Tarixən Gəncəbasar kimi tanınan bu bölgə Yevlax, Mingəçevir, Goranboy, Gəncə, Göygöl, Daşkəsən, Samux, Şəmkir, Gədəbəy, Tovuz, Qazax, Ağstafa rayonlarını əhatə edir. XIX əsrdə ərazi tamamilə Gəncə xanlığına tabe idi. Azərbaycanın ən qədim insan yaşayış məskənləri və mədəniyyət mərkəzlərinin birləşdiyi yerdir. Təbii gözəlliyi və tarixi – arxeoloji abidələri bu zonanı turizm cənnətinə çevirib. Gəncəyə gələnlər şəhərlə tanışlığı bitirdikdən sonra bir neçə fərqli istiqamətdə səyahətə çıxa bilərlər. Aşağıda göstərilən daxili turist marşrutları üzrə hərəkət edərək bu istiqamətdəki yerlərin hamısını gəzib görməyə dəyər.
SƏYAHƏT № 1
Gəncə – Samux – Lək kəndi –
Eldar şamı Dövlət Təbiət Qoruğu
Samux
Qədim Gəncənin olduğu daha bir yer “şəhər burnu” adlanan təpənin yaxınlığındadır. Bura qədim Samux mahalı kimi tanınır. Gəncə və Kür çaylarının sağ sahilində, Gəncə şəhərinin şimal istiqamətində, təxminən 25 – 30 km məsafədə yerləşir. Bura tarixi qaynaqlarda adı Samunido, Samuxi kimi çəkilən Samuxun yer üzündə qalan hissəsidir. Bu şəhərin izləri qalın Samux meşələri dərinliklərində əsrimizin əvvəllərinə qədər mövcud olub. Ptolomeyin xəritəsində bu yer göstərilərək Samunis, Samuxis kimi yazılıb. Saklarla bağlı yer adıdır. Sak və muğ tayfalarının yaşayış yeri deməkdir.
Lək kəndi
Kənddə “Yanar bulaq” var. Kükürdlü mineral sudur. Kibrit çaxınca alov alır. Yaxınlıqdakı ev sakinləri bu suyun qazından faydalanır, məişətdə ondan istifadə edir və beləliklə, qaz pulu da ödəmirlər.
Eldar Şamı Dövlət Təbiət Qoruğu
Mərkəzdən 60 km məsafədə, Ceyrançöldə, Gürcüstanla sərhəddə yerləşir. Çöl boyunca yonca qoxusu insanı məst edir. Nadir Eldar şamlarının qorunduğu qoruqdur. Ağac adını yer adından götürüb. Yerlilər danışırlar ki, vaxtilə Qazax ellərində maldarlıqla məşğul olanlar çox imiş. Mal – qaranın və onlara baxan insanların sayı elə çoxalır ki, Qazax eli dar gəlməyə başlayır və bir hissəsi bu tərəflərə köç edərək buralarda, cəmi 4 kənddə məskunlaşırlar. Həmin vaxtdan eli dar olanların məkanına “eldar” deməyə başlayırlar. Çox unikal yerdir. Sərt iqlimə malikdir. Bənzərsiz mənzərəsi var. Canavar, ayı və bol sayda zəhərli ilanların vətənidir. Şaxtalı qış günlərində belə ilanlara rastlamaq mümkündür. Ona görə də bura “ilanların mələdiyi çöl” kimi şöhrət tapıb.
Eldar şamı
Relikt bitkidir. Eldar dərəsinin şimal – qərbində sıldırım qayalarda bitir. Bu sahə dəniz səviyyəsindən 600 metr yüksəkdə yerləşir. İsti, şaxta, quraq, küləyə davamlı, qəribə quruluşlu ağacdır. Eldar armudu, Saqqız ağacı kimi nadir ağaclar da var. Hamısı da duzlu şoranlıqda yox, qayalıqlarda bitir. Dünyada bu ağac sadəcə Azərbaycanda və Azərbaycanda da sadəcə Samux ərazisində, 392 ha sahədə bitir. Eldar şamı ikiqat oksigen buraxır. Bu səbəblə tənəffüs yolları xəstəliklərinin, xüsusilə də astma xəstələrinin müalicəsində yaxşı dərman sayılır.
