Gəncə

Gəncə

Gürcülər bura üçün “Bakı Azərbaycanın, Gəncə azərbaycanlıların paytaxtıdır” deyirlər. Azərbaycanın ikinci böyük şəhəridir. Xan çinarlar şəhərin bəzəyidir. Yollarda xurma ağaclarının çoxluğu diqqəti çəkir. Payız aylarında Gəncədə yol boyunca məhəllələrdə gəzərkən əlini atıb istədiyin ağacdan xurma dərib yemək ləzzət verir. Vaxtilə burada 70 məhəllə olub. Qırmızı kərpic və qırmızı kirəmitdən tikilmiş mülkləri, özünəxas memarlığı və tarixi abidələri ilə zəngin tarixi keçmişə sahib Gəncə dahi şəxsiyyətlər vətənidir.

Şərqdə, müsəlman və türk dünyasında ilk demokratik respublika olan AXC-nin ilk paytaxtıdır. Bir sözlə Azərbaycanı tanımaq üçün Gəncəni görmək şərtdir.

Arayış

Bakı – Gəncə arası məsafə 365 km-dir. Kiçik Qafqaz dağlarının şimal – şərq ətəklərində, Gəncə – Qazax düzənliyində, Gəncə çayının sahilində yerləşir. Tarixi Gəncəbasar ərazisi demək olar Yevlaxdan sonra düz Qazağa qədər uzanan geniş qərb bölgəsini əhatə edir. Ərazi indiyədək bu adla məşhurdur. Regional mərkəz olan Gəncənin tarixən Bakı – Tiflis karvan yollarının kəsişdiyi nöqtədə yerləşməsi ona Qafqazdan da o tərəfə Şərqin böyük ticarət mərkəzləri ilə ticari əlaqələri yaratmasına imkan yaratdı. Gəncədən Tiflisə məsafə cəmi 120 km-dir.

Gəncə dağları

Qərbdən şərqə doğru uzanan bu dağlar elə yüksəkdir ki, oktyabrda yağmağa başlayan qar iyunun ortasına qədər zirvədə qalır. Ən yüksək zirvələri: Murovdağ 3440 metr, Qoşqar dağ 3362 metr, Kəpəz dağ 3066 metr. Bu zirvələrə çıxmaqla doyumsuz mənzərəni seyr etmək mümkündür. Kəpəz, Göygöl, Maralgöl ətrafındakı möcüzəli yeraltı şəlalələr var ki, bunlar Kəpəzdən Maralgölə, Maral göldən Göygölə, Göygöldən də başqa yerlərə çıxır.

Gəncə çayı

Kürün sağ qolu olmaqla öz başlanğıcını Murovdağ silsiləsindən 2314 metr yüksəklikdən götürür. 66 – cı km-də Gəncəyə daxil olur.

Gəncə düzü

Gəncə – Qazax düzənliyinin qısa adıdır. Kiçik Qafqaz dağlarının şimal – şərq ətəkləri ilə Kür çayı arasındadır. Şimal – qərbdən aşağı Kartli düzənliyinə, cənub – şərqdə Qarabağ düzünə qovuşur.

Nizami Gəncəvi (1141 – 1209)

Dünya klassik ədəbiyyatının korifey-lərindən olan Nizami Gəncəvinin vətənidir. Əsl adı Cəmaləddin İlyas ibn Yusifdir. Orta əsr Azərbaycan şairi Gəncədə sənətkar ailəsində doğulub, burada yaşayıb və burada dəfn edilib. Sağlığında Şeyx kimi məşhur olub, xalq tərəfindən sevilib. Saray şairi olmaqdan imtina etsə də hökmdarların sifarişi ilə əsərlər yazıb, poemalarında onları mədh edib.

Yaradıcılığa lirik şeirlərlə başlayan Nizaminin əsərləri “Xəmsə” (Beşlik) kimi tarixə düşüb. Buraya 5 poema daxildir. Gəncədə dahi şairin adı ilə bağlı çox sayda obyekt var.

Nizami məqbərəsi (XIII – XIV əsrlər)

Mavzoley şəhərin girəcəyində, mərkəzdən 6 km məsafədə yerləşir. Ilk türbənin tikintisi XIII – XIV əsrlərə aid edilir. Şeyx Nizaminin türbəsi vaxtilə Mirzə Adıgözəl bəy Qarabaği və Əsgərağa Gorani tərəfindən təmir edilib. 1947 – ci ildə şairin qəbri üzərində yeni məqbərə ucaldılıb. 1990 – 1991 – ci illərdə restavrasiya edilib. Hündürlüyü 20 metr olan mavzoleyin üstü zərif mərmərlə örtülüdür. Məqbərənin arxasında Nizami “Xəmsə”sindən məşhur bəzi səhnələrin təsvir edildiyi dəmirdən yonulmuş heykəllərdən ibarət kompozisiyalar var.

Nizami poeziya teatrı (XVII əsr)

Nizaminin adını daşıyan Poeziya teatrı şəhərin mərkəzindədir. XVII əsrə aid Zərrabi məscidində yerləşən bu teatrın bağçasında, açıq havada “Xəmsə” motivləri əsasında kompozisiyalar səhnələşdirilir. Zərrabi sözünün mənası zərgər deməkdir. Zərrabilər məhəlləsi vaxtilə zərgərlər, sənətkarlar məhəlləsi kimi məşhur olub.

