Ölkə ərazisində, xüsusi ilə ictimai yerlərdə əhalinin ödənişsiz olaraq internetə çıxış imkanlarının təmin edilməsi məqsədilə yaradılmış “ASAN Wi-Fi” sistemi artıq hər gün 10 minlərlə insanın istifadə etdiyi Heydər Əliyev Beynəlxalq Hava Limanında istifadəyə verilib.
Bu günə qədər 200 minə yaxın istifadəçinin yararlandığı “ASAN Wi-Fi” sistemi istifadəçilərə sürətli və pulsuz internetdən istifadə imkanları yaratmaqla bərabər, onları dövlət və sosial layihələr haqqında məlumatlandırmağa xidmət edir. Bununla yanaşı, müxtəlif şirkətlər reklam məqsədli tanıtım materiallarını bu sistem vasitəsilə istifadəçilərə daha rahat çatdıra bilərlər.
Qeyd edək ki, 2016-cı ilin oktyabr ayından etibarən “ASAN Wi-Fi” sistemi pilot layihə olaraq 1 və 3 saylı “ASAN xidmət” mərkəzində fəaliyyətə başlayıb. Tezliklə digər “ASAN xidmət” mərkəzlərində və müxtəlif ictimai obyektlərdə də sistemin quraşdırılması nəzərdə tutulur. Bu isə öz növbəsində daha geniş əhali kütləsinin ödənişsiz olaraq sistemin təqdim etdiyi xidmətlərdən istifadə etməsinə imkan yaradacaq.
Mənbə: Trend