Səyyahın dərman qutusu

Bəzən səyahət zamanı turistlər xoşagəlməz hallar ilə rastlaşır ki, bu zaman müəyyən tərkibli dərman qutusuna ehtiyac yaranır. İlk öncə dərmanları yığmaq üçün xüsusi qutu əldə etməyiniz məsləhət görülür ki, dərmanlar çantanıza dağılmasın. Adətən dərman qutuları aşağıda qeyd edilən dərman növlərindən ibarət olur:

  1. Fərdi istifadə etdiyiniz preparatlar. Sizi adətən narahat edən xəstəliklərlə səyahət zamanı da qarşılaşa bilərsiniz. Məsələn əgər adi vaxt sizin təzyiqiniz yüksək olursa, bu zaman səyahət vaxtı də təzyiqi aşağı salan dərmanları özünüzlə götürməyiniz məsləhətdir.
  2. Spazmalara qarşı dərmanlar
  3. Həzmi yaxşılaşdıran dərmanlar
  4. İltihaba qarşı dərmanlar
  5. Qızdırmanı aşağı salan dərmanlar
  6. Allerqiyaya qarşı dərmanlar

Belə dərman qutusu səyyahın hər bir sivil səyahəti üçün lazımdır. Belə qutular adətən çox yer tutmur və az çəkidə olurlar. Bundan əlavə unutmayın ki, hər hansı xoşagəlməz hal baş verərsə, siz dünyanın istənilən şəhərində əczaçıya gedib sizə lazım olan dərmanı ala bilərsiniz.

Görəsən bu dərman qutusu ekstremal turizm ilə məşğul olan səyahətçilər üçün uyğun ola bilər? Əlbəttə ki, əgər siz Amazon cəngəlliklərinə səyahət etməyə hazırlaşırsınızsa, bu zaman dərmanların siyahısını genişləndirərək daha ciddi hazırlaşmaq lazımdır, çünki bu yerlərdə sizi özünüzdən başqa xilas etməyə və ilk yardım göstərməyə heç kəs olmayacaq.

Demək olar ki, hər böyük şəhərdə ilk yardımın göstərilməsi üzrə pulsuz kurslar təşkil edilir. Bu kurslara mütləq baş çəkin. Bəzən biz beynimizi lazımsız biliklər ilə doldururuq, amma ilk yardım göstərməyi bacarmaq insana o tip biliklərdən daha vacibdir.

Unutmayın ki, səyahət zamanı sizin başınıza dərmanların kömək edə bilmədiyi gözlənilməz hadisələr də gələ bilər. Məsələn yıxılıb ayağınızı sındıra bilərsiniz, dişinizin plombu düşə bilər və s. Bu hallarda isə sizin köməyinizə sığortanız çatacaq ki, müalicə xərclərini ödəyə biləsiniz.

Təhlükəsiz və sərfəli qiymətə aviabiletlər əldə etmək üçün buradan keçin.

Sizə xoş və təhlükəsiz istirahətlər arzu edirik!