Romada etməli olduğunuz 7 şey

Roma

Kolizeyə getmək

Kolizeyin 2/3 hissəsi dağılsa da hər il amfiteatra təxminən 5 milyon insan gəlir. Kolizeydə uzun növbələrdə durmamaq üçün bileti onlayn (qiymətə 2 avro əlavə) və ya Roma Pass kartının köməkliyi ilə ala bilərsiniz. Digər üsul isə bileti Roma Forumunun kassalarından almaqdır. Orada birbaşa Kolizeyə yollanırsınız. İş vaxtı 8:30 – 19:00 arası, qiyməti isə 12 avrodur.

Panteonda günahlardan təmizlənmək

Panteon “bütün allahların keçmiş məbədi” olub, indi isə xristian kilsəsidir. Panteonun nəhəng günbəzində bir dənə də olsun pəncərə yoxdur. İşıq günbəzin zirvəsindəki yeganə deşikdən daxil olaraq bütün allahların birliyini ifadə edir. Deyirlər ki, deşiyin altındakı kvadratda dursanız allahlar bütün günahlarınızı bağışlayar. Panteon bazar ertəsi-şənbə günləri 9:00-dan 19:30-a, bazar günləri 9:00-dan 18:00-a qədər pulsuz işləyir.

Piazza Navonda kofe içmək

Romanı görmək üçün cəmi 1 saatınız varsa düşünmədən Piazza Navona gedin. Meydanda bütün il boyu maraqlı şeylər olur – küçə musiqiçiləri konsert verir, rəssamlar şarjlar çəkir, canlı heykəllər və klounlar tamaşaçıları əyləndirir. Baş verən hadisələrə açıq kafedə stol arxasında oturub baxmaq məsləhətdir. Qiymətlər yuxarıdır, ona görə də bir fincan kofe və ya dondurma ilə kifayətlənməniz lazımdır.

Trevi fontanına qəpik atmaq

Trevi məşhur fontandır. Burada Marçelo Mastroyani və Anita Ekberq Fellininin “Şirin həyat” kinosunda çəkilib. Turistlər inanırlar ki, fontana 1 ədəd qəpik atsanız Romaya yenə də gələcəksiniz, 2 ədəd atsanız məhəbbətinizi tapacaqsınız, 3 ədəd atsanız toy olacaq, 4 ədəd atsanız varlı olacaqsınız. Fontanın ətrafında həmişə adam çox olur. Yaxşı şəkil çəkmək üçün səhər 8-dən gec gəlməyin.

Borgez villasında istirahət etmək

Borgez Romanın şimalında gözəl park kompleksidir. Piknik etmək, şəhər havasından uzaqlaşmaq və ya villanın muzeyində Rubensin, Karavaconun, Van Qoqun, Monenin şedevrlərinə baxmaq istəyirsinizsə bura gəlin. Bileti əvvəlcədən almaq lazımdır, ziyarətçiləri qruplarla 2 saatdan bir buraxırlar. Villada uşaqlar üçün attraksion parkı və fil və çəhrayı flaminqolarla biopark işləyir. Qışda isə buz meydançası qurulur.

Dünyanın ən kiçik dövlətində olmaq

Vatikana getməyi mütləq şəkildə Roma tətillərinə salmaq lazımdır. Kiçik Vatikanda əhali sıxlığı çoxdur. Abidələrin, muzeylərin və görməli yerlərin sıxlığı isə əhalidən az deyil. Vatikanda onlarla maraqlı muzey, ən qədim Evanqeliya mətni ilə kitabxana və Tisiana və da Vinçinin işləri olan pinakoteka var. Vatikan muzeyinə bazar ertəsindən şənbə gününə qədər 9:00-18:00 saatlarında daxil olmaq olar. Bileti onlayn şəkildə 16 avroya almaq olur.

Alış-verişə gedin

Romada olmaq və onun heç bir butikinə girməmək yüksək moda paytaxtına qarşı cinayətdir. Gucci, D&G, Armani və Valentino kimi elit moda evlərinin mağazaları İspaniya meydanı rayonunda yerləşir. Gənc markalar üçün Kampo dei Fiori meydanı rayonuna gedin, universal brendləri isə Romanın əsas ticarət küçəsi Via del Korsoda axtarın. Yanvarın ortalarından fevralın sonuna və iyulun ortalarından yayın sonuna qədər Romada satış sezonudur. Bu dövrdə mağazalarda endirimlər 70%-ə çatır.