SƏYAHƏT № 2
Gəncə – Daşkəsən – Xoşbulaq
Daşkəsən yolu
Azərbaycanın Uralı adlandırılır. Faydalı qazıntı yataqları, tarixi – təbii abidələrlə zəngindir. Yol boyunca sıralanmış mərmər yataqları antik yunan teatrlarını xatırladır. Qərb zonasının turizm potensialı yüksək olan yaşayış məntəqələrindəndir.
Gəncədən təxminən 45 dəqiqəlik məsafədə yerləşən Xoşbulaq Daşkəsən rayon mərkəzindən 17 km aralıdadır. Məşhur daş, dəmir – filiz mədənlərinin arasından keçərək Gəncəbasarın ən səfalı kəndlərindən birinə çıxırsınız. Yol üstündəki Bayan kəndi coğrafi quruluşuna uyğun memarlığı ilə diqqəti çəkir. Ərazi yüksək dağlarla əhatəli olduğundan əkilib – becəriləcək torpaq sahəsi azdır. Bundan maksimum faydalanmaq üçün əhali evləri dağ qayalarının üstündə inşa edib. Kəndin ən üst hissəsində divarlarına müxtəlif işarə və xaçlar döyülmüş Alban məbədi indiyədək durur.
Xoşbulaq
Eyniadlı kənd və yaylaq belə adlanır. Kənddə cəmi 1000 ə yaxın ev var. Son illərdə sürətlə betonlaşan Xoşbulağa baxanlar buranın keçmiş illərindən təəssüflə bəhs edirlər. Deyilənlərə görə, yay gələndə burada həyat canlanar, yaylaqda hər il ən az 10000 çadır qurularmış. Quru – sərt iqlimə sahib Xoşbulaq yaylağında çəmən otlaqları apreldən oktyabr sonunadək yaşıl olur. Mükəmməl havası var. Çəmənliyin xaricində ərazidəki yaşıllıq bəzi ərazilərdə salınmış süni şam meşəsindən ibarətdir. Burada 50 – yə yaxın bulaq var.
Qaracəfər çayı axır. Xoşbulağın 3 km-liyində 50 metr eni, 110 metr uzunluğu olan Zağalı göl, yamacları bəzəyən rəngi turuncuya çalan daş laləsi buraların gözəlliyini artırır. Sovet dönəmindən bəri istirahət cənnəti hesab edilsə də, ərazidə hər hansı turizm infrastrukturu, restoran yoxdur. Sadəcə kənd camaatının gələn qonaqları düşünərək ticari məqsədlə təşkil etdiyi kiçik məkanlarda arzulayanlar samovar çayı içib, kabab yeyə bilərlər.
SƏYAHƏT № 3
Göygöl rayonu –
Göygöl Dövlət Təbiət Qoruğu
Arayış
Göygöl rayonu Kiçik Qafqazın ətəyində yerləşir. Ən uca zirvəsi Murovdağ silsiləsinə aid Camış dağıdır(3724 metr). İqlimi mülayimdir. Quşqara və Gəncə çayları buradan keçir. Heyvan və balıq ovu həvəskarları üçün ideal şərait var. Təbii və tarixi abidələrlə zəngin kəndlərə turist marşrutları təşkil edilir. Buraya qədim Gəncənin peyki deyirlər.
Tarixi
Rayon kimi 1819 – cu ildə Xanlıqlar – Qonaqlar kəndlərinin xarabalıqları üzərində salınıb. İlk sakinləri almanlar olub. Almanlar Helenedorf adlandırdığı rayonun adı dəyişdirilərək 1915 – ci ildə Yelenendorf, 1938 – ci ildə Xanlar, 2007 –dən Göygöl qoyulub.
Rayonun ən məhur abidəsi 1854 – cü ildə inşa edilmiş Alman Lüteran kilsəsidir. İndi burada tarix – diyarşünaslıq muzeyi yerləşir. Kilsənin içərisindəki nəhəng organ da təmir edilmək üzrə buradan çıxarıldıqdan sonra bir daha geri qaytarılmayıb. Müharibə illərində hərbi qospital kimi fəaliyyət göstərən kilsənin ilkin orijinal halı pozulmayıb.
