Washington
By Sean Pavone / shutterstock

Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqton – ölkənin ən çox turist axını olan şəhərlərindən biridir. Baxmayaraq ki, şəhərdə gecə həyatı yoxdur və rəngarəng şoppinq imkanları elə də geniş deyil, bura əcnəbilərlə yanaşı amerikalıların özləri də səfər edirlər.

Tarix

Vaşinqtonda və onun ətrafında bir həftə vaxt keçirərək Birləşmiş Ştatların tarixi haqqında daha çox bilik əldə etmək olar, nəinki ölkəşünaslıq kurslarında. Burada görməli yerlərə Konqres kitabxanası, Corc Vaşinqtonunun yaşayıb işlədiyi Maunt-Vernon, abidələrlə zəngin Milli xiyaban, Avraam Linkolnun qətlə yetirildiyi Teatr Fordu aiddir. Bundan əlavə mütləq Xəbərlər və Jurnalistika Muzeyini ziyarət edin. Muzeydə jurnalistika sahəsinə aid 4D formatında mini filmlər yayımlanan bir neçə kino zal, eləcə də özünüzü jurnalist və ya redaktor kimi his edə biləcəyiniz virtual xəbər zalı var.

Siyasət

Əgər siz ABŞ-ın daxili siyasi həyatını həvəslə izləyirsinizsə, bu zaman Vaşinqtona səfər sizin həyatınızda ən maraqlı səyahətlərdən biri ola bilər. Bura yalnız ABŞ-ın paytaxtı deyil, həm də Amerika siyasi həyatının mərkəzidir. Vaşinqtonda Kapitoli, Ağ Ev, Dövlət Departamenti yerləşir və bu sahədə çalışan insanlar da həmçinin burada yaşayırlar.

Hava şəraiti

Vaşinqtonda il ərzində 300 günəşli gün olur ki, bu da bir çox kurortlardan az deyil. Paradoksal olsa da, ən çox turist bura iyul və avqust aylarında, hava temperaturunun 30 dərəcədən yuxarı olduğu vaxtda səfər edir. Məhz bu zaman istidən şəhərdə gəzmək demək olar ki, mümkün olmur və şəhərin görməli yerlərinə uzun növbələr yaranır. Belə ki, bura səyahətinizi payız və ya yaz aylarına planlaşdırın ki, həm rahat hava şəraitində gəzə biləsiniz, həm də uzun növbələrdə gözləməyəsiniz.

Təbiət dünyası

Vaşinqtonda sağlam və fəal istirahət üçün bütün imkanlar mövcuddur. Burada təbiətdə və ya şəhər parklarında istirahət üçün hava şəraiti də çox münasib olur. Vaşinqtonda siz Potomakın Böyük Şəlaləsinə velosipedlə yola düşə, Rok-Krik parkında da həmçinin xeyli vaxt keçirə bilərsiniz. Mart ayının sonundan aprelin ortalarınadək isə Vaşinqtonda yaponlar tərəfindən hədiyyə edilmiş sakura çiçəklənir ki, bu dövrdə şəhərdə müxtəlif festivallar və mədəni tədbirlər keçirilir.

Uşaqlarla istirahət

Bir müddət Vaşinqtonun kriminal şəhər reputasiyası var idi, amma son 10 ildə o, ABŞ-da ən təhlükəsiz şəhərlərin biri hesab edildiyi üçün bura ailəniz ilə səfər edə bilərsiniz. Burada uşaqların da marağına səbəb ola biləcək əyləncələr var: böyük zoopark, Təbiət Tarixi Muzeyi, Aviasiya və Kosmonavtika Muzeyi, nəhəng botanika bağı. Bütün bu yerlərə giriş tamamilə pulsuzdur. Bundan əlavə Vaşinqtonun restoran və kafeləri arasında uşaq menyusu olan müəssisələr də çoxdur.