Cəlilabad

Cəlilabad

Salyan və Biləsuvardan sonra şoranlığın yerini bərəkətli qara torpaq əvəz edir. Kartof, soğan, üzüm, taxıl sahələri göz gördükcə uzanıb gedir. Bu tarlalardan toplanan məhsullar elə yoldaca satışa çıxarılır.

Yarmarka

1980 – ci illərin sonundan etibarən Cəlilabad birdən – birə məşhurlaşdı. Ətraf rayonlardan, paytaxtdan buraya avtobuslarla dolu insan axışmağa başladı. Ölkənin ən populyar məntəqəsinə çevrilməsinin səbəbi isə İranla sərhəddə yerləşən rayonda açılan nəhəng yarmarka, başqa deyişlə “tolkuçka” idi. Uzun illər vitrini və piştaxtaları boş olan mağazalardan sıxılmış sovet vətəndaşları üçün Cəlilabad yarmarkası tam bir alış – veriş cənnəti demək idi.

Arayış

1930 – cu ildə təşkil edilən rayon uzun müddət Hacılı və Astraxanbazar, 1967 – ci ildən Cəlil Məmmədquluzadənin şərəfinə Cəlilabad adlandırılıb. Bakı – Cəlilabad arası məsafə 210 kmdir. Bolqarçay, Mişarçay, İncəçay, Göytəpəçay buradan axır. Ölkənin ən iri üzümçülük mərkəzlərindən biridir. Qərbdə İranla sərhəddir. Təpəlik və ovalıqların çoxluq təşkil etdiyi rayonun 14.7 min hektarlıq sahəsi meşəlik zonadır. Düzənlikdən ibarət şərq hissəsində bəzi yerlər okean səviyyəsindən aşağıdır. Mülayim, isti yarımsəhra və quru çöl iqliminə malikdir.

Prişib qəsəbəsi

Rayonun girişindəki yaşayış məntəqəsidir. Son illərdə Göytəpə adlandırılsa da, indiyədək Prişib deyə çağırılır. XIX əsrdə Azərbaycan xanlıqlarını işğal edəndən sonra bölgəyə 250 min nəfərdən çox rus köçürüldü. Buna görə də rayonda rus yer adları çoxdur: Nikolayevka, Mixaylovka, Petrovka, Astraxanovka, Tatyanovka, Privolnoye ve sair misal göstərmək olar. Vaxtilə SSRİ qoşunlarının sərhəd hissələrinin yerləşdiyi qəsəbədə rus hərbçilər yaşayıb. SSRİ dağıldıqdan sonra bir çox yerdə olduğu kimi rusların əksəriyyəti buranı tərk etdi. Onların rus üslubunda tikdiyi yol boyunca düzülmüş bir mərtəbəli taxta (palıd) evlərin sayı getdikcə azalır. Qəsəbədə XIX əsrə aid artıq fəaliyyətdə olmayan rus pravoslav kilsəsi mövcuddur.

Göytəpə

Rayonun girişində diqqəti çəkən nəhəng təpədən Cəlilabada gözəl panoram açılır. Kiçik dağa bənzəyən bu 3 ədəd yüksəklik məşhur Göytəpə kurqanlarıdır.Təpələrin meydana çıxmasıyla bağlı xalq arasında bir əfsanə geniş yayılıb. Deyilənlərə görə, guya Nadir şah yüz minlik ordusuyla yürüşlərdən birindən qayıdarkən bu məntəqədə ordu əsgərlərindən hərəsinin bir torba torpağı üst-üstə yığmasını əmr edir. Beləcə hündür təpələr meydana çıxır. Əslində Muğan düzünü qorumaq məqsədilə istehkam qurğusu olub. Kurqanlarda aparılan arxeoloji araşdırmalar vaxtilə burada qədim Amaşara (Həməşərə) adlı şəhər mövcud olduğundan xəbər verir. Şəhərin sakinləri cadugərlər imiş. Onlar üzüm, nar və efedra bitkisindən xaoma adlı bir içki düzəldirlərmiş. Guya həmin içki insanı hər cür xəstəlikdən xilas edirmiş.

Həməşərə

Cəlilabadın tarixindən danışarkən Həməşərədən mütləq bəhs edilir. Söhbət atəşpərəstlərin qədim şəhərindən gedir ki, indiyədək rayonun yaşlı nəsli buranı Həməşərə adlandırır. XII əsr coğrafiyaşünası Həmdullah Qəzvini burada olub və şəhərin dəniz kənarında yerləşdiyini göstərib. Orta əsr tarixçiləri isə Həməşərənin üç metr hündürlüyündəki möhtəşəm qala ilə əhatə olunduğunu yazıblar. Deyilənlərə görə, bura atəşpərəstlərin mərkəzi olub və baş məbədgah da məhz burada yerləşib. Həməşərə adı da Zərdüştdən qalan yadigardır. Ad müqəddəsliklə bağlıdır. Muğan elinin mərkəzi olub Həməşərə. Ərəblər Azərbaycanın şimalına məhz buradan hücum ediblər. Atəşpərəstliyin möhkəm olduğu bu yeri xüsusi nəzarət altında saxlamaları da təsadüfi deyildi.

Zərdüşt məbədləri

Bunların yerində izləri çox az bəlli olan daş qalıqlar mövcuddur. Bəcirvan kəndindəki atəşpərəst məbədi Pir – Həsən adı ilə məşhurdur. Ziyarətgahdır. Başqa bir atəşpərəst məbədi Xənəyə kəndindədir. Eneolit dövründən qaldığı güman edilən daxma bişmiş kərpicdən inşa edilib. Divarında qoç buynuzu hörülüb. Bu da sitayiş predmeti hesab edilir. Ərəblərin bütün təqiblərinə baxmayaraq atəşpərəstlik burada uzun müddət qalır. İndiyədək yerli camaat Novruz bayramı ərəfəsində, axır çərşənbə günü qəbiristanlığa axın edir, ölülərini qəbirlərinin üzərində şam yandırıb, bayram üçün bişirilmiş bütün şirniyyatlardan qəbir üstünə düzməklə yad edir ki, bu ritualların İslam dini ilə heç bir əlaqəsi yoxdur.

Muğan düzü

Cəlilabad da tarixi Muğan torpağının parçasıdır. Kür – Araz ovalığının bir hissəsi Muğan düzü adlanır. Şimal – qərbdə Araz çayı vasitəsilə Mil düzündən, şimal – şərqdə Kür çayı vasitəsilə Şirvan və cənub – şərqi Şirvan düzlərindən ayrılır. Lənkəran ovalığına və Salyan düzünədək uzanır. İran ərazisinə qədər davam edir. Düzün çox hissəsi okean səviyyəsindən aşağıdadır. Azərbaycanın Muğan düzü və Talış dağlarında yayılmış son tunc və erkən dəmir dövrünə aid arxeoloji mədəniyyət – Talış – Muğan mədəniyyəti kimi səciyyələnir. Tarixi mənbələrə əsasən Azərbaycanda orta əsrlərdə Muğan adlı tarixi şəhər mövcud olub. Orta əsr ərəb tarixçiləri bağlı – bağatlı bu şəhəri Xəzər dənisi sahilində iki çay arasında, Ərdəbildən iki günlük məsafədə, gözəlliyi və əhalisinin də qonaqpərvər kimi qələmə verirdilər. Muğan düzü və vilayətinin adını məhz bu şəhərlə əlaqələndirirlər.

Toponim

Ehtimal edilir ki, Muğan türk toponimidir. Adın coğrafi mənşəyinə dair çox sayda əfsanə və rəvayətlər var. Bəzi əfsanələrdə Muğan qəhrəman bir oğlan, digərlərində isə gözəl bir qız kimi təsvir olunur.

Cəlilabad tarixi

Miladdan əvvəl VI əsrdə yaşamış yunan tarixçisi və coğrafiyaşünası Miletli Hekatey Araz çayı yaxınlığında Muk adlı tayfadan bəhs edib. Tarixin atası Herodot və Strabon da Kür – Araz çayları arasında yerləşən moqan adlı coğrafi yerin adını çəkib. Araz çayı ilə Xəzər dənizi arasındakı ölkəyə də vaxtilə Muğan deyiblər. Muğan düzünün bir hissəsi Albaniya, digəri isə Atropatena dövlətinin tərkibinə daxil idi. Muğan düzü coğrafi adı 393 – cü ildən məlumdur. Burada salınmış eyniadlı şəhər isə təxminən VII əsrdən sonra, yəni hunların Azərbaycana gəlməsindən sonra yaranıb. Qədim mənbələrdə Muğanın iki çay arasında çox gözəl, yaraşıqlı və bağ-bağatlı bir şəhər olması haqqında yazılar çoxdur. Sasani hökmdarı Qubadın dövründə Muğana su çəkilib, abad edilib, Çingizxan, Nadir şahın zamanında isə talan edilən şəhərin həyatı söndürülüb. Orta əsrlərdə Səfəvilər dövlətinin, daha sonra isə Qarabağ xanlığının tərkibində olub.

Qazan köşkü

Cəlilabad ərazisindəki ən məşhur tarixi abidə deyə bilərik. Bu köşk rayonun ən dağlıq hissəsində, Yardımlı ilə sərhəddə yerləşir. Mərkəzdən təxminən 48 km məsafədədir. Çox çətin yolları var. Köşk qayalardan ibarət təbii abidədir. Bununla bağlı müxtəlif mülahizələr var. Qazan xanın vəziri, Fəzlullah Rəşidin “Came – et tavarix” kitabında deyilir ki, Qazan xan Biləsuvara gəldi. Həməşərədə olub, Talış dağlarının qurtaracağındakı ən yüksək zirvəyə qalxdı və arvadı Bulaq Xatun ilə buraya yerləşdi. Bir müddət qalada istirahət etdikdən sonra Təbrizə yollandı. Köşk Qazan xanın yay istirahət düşərgəsi olub, onun adı ilə adlanıb. Qazan xan islam dinini qəbul edən ilk Elxani hökmdarıdır. Köşkün ətrafındakı toponimlərin hamısı Dədə Qorqud dastanında adları çəkilən yerlərdir. Yardımlının Arus kəndi köşkdən 20 km aralıdadır. Muğan zonası Qazan xanın ov ovlayıb, at oynatdığı yerlər hesab edilir.

[justified_image_grid facebook_id=2222665901206802 facebook_album=2338128969660494]