Nizami ev muzeyi (1980)

Orta əsrlərə xas tipik Gəncə evidir. Əslində 1980 – ci ildə dahi şairin anadan olmasının 840 illiyi münasibətilə çəkilən “Nizami” filminin əsas çəkilişlərinin aparıldığı pavilyondur. Çəkilişlər bitdikdən sonra da maket sökülməyib. Nizaminin ev muzeyi kimi qorunur.

Gəncə memarlığı

Şəhərin mərkəzində yerləşən sovet arxitekturasından miras qalan möhtəşəm sütunlarla bəzədilmiş nəhəng inzibati bina və onun qarşısındakı fəvvarəli – musiqili fontan buraya xüsusi ab-hava verir. Gəncədə dolaşarkən qədim Şərq şəhərində olduğunu hiss edirsən. Köhnə tikililər, Gəncə çayının üstündəki qədim körpülər, “Dar us – Səltənət” sarayı (X – XII əsrlər), məscidlər və karvansaraylar mühafizə olunur. Şəhərin ən yaraşıqlı binalarından birində, XIX əsrə aid Ziyadxanovların mülkündə tarix – diyarşünaslıq muzeyi yerləşir. Qafqaz Albaniyası dövrünə aid bəzi alban məbədlərinin birində məscid, digərində Gəncə Dövlət Kamera Orkestri fəaliyyət göstərir və hər şənbə günü konsert verir. Şəhəri gəzməklə doymaq, tarixini dinləməklə bitirmək olmur.

AXC-nin hökümət binası (1918-ci il)

Şüşə ev

Gəncədə hamının diqqətini çəkən ikimərtəbəli yaşayış evi şəhərin qəribə tikilisi hesab edilir. 1960 – 1964 – cü illərdə evin sahibi buranı tam 50.000 şüşədən, daha dəqiq desək butılkadan hazırlayıb. Gəncəlilərin “butılka ev”adlandırdığı bu mülk də tarixi əsərlər siyahısına daxildir.

Qədim Gəncə

İndiki şəhər mərkəzindən 6 – 7 km məsafədədir. Buralar qədimdə dağlıq zona olub. Ətraf yüksəklik üzərində ucalan qaya kimi relyefə malik Gəncəbasar Qafqazın seysmoaktiv rayonlarından biri idi. 1122, 1139, 1235 – ci illərdə episentr qədim şəhər olmaqla 9 bal gücündə zəlzələ baş verib. 1139 – cu ildə baş verən şiddətli zəlzələdən sonra şəhər tamamilə dağılıb. Bu təbii fəlakətdən sonra 300 000 – ə yaxın insan ölüb. Fəlakətdən sağ çıxan sakinlər yerlərini tərk etməyib, ondan bir az aralıda yenidən məskən salıblar. Əvvəlki şəhər yeri Gəncə xarabalığı kimi tanınır. Bütün orta əsr şəhərləri kimi Gəncə də IX əsrdə qala – şəhər tipində, Gəncə çayının sağ sahilində tikilib.

Gəncə qapıları (IX əsr)

Əl – Fəzrin oğlu Şəddadi Əbül Əsyar Sayirin hökmdarlığı zamanında onun tapşırığı ilə dəmirçi Osman oğlu İbrahim tərəfindən 1063 – cü ildə hazırlanıb. 1139 – cu ildə Gəncədə zəlzələ baş verərkən şəhər viran qalır. Fürsətdən istifadə edən gürcülər şəhəri talan edir, qalanın möhtəşəm qapılarını oğurlayırlar. XII əsrdə gürcü basqınlarına cavab olaraq Səlcuq ordusu Gürcüstana soxulsa da tarixi darvazanı geri qaytarmır.

Tarixçi Əl – İsfahani bu tarixi hadisəni belə təsvir edib:

“Gəncə şəhəri və mahalı torpağın altında qaldı. O, elə dağılmışdı ki, sanki yer üzündə belə bir şəhər heç olmamışdı. Zəlzələdə dağılan şəhəri gürcü çarı Demetri gəlib talan edir. Gedərkən şəhərin darvazalarını da öz ölkəsinə aparır.” Elə o vaxtdan Gəncə qapısı Gürcüstanın Kutaisi şəhərindəki Gelati məbədini, çar Demetrinin atası Qurucu Davidin məqbərəsini bəzəyir. Qapının eni 172 metr, hündürlüyü 3.33 metrdir.

Gəncə qalası (XVI əsr)

Həmin qaladan qalan kiçik bir parça, Qala divarı şəhərin mərkəzində, Xan bağı yaxınlığındadır. Qalanın indiyədək yaşayan divarı Şirəlibəy bürcünün qalığıdır. XVI yüzildə Gəncə vilayəti Osmanlı – Səfəvi müharibələrinin döyüş meydanı idi. Məhz o zaman güclü qala zərurəti yaranıb. “Bütün asiyalıların güvəndiyi sipər” kimi məşhur olan Gəncə qalası 1588 – ci ildə Osmanlı sultanı III Muradın sərəncamına əsasən Qafqazdakı Türk qoşunlarının komandanı Fərhad Paşa tərəfindən tikilib. Divarın ümumi uzunluğu 3.6 km, hündürlüyü 8.5 – 9.5 metr olub.

Əlverişli coğrafi mövqeyinə görə Gəncə tarixən daim vacib hərbi – strateji əhəmiyyətə sahib idi. General Sisianov Qafqazın mülki valisi Qasparova yazdığı “bütün Şimali Azərbaycanı qorxu altında saxlayan Gəncə qalasının mövqeyi, onun alınmasının Rusiya üçün böyük əhəmiyyətə malik olması” sözləri ilə bunu bir daha təsdiq edir.

