Turistlərin aldanıldığı 10 ölkə

Turistlər daha çox Misir, Türkiyə və Asiya istiqamətində olan ölkələrdə aldanırlar. Bu məqalədə biz turistlərin ən çox aldanıldığı 10 ölkə haqqında danışacağıq.

Qədim adət-ənənələri, yerli mətbəxi, maraqlı suvenirləri ilə yanaşı hər ölkənin turistləri aldatmaq üçün öz qaydaları var.

Misir

Misir hər addımbaşı dələduzluğa rast gəlinən ölkələrdəndir. Burada turistlərə qiymətli daşlardan olan fiqurlar təqdim edilir ki, yoxlamadan sonra onların əslində rənglənmiş sabundan hazırlanan suvenirlər olduğu məlum olur. Və ya turist dəvənin belindən sanballı məbləğ ödəmədən yerə düşə bilmir. Burada turistlərin aldanılması üçün taksi sürücüləri 1001 üsul bilirlər. Bu səbəbdən  taksinin qiymətini əvvəlcədən, maşına oturmamışdan öncə danışın, xüsusi sayğacla təchiz edilmiş taksilərdən istifadə edin və taksi sürücüsünə pulu avtomobildən çıxdıqdan sonra ödəyin.

Türkiyə

Misir taksi sürücüləri ilə yalnız türk taksi sürücüləri rəqabət apara bilər. Məsələn, onlar sərnişinlərə pulun qalığını səhv qaytara bilər, yerli pullar bir-birinə çox bənzədiyi üçün turistlər bəzən onları səhv salır. Həmçinin Türkiyənin gecə klublarında xanım turistlərini daha tez-tez aldadırlar ki, nəticədə turist həm öz içkisinin, həm də onu aldadan şəxsin içkisinin pulunu ödəməli olur.

Tailand

İlk baxışdan xeyirxah görsənən ölkə sakinləri bəzən narahatlıq gətirə bilər. Məsələn, onlar Banqkokda Kral sarayının önündə tənha turistlərə “başqa gözəl saraylara” ekskursiyaya aparmağı və yolda “daha bir maraqlı yer” göstərməyi təklif edib müəyyən miqdarda pul alırlar.

Bu ölkədə motosiklet, avtomobil və velosipedlərin icarəsi zamanı nəqliyyat vasitəsinin məhz turist tərəfindən cızıldığını ittiham edib, ondan iri məbləğdə cərimə ödənilməsini tələb edə bilərlər. Burada sizə tövsiyəmiz: nəqliyyat vasitəsinə ilkin baxış zamanı sahibinin yanında onun bütün zədələrinin şəkilini çəkin.

Bali

Bu “cənnət məkanında” insanlar deyil, xüsusi öyrədilmiş heyvanlar fəaliyyət göstərir. Uluvatu Məbədinin yanında meymun dəstəsi ziyarətçilərin üzərində parıldayan nə varsa oğurlayırlar: eynək, sırğa, üzük və s. Bu primatların təkbaşına öhdəsindən gəlmək çətin olsa da, bir neçə dəqiqə sonra qarşınıza oğurlanmış əşyaları qaytarmaq üçün müəyyən haqq tələb edən insan çıxır. Ona görə də, buraya gedərkən dəyərli zinət əşyalarınızı taxmamaq məsləhət görülür.

Hindistan

Hindistanda turistin əsas “düşməni” – dərisinin rəngidir. Məhz dərinin rənginə görə yerli sakinlər turistləri ayıra bilir və səyyahların hər addımında pul qazanmaq istəyirlər: çimərlikdə qeyri-adi müalicə proseduraları, baqajın verilməsi, ayaq yolu tapmaq üçün kömək və s.

Hər addımbaşı turistlərə dilənçilər də rast gəlinir ki, birinə pul verdikdən sonra ardınca 20-30 nəfər tökülüşür.

Hindistanda muzey və digər görməli məkanların girişində “çəkmək qadağandır” yazısını görüb öz texnikanızı girişdə saxlamayın, çünki əks halda onu daha heç vaxt görməyəcəksiniz. Belə hallarda ən yaxşısı yardım üçün bələdçiyə müraciət edin və nümayişkaranə şəkildə texnikanın batareyasını çıxardıb ondan istifadə etməməyinizə söz verin.

Çin

Bu ölkədə mirvari və ipək həvəskarlarını aldadaraq, saxta materialları təbii materialların qiymətinə satırlar. Əsl mirvari aşağıdakı əlamətləri ilə fərqlənir:

  • Sap üçün açılmış dəlikdə boya əlaməti olmur
  • Əgər onu masaya atsanız, o stoldan top kimi geri sıçrayır
  • Əsl miravari bir az əyri və soyuq, lakin süni muncuq ondan fərqli olaraq bir qədər isti və hamar olur.

İpəyi isə – saplarını yandıraraq yoxlamaq lazımdır. Təbii ipək saplarının külü barmaqlarınızda qalacaq və o yanmış yunun iyini verəcək. Süni parça isə əriyərək kimyəvi maddə qoxusunu yayacaq.

Fransa

“Ən romantik ölkədə” insanların hissləri ilə oynamağı sevirlər. Eyfel Qülləsinin yaxınlığında bir fransız qadına gül bağışlayır, onun dostları isə bir neçə metr sonra qadından güllərə görə 20 avro tələb edirlər.  Amma modapərəstlər üçün ən kədərlisi – Louis Vuitton və Chanel kimi brendlərin burada hər addımda satılan saxta çantalarıdır. Bu çantaları alıb evə aparmaq istəyənlər isə polisin “qara siyahısına” düşə bilərlər.

İtaliya

“Həssas” dələduzluq italyanlara da yad deyil, ancaq onlar daha çox şəfqət hissindən istifadə edirlər. Belə ki, meydanlarda xeyriyyə təşkilatlar adı altında öz ciblərinə pul yığanlara rast gəlmək olar. İtalyan dələduzlarının ən sevdiyi iki məkan – Kolizey və Müqəddəs Pyotr kilsəsidir. Birinci halda turisti növbədən xilas etməyi vəd edirlər və buna görə ondan biletin qiymətindən 2-3 dəfə daha çox pul alırlar. İkinci halda isə ödənişsiz girişi turistdən pul alaraq ödənişli edirlər. İtaliyada həmçinin restoranlarda heç kəsin sifariş etmədiyi yeməklər üçün hesab təqdim edirlər ki, buna görə hesabda siyahını diqqətlə yoxlamaq lazımdır.

İspaniya

Korrida və flamenkonun vətənində əcnəbilərdən pul qoparmağın məşhur yolu – digər “turistin” onun şəklini çəkmək xahişidir. Yalançı “turist” öz qurbanına fotoaparat ötürərkən, “polis” turistin əlindən tutaraq onu oğurluqda ittiham edir və sonda söhbəti kifayət qədər iri məbləğlə bağlamağı təklif edirlər.

Kuba

Kubada bahalı siqar əvəzinə saxta siqarlar satıb turistləri aldadırlar. Keyfiyyətli məhsul üçün ixtisaslaşdırılmış xüsusi mağazalara üz tuta bilərsiniz.

Bu və ya digər ölkəyə ucuz aviabilet almaq üçün keçiddən istifadə edə bilərsiniz.

Aldanılmamaq arzusu ilə xoş istirahətlər!

SHARE
Şərh et