Səyahət üçün 7 hiylə

Bilet almağa, oteldə qalmağa və əyləncəyə necə qənaət etmək olar?

Ucuz istiqamətlər axtarın

Məzuniyyət zamanı qənaət hələ istiqamətin seçilməsi mərhələsində başlayır. Əgər istirahət yeri planında prioritetləriniz yoxdursa və ya bir neçə varianta baxırsınızsa onda uçuşların qiymətinə nəzər yetirin. Axı biletin qiyməti büdcənizin böyük hissəsini alır. Sizə lazım olan vaxtda müxtəlif aviabilet variantlarını təklif edən, aybilet.az kimi axtarış sistemlərinə diqqət yetirməyiniz lazımdır. Belə olduqda məzuniyyət formatına, arzularınıza və büdcənizə əsasən şəhər seçmək olar. Şəhərdə keçirilən böyük konsertləri, oyunları və bayramları da nəzərdən keçirməlisiniz. Belə tədbirlər zamanı həm biletlərin, həm də otellərin qiymətləri adətən qalxır.

Aviabiletləri uçuşa 56 gün qalmış alın

Aviabiletlərin məzuniyyət xərclərində payı əhəmiyyətli dərəcədə çoxdur. Amma ona qənaət etmək olar. İlk növbədə qiymətlərin iyul-avqust aylarında ən yuxarı həddə olmasına diqqət yetirmək lazımdır. Deməli, yayın ilk ayında və ya sentyabrda uçuş ucuz başa gələcək. Bilet alan zaman qaynar təkliflərlə də maraqlanmaq lazımdır. Statistikaya əsasən uçuşa 56 gün qalmış bileti aldıqda onun qiyməti 28% ucuz olur.

Səyahət zamanı nəqliyyat transferləri ucuz və maraqlı olur

Mürəkkəb marşrutun tərtibi zamanı qənaət etmək üçün xəritə ən yaxşı köməkçidir. Marşrutu optimallaşdırmaq üçün onu açıb baxmaq kifayətdir. Haradasa avtobusla və ya qatarla getmək daha asan və ucuz ola bilər, ya da sadəcə uçuş məntəqəsini dəyişməklə qənaət etmək olar. Bu zaman əlavə bir neçə şəhəri görmək də mümkün olur.

Planları son anda dəyişin

Bileti qaytarmağa icazə verən tarif adətən həmişəkindən 5-10% baha olur. Lakin onun hesabına uzun müddətli perspektivdə qənaət etmək imkanı yaranır. Birincisi, o, vaxtı dəyişməyə imkan verir, ikincisi isə, bir növ sığorta kimi çıxış edir. Əgər otel nömrəsini geri qayıdış tarifi ilə bron edirsiniz, ancaq axtarışları davam etdirirsiniz və nə vaxtsa daha uyğun qiymətə otaq tapırsınızsa əvvəlki otel otağını geri qayıdış tarifi ilə ləğv edə bilərsiniz. Bəzi otellər qərarınızı sonuncu günə qədər dəyişməyə imkan verir, ona görə də daha ucuz variantların axtarışı üçün kifayət qədər vaxtınız olacaq. Əsas odur ki, bronlaşdırma qaydalarını diqqətlə oxuyasınız.

Öz arzularınızı yazın

Oteldə yer bronlaşdıran zaman öz arzularınızı sadəcə şərh bölməsinə yazsanız, nəticədə eyni qiymətə daha yüksək səviyyəli xidmət ala bilərsiniz. Daha yüksək mərtəbədə, liftdən uzaq və ya yaxşı mənzərəli otaq almaq istədiyinizi qeyd etməyi unutmayın. Səyahət zamanı doğum günü və ya evlilik ildönümünü qeyd edəcəyinizi də otelə mütləq şəkildə bildirin. Bəzi otellərin diqqətli menecmenti müştərilərini tez-tez şərab butulkası və ya tortla təbrik edirlər.

Pulsuz əylənin

Ödəməyə hazırlaşdığınız şeyləri pulsuz almaq imkanına mütləq diqqət yetirin. Məsələn, muzeylərin çoxu müəyyən günlərdə pulsuz işləyirlər. Belə ki, Madriddə yerləşən Prado muzeyi onu görmək istəyənlər üçün hər gecə açıqdır, Vatikanın ən qiymətli sərvətlərinə isə bir qəpik də xərcləmədən hər ayın son bazar günü baxa bilərsiniz. Bundan əlavə, endirim almaq imkanlarına baxın. Dünya muzeylərinin çoxunda tələbələr üçün güzəştlər nəzərdə tutulur, incəsənət ali məktəblərində oxuyanları və pres-kartları olan jurnalistləri isə hətta pulsuz da buraxa bilərlər. Açıq festivallarda və tədbirlərdə yaxşıca əylənmək olar. Yayda onlar tez-tez keçirilir. Məsələn, yay aylarında Romada Vile Borqezdə açıq səma altında pulsuz kino verilir, Parisin parklarında isə klassik musiqiyə qulaq asmaq və ya tamaşaya baxmaq olar.

Səyahət kartları ilə qənaət edin

Turistlər üçün xüsusi təkliflərə diqqət yetirin. Məsələn, Amsterdama getməzdən qabaq endirim edən, bəzi hallarda isə şəhərin görməli yerlərinin əksəriyyətinə pulsuz giriş vəd edən City Card almaq olar. London üçün nəzərdə tutulan London Pass kartı da çox muzeylərə növbəsiz girməyə və bəzi turist avtobus və teploxodlarından pulsuz istifadə etməyə imkan verir. Şoppinq zamanı da qənaət etməyi unutmayın! Əsl ucuz alış-veriş üçün nəzərdə tutulan TaxFree şərtlərini dəqiqləşdirin.