1868 – ci ildə Gəncə quberniya mərkəzi olur. Yeni baş plan hazırlayan quberniya arxitektoru İqnati İvanoviç Krjintaloviçin təqdim etdiyi və 1873 – cü ildə imperator II Aleksandrın imzaladığı bu baş plana əsasən şəhərin mərkəzi tarixi hissəsi radikal dəyişikliyə məruz qalır. Qalanı dağıdaraq “avropasayağı kvartal” salırlar.

Gəncə faciəsi

XIX əsrin 80 – ci illərinədək mövcud olan Gəncə qalasında hərbi qarnizon yerləşirdi. Ruslar tərəfindən tamamilə dağıdılan qalanın müdafiəsində 3700 nəfər öldü. Qala tutulduqdan sonra şəhər demək olar ki, boşaldı. Türk – müsəlman əhali şəhəri ailəliklə, nəsilliklə, bütöv məhəllələrlə tərk edirdi. Odur ki, bəzi kəndlər tamamən silindi. Qarabağa, İrana, Samuxa, Nuxaya qaçdılar. Şəkidə bu günə qədər Gəncəlilər məhəlləsi durur. Rus işğalından sonra Gəncədə bir çox şey dəyişdi. 3 yanvar 1804 – cü il günü isə Gəncə faciəsi kimi tarixə düşdü.

Cavad xan (1786-1804)

Yelizavetpol

Yelizavetpol hərbi dairəsi Gəncə xanlığı 1804 – cü ildə tabe edildikdən sonra yaradılmış hərbi – inzibati vahiddir. Rusiyaya ikitərəfli dövlətlərarası siyasi müqavilələr bağlamaq yolu ilə birləşdirilən xanlıqlardan fərqli olaraq, çar qoşunlarına hərbi müqavimət göstərən xanlıqlar dərhal ləğv edilir, onların ərazisində isə hərbi dairə adlanan və çar zabitləri tərəfindən idarə olunan vahidlər yaradılırdı. Gəncə xanlığı ləğv edilərək quberniyaya çevrildi. Ərazinin Yelizavetpol adlandırlması Qafqaz baş komandanı general P.D. Sisianovun təklifi ilə oldu. Şəhərin Yelizavetpol adlandırılması haqqında çarın fərmanını 1804 –cü il martın 2 –də Şah Abbas meydanına toplaşan camaata Gəncə Cümə məscidi minarəsindən şəxsən oxudu. Şəhərin adı dəyişdirilərək İmperator Aleksandrın arvadı Yelizavetanın şərəfinə Yelizavetpol adlandırıldı. Bu, şəhərin tarixi adını unutdurmaq üçün gəncəlilərə verilən cəza idi. Fərmana əsasən həmin tarixdən sonra Gəncə sözünü işlədənlər 1 gümüş abbası(20 qəpik) cərimə olunurdu. Deyilənlərə görə, bu tarixi qərardan sonra inadkar gəncəlilər çar çinovniklərinin yanına gələrək məxsusi olaraq Gəncə deyib, sonra ciblərindən bir abbası çıxararaq rus məmurlarına verirdilər. 1918 – ci ilə kimi olan bütün rəsmi sənədlərdə Gəncə Yelizavetpol kimi xatırlanır.

2500 illik keçmişi olan Gəncənin adı tarixən siyasi hadisələrin gedişatında bir neçə dəfə dəyişilib. 1606 – cı ildə Şah Abbasın şəhəri tutmasıyla bir müddət Abbasabad, 1804 – 1918 – ci illərdə Yelizavetpol, 1918 – 1935 – ci illərdə Gəncə və 1935 – 1990 – cı illərdə kommunist liderlərdən S.M.Kirovun şərəfinə Kirovabad adlandırılıb.

Toponim

Gəncə kəliməsi fars dilində xəzinə, məhsul anbarı mənasına gəlir. Coğrafi relyefinə görə sözün mənasını genişlilik kimi də izah edirlər. Bunun Gancak tayfalarının adıyla bağlı olduğu ehtimalı da güclüdür. Gəncək tarixçi Mahmud Kaşğarinin adını çəkdiyi 24 Oğuz – Qıpçaq tayfalarından biri olub. Tarixçi alim Mahmud İsmayılov hesab edir ki, Gəncənin əsasını onlar qoyub. Gəncənin keçmişdəki adlarından “Qauz” qədim Midiya sözü, “Qunicə” isə yunanca “qadınlar ölkəsi” deməkdir. Yəqin ki, Qafqazda yaşayan amazon qadınları haqqında qədim yunanlar arasında geniş yayılmış əfsanə nəzərdə tutulur. Qədimdə Qança (Kançə) adlanıb. Sözün ilk komponenti “qan” (kan) bir sıra türk dillərində hakim, sərkərdə; ca isə yer, yurd kimi tərcümə olunur. Xan yeri, xan yurdu deməkdir.

Müxtəlif vaxtlarda Gəncəni öz təsiri altına almış hökmdarların işlərinin izləri şəhərdə indiyədək yaşayır.

