Göyçay

Buraya çinarlar şəhəri də deyirlər. Rayon mərkəzindəki 200 – ə yaxın çinar ağacı 1982 – ci ildə Nazirlər Sovetinin aldığı bir qərarla tarixi abidə kimi qorunur. Çinar ağacları buraya ayrı bir gözəllik və əzəmət verir. Tarixi Şirvan coğrafi ərazisinin bir parçasının digər məşhur simvolu nardır. Əli Kərim, Rəsul Rzanın vətəni olan Göyçaya gələnlər buranı tanımaqdan, insanları ilə ünsiyyətdən məmnunluq duyurlar. Dağların öz yerini yavaş – yavaş düzənliyə verdiyi bu yer tam bir nar cənnətidir.

Arayış

Bakı – Qazax magistralının 220 km-liyində, Ucar dəmiryol stansiyasından 18 km məsafədədir. Respublikanın mərkəzində, Şirvan düzünün şimalında salınıb. Yayı quraq keçən mülayim isti yarımsəhra çöl iqlimi üstündür. Yuxarı Şirvan kanalı buradan keçir. Baş Qafqaz sıra dağlarının ətəklərində yerləşməsinə baxmayaraq rayon ərazisinin kiçik hissəsi dağlıq, əksəriyyəti düzənlik, hətta bəzi əraziləri okean səviyyəsindən aşağıdadır.

Göyçay çayı

Uzunluğu 113 km-dir. Qəbələ, İsmayıllı, Göyçay, Ucar rayonları ərazisi ilə axan Göyçay hövzəsində Gil – təknə qəbir abidələri aşkar edilib. Çay vadilərində Alban yaşayış məskənləri olub. Rəvayətə görə, VII əsrdə bir ərəb səyyahı şəhərdən 6 – 8 km aralı Göyçay çayı sahilində yerləşən Təhlə yaşayış məntəqəsində olub və öz xatirələrində yazıb ki, çayın sahilində yaşayan əhali ərik və tut qurusunu bizə təmənnasız olaraq sovqat verdi. Deyilənə görə, çayın adı həmin tarixdən qalıb. Əslində hidronim yuxarı axınında suyunun göyümtül rəngə çalması ilə əlaqədardır. Çay suyunun duruluğuna, səma rəngini özündə əks etdirdiyinə görə belə ad alıb.

Ağ evlər

Bir mərtəbəli klassik Göyçay evlərinin hər birinin ən az 100 yaşı var. XIX əsrin sonunda Göyçay qəza mərkəzi elan edildikdən sonra yeni şəhərsalma zamanı inşa edilən bu evlərin hamısının bir özəlliyi var. Başdan – ayağa bir qayda olaraq ağ rəngə boyanıb. Ev sakinləri ənənəvi şəkildə ildə bir dəfə əhənglə çöl tərəfdən ev divarlarını və çəpərləri təmizlik məqsədilə ağardırlar.

Göyçay tarixi

Antik dövr müəllifiləri Strabon, Ptolomey, Plini və başqaları bu bölgənin təsərrüfat həyatından bəhs edərkən torpaqlarının məhsuldarlığı ilə bərabər burada yaşayan əhalinin taxıl yetişdirdiyini, üzümçülüklə məşğul olduğunu, İberiya ilə Xəzər sahilini birləşdirən Transqafqaz ticarət yolunun bu bölgədən keçdiyini qeyd edib. Göyçay rayonuna məxsus kəndlər ayrı – ayrı tarixi dövrlərdə müxtəlif yerli feodal dövlətlərinin tərkib hissəsi olub. Mənbələrdən Göyçay çayının sağ və sol sahilləri 1025 – ci ildən XIV əsrədək Qəbələ mahalına tabe olduğu görünür. Xanlıqlar dövründə Göyçay artıq Şirvanşahların inzibati ərazisinə çevrilib. Rayon əhalisi XV əsrdə Türkiyədən köçmüş Qaraman bəylərbəyliyinin əhalisi hesabına formalaşıb. XIX əsrin ortalarında Şamaxıda baş verən zəlzələdən zərər çəkən əhalinin bir hissəsi Göyçaya köçüb və bundan sonra ərazi genişlənməyə başlayıb.

