Stüardessadan uşaqla səyahət edənlərə tövsiyələr

20 ildən artıq böyük aviaşirkətlərin birində stüardessa kimi çalışan bloqer Kelli Əroğlu, uşaqlarla səyahət edərkən təyyarədə rahat uçuşun təmin edilməsinin bəzi üsulları ilə bölüşüb.

41 yaşlı stüardessa sərnişinlərə, hava limanında və ya təyyarənin bortunda belə şıltaqlıq edən uşaqlarla sakit davranmağı məsləhət görür. Əroğlu bildirib ki, valideynlərin soyuqqanlılığı uşaqlara sakitləşdirici kimi təsir edir. Həmçinin valideynlər səfər etməyə hazırlaşaraq uşaqlar üçün lazımi əşyaları toplamalıdırlar (məsələn, körpələr üçün süd və uşaq bezləri).

Bundan başqa, uşaqların nə yeyəcəyi haqqında əvvəlcədən düşünmək lazımdır. Uçuşdan əvvəl yaxşı olar ki, uşaqların sevdiyi yeməkləri sifariş edəsiz, həmçinin özünüz ilə yüngül yeyinti məhsullarından götürəsiz. Bloqer mürəkkəb vəziyyətlərdə stüardların köməyini istəməyi tövsiyə edir.

Uçuş zamanı uşaqların başlarını maraqlı əyləncələrlə qatmaq lazımdır ki, onların darıxmağa və şıltaqlıq eləməyə imkanı olmasın. Balaca uşaqlara planşetdə oynamaq, şəkillər çəkmək və ya rəngləmək xoş ola bilər. Əroğlu, həmçinin, saat qurşağının dəyişməsi nəticəsində uşaqların gün rejiminin pozula biləcəyini də xatırladır.

Sonda keçmiş stüardessa uşaqları təyyarənin enməyinə hazırlaşdırmağı məsləhət görür. Təyyarə yerə enməyə başladıqda, salonda təzyiq artdığı üçün uşaqların qulaq kanalları ağrıya bilər. Bloqer bu zaman körpələrə butulkadan süd, bir az böyük uşaqlara isə sovurma şirniyyatlar verməyi tövsiyə edir ki, bu da qulaq kanallarına olan təzyiqi azaldır.

Mənbə: Tourweek

Şərh et