Şahsevənlər

Şəhərin günbatanında, quru Qobunun şərqində şahsevən, gəncəlilərin təbirincə desək “şaxsöyən” məhəlləsi yerləşir. Gəncədə bu adda məhəllə, məscid və meydan var. Qızılbaşların məşhur tayfası olan Şahsevənlərin adıdır. Bunlar şaha sədaqət andı içən türkmən tayfalarıdır. Yaşadıqları hər yerdə hökmdarın propoqandası ilə məşğul olurdular. Bu tayfanın yaranması Şah İsmayıl Xətainin hakimiyyəti illərinə təsadüf edir (1501 – 1524). İsgəndər Münşinin məşhur “Tarixi aləm – arayi – Abbasi” əsərində yazılır:

“ Qızılbaşlara qarşı vuruşan Ağqoyunlu hökmdar Əlvənd Mirzə Şah İsmayılın yaxın adamlarından Seyid bəy Kəmunəni tutub quyuya saldırır. Lakin tezliklə şahın bir qrup əsgəri tərəfindən azad edilir. Elə bu hadisədən sonra Şah İsmayılın həmin əsgərlərinə “Şahsevənlər” adı verilir.”

Şahsevənlərin Gəncəbasara gəlməsi I Şah Abbasın adı ilə bağlıdır. 1606 – cı ildə 200 şahsevən ailəsi burada yerləşdirilib. Şahsevənləri Gəncəyə köçürməklə Səfəvi hökmdarı Osmanlılardan geri aldığı bu mühüm hərbi – strateji mövqeyə malik olan şəhərdə özünə güclü dayaq yaratmaq məqsədi güdüb.

Şahsevənlər məscidi (1882)

Sovet illərində “Xəzinə” kitabxanası kimi fəaliyyət göstərən bu məscidi 1880 – ci ildə 2 İranlı usta məhəllə camaatının hesabına inşa edib. Şərq memarlıq üslubunun qədim nümunələrindəndir. Bu tikili əslində islamdan əvvəlki tarixdə albanlara aid tarixi abidənin üzərində qurulub. Məbəd İslam dininin təşəkkül tapdığı ilk dövrlərdə İslama dəvət ocağı kimi fəaliyyət göstərib. Xəlifə Ömər ibn Xəttabın dövründə onun fəaliyyəti daha geniş olub. Azərbaycanda İslam təbliğatı nəticəsində albanların bir qismi müsəlmanlığı qəbul edib. Elə həmin vaxt yerli albanlar xristian məbədini yenidən quraraq onu məscidə çeviriblər. Vaxtilə üstündə 5 – 6 metr hündürlükdə dam olub.

Şah Abbas meydanı

Səfəvi hökmdarı Şah Abbas (1557 – 1628) 1606 – cı ildə Gəncəni tutdu. 1587 – ci ildə taxta oturduqdan sonra ölkəni böyütmək və gücləndirmək adına, inkişaf etməsi üçün çox işlər gördü. Bununla belə çox zalım hökmdar olan Şah Abbas hakimiyyətini qorumaq üçün çox qəddar addımlar atdı, iqtidar naminə öz yaxınlarını, hətta oğlunu belə öldürməkdən çəkinmədi.

Şəhərin mərkəzindəki Şah Abbas meydanının 400 il yaşı var. Burada məscid, karvansaray (XVII əsr), Çökək hamam, Hacı Bağır kəhrizi və xan qəbiristanlığı olub. Digər adı Bazar meydanı idi. Bütün orta əsr şərq şəhərlərinə xas bazar meydanı ictimai və ticarət mərkəzi funksiyasını yerinə yetirirdi. Quruluş və ölçülərinə görə çox böyük olduğundan buna Böyük Meydan da deyirdilər. Meydan hündürlüyü 40 – 45 metr olan çinarlarla çevrəli idi. Rəvayətə görə, Şah Abbas təzə şəhər salınarkən meydanın ətrafına çinar tingiləri əkən bağbanlara bu uzunömürlü və böyük ağacların böyüyərkən bir – birinə mane olmaması üçün “gencə – gencə basdırın” deyirmiş. Guya ona görə də şəhərin adı “Gəncə” qalıb.

Şah Abbas məscidi (1606)

Şərqdə yaxşı tanınmış memar Şeyx Bahəddin Məhəmməd Amilin layihəsi əsasında inşa edilən bu məscid Cümə məscidi kimi də məşhurdur. 1776 – cı ildə binaya əlavə olaraq qoşa minarə tikilib. 1606 – cı ildə Səfəvi hökmdarı I Şah Abbas tərəfindən tikdirilən məscidi XVIII əsrdə Cavad xan 2 dəfə əsaslı təmir etdirib. Məscidin daxilində 12 imam şərəfinə tikilmiş 12 hücrə var. Əvvəllər burada mədrəsə fəaliyyət göstərib. Məscidin diqqət çəkən əlamətlərindən biri budur ki, günorta vaxtı binanın günbatan divarına düşən kölgə itir. Bu da günorta namazına başlamağın vaxtını bildirir. Ərdəbil, İsfahan və Qəzvin şəhərlərində bənzər məscidlər var.

Çökək hamam (XV əsr)

Şah Abbas məscidinin bitişiyində yerləşir. Şeyx Bahəddin Məhəmməd Amilin layihəsi əsasında tikilib. Bina gümbəzlidir. Sovet vaxtı təmir olunarkən kanalizasiya sisteminə zərər vurulduğu üçün artıq hamam kimi çalışmır. Şah Abbas meydanına gələnlər burada Gəncə sənətkarlarının əl işləri, çini qablar üzərində tətbiqi sənət nümunələri ilə tanış ola bilərlər. Çökək Hamamda Dekorativ Sənət Mərkəzi yerləşir. Şah Abbas meydanındakı önəmli tarixi abidələrdən biri Cavad xan türbəsidir. Türbə 2004 – cü ildə tikilsə də onun tarixi XIX əsrə gedib çıxır. Cavad xanın hekayəsi Gəncənin qəhrəmanlıq dastanıdır.

