Heydər Əliyev Beynəlxalq Aeroportu – Azərbaycanın paytaxtının əsas hava qapıları – növbəti rekorda imza atıb.
2017-ci ildə 4,06 milyon sərnişinə xidmət göstərilmişdir. Bu ötən ilki göstərici ilə müqayisədə 23 faiz çoxdur.
Ucuz aviabilet almaq üçün tarixi seçin
2017-ci ildə ümumilikdə 55 aviaşirkət müntəzəm və çarter reysləri yerinə yetirmişdir. Heydər Əliyev Beynəlxalq Aeroportu 8 yeni aviadaşıyıcını – “Air Arabia”, “Wataniya Airways”, “ISR Air”, “Jazeera Airways”, “IrAero”, “Mahan Air”, “İkar” aviaşirkətini (“Pegasfly” brendi) və Azərbaycanın ilk loukosteri “Buta Airways”i qarşılamışdır.
Hesabat dövründə “Azərbaycan Hava Yolları” (AZAL) milli aviadaşıyıcısının payına 2,2 milyon sərnişin, “Buta Airways” loukosterinin payına isə 92 min sərnişin düşmüşdür. Eyni zamanda, 114 min tranzit, 50 min sərnişin isə çarter reysləri üzrə qeydə alınmışdır.
Sərnişinlərin 85 faizi beynəlxalq reyslərin payına düşmüşdür. Heydər Əliyev Beynəlxalq Aeroportunun beynəlxalq daşımalarının 46 faizi AZAL-ın və “Buta Airways”in, 54 faizi isə xarici aviadaşıyıcıların payına düşmüşdür.
Ən məşhur beynəlxalq istiqamətlərin onluğuna – Moskva, İstanbul, Dubay, Kiyev, Tehran, Antalya, Tbilisi, Bağdad, Doha və Sankt-Peterburq daxil olmuşdur. 2,52 milyon sərnişin bu istiqamətlərə uçmuşdur.
Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksi (Terminal 1) 2014-cü ilin aprel ayında istifadəyə verilmişdir. Onun ümumi sahəsi 65 min kvadratmetr təşkil edir.
Dünyada müxtəlif aviaşirkətlər və hava limanları tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin öyrənilməsi üzrə ixtisaslaşan Böyük Britaniyanın nüfuzlu konsaltinq şirkəti “Skytrax” tərəfindən Heydər Əliyev Beynəlxalq Aeroportu 4 ulduza layiq görülmüşdür.
2017-ci ilin mart ayında Heydər Əliyev Beynəlxalq Aeroportu Rusiya və MDB ölkələrinin bütün hava limanları arasında göstərilən xidmət səviyyəsinə görə ən yaxşılar siyahısına başçılıq edərək Skytrax World Airport Awards mükafatına layiq görülmüşdür.