Uşaqla səyahət

Uşaqlarla ilk səyahət, həm valideynlər, həm də uşaqlar üçün xoş və eyni zamanda narahatedici hadisədir. Çünki biz səfərə çıxarkən körpənin bu və ya digər vəziyyətdə özünü necə aparmasını təxmin edə edə bilmirik. Biz əvvəlcədən səfərin necə keçməsini, özümüzlə nə götürmək lazım olduğunu, uşağın yolda necə olacağını, xəstələndikdə hara müraciət etməyimizi və başqa məsələlər haqqında düşünməyə başlayırıq ki, bu da əbəs yerə deyil.

Müasir zaman bir çox ailələr uşaqlarla birlikdə səyahət etməyə üstünlük verirlər. Onlar öz övladlarına yeni yerlər, dənizi göstərmək, adət-ənənələrlə tanış eləmək istəyirlər. Səyahətin bütün ailə üçün uğurlu olması üçün bir çox amilləri nəzərə almaq lazımdır: uşağın yaşı, qidalanması, əyləncəsi, istirahət yeri və digər.

Bu məqalədə biz öz təcrübəmizə əsaslanaraq uşaqlarla səyahət ilə bağlı bəzi tövsiyələr haqqında danışacayıq.

Uşaqla səyahətin planlaşdırılması

İstənilən səyahətin planlaşdırılması uğurlu səfərlərlərin mühüm tərkib hissəsidir. Bura ucuz aviabiletin axtarışı, otellərin bron edilməsi, mənzil seçimi, əyləncə tədbirlərinin siyahısı və görməli yerlərin ziyarəti daxildir. Ümumilikdə isə bu əsasən sərbəst səyahətlərə aid olan məqamlardır.

Biletlər

İstənilən nəqliyyat növü üçün bilet alışı zamanı nəzərə alın ki, uşaqların yaşından asılı olaraq onlar üçün biletin qiyməti 40-50% daha aşağı olur. Bəzi hallarda isə (məsələn 2 yaşınadək olan uşaqlar) uşağa görə ümumiyyətlə pul ödəmək lazım gəlməyəcək.

Otel və ya mənzil seçimi

Yerləşdirilmə yerinin axtarışı ilə məşğul olduqda onun istirahət üçün rahatlığına, qida yerlərinə, əyləncə mərkəzlərinə, çimərliklərə yaxın olmasına diqqət edin. Bu zaman gecə rahatlığını da unutmayın, əks halda nə siz nə uşaqlar doyunca yatıb dincələ bilməyəksiniz.

Otellər daha çox iki nəfərlik nömrələrdə yaşamaq üçün nəzərdə tutulub ki, bəzən bura əlavə çarpayı yerləşdirməyə imkan olmur. Hostellərdə isə otaqlar 4-8 və daha çox sakin üçün nəzərdə tutulub ki, burada ayrıca hamam və ayaq yolu yoxdur. Göründüyü kimi belə yerlər uşaqlı ailələrin istirahəti üçün uyğun gəlmir. Buna görə də otel rezervasiya edərkən yataq yerlərinin sayını dəqiqləşdirmək lazımdır.

Əgər otellərdə uyğun otaq tapa bilmirsinizsə, bu zaman çıxış yollarından biri – mənzil kirayəsidir. Mənzillər həm bir, həm də iki və üçotaqlı, mebel və mətbəx ilə təklif edilirlər. Mətbəxin olması səyahət zamanı ailənin qidalanma büdcəsinə qənaət etməyə və balacaların sevdiyi yeməkləri hazırlamağa imkan yaradır.

Qidalanma

Səyahət zamanı uşaqların qidalanmasına da diqqət etmək lazım gələcək. Nəzərə alın ki, uşaqlar gündə ən azı üç dəfə yemək yeməlidir, bəzi uşaqlara isə xüsusi qidalanma lazım ola bilər ki, onu da hər restoran və ya kafe təqdim edə bilmir. Bu səbəblərdən qidalanma üçün yerləri də əvvəlcədən seçmək, daha ucuz və uyğun variant tapmaq üçün isə həmin ərazidə yerləşən restoranlar haqqında rəylərə nəzər yetirmək lazımdır. Bu hallarda ən uğurlu variant ailəvi kafelərdir ki, burada rəngarəng menyudan əlavə həm də uşaq meydançaları da var.

Bundan əlavə yaxınlıqda yerləşən supermarketlər də ərzaq məsələsinin həllində sizə yardımçı olacaqlar. Üstəlik gəzməyə özünüz ilə uşaqların sevdiyi peçenye, şirniyyat, yoqurt, su götürmək tövsiyə edilir, çünki gəzinti vaxtı bəzən vaxtında yemək yemək olmur və bu səbəbdən kiçik atışdırmalar sizin köməyinizə çatacaqlar.

Səyahət zamanı uşaqların təhlükəsizliyi

Uşaqlar böyük məsuliyyət tələb edir. Bu səbəbdən öz və uşaqlarınızın həyatını və sağlamlığını sığortalamaqdan çəkinməyin.

Əgər şəxsi avtomobillinizdə səyahət edirsinizsə, bu zaman təhlükəsizlik kəmərlərindən və uşaq oturacaqlarından istifadə edin.

Uşaqlar üçün yola nə götürmək lazımdır?

  • Dərman qutusu
  • Oyunlar, kitablar, oyuncaqlar
  • Paltar (bir-iki dəst dəyişik geyim, isti paltar, baş geyimi)
  • Ayaqqabı (səyahət edəcəyiniz ölkənin mövsümdən asılı olaraq)
  • Qida məhsulları və içki (təyinat yerinə çatana kimi lazım ola biləcək məhsullar)
  • Sənədlər (doğum haqqında şəhadətnamə, şəxsiyyət vəsiqəsi, xarici pasport, valideyn icazəsi və s.).

Sizə xoş istirahətlər arzu edirik!

SHARE
Şərh et