Təyyarə ilə səyahət etməkdən qorxanlar üçün

Təyyarə salonu

Baxmayaraq ki, təyyarə ən təhlükəsiz nəqliyyat növü hesab edilir, hələ də təyyarə ilə səyahət etməkdən qorxan insanlara tez-tez rast gəlinir. Ucuz aviabilet alıb və ucuz otel bron etdikdən sonra bu tip insanlarda gözlənilən uçuşa görə qorxu hissləri yaranır. Əslində, təyyarədə uçuş zamanı yaranan qorxu hissi normal bir hadisədir, lakin bununla birmənalı şəkildə mübarizə aparmaq lazımdır, çünki təlaş və panika sizə ciddi problem yarada və səyahətinizi əməlli-başlı korlaya bilər. Təyyarə ilə səyahət etməkdən qorxan insanlar üçün bir neçə məsləhətlər təqdim edirik ki, bu məqamları yadda saxlasanız, təyyarə ilə səyahət sizin ən sevimli məşğuliyyətinizdən birinə çevriləcək.

  1. Təyyarə ilə səyahət etməkdən qorxan insanlar, təyyarənin hansı hissəsində oturacaqlarını əvvəlcədən planlaşdırmalıdırlar. Əgər siz hündürlükdən qorxursunuzsa, bu zaman gərək pəncərədən kənar yerdə əyləşəsiniz. Əgər siz turbulentlikdən qorxursunuzsa, bu zaman təyyarənin sonunda oturmanız məsləhət deyil, çünki təyyarənin bu hissəsi daha çox silkələnir. Əgər siz qapalı məkanlardan qorxursunuzsa, bu zaman çıxışa yaxın yerdə əyləşə bilərsiniz. Təyyarədə oturacaq yerinizi online qeydiyyat zamanı və ya bilavasitə hava limanında qeydiyyatdan keçərkən seçə bilərsiniz.
  2. Çalışın rahat geyimlərdən istifadə edəsiniz. Belə halda siz özünüzü evdəki kimi hiss edə və tez rahatlaya biləcəksiniz. Bu məqama xüsusən bir neçə saat uçuş tələb edən səyahət zamanı diqqət edilməlidir.
  3. Təyyarə ilə uçmaqdan qorxanlar üçün kiçik məsləhət – sovurma şüşə konfetlərdən istifadə etməkdir. Bu tip konfetlər sizin fikirinizi yayındıracaq və qorxu hissindən uzaqlaşmağa kömək edəcək. Belə hallarda həmçinin saqqız çeynəməkdə kömək edə bilər (xüsusilə meyvəli saqqızlar). Alimlər bu faktı insanların stress zamanı uşaqlıq illərində yaşadıqları xoşbəxt və qayğısız anlarına qayıtma istəyi ilə izah edirlər ki, saqqız çeynəmək də şüur altı olaraq bu işdə yardımçı ola bilir.
  4. Təyyarə ilə uçmaqdan qorxanlar pis fikirlərdən uzaq olmalıdırlar. Bir az öz fantaziyanızı işə salın və qorxduğunuz vəziyyətin sonluğunu müsbət ssenari üzrə tamamlayın.
  5. Qorxu hissindən uzaqlaşıb rahatlamağın daha bir üsulu – dərin nəfəs almaqdır. Bu səbəbdən sizi narahat edən bütün fikirləri uzaqlaşdırmaq üçün dərin nəfəs alın. Dərin və sakit nəfəs alarkən rahatlanma reaksiyası işə düşür və daha sonra orqanizmdə bir sıra dəyişikliklər əmələ gəlməyə başlayır: ürək ritmi ləngiyir, əzələlər zəifləyir və s.
  6. Əgər hündürlükdən qorxmursunuzsa, bu zaman uçuş zamanı çalışın tez-tez pəncərədən bayıra baxasınız. Bu zaman siz təyyarə göyə qalxarkən vəziyyətin sabit olduğunu görə, vəziyyətə bir növ nəzarət edə biləcəksiniz ki, bu da qorxu və təlaş hissindən azad olub, özünüzü rahat hiss etməyə kömək edəcək.
  7. Uçuşa özünüz ilə yumşaq oyuncaq və ya əlinizə xoş gələn digər bir əşya götürün. Əllərdə bir çox sinir sonluqları var ki, siz yumşaq və ya xoş bir predmet ilə təmasda olduqda fikiriniz yayınacaq və pis fikirlər haqqında düşünməyə vaxtı qalmayacaq.

Nəhayət, uçuşdan qorxanlar üçün ən vacib məsləhət – müsbət dalğaya köklənib gözəl məqamlar haqqında düşünməkdir!

Sizə xoş səyahət arzu edirik!