Almanlar Azərbaycanda
XIX əsrin əvvəllərində Almaniya iqtisadi böhran və dini qarşıdurmadan əziyyət çəkirdi. 1816 – 1818 – ci illərdə Vürtemberq krallığından rus imperatoru I Aleksandrın razılığı ilə Rusiyaya 1400 ailə, 15 koloniya köçürüldü. Onlardan 500 – ü, 8 koloniya Zaqafqaziyada, Tiflis və Yelizavetpol (Gəncə) ətrafında məskunlaşdı. 3 koloniya üçün Gəncəbasar ərazisində – Xanlar, Şəmkir, Gədəbəy, Ağstafa rayonlarında torpaq sahəsi ayrıldı. 1819 – cu ildə burada ilk alman koloniyası Yelenendorf və ondan qısa bir zaman sonra da ikinci koloniya Anniefeldin əsası qoyuldu. XX əsrin əvvəllərində Azərbaycanda artıq 8 alman koloniyası vardı ki, bunlarda təqribən 6 min adam yaşayırdı.
İndiki Ağstafa yaxınlığında 1907 – ci ildə Yelizavetinka, 1911 – ci ildə isə Qrünfeld alman koloniyası az vaxt ərzində çox inkişaf etdi. Sənayedə və təsərrüfatda yaxşı mütəxəssis olan almanlar bu münbit torpaqlarda yeni həyata başlayıblar. Fərqli memarlığı ilə seçilən evlər, körpülər, çaxır və konyak zavodları idniyədək qalır. Üzümçülük və şərabçılıq tarixi də onların adı ilə bağlıdır. I Dünya müharibəsi illərində Çar onları sıxışdırmağa başladı.
1941 – ci ildə isə faşist Almaniyasının təcavüzündən sonra Stalin onları Qazaxstan, Ural və Volqaboyuna sürgün etdi. İllər sonra yalnız Klayn və Lott ailəsi 1956 – cı ildə Stalinin ölümündən 3 il sonra yenidən geri qayıtsalar da, ailələrin yerdə qalan nümayəndələri SSRİ dağıldıqdan sonra Almaniyaya döndü. Viktor Klayn Azərbaycanı tərk etməyən tək alman oldu. “Mənim bütün tanıdığım və sevdi
yim insanlar burada yaşayıb, burada dəfn olunublar. Evim buradır”- deyən Viktor bir neçə dildə danışır, mükəmməl piano çalır. Cənab Klayn həyatının sonunadək başdan – ayağa antik əşyalardan ibarət muzeyi xatırladan evində yaşadı.
Taxtadan inşa edilmiş orijinal memari quruluş ilə seçilən alman evlərinin hər biri ən az 100 yaşındadır. Standart tipli evlərin hamısında zirzəmi və çaxır saxlamaq üçün ayrılmış yerlər, xüsusi istilik sistemi var. Bəziləri eyvanlarda üzüm yetişdirir, təzə – tər üzümü uzun müddət saxlamağın texnologiyasını yaxşı bilirlər. Buralarda üzümçülüyün və şərabçılığın tarixi almanlarla birbaşa bağlıdır.
Rusiyanın Qafqazdakı əyalətlərinin statistika, etnoqrafiya, topoqrafiya və maliyyə baxımından təsviri:
Yelizavetpol dairəsi
Ticarət və manufaktura işləri gəncə-basarlıların başlıca qazanc mənbəyidir. Siyasi vəziyyətin dəyişilməsi nəticəsində onun əhalisi əsasən əkinçiliklə məşğul olmağa başladı. Ən çox marena qızıl boya satmaqla məşğul olurdular. Yelizavetpol üzümü olduqca xoşagələn, dadına görə Zaqafqaziyada ən yaxşı növlərdəndir. Ondan hazırlanan sarımtıl – qırmızı şərab acı – şirin tama malikdir, kifayət qədər tünddür və başağrısı verir.
Turizm
Göygöl rayonu üzrə bir neçə daxili turist marşrutları mövcuddur:
Quşqara – Balçılı (15 km)
Daşkəsənlə həmsərhəddir. Üstündən duman əskik olmayan dağlarda Qız Qalası – təbii qala var.
Tabaka qonaqlığı
Quşqarada sovet vaxtından bəri məşhur motel var. Gəncə aeroportunun cəmi 2 km-liyində yerləşir. Bura təsərrüfat hesabı ilə çalışan bir yer olub. Yəni restoranda müştəriyə təklif olunan qidaların hamısı motelin bağçasındakı sahədə yetişdirilirdi. Vaxtilə burada mini quşçuluq ferması da olub. O vaxtdan bu motel – restorandakı ən populyar yemək “tabaka”dır. Yəni bütöv toyuğu bir tavada üzüqoylu uzadaraq üzərinə qapaq, onun da üstünə ağır daş qoyaraq yastılaşdırır və hər iki üzünü qızardırlar. Yanında kartof qızartması ilə servis edilən tabaka elə ləzzətli olur ki, bir dənəsini bir nəfər bir oturumda yeyə bilir.
Çaykənd – Yeni Zod
Çaykənd, Azad, Kamo 1989 – 1990 – cı illərdə şiddətli döyüşlər gedən kəndlərdir. İndi hamısı birləşdirilərək Yeni Zod adlanır. Əhalisi etnik təmizləmə nəticəsində Qərbi Azərbaycandan qovulmuş, tarixi Göyçə mahalının Böyük Zod kəndinin sakinləridir. Zod düz Kəlbəcərlə sərhəddə yerləşən qədim türk kəndidir. Kəlbəcər qızılının işlənib emal edildiyi zavodlar da bu kəndin ərazisində yerləşir.
Buralarda Alban abidələri sayca çoxdur. Bir çoxunun da üzərində inventar nömrəsi yoxdur, qeydiyyatdan keçməyib. Bu kəndlərdə kollektiv halda kürə çörəyi bişirmək adəti var. Kənd xanımları çörək bişirmək üçün bu kürənin ətrafına toplaşır. Bir növ rus sobalarını xatırladan kürədə bişən çörəklər təndir çörəyinə nəzərən daha yumşaq olur..
Toplahəsənli – Zurnabad – Şəhriyar (18 km)
Bu istiqamətdə Ağ körpü (XII əsr), tunc və dəmir dövrlərinə aid kurqanlar yerləşir. Zurnabadda XII əsr qalası, Şəhriyar kəndində Qabriyel kilsəsi(1657), Üçtağlı körpü (XIX əsr) və sair kimi abidələr var. Super mənzərəli, turizm potensialı bol yer olsa da infrastruktur yoxdur. Qafqaz Albaniyası tarixindən qalma abidələrə kənd içindən başqa dağ başında və ətraf meşələrdə rast gəlmək olur. Bu kəndlər giləmeyvələri ilə məşhurdur. Sezon boyunca hər gün 3 – 4 ton moruq toplanır.
Köşkü – Üçbulaq – Nurud (9 km)
Kempinq turizmini inkişaf etdirmək üçün ideal şərait var. XIX əsrə aid tək tağlı körpüdən keçərək kəndlərə gedilir. Nurud kəndinin ən üstündə orta əsrlərə aid Alban məbədi var. Ərazidən çıxan mineral su böyrək daşları üçün faydalıdır. Calsium, natrium və sair kimi maddələrlə zəngindir. Bu yüksək dağ kəndində 3 dənə bulaq olduğundan digər adı Üçbulaqdır. Onların yaxınlığında tikilən otellər turistlərin xidmətindədir. Yerlilərin dediyinə görə, ətraf meşələrdə çox sayda məbəd var. Tarixçilər bunların hamısının bir yerdə ümumi müdafiə sistemini təşkil etdiyini söyləyirlər.
Aşıqlı -Hacıkənd – Göygöl (56 km)
Aşıqlı kəndi
Yolüstü kəndə Qozlu və Dəyənəkli də deyirlər. Bunu burda bitən qoz ağacları ilə izah edirlər. Payızda hamı həyətinin məhsulunu elə darvaza önündə satışa çıxarır. Kəndin başqa bir xüsusiyyəti də budur ki, hər darvazanın qabağında bir təndir var. Bütün kənd camaatı çörək bişirib satır. Olduqca ləzzətli olan ağ və qara çörək yolçuları elə cəzb edir ki, demək olar hər kəs bu təndirlərdən birinin qarşısında ayaq saxlayır. Yay fəslində hər təndir sahibi ən az 100 çörək satdığını söyləyir. Soyuq aylarda əl – ayaq çəkildiyi üçün satış azalır.