Cavad xan (1786 – 1804)

Ziyadoğullar nəslinin nümayəndəsi, Gəncənin son xanıdır. 1786 – cı ildən taxta keçən Cavad xanın hakimiyyəti dövründə Gəncə gücləndi. Müstəqil xarici siyasət yürüdən Xan o dövrün mürəkkəb tarixi hadisələri fonunda öz siyasi fəaliyyəti ilə digər Azərbaycan xanlarından seçilirdi. Yaxınlaşan təhlükə qarşısında Azərbaycan, Dağıstan və Gürcüstan hakimlərini antirus koalisiyası yaratmağa müəyyən dərəcədə nail oldu. Amma həlledici anda Gəncə xanına heç kimsə kömək etməyincə tək qaldı. 1803 – cü ildə Gəncə qalasını ruslar tamamilə mühasirəyə aldılar. 1804 – cü ildə yanvarın 3ü səhər saat 5 –də qalaya hücum əmri verildi. Amansız döyüşlərdən sonra ruslar şəhərin müqavimətini qırdılar. Bir aydan artıq mühasirədə qalan xan və oğlu Hüseynqulu düşmənlərinin belə etiraf etdiyi qəhrəmanlıqla döyüşərək həlak oldu. Beləliklə, general Sisianovun hədə – qorxu dolu məktubuna cavab verdiyi kimi, “Gəncəni ancaq mənim cənazəmin üstündən keçərək tuta bilərsiniz” sözlərinə sonunadək sadiq qaldı. Cavad xanın mərdliyi və şücaəti qarşısında heyrətlənən, onun cəsarətinə və əməllərinə heyran qalan knyaz Sisianov xanı bir hökmdara yaraşan şəkildə, tabutunu Gəncə bayrağına sarıyaraq dəfn etməyi əmr etdi. Cavad xan və oğlu Hüseynqulu xan təntənəli dəfn mərasimi ilə Şah Abbas meydanındakı Xan qəbirstanlığında torpağa tapşırıldı. 1925 – ci ildə Xan qəbirstanlığı ləğv edildi. Cavad xanın sümükləri Səbzkar məhəllə qəbirstanlığındakı Gorani türbəsinə gömüldü. Nəhayət, 2004 – cü ildə xanın sümükləri yenidən əvvəlki yerinə qaytarıldı və üstündə türbə tikildi. Onun tabutuna sarılı məşhur bayraq isə tarix – diyarşünaslıq muzeyindədir.

Cavad xan dəftərxanası (XIX əsr)

Cavad xanın zamanında bütün yazı işlərinin aparıldığı dəftərxanadır. Sonralar gürcü şairi Nikolaz Baratişvilinin sığınaq evi olub. Hazırda muzey kimi fəaliyyət göstərən dəftərxanada o dönəmin çox önəmli tale yüklü hadisələri, sənədləri tərtib olunub. Onlardan bəziləri və o cümlədən Cavad xanın Sisianovun 1803 – cü ildə yolladığı hədə – qorxularla dolu məktublarına verdiyi dörd cavab məktubunun tam mətni sərgilənir.

Xan bağı (1700)

Ziyadxanlılar nəsli ilə bağlı olan tarixi əsər bu gün gəncəlilərin və Gəncəyə gələn qonaqların məmnuniyyətlə gəzinti üçün üz tutduğu parkdır. Qafqazda ən böyük parklardan hesab edilir. 1700 – cü ildə salınmağa başlayıb. Dünyanın müxtəlif yerlərindən gətirilmiş yaşıllıqlar, nadir bitkilər var. Cavad xanın dönəmində bağda abadlaşdırma, ən böyük yaşıllaşdırma işləri aparılır. Bundan sonra onun şərəfinə buranı Xan bağı adlandırmağa başlayırlar. Rus işğalından sonra isə adı dəyişdiriliərək Qubernator bağı olur. Xan bağı – xan ailəsinə məxsus 52 ha torpaq sahəsində salınan bu park “Sərdar bağı” kimi də tanınır.

Sərdar bağı

1847 – ci ildə, Xan bağının 6 ha sahəsində çarın Qafqazdakı canişini (sərdarı) knyaz M.S.Vorontsovun təşəbbüsü ilə şəhər parkının bünövrəsi qoyulub. Zadəganların istirahət güşəsi kimi mövcud olub. 1897 – ci ildə bağın bir yanında qırmızı kərpicdən Zemstvo idarəsi üçün yaraşıqlı bir bina da tikilib. 1918 – ci ildə ADR “Duma evi” adlanan bu malikanədə yerləşib. İndi Kənd Təsərrüfatı Akademiyasının baş binasıdır. Bağda fontanlar, hovuz, yay kinoteatrı, yay konsert zalı, heyvanxana da var.

Tarixi

“Cənzə gözəl, varlı və qələbəlik şəhərdir. Buranın çoxsaylı əhalisi səxavətinə, mehribanlığına, elm adamlarına və mühacirlərə hörmətli münasibətlərinə görə fərqlənirlər.”

Ərəb coğrafiyaşünası İbn Haukəl,

977 – ci il

“Gəncə V iqlimə aiddir. Bu islam şəhəri hücrətin 39 – cu ilində (659 – cu il) tikilib. O gözəl və əzəmətli şəhərdir.”

