaz, bütün Yaxın və Orta Şərqin dövlətçilik tarixində dərin iz qoyublar. Bu ərazilərdə mövcud olmuş müstəqil dövlət idarəçiliyi qurumudur.

[justified_image_grid facebook_id=2222665901206802 facebook_album=2337497266390331]