Hacıkənd
Gəncədən 23 km cənubda, dəniz səviyyəsindən 1000 metr yüksəklikdə, Pant sıra dağlarının şimal – qərb yamaclarında, kiçik meşəlik dərədə yerləşir. Hacıkənddən etibarən iqlim kəskin dərəcədə dəyişməyə başlayır. Sıx meşəlik dağ – iqlim kurortu, yaylaqdır. Cəmi 109 ha sahəsi var.
Tarixi
Yuxarı və Aşağı Hacıkənd 1920 – ci ildən əvvəl yalnız Gəncə, Bakı, Tiflis zənginlərinin yaylaq yeri olub. Əslində buranın təməlini XIX əsrin ortalarında almanlar qoyublar. Hacıkənd yaşayış yerinin təməlini qoyan almanlar abadlıq işləri aparıb, burada kilsə də tikiblər. 1870 – ci ildə Hacı Mirqasım və onun qardaşlarının malikanələri tikildi. Məşhur bakılı messenat Hacı Zeynalabdin Tağıyev daxil bir çox milyonçu keçən əsrin əvvəllərində burada özlərinə mülk tikdirməyə başlayınca diqqət mərkəzinə çevrildi.Yaylaqda mülk sahiblərinin çoxu hacı olduğu üçün yerin adı da o vaxtdan Hacıkənd qaldı, yəni hacıların kəndi. Yay aylarında ailəcə burada toplaşar, Qarabağdan o zamanın ən məşhur xanəndələrini məclislərinə dəvət edərək muğam gecələri təşkil edərlərmiş.
Turizm tarixindən
Azərbaycanda 1929 – cu ildən Proletar turizm və ekskursiyalar cəmiyyəti fəaliyyət göstərirdi. 1935 – ci ildə turizm ekskursiya işini daha da yaxşılaşdırmaq üçün Gəncədə turist bazası açıldı. Hacıkənddə turbazada 3 ev kirayəyə götürüldü, Göygölün sahilində 20 yerlik çadır düşərgəsi quruldu. Velosiped və atlarla yürüşlər və piyada gəzintilər təşkil olunurdu. II Dünya müharibəsi illərində turizm fəaliyyəti tamamilə dayandırıldı. Müharibədən sonra yenidən fəaliyyət qızışdı və nəhayət, 1960 – cı ildə Göygöldə turist bazaları fəaliyyətə başladı. Gəncədə 1957 – ci ildə mövcud olan turizm mərkəzi 1964 – cü ildə turistlərin sayını nəzərə alaraq Hacıkəndə köçürüldü. Vaxtilə SSRİnin hər yerindən, Şərqi Avropa ölkələrindən çox sayda turist qəbul edirdi. 1989 – 90 –cı illərdə başlayan erməni təcavüzündən sonra Dağlıq Qarabağdan, Şuşa, Kərkicahan və Xocalı sakinləri turist bazalarına yerləşincə buralarda turizm fəaliyyəti dayandı.
Məbədlər
Ərazi Alban məbədləri ilə zəngindir. Bir dənəsi yol üstündə, çox rahat yerdədir. Ona Müqəddəs Mariya kilsəsi də deyirlər. Tək hücrəlidir. Üstündə müxtəlif bəzəkli xaçlar həkk olunub.
Pan məbədi
Pan dağındakı müqəddəs Pan kilsəsi təxminən 2200 – 2300 metr yüksəklikdə yerləşir. 1000 ildən çox yaşı olduğunu iddia edirlər. Orijinal adı Müqəddəs Pantilius məbədidir. Qədim yunan miflərinə görə Pantilius səhiyyə – sağlıq Tanrısının adıdır. Bu qədim alban məbədi xristian və müsəlman əhalinin ziyarət etdiyi nadir pirlərdəndir. Sevgi, məhəbbət üçün niyyət edənlərin, sevgililərin qovuşması üçün üz tutulan ünvandır.