Coğrafiyaçı Həmdullah Qəzvini, XIV əsr

Abasqulu ağa Bakıxanov istinad etdiyi mənbələrə əsaslanaraq Gəncənin İran hökmdarı 2 – ci Kirin dövründə mövcud olduğunu göstərib. Bəzi müəlliflər Gəncənin Makedoniyalı İsgəndər dövründə (e.ə.336 – 323), digərləri Sasani hökmdarı I Qubad zamanında (489 – 531) salındığını göstərir. IX əsrdə beynəlxalq ticarətdə mühüm rol oynayan şəhərdə sənətkarlıq və ticarət xüsusi yer tuturdu. Gəncə bazarlarında yerli və xarici sənətkarların hazırladıqları müxtəlif məmulatlar satılırdı. Orta əsrlərdə şəhər karvanların tez – tez keçdiyi və qonaqladığı yerlərdən biri olub. 1940 – cı illərdə aparılan arxeoloji qazıntılar zamanı burada eradan əvvələ aid yaşayış məskəni aşkar edilib. Şəhər kimi V əsrdə formalaşıb.VII əsrdə iranlılar, sonra isə ərəblər tərəfindən dağıdıldı. Gəncə X əsrdə 945 – ci ildə rusların Bərdəyə basqınından sonra Arranın mərkəzinə çevrildi. Bununla da öz coğrafi mövqeyinə görə şimali Azərbaycan şəhərləri içərisində ön sıraya keçdi.

895 – 1030 – cu illərdə Gəncə ən güclü dövrünü yaşayıb. Qalalar, saraylar, körpü və karvansarayların inşa edildiyi və pul kəsilməyə başladığı bu dövrdə Gəncənin ərazisi də təbii olaraq genişləndi. Sənaye zonaları quruldu, ticarət, xüsusilə də ipək və ipək məmulatlarının satışı artdı. Həmin dönəmdə Gəncə həm də dini mərkəzə çevrildi. Alban katalikosu mərkəzi Bərdədən Gəncəyə köçürdü. X əsrdən etibarən Gəncə mərkəz olma yolunda güclənməyə başladı. Ərəb xilafəti dağıldıqdan sonra yaranan müstəqil feodal dövlətlərin paytaxtı oldu. Bu dövrdə Gəncəçayın sahili boyunca Qala divarları tikilərək şəhərin mühafizəsi gücləndirildi.

“İndi Gəncə sanki cənnəti xatırladır.”

Qətran Təbrizi, X əsr

XII əsr Atabəylər dövləti dönəmini Gəncə üçün çiçəklənmə dövrü adlandırmaq olar. İqtisadi, sənaye, hərbi və mədəni cəhətdən elə yüksəlir ki, “Arran şəhərlərinin anası” kimi şöhrət qazanır. 1231 – ci ildə Gəncəni mühasirəyə alan monqollar ciddi müqavimətə rast gəlsələr də əsir alır və dağıdırlar. Daha sonra Əmir Teymurun basqınlarına məruz qalan şəhər XVI əsrin əvvəllərində yaranan Səfəvilər dövlətinin bəylərbəyliyi olur. Bu dönəmdə şəhər yenidən dirçəlməyə başlayır. 1723 – cü ildə Osmanlı qoşunları Gəncəni mühasirəyə alsalar da tutmağa nail olmadan geri çəkilirlər. 1736 – 1747 –ci illərdə Nadir şah zamanında yürüdülən siyasət şəhərin yenidən zəifləməsinə gətirib çıxardı. Onun ölümündən sonra yaranan xanlıqlardan biri Gəncə xanlığı idi.

Gəncə xanlarının tarixi mülkü (Tarix muzeyi)

Gəncə xanlığı (XVIII – XIX əsrlər)

Bu xanlığın hakimləri Ziyadoğulları sülaləsi idi. Şahverdi xan (1740 – 1756) Gəncənin ilk xanı oldu. Xanlığın şəxsi pul vahidi mövcud idi. İran ilə Rusiya arasında Azərbaycan torpaqları uğrunda gedən müharibələr zamanı rusların Gəncəyə marağı çox böyük idi. Xanlığı İranın şimal əyalətlərinə aparan yolun açarı hesab edirdilər. Bu səbəblə ruslar Gəncə qalasını ələ keçirirərək buradan hərbi baza kimi faydalanmaq istəyirdilər.

Mədəniyyət

XIX əsrin ilk yarısından Gəncədə mədəniyyət dirçəlməyə başladı. Milli teatr olmasa da müxtəlif oyunlar və sərgilər keçirilir, rus teatrı çıxışlar edir, bir neçə kitabxana fəaliyyət göstərirdi. 1870 – ci ildə şəhər haqqında qanun qəbul edildi. Zəngin zadəganlar şərab və konyak istehsalı sahəsinə yatırımlar etməyə başladılar. 1883 – cü ildə Bakı – Tiflis dəmiryolu fəaliyyətə başladı. 1883 – cü ildə Gəncədə “Müqəddəs Nina adına Xeyriyyə cəmiyyəti” nin nəzdində ilk qadın orta məktəbi açıldı. Burada əsasən varlı ailələrin uşaqları təhsil alırdı.

1818 – ci ildə sosialist inqilabının qurulması yerli aristokratların İran və Türkiyəyə, ordan da Avropa və Amerikaya mühacirət etmələrinə səbəb oldu. Yalnız SSRİ dağıldıqdan sonra geri dönmə şansı əldə etdilər.

