Təyyarə biletini Gürcüstandan almaq niyə sərfəlidir?

Axır vaxtlar Azərbaycandan xaricə Gürcüstan vasitəsilə gedənlərin sayı çoxalıb. Xüsusi ilə də az büdcəylə səyahət edənlər bileti Gürcüstandan alıb ya Tbilisi, ya da Kutaisi aeroportundan uçurlar. Səbəbini bilənlər bilir, bu yazıda bilməyənlər üçün izah etməyə çalışacam ki, bileti Gürcüstandan almaq niyə sərfəlidir?

GETMƏK İSTƏDYİNİZ ŞƏHƏRİN ADINI YAZIB, AXTARIŞ DÜYMƏSİNİ SIXIN!

Dünyada bahalı bilet satan və nisbətən yaxşı xidməti olan aviaşirkətlərlə yanaşı çox ucuz, hətta bəzən su qiymətinə bilet satan şirkətlər də var. Bircə fərq odur ki, bu şirkətlər təyyarədə yemək vermir və müştəriyə yalnız 9 kiloluq bel çantası götürməyə icazə verir. Yəni ondan artıq olarsa müştəri buna görə əlavə pul ödəməlidir.

Təəssüf ki, belə şirkətlər Azərbaycandan heç bir uçuş həyata keçirmirlər. Amma Azərbaycandan fərqli olaraq bu şirkətlərdən ikisi qonşu Gürcüstandan Avropaya və dünyanın digər ölkələrinə uçuşlar edirlər. Bunlar Türkiyənin “Pegasus Hava Yolları” və Macarıstanın “Wizz Air” şirkətləridir.

Pegasus Hava YollarıTbilisi Aeroportundan həftənin müxtəlif günlərində Türkiyənin və dünyanın müxtəlif şəhərlərinə uçur, qiymətləri də digər avia şirkətlərdən daha ucuzdur. Digər ucuz bilet satan şirkətlərdən fərqli olaraq “Pegasus”da yük daşıma ilə bağlı limit daha böyükdür, yəni baqaj götürə bilərsiniz.

Tbilisi Aeroportuna necə getmək olar?

Birinci variant taksidir. Şəhərdən aeroporta taksilərin qiyməti 20 laridir, bundan çox ola bilməz. Hətta aerportun çıxış qapısı tərəfdə taksi qiymətlərinin 30 lari olduğu yazılıb, amma siz bunu turist qiyməti kimi qəbul edin. Nəinki 20 lariyə, hətta şəhərin mərkəzindən taksilər 15 lariyə da gedir.

İkinci variant isə avtobusdur. 37 nömərli avtobus aeroporta gedir və 24 saat işləyir. Bu avtobus şəhərin mərkəzindəki Rustaveli prospektindən və Station Square adlı vağzaldan keçir. Bu vağzala isə Rustaveli metrosundan iki stansiyalıq yoldur.

Wizz Air isə əsl cənnətdir. 23-25 euro-ya Avropanın müxtəlif şəhərlərinə uçmaq mümkündür. Özü də aeroportlarda vaxt itirmədən – birbaşa. “Pegasus” dan fərqli olaraq “Wizz Air” Gürcüstandan daha az ölkəyə uçuşlar edir. Bu ölkələr – Almaniya, Macarıstan, Polşa, Yunanıstan, İtaliya, Litva və Kiprdir. Bu məsələni isə həll etmək elə də çətin deyil. Məqsəd səyahət etməkdirsə, bu ölkələrdən birinə gedib daha sonra yaxın şəhər və ölkələrə də avtobusla getmək olar, Avropada ölkələr arası avtobus qiymətləri elə də baha deyil. Qeyd edim ki, “Wizz Air”-in yük götürməklə bağlı qaydaları çox ciddidir, ancaq bel çantası götürə bilərsiniz, yükünüz isə nəzərdə tutulandan bir az artıq olsa ya onu azaltmalı ya da buna görə pul ödəməli olacaqsınız.

Bəs Kutaisi Aeroportuna necə getmək olar?

Kutaisi aeroportuna hər gün axşam saat 10-da Tiflisdən avtobuslar yola düşür. “Georgian Bus” şirkətinə məxsus bu avtobuslar şəhərin mərkəzindəki “Puşkin Parkı”ndan gedir. “Puşkin Parkı” Liberty Square metrosuna yaxındır, “Azadlıq Meydanı” ilə üzbəüz yerləşir. Avtobusun qiyməti isə 20 laridir. Avtobus bütün sərnişinləri birbaşa Kutaisi aeroportuna aparır. Bu avtobuslarda mütləq “Georgian Bus” şirkətinin ingilis və rus dilini bilən bir əməkdaşı da olur.

Tiflisə ucuz və asan yolla necə getmək olar?

Bakıdan Tiflisə avtobus qiymətləri 12 manatdır. Axşam saat 9 yaxud 11 avtobusu ilə çıxanda səhər artıq Tiflisdə olursan. Tiflisdə axşama qədər şəhəri gəzib, dadlı gürcü yeməklərindən yeyib axşam da yolunuza davam edə bilərsiniz. Tiflisə sərbəst səyahət üçün keçidi klikləyin.

Mənbə: samrastravel