Əfsanə
Ətraf kəndlərin birində bir- birini sevən gənc oğlanla qızın valideynləri evlənmələrinə razı deyilmiş. Buna görə gənclər qaçmağa qərar verir və bu yüksəkliyə qədər gəlib çıxırlar. Onların izini buraxmayan valideynləri gəlib tapırlar. Bunu görən gənclər Allaha onları zalım valideynlərin əlinə verməmələri, gizlənmələri üçün dua edirlər. Beləcə, yer ayrılır və gənclər yerə gömülürlər. Deyilənlərə görə, torpağın üstündə yalnız qızın saçındakı lent qalır və həmin yerdə bu məbəd tikilir. O vaxtdan sevənlər qovuşmaq üçün buraya gələrək sevgiləri üçün dua edirlər. Məbədin yaxınlığında başqa yerlərdə rastlanmayan, buranın möcüzəsi olduğuna inanılan bir təbii hadisəyə rastlayacaqsınız. Torpağın üstündə bir neçə dərin oyuq var. Onların içərisindən yüksək təzyiqlə güclü hava axını yuxarıya qalxır. Külək effekti verir. Yay fəslində onun üstündə uçuşan, sovrulan yüzlərlə böcək görmək mümkündür.
Kiçik Qafqaz dağları
Qafqazdakı 2 dağ sırasından biri, kiçik olanıdır. 600 km uzunluqda, Böyük Qafqaz dağlarının cənubunda yerləşir. Ən uca zirvəsi Giyamış dağıdır ( 3724 metr). Murovdağ, Qarabağ, Mıxtökən, Şahdağ, Pant dağı silsiləsindən ibarətdir. Təcrid olunmuş halda yüksələn və dörd bir yandan görünən Kəpəz dağının hündürlüyü 3030 metrdir.
Toğana kəndi
Göy göl ərazisində, göldən 1.5 km məsafədə yerləşir. Qoruğun bitişiyində yerləşən son yaşayış məntəqəsidir. Buradan Kəlbəcərə cəmi 80 km-dir. Toğana Kürəkçayın sahilindən başlayaraq yuxarıya doğru yüksələn dağ kəndidir. Doğan şahin quşu, toğana şahin yuvası deməkdir. Kəndin camaatının da şahin xasiyyətli, mərd olduğunu deyirlər. Kurort kəndi olduğundan yay aylarında burada boş ev tapmaq olmur. Kirayə verilən evlərin qiyməti kifayət qədər yüksəkdir. Bütün Gəncə camaatının yaylaq yeri buradır.
Kürəkçay
Kürün sağ qoludur. Başlanğıcını Kiçik Qafqazın Murovdağ silsiləsindən alır. 186 km məsafədə axır. Çayın hər iki sahili boyunca restoran, yeməkxanalar düzülüb. Mövsümlük fəaliyyət göstərirlər. XIX əsrdə çay adını çox önəmli bir tarixi hadisəyə verib.
Kürəkçay müqaviləsi
Bu sənəd XIX əsrin başlanğıcında Rusiya – Azərbaycan siyasi münasibətlərinə dair mühüm rəsmi qaynaqlardan biri hesab edilir. Müqavilə Qarabağ xanı İbrahim xan və Rusiya qoşunlarının Qafqazda baş komandanı general P.D. Sisianov arasında 1805 – ci il 14 mayda imzalanıb. Buna görə Qarabağ xanı Rusiyanın vassalı olmağı qəbul edir, müstəqil xarici siyasət yürütməyi çarın xeyrinə buraxır, çar xəzinəsinə hər il 8 min çervon bac verməyi öhdəsinə götürür, Şuşa qalasında rus qoşunlarını yerləşdirirdi. General – leytenant hərbi rütbəsi alan xanın idarəçilik hüququ bunların qarşılığında toxunulmazlıq qazanırdı. Bu sənəd iki dövlət arasında siyasi məsələni müharibəsiz yolla həll edilməsi demək idi. 22 il sonra Qarabağ xanlığı ləğv edilincə sənəd öz qüvvəsini itirdi.