Göyçay qəzası

1867 – ci ildə Bakı quberniyasının tərkibində Göyçay qəzası yaradıldı. Göyçay da bu qəzanın, ya da digər deyişlə mahalın mərkəzi oldu. Nikolay Kalaşovun rəhbərliyi altında 1878 – ci ildə burada bölgənin ilk rus – tatar məktəbi açıldı. 1867 – ci ildə Çar hökümətinin Qafqazda inzibati islahatına əsasən Göyçay qəzasına doqquz rayon daxil edildi. Əhalisi əsasən pambıqçılıq, baramaçılıq və maldarlıqla məşğul olan qəzanın idarəedicisi Rus pristavı idi. Eyni dönəmdə Göyçayda pristavın nəzarəti altında şəhər kvartallara bölünərək binalar tikdirilməyə başlandı. XIX əsrdə qaçaq hərəkatı Göyçay qəzasını da bürüyür. Mülkədar malikanələrinin yandırılması da kütləvi xarakter alır. Bununla belə ilkin şəhərsalma 1886 – 96 – cı illər ərzində Göyçayda start alır və 1916 – cı ildə Göyçaya şəhər statusu verilir. Yalnız Sovet hakimiyyəti qurulduqdan sonra 1929 – 30 – cu illərdə rayonlaşdırma ilə əlaqədar Göyçay qəzası ləğv edilir və yerində rayonlar törəyir.

Türk ordusu Göyçayda

1918 – ci il 30 iyun tarixində Türk İslam ordusu Nuru Paşanın komandanlığı altında Göyçaya daxil olur və erməni daşnaklarla silahlı döyüşlərdən qalib çıxaraq rayonu bolşevik terrorçulardan azad edir. O zaman qarşı dağdan şəhəri nişan alan ermənilərin topdan atdığı yaylım atəşi gəlib mərkəzdəki böyük çinara düşür. Çox qəribədir ki, böyük zədə almış çinar o top yarasından sonra solmur.

Əksinə parçalanmış gövdədən 5 yeni budaq əmələ gəlir. Partlayışın izi indiyədək ağacın gövdəsində görünür. Həmin döyüşlərdə şəhid olan türk əsgərləri – Mehmetçiklərin məzarı üzərində qoyulmuş abidə isə Bığır kəndinin girişindədir.

Göyçay tarixi abidələr

Rayon mərkəzindəki Yuxarı məscid (1902 – 1906), Yeraltı hamam (1902), Ərəbcəbirli kəndindəki XII – XIV əsrlərdə inşa edilmiş Ərəb xilafəti dövrünə aid “Surxay” qalası, müxtəlif kəndlərdəki XIX əsrdən qalma 4 məscid rayonun əsas tarixi abidələri hesab edilir. Dağlıq zonada yerləşən Surxay qalası ətrafından orqanizm üçün müalicə əhəmiyyətli su çıxır. Surxay xan qalanın sahibi olub. Ərəb dilində surx – qala divarı deməkdir.

Toponim

Eyniadlı çayın adından götürülüb. Suyu həddindən artıq şəffaf və göy rənginə çaldığına görə belə adlandırılıb. Türk xalqlarında göy rəng həm də matəm mənasını ifadə edir. Əski türk inanclarına görə matəm rəngləri insan ruhunu tanrılara tapşırmağın ifadəsidir. Onlara görə göy xeyrin başlanğıcı kimi də yozulub.

Məhəllə və kəndlər

Əlbətdilər, Qurdlar, Türkmənlər, Cuhudlar, Dördyol, Salyanstoy, Ləzgilər, Ömərbəylilər və sair məhəllə adları bu günə qədər yerli camaatın leksikonunda işlədilir. Göyçayda 55 kənd var. Ən məşhur kəndin adı gələndə hər kəsin üzündə təbəssüm yaranır.

Bığır kəndi

Mərkəzdən 14 km cənub – şərqdə Yuxarı Şirvan kanalının sol sahilində, Şirvan düzündə yerləşir. Ərazidə 3 böyük qədim qəbiristanlıq var. Əvvəllər kəndə Bığır Murtaz deyiblər. Deyilənlərə görə, Şamaxıdakı Niyal dağının ətəyində yerləşən Buğurt qalasının 1537 – ci ildə dağıdılmasından sonra əhalisi buraya gələrək indiki Bığır ərazisində məskunlaşıb. Bığır sözünün mənası qədim türkcədə qozbel deməkdir.

Eyni zamanda çox çevik, qüllə, qala kimi də izah edilir. XVI əsrdə formalaşan Bığır Azərbaycanın əhalisinə və ərazisinə görə ən böyük kəndlərindəndir. Bığır əsl nar cənnətidir. Sovet vaxtı ən böyük nar sovxozu burada salınıb. İndi də ən böyük nar bağları burada yerləşir.

Əsas çörək ağacıdır. Nar sezonunda, oktyabr – noyabr aylarında evdə adam tapmaq olmur. Məhsul yığımındakılar adambaşına təxminən bir gündə bir tona yaxın nar toplayır. Xüsusi dəyənəklər vasitəsilə yuxarı budaqları aşağı salır, tək – tək qoparırlar. Burada narın dilindən həm yaxşı anlayır, həm də onun müxtəlif formalarda estetik olaraq gözəl kəsim şəkillərini bilirlər. Narın tacı və tacın ətrafı salamatdırsa, deməli içi də sağlamdır.

