Romada yükünüzü barda və ya mağazada saxlaya bilərsiniz

Romada yükünüzün partnyor mağazalarında və barlarda qorunub saxlanmasına icazə verən LuggageHero startapı başladıldı. Bu yenilik, məsələn, şəhərə otelin qeydiyyat saatından bir neçə saat əvvəl gəldikdə və yaxud oteldən çıxış və uçuş arasında müəyyən qədər boş vaxt olduğu zaman sərfəlidir. Yükünüzün saxlanılması üçün xüsusi saxlanma kamerası və ya yaxınlıqda olan kafe, mağaza, bar, hətta otel axtarmağa ehtiyac qalmır.

Əvvəllər LuggageHero məntəqələri Nyu-York, London, Kopenhagen, Lissabon, Barselona, Madrid, Montreal, Boston, Çikaqo, Brüssel, Nice və Paris kimi şəhərlərdə də fəaliyyət göstərirdisə, indi  bu fürsətdən Roma turistləri də yararlana bilərlər. Şəhərin ən məşhur 20-dən artıq nöqtələrində yükün saxlanılması mümkündür.

LuggageHero-nun Baş İcraçı Direktoru Yannik Lavets deyir ki, Hər şəhərdə bizim müxtəlif sayda saxlanma nöqtələrimiz var. Brüsseldə təxminən 20, Nyu-Yorkda 140, Bostonda 50,  Barselonada 80.  Amsterdam, Vyana və Rusiyanın bir çox yerlərində də bu məntəqələrin yaxın zamanda fəaliyyəti gözlənilir.

Yükün saxlanılması  üçün yaxın bir məntəqə tapmaq, artıq Roma kimi böyük bir şəhərdə də  kifayət qədər asandır. Sayta daxil olaraq uyğun saxlama nöqtəsini seçib, qeydiyyatdan keçirsiniz, yeri bron edirsiniz, yükünüzü həmin məntəqəyə təhvil verirsiniz. Yük qeydiyyatdan keçirilir və yerindəcə geri qaytarılır. Ödəniş yalnız yükü geri aldıqdan sonra olunur. 1 saat üçün 1 avro, hər əlavə yer üçün 2 avro, maksimum günlük məbləğ isə 10 avrodur. Bu məbləğə yükün təhlükəsizlik möhürləri və çantanın və içindəkilərin 2500 avro dəyərində sığortası  də daxildir.