Göygöldə payız mənzərəsi
Göygöl Milli Parkı
2008 – ci ildə yaradılıb. Bir neçə istiqamətdə daxili turist marşrutu nəzərdə tutulur. Bunlar piyada, velosipedlə nəzərdə tutulan marşrutlardır. Bura dağ – iqlim kurortudur. 423 növ ağac, kol, dərman bitkiləri, nadir quşlar, vəhşi heyvanlar, ən çox da maral və cüyür mövcuddur. Ən əsası Göy – göl ərazisində ümumilikdə 14 göl var. Onlardan yalnız 7 – si böyük göllər sırasında olduğundan rəsmən qeydə alınıb. 1913 – cü ildə professor D.İ.Sosnovski Rusiya təbiətçiləri və həkimlərinin XIII qurultayında “Qafqazda təbiət abidələrinin mühafizəsi” mövqeyindən çıxış edərək buranı xüsusi bölgə təyin etməyi təklif edir. Nəticədə 1927 – ci ildə Göygöl yenidən ətarflı araşdırıldıqdan sonra qoruq elan edilir. 1937 – ci ildə ilk dəfə Gəncədən Göygölə təxminən 44 km məsafədə asfalt yol çəkildi. Kiçik Qafqaz dağlarının əzəmətli panoramının xüsusi gözəllik verdiyi qoruq ərazisində 12 növ torpaq mövcuddur. Bütün fəsillərdə mükəmməl gözəlliyə sahibdir. Uzun müddət qalan mükəmməl qar örtüyü qış idman növləri üçün ideal potensial yaradır. Qoruqdakı turşsu Murovdağ istiqamətində, Göy göl qoruğu ərazisində müalicəvi əhəmiyyətli bulaqdır.
“Dahi rəssamın şah əsəri”, “Azərbaycanın mirvarisi”,“Azərbaycanın İsveçrəsi”, “Bütün göllərin kraliçası”, təriflər bitmək bilmir ki, bilmir. Əslində bura ilə bağlı danışıb leksikondakı sözləri imtahana çəkmək yox, Göygölü həyatında bircə dəfə də olsa görmək lazımdır.
Göygöl
Qoruqdakı ən böyük göl Kiçik Qafqaz silsiləsindən Murovdağın zirvələri arasında dəniz səviyyəsindən 1556 metr yüksəklikdə yerləşir. Uzunluğu 2800, eni 800 – 100 metr, dərinliyi 96 metrdir. Ən gözəl dağ göllərindəndir. 7 – 8 km zolaqda qalın şam meşəsi ilə əhatə olunub. Şirin və şəffaf suyu payızda daha da şəffaf olur. Gəncədə maşınlarla içməli su kimi Göygöl suyu satılır. Çox sayda farel balığı yaşayır. Suyun rəngi göyə çaldığı üçün Göy-göl adlandırıblar. Gün ərzində suyun rəngi bir neçə dəfə dəyişir. Meşələrin kölgəsinin suyun üzərinə düşməsi möhtəşəm görüntü yaradır. Vaxtilə Sov İKP MK I katibləri üçün tikilən bəyaz rəngli taxta villadan pilləkənlərlə aşağıya enmək olurdu. “Arşın mal alan” filmindən bəzi səhnələrin çəkildiyi yerdir. Pilləkənlər gölün düz sahilində bitir.
Əfsanə
Deyilənlərə görə bu göllərdə ağ rəngli marallar üzürmüş. Günlərin birində bu ağ marallardan biri kənddə yaşayan çox gözəl bir qıza aşiq olur. O qızın dərdindən, ona qovuşa bilməyəcəyindən o qədər ağlayıb ki, nəticədə Göygöl əmələ gəlib.
Göygölün yaranması 25 Sentyabr 1139 cu ildə Gəncədə baş vermiş güclü zəlzələ ilə bağlı Kirakos Gandzaketsi yazırdı “Dağ-ların başını bulud və duman bürü-müşdü və Gəncə qorxulu, dəhşətli zəlzələyə qərq olmuşdu. Gəncə dağılmışdı və … ” Zəlzələnin nəticəsi olaraq Kəpəz dağı uçaraq dağın ətəyindən keçən Ağsu çayının qarşısını kəsdi və Göygöl yarandı. Tarixi faciə nəticəsinə yaranan bu göl hazırda Azərbaycanın ən mənzərəli , gözəl təbiətli məşhur məkanlarındandır.
Maralgöl
Eni və uzunu 1 km-ə qədərdir. Dərinliyi 97 metrdir. Su oksigen və farel balığı ilə zəngindir. 2000 metr yüksəklikədəki Maral gölün çox maraqlı əfsanəsi var.