Tarixi abidələr

Gəncə şəhərində 504 tarixi abidə qeydə alınıb. 288 dənəsi dövlət tərəfindən qorunur. Dini abidələrin çoxluğu diqqəti çəkir. Gəncəbasar bölgəsində dini inancların ən qüvvətli olduğu yer sayılan Gəncə müsəlmanlar arasında “İmam Hüseyn” şəhəri kimi də məşhurdur. 52 məscid var. 70 illik kommunist – ateist rejim bütün inanclardan olan ibadət evlərinin ya dağıdılmasına və yaxud da binalarından fərqli niyyətlərlə istifadə edilməsinə gətirib çıxardı.

Alman kilsəsi (XIX əsr)

Gəncənin ən gözəl memarlıq nümunələrindən biridir. Çar hökümətinin Gəncəbasarda yerləşdirdiyi alman mühacirlər kilsənin tikintisində əsasən tuf daşından istifadə ediblər. 1915 – ci ildə Pravoslav kilsəsinin istifadəsinə veriləndən sonra Aleksandr Nevski kilsəsi adlandırılır.

Binada indi Gəncə Dövlət Kukla Teatrı fəaliyyət göstərir.

Rus Pravoslav kilsəsi (1875)

Gəncəni işğal etdikdən sonra quberniya mərkəzində yaşayan ruslar üçün inşa etdirilib. Tikildiyi gündən bu günə qədər kilsə kimi aktiv fəaliyyət göstərir.

Comərd Qəssab türbəsi

(VII – VIII əsrlər)

Buna Gəncənin “tarixi vəsiqəsi” deyirlər. 1940 – cı ildə aparılan arxeoloji qazıntılar zamanı Comərd Qəssabın qəbri üzə çıxarılıb.

Məqbərə Gəncənin VII yüzilin ortalarında artıq möhtəşəm şəhər olmasının göstəricisidir. Türbə Gəncə çayının sağ sahilində, Qədim Gəncə hasarının 1 km-liyində, indiki dəmir yolunun cənubunda yerləşir. Səkkiz guşəli formalı türbə bişmiş kərpic və gəcdən hazırlanmış məhluldan tikilib. XX əsrin 70 – ci illərində dağıdılıb, 2004 – cü ildə ilkin görkəminə tam uyğun olaraq yenidən inşa edilib.

Comərd Qəssab kimdir?

656 – 661 – ci illərdə hakimiyyətdə olan Xəlif Əli ibn Əbu Talibin dövründə yaşamış Comərd Qəssab haqqında çox sayda rəvayət var.

Deyilənlərə görə, şəhər əhalisinin bütpərəst olduğu vaxtlarda Comərd islam dinini qəbul edib. Tərəzi işlətməyən qəssab “Ya Əli” deyərək əti elə doğrayarmış ki, heç kim onun əti əskik kəsməsindən şikayət etməzmiş. Qanun tərəfdarı olması ilə seçilən Comərd Qəssabın Həzrəti Əliyə olan sadiqliyindən, xalq arasında dürüstlüyü, təmiz əqidəsi ilə tanınan və sevilən bir şəxs olduğundan tarixi mənbələrdə bəhs edilir.

İmamzadə (738 – ci il)

Şəhər mərkəzindən 7 km şimal – şərqdə, Gəncə çayının sağ sahilində, Aznixi kəndindən sonra, qədim Gəncə ərazisindədir. VIII əsrə aid türbənin üzərindəki kitabədə İmam Məhəmməd Bağırın oğlu İbrahimin qəbri üstündə tikildiyi və rus ordusunun 2 – ci atlı – müsəlman polkunun sərkərdəsi, general – mayor İsrafil bəy Yadigarzadənin təşəbbüsü ilə bərpa edildiyi (1878 – 79) göstərilir. Memarlıq üslubuna görə onun XIV əsrdə, ətrafındakı kompleksin isə XVII əsrdə tikildiyi ehtimal edilir. Türbənin ətrafında kiçik məscidlər, karvansaray tipli evlər, darvaza və köməkçi binalardan ibarət dini kompleks yaradılıb. Türbənin hündürlüyü 12 m, günbəzin hündürlüyü 2.7 metr, diametri isə 4.4 metrdir. Künbəzə mavi kaşıdan üzlük çəkilib. Əvvəllər daha geniş ərazini əhatə edən kompleks XVII əsrdə ziyarətgah şəklini alıb.

İmamzadə xüsusilə dini bayramlarda, ən çox da Məhərrəm ayında ziyarətçı axınına uğrayır. Gəncə, Naxçıvan, Bərdə, Nardaran İmamzadələrinin hamısı imam nəslinin nümayəndələri şərəfinə ucaldılıb. Hər birinin öz tarixçəsi var.

V İmam Məhəmməd Bağır kimdir?

Mədinə şəhərində hicrətin 57 – ci ilində dünyaya gəlib. Valideynləri I İmam Əli nəslinə mənsub idi. İmam Məhəmməd Bağırın elm savadının sədasının bütün İslam aləminə yayıldığı o dönəmə aid tarixi qaynaqlarda yazılıb. Əməvilər hökmranlığı dövründə yaşayan V İmam həyatı boyunca hökmdarların əslində İslam dininə etiqad bəsləmədiklərini, ondan yalnız öz məqsədləri üçün istifadə etdiklərini söyləyərək dini qorumağa çalışıb. Mədinə şəhərində dəfn olunan imamın oğlu İbrahimin isə Azərbaycana nə vaxt və necə gəldiyi barədə məlumat yoxdur. Amma Məhəmməd nəslindən olanların sonradan uzaq ölkələrə getmələrinin səbəbi daha çox sonrakı ərəb hökmdarlarının onlara qarşı düşmənçilik bəsləmələri ilə əlaqədar idi. Təzyiqlər üzündən buraya gəlib çıxan Mövlana İbrahimin xəstəlikdən öldüyü bildirilir.

Onun dəfn edildiyi qəbiristanlığın olduğu ərazi Şıx düzü adlanır. Türbənin içərisində qara pərdələrlə örtülü məzarın ətrafında insanlar dönərək dualar oxuyur, niyyət tuturlar. Sonra digər seyidlərin qəbrini ziyarət edirlər. Qəbir üstlərinə nəzir qoyur, şam yandırır, dilək diləyirlər. Şirniyyatları aparıb oraya qoymaq ölənlərin ruhunu şad etməkdir. Diləyin nə olmasından asılı olaraq dilək ağaclarında yaxud baş daşlarının üstündə bəzi fiqurlar görmək olur. Məsələn, uşaq sahibi olmaq istəyənlər, övladı olmayanlar cib dəsmalından oyuncaq beşik düzəldib asırlar, avtomobil arzulayanlar maşın düzəldirlər və sair. İmamzadənin divarına şəkər yapışdırmaq adəti var. Niyyət tutub şəkəri divara sıxmaq lazımdır. Əlini buraxdıqdan sonra qənd parçası yapışıb divarda qalsa, deməli, arzular yerinə yetəcək.

Gəncənin emblemləri

Buranın o qədər çox simvolu, emblemi var ki… Şəhərin hər yerində, bütün suvenir əşyalarda şəhərin tarixi rəmzlərinə rastlamaq olur. Gəncədən bir xatirə kimi bunları əldə etmək olar. Onlardan ən populyar olanı gerbdir.

Gəncə gerbi

Müstəqil Gəncə xanlığı zamanında yaranıb. Gerbdə təsvir olunan günəş – əbədi həyat simvolu, ay – əbədi işıq, azadlıq rəmzi, 8 guşəli ulduz – türkçülük rəmzi, palıd yarpağı – möhtəşəmlik, uzunömürlülük və müdriklik simvolu, bütün bunları özündə biləşdirən yaşıl fon isə islamın rəmzidir.

Gəncə səbəti

Cənub zonasından sonra məişətdə geniş istifadə edilən və dəbdən düşməyən lokal məişət avadanlığıdır. Şəhər bazarından satın almaq olar. Qarğıdan hörülür. Gəncəlilər ölçüsünə görə bunu zarafatla xan səbəti və hambal səbəti deyə ayırırlar. Şəhərin müxtəlif məhəllələrində bu səbəti toxuyan ustalar var. Qarğıdan hazırlanan məşhur Gəncə səbəti ərzaqları uzun müddət saxlamaq üçün əlverişli sayılır.

Gəncə paxlavası

Digər yörə paxlavalarından fərqlənir. Əsas xüsusiyyətlərindən biri onun mis sinidə və ocaqda bişirilməsidir. Xalis Gəncə paxlavasının altı və üstü qırmızı, içərisi ağ rəngdə olur. Yuxaların sayları bilinir – 23 qat olur. Elə kalorilidir ki, bir dənəsini bir dəfəyə yeyib bitirmək mümkün deyil. Və ən əsası, gerçək Gəncə paxlavası bir neçə ay qalsa da xarab olmur. Paxlava elə əziyyətli və bahadır ki, dükanlarda satışına rastlamaq çox çətindir. Daha çox Novruz bayramında bişirilir.

Xəmir üçün

Əla növ buğda unu, yumurta, xama, 1 çimdik duz ilə yoğrulan xəmir bir müddət dinləndirilir. Nazikliyi 1 – 3 mm arasında olan 23 yuxa yayılır.

İç üçün

Təmizlənmiş, qabığı soyulmuş qoz ləpəsi, şəkər tozu, bir çimdik darçından hazırlanır. Qoz ləpəsi bir gün əvvəldən islağa qoyulur və onun qabığı təmizlənir ki, paxlavanın içi ağ rəngdə olsun. 1 kq qoz ləpəsi rəndələnərək 1 kq şəkər tozu ilə qarışdırılır.

Şərbət üçün

Bal, şəkər tozu, az miqdarda su, hil, mixək, zəfərandan şərbət bişirilir və soyudulur.

Bişmə qaydası

Mis qab bir az isidilir və yağlanır. Ilk 3 qat yuxalar yağlanaraq üst-üstə düzülür. Sonrakı qatların arasına 4 – 5 mm qalınlığında iç qoyulur. Ən üst qata çatanda bıçaqla sinidəki xamır romblar halında kəsilir. Sonra çuğundur suyu ilə üstünü boyayırlar. Hər rombun ortasına fındıq yerləşdirib, uclarına da xaş – xaş toxumu sərpişdirirlər. 1.5 – 2 saatda bişən paxlavanın yanmaması üçün başının üstündən bir an da olsun ayrılmırlar. Sininin ağzını örtüb yanan közlərdən qapağın da üstünə tökürlər ki, üstü də bişsin. Bir az bişdikdən sonra üstünə şərbət tökülür. Altı qızarıbsa bişib deməkdir. Daha sonra soyumağa buraxılır. Şərbəti tam canına çəkdikdən və tam soyuduqdan sonra paxlava sinidən çıxarılır və başqa qaba düzülür. Çay süfrəsinin və bayram xonçalarının bəzəyidir.