Nar

Qədimdən bəri Şərqdə bütün meyvələrin şahı hesab olunur. Qurani – Kərimə görə cənnət bağı meyvələri sırasında nar da var. Bir çox xalqlarda nar çiçəkləri və meyvəsi zənginliyin, bolluğun və məhsuldarlığın rəmzi hesab edilir.

Nar Azərbaycanda xalq təbabətində də geniş istifadə edilir. Narın təkcə yeməli dənələri deyil, qabığı, çiçəyindən də istifadə olunur. Hipertoniya, mədə – bağırsaq, qan azlığı, qızdırma, öksürək, soyuqdəymə, bronxial astma, angina və malyariya xəstəlikləri zamanı, boğaz ağrıyanda, yanıq yerlərinin sağalmasında, böyrək, qara ciyər, ağız boşluğu, qulaq və gözlərin iltihabı kimi xəstəliklərin müalicəsində çox faydalıdır. Azərbaycanın hər yerində yetişdirilsə də Şirvan diyarı ən yaxşı nar sortlarının yetişdirilməsi üçün mərkəz kimi qəbul edilir. Hər il noyabrda Göyçayda nar festivalı keçirilir. Burada 60 – 65 növ nar sortu məlumdur. Ən populyar növ Gülöyşə nardır. Meyxoş dadlı, sulu, turşaşirin, iri dənəli, qıpqırmızı, iştah qabardan gülöyşə narından yedikcə yeyir, doymaq nədir bilmirsən.

1960 – cı illərdən fəaliyyətə başlayan nar zavodunda narşərab, nar suyu, nar şirəsi çəkirlər. B1, B12, C vitaminləri, dəmir maddələrlə zəngin saf nar suyunu içmək məsləhətdir. Nardan itkiyə heç nə getmir. Qabığından boya əldə edilməkdə, tumundan kosmetik yağ hazırlanmasında istifadə edilir. Dənələrindən su, şərab, şirə hazırlanır. Narşərab sous kimi yağlı yeməklərdə, qutabda, balıq qızartması ilə servis edilir. Nar turşusu bəzi digər yeməklərdə də işə yarayır.

Döşəməli aş

Göyçaylıların qürurla təqdim etdiyi yeməkdir. Döşəməplov kimi də tanınan bu yemək daha çox Qarabağ və Şirvan bölgələrində rəğbət görən plov çeşididir. Yeməyin bütün inqridiyentləri qazanın dibinə döşənərək bişirildiyi üçün bu cür adlandırılıb.

İçindəkilər

  • 1 ədəd kənd toyuğu
  • 1 kq şabalıd
  • 1 kq soğan
  • 1 ədəd nar
  • 200 qram kişmiş
  • 200 qram qayısı qurusu
  • 1 kq düyü
  • 1 stəkan qatıq
  • 2 ədəd yumurta
  • 1 kq kərə yağı
  • Bir çimdik zəfəran

Hazırlanışı

Şabalıd qabıqdan təmizlənir. Kişmiş, qayısı qurusu da yuyulur. Soğan narın – narın doğranır. Nar turşusu ilə qarışdırılır. İri parçalara bölünmüş toyuq pörtlədilir, sonra turşulu – narlı soğanla qarışdırılır. Ən az 2 saat əvvəldən soyuq – duzlu suda islağa qoyulmuş düyü qaynayan suda 5 dəqiqə saxlanır və süzülür. Qazmaq üçün qatıq, yumurta, zəfəran və bir az düyü qazanın dibinə döşənir. Üstünə toyuq tikələri, sıra ilə şabalıd, qayısı, kişmiş səliqə ilə sərpişdirilir. Yerdə qalan düyü də qazana boşaldılır və vam odda dəmə qoyulur. Yaxşı dəm alması üçün qapağın altına bez parça sərirlər. Bişməsinə yaxın kərə yağı əridilərək yavaşca qazana tökülür. Ən axırda ətir və dad verməsi üçün əvvəlcədən bir az suyun içərisində saxlanan zəfəran da plova əlavə edildikdən sonra Şirvan üsulu döşəməli aş yeməyə hazırdır. Bunu Göyçayda mütləq dadmaq lazımdır.

[justified_image_grid facebook_id=2222665901206802 facebook_album=2338061819667209]

istanbul

Əfsanəvi İstanbul

İstanbul öz gözəçarpan təbii gözəlliyi, tarixi abidələri və bu iki meyyarı özündə mükəmməl şəkildə birləşdirə bilən çox əhəmiyyətli və məşhur metropolisdir. Qədim

Ətraflı »

Qazax

Qazaxdan 12 km aralıda yerləşən rayon Qazax torpaqlarının bir hissəsində yaradılıb. Ərazidə eyniadlı çay və şəhər də mövcuddur. Təbiət gözəlliyi ilə seçilən

Ətraflı »