Əfsanə
Ətraf kəndlərin birində gözəl qız yaşayırmış. Onun yeddi qardaşı varmış. Günlərin bir günü zalım cadugər bu qızın qardaşlarını marala çevirir. Qardaşlar meşələrə qaçırlar. Qız evə qayıtmayan qardaşlarını axtarmağa çıxır. Gəzə – gəzə gəlib Maral gölə çatır. O zaman burada göl yox imiş. Yorğunluqdan və çarəsizlikdən ağlamağa başlayan qızın göz yaşları damlaya – damlaya göl əmələ gətirir. O vaxtdan yerin adı Maral göl qalır. Qoruq əməkdaşlarının söylədiyinə görə burada marala rastlamaq olar. Bəzən gölə girib üzürlər. Amma kiçik bir hənirti duyan kimi iti sürətlə sudan çıxıb meşəyə qaçırlar. Marala baxmayın, bu göllərdə insanların çimməsini məsləhət görmürlər. Dağ gölü olduğundan suyu buz kimi soyuqdur. Şirin su olduğundan və soyuğun təsirindən əzələləri yığır və hərəkət etmək məhdudlaşır, imkansız hala gəlir. Buna görə də gölə həvəslə atlayanlar çox yaxşı üzgüçü olsalar da, boğulmaqdan yaxa qurtara bilmirlər.
Zəli gölü
Eni 500 metr, dərinliyi 16 metrdir. Qamışlıq, hündür yaşlı fıstıq ağacları və sərin bulaqlarla əhatə olunub. İçməli su kimi istifadə edilmir. Göldə külli miqdarda zəlinin olması burada müvafiq tipli sanatoriya müalicə bazasının salınmasına şərait yaradır. Ağsu çayının sağ qolu üzərində füsunkar və inanılmaz ərazidə yerləşir. Bu adları çəkilən göllərin hamısı bir cığır üzrə səpələnib sanki.
Qara göl
Ərazisi 3 ha-ya yaxın, dərinliyi 16 – 24 metdir. Kəpəz dağının dağılmış çınqıllı ərazisindədir. Bir tərəfdən Eldar şamı meşəsi, digər yanda qarışıq enli yarpaqlılarla əhatə olunan göl ətrafı çöl heyvanlarının ən çox məskunlaşdığı yerdir.
Ördək gölü
Bundan təqribən 1 km şimalda yerləşir. Yay mövsümündə daxilində olan yovsun yarpaqları ilə parıltılı buzla örtülü gölə bənzəyir.
Güzgü gölü
Ördək göldən 300 metr aralıda Güz gü gölün mənzərəsi insanı çaşdırır. Meşəliyin arasında olan göl gün işığı düşdüyü zaman parıldayır. Buna görə içərisinə atılan əşyalar 5 – 6 dəfə böyük göründüyü üçün güzgü yaraşdırması verilib. Ayna göl də deyirlər. İki hövzədən ibarətdir. Sahəsi 1 ha, dərinliyi 6 – 8 metrdir. Dibindəki bütün daşlar görünür.
Cilli göl
Bataqlıq gölüdür. Bütün otlar suyun altında qaldığına görə Cilli göl adlanır.
Üç göllər
Murovdağ yüksəkliyində yerləşir. Ümumi sahəsi 8 ha-ya yaxındır. Dəniz səviyyəsindən 2800 metr yüksəklikdə yerləşir.
Şamlıq gölü
Üç göllərin 2 km-də yerləşir. Ətrafında bitən endemik dövrə aid şam ağacları ilə əhatə olunduğundan onun enli yarpaqlı ağaclar meşəsi daxilində birdən – birə başqa aləmin canlanması insanı heyran qoyur. Göl yanında açıq çəmənlik var. Bu, əfsanəvi Xan yurdu deyilən məskəndir.
Ayı gölü
Buraya gələn yamaclar buz kimi sərin bulaqlarla doludur. Xatın nənənin bulağı, Cijixanım nənənin bulağı və sair bulaqlar Maral gölə və Ağsu çayına tökülür.
Çoban gölü, Ayı gölü, Bataqlıq Ördək göl, Ağ göl, Şamlıq göl kimi xırda göllər, Yeddi bulaq, Göy dağ bulağı, Novruz bulağı, Gişxanım bulağı, Dərzi qaya bulağı, Xatın bulağı, Cınqır dağının bulağı əraziləri piknik və ekotuzim üçün bir nömrəli ünvandır. Oksigen miqdarının çoxluğuna görə Azərbaycanda birinci yeri tutur. Nevroz, azqanlılıq, tənəffüs yolları xəstəlikləri müalicə edilir. Bu göllərin sonu Kəpəz dağına kimi uzanır.
[justified_image_grid facebook_id=2222665901206802 facebook_album=2338951636244894]