İsmayıllı

Tarixi Şirvan ərazisinin bir parçasıdır. Rayonun ən yüksək zirvəsi ölkənin ən məşhur ziyarətgahlarından olan Babadağdır: 3629 metr. Məşhur rus şairi M.Y.Lermontovun Azərbaycanda gəzdiyi yerlərdəndir. Lermontov 1837 – ci ildə İsmayıllının Tircan kəndində olub. Burada tanınmış ozan Aşıq Orucla görüşüb. Onun dilindən eşitdiyi dastanın motivləri əsasında “Aşıq Qərib” poemasını yazıb.

Arayış

Bakı – İsmayıllı arası məsafə 185 km-dir. Azərbaycanın şimal – mərkəz hissəsində, Böyük Qafqaz sıra dağlarının cənub ətəklərində, Qanıx – Alazan – Əyriçay vadisində yerləşən rayon 1931 – ci ildə təşkil edilib. İnkişaf etmiş dağ kurort mərkəzi dəniz səviyyəsindən 500 metr yüksəklikdə təşkil edilib. Meşələrin ümumi sahəsi 66799 ha olduğu ərazi gil yatağı, mineral bulaqlarla zəngindir.

İqlimi

Azərbaycanda mövcud olan 9 iqlim tipindən üçü İsmayıllı rayonunda mövcuddur. Subtropik və qismən mülayim iqlim qurşağında yerləşir. Bol günəş enerjisi alan ərazidə meyvəçilik və bostan-tərəvəzçilik geniş yayılıb. İqlim ehtiyatlarının kurort və istirahət məqsədləri üçün də istifadə edilməsi imkanları böyükdür. Son dərəcə mənzərəli meşəli dağ yamacları, mülayim iqlim şəraiti, sərin mineral bulaqlar şəbəkəsi, olduqca səfalı yaylaqlar ilə fərqlənən rayonun kurort-istirahət bölgəsi kimi ideal potensiala sahibdir.

Mineral sular

İsmayıllıda təbii mineral su bulaqları çoxdur. Böyük Qafqazın cənub yamaclarından süzülüb gələn bu sular, əsasən Bədo, Həftəsiyab, Dilyallı, Namazgah, Lahıc, Qəndob və sair kəndlərdə yerləşir. Kimyəvi tərkibinə görə hidrokarbonatlı, sulfatlı, natriumlu, kalsiumlu, maqneziyumlu sular tipinə mənsubdur. Məşhur mineroloq Bertmenson 1884-cü ildə “Xaricdə və Rusiyada olan mədən müalicə suları” adlı elmi əsərində Lahıc yaxınlığındakı mineral suların əhəmiyyətindən bəhs edib. Tərkibində müxtəlif minerallar olan bu sular böyük müalicə əhəmiyyətinə malikdir.

Çaylar

Ərazidən 20 dağ çayı axır. Ən böyükləri olan Göyçay çay (113 km), Girdmançay (88 km), Ağsuçay(72 km), Pirsaatçay (202 km) başlanğıcını rayonun şimalından, Baş Qafqazın Baş suayırıcı silsiləsindən götürür.

Tarixi

Qafqaz Albaniyası torpaqlarına aid ərazi olub. İndiyədək qədim albanların nəslindən olan hapıtlar yaşayır. VII əsrin əvvəllərində Albaniyanın Girdman vilayətində Sabir türklərinin nəslindən olan Mehranilər knyazlıq yaratdılar. Bu son alban dövlətinin son hökmdarı sərkərdə Cavanşir (642 – 682) idi. mehranilərin indiki İsmayıllı ərazisində bəzi iqamətgahları olub. Talıstan kəndindən 4 km şimalda, Ağçayın sahilində Cavanşirin adı ilə bağlı qala indiyədək durur.

Nədən İsmayıllı?

İsmayıllı rayonu olmamışdan əvvəl burada İsmayıllı kəndi vardı. Sual oluna bilər ki, İsmayıl kimdir? İsmayıllılar hardan gələrək bu kəndin əsasını qoyublar? Buranın yerli sakinlərinin əsas məskunlaşdıqları yer VII -VIII əsrlərə aid Nəzrə qəbiristanlığı yaxınlığındadır. Daha sonra oradan yavaş – yavaş indiki kənd ərazisinə köçüblər. Ehtimal olunur ki, həmin camaatın içərisində çox hörmətli ağsaqqal İsmayıl kişinin adını da sonradan bu kəndə veriblər.

Toponim

Bəzi tarixçilərə görə, toponim sümeyilli sözündən əmələ gəlib. Coğrafi quruluşuna diqqət edəndə həqiqətən də relyefin suya meyilli olduğu müşahidə edilir. Yaxın keçmişə qədər burada əlinə bel alıb 20 – 30 sm qazsan yerin altından su çıxırdı. Etimologiya ilə bağlı maraqlı bir rəvayət var.

Rəvayət Belə danışırlar ki, bir zamanlar cavan oğlan və qız bir – birlərini sevirmiş. Bir gün bu cavan qız yolun üstündə durub sevgilisi-ni gözləyirmiş. Yoldan ötən birisi qızdan soruşur ki, burada niyə durmusan? O da cavabında: “İsmi – Maili gözləyirəm deyib.” İsmi – mail yəni adı Mail olan oğlan mənasına gəlir. Deyilənlərə görə, həmin vaxtdan yerin adı İsmimail qalıb və tədricən İsmayıllı forma-sına düşüb.

İsmayıllı – Qoruqlar

İsmayıllı ərazisində 3 qoruq var:

  • Lahıc Dövlət tarix – memarlıq qoruğu,
  • Basqal Dövlət tarix – mədəniyyət qoruğu,
  • İsmayıllı dövlət təbiət qoruğu.

İsmayıllı dövlət təbiət qoruğu

Əvvəlcə 1969 – cu ildə rayonun 5778 ha sahəsində yasaqlıq qurulub. Böyük Qafqazın cənub yamaclarında yerləşən bu təbii kompleksi qorumaq məqsədilə 1981 – ci ildə 16700 ha sahə qoruq elan edilir. Ərazinin 87 % – i meşəlikdir. 40 növ məməli, 17 növ sürünən, 4 növ balıq və 104 növ quş mövcuddur. Qoruğun 800 – 2250 metr yüksəklikdəki hissəsi Topçu, 600 – 650 metr yüksəklikdəki bölümü Alazan – Əyriçay vadisidir. Qoruğun Qalıncaq hissəsində ov sezonunda dağ keçisi, dağ kəli ovuna çıxmaq olur. Qoruq ərazisində gəzintiyə çıxarkən Qız Qalasından ətrafa açılan möhtəşəm mənzərə – panoramı izləməyə dəyər.

Turizm

İstər təbii potensialına – mineral sular, bulaqlar, cəlbedici dağlıq relyefə görə, istərsə də paytaxta yaxın olması səbəbiylə İsmayıllı ən maraqlı və ən çox turist cəlb edən rayonlardandır. Ölkə üzrə dağ – turist marşrutları sayılan

  • İsmayıllı – Lahıc – Babadağ – Quba (133 km),
  • İsmayıllı – Lahıc – Şamaxı (105 km),
  • İsmayıllı – Qalacıq – Qəbələ (79 km)

marşrutları bu rayonun ərazisindən keçir.

Daxili marşrutlar da populyardır:

  • İsmayıllı – Lahıc (47 km),
  • İsmayıllı–Basqal–Xankəndi–Sulut (56 km),
  • İsmayıllı–Talıstan–Cavanşir qalası (7 km),
  • İsmayıllı–Qalacıq–Qasımxan qalası (38 km),
  • İsmayıllı – Qalagah – Mollaisaqlı (44 km).

Bir hissəsi Şahdağ Milli Parkına daxil olan ərazidə turizm, alpinizm, qayaya dırmaşma və digər idman növlərinin inkişafına geniş imkanlar var. Turizm zonaları üzrə 5 marşrut müəyyənləşdirilib:

  1. Qız qalası – Şirinsu turizm zonası
  2. Qalacıq turizm zonası
  3. Mərkəzi turizm zonası
  4. Bədo – Basqal turizm zonası
  5. Lahıc turizm zonası

Adı keçən bu turizm zonaları üzrə İsmayıllını başdan – başa gəzib tanımağa dəyər. Beləliklə,

Qız qalası – Şirinsu turizm zonası

Bu turizm zonasına İsmayıllı – Qəbələ şosesi üzərində, yol kənarındakı, sıx meşədə yerləşən kəndlərin bir qismi daxildir. Qoruğa daxil olan bu meşələr ekoturizm, yürüyüşlər, piknik üçün yay fəslində çox sayda insanın axın etdiyi ərazilərdir.

Xanəgah kəndi.

Marşrut üzərindəki ilk kəndə yerli dialektdə Xənəyə deyirlər. Axox çayının sol sahilində, İsmayıllı – Qəbələ şosesinin 7 – ci km-də yerləşir. İsmayıllının ən qədim yaşayış məskənlərindən hesab olunur. Əvvəl burada mövcud olmuş ibadətgahın adı ilə əlaqədardır. Kəndin ilk sakinləri vaxtilə Qubanın Xanəgah kəndindən köçüb gələn tayfadan 5 nəfər olub. Burada məskən saldıqdan sonra kəndin şimal təpəsindəki Xanəgah qalasını tikiblər. Kəndin içərisi ilə keçən dar yol Qız Qalası istirahət zonasına aparır. Cəmi 3 km aralıdakı İsmayıllı dövlət təbiət qoruğuna qədər yol boyunca çadır qurub yaşayan insanları, piknikçiləri görmək olur. Yağıntının çox olduğu payız və yaz aylarında buralar göbələk cənnəti olur. Kənd sakinləri, əsasən uşaqlar bunları toplayıb yol kənarında satışa çıxarırlar. Soğan qovurması ilə bişirilən və üzərinə yumurta qırılaraq süfrəyə servis edilən buradakı göbələk yeməyinin dadına doymaq olmur. Kəndlilər bu göbələyin turşusunu da hazırlayırlar.

Axox çay

Göyçay – Əyriçayın bir qoludur. Türkcə ak, akın, çok sözlərindən ibarətdir. Dağların arasından ox kimi iti sürətlə axdığı üçün belə adlandırıblar. Yerli sakinlər çayın adı ilə bağlı məzəli bir rəvayət danışırlar. Guya buralara sürgün edilən və əraziyə nabələd olan malakanlar meşə meyvələrindən yeyib üstündən də su içincə qarın ağrısına tutulublar. Ağrının şiddətindən çay ətrafında “ax – ox” nidaları ilə aşağı – yuxarı qaçaraq rahatlamağa yer axtarıblar. Çayın adı da o vaxtdan “Ax – ox” qalıb.

Qız Qalası (VII əsr)

Mərkəzdən 10 km məsafədə, dik bir dağ zirvəsində tikilmiş Qız Qalası İsmayıllının ən məşhur və ən böyük tarixi abidəsidir. Xanəgah kəndi yaxınlığında, İsmayıllı Dövlət Təbiət qoruğunun içərisində, yol kənarından 3 km içəridə yerləşir. Dağın üstü elə sıx meşəlikdir ki, əraziyə demək olar heç gün işığı düşmür. Buna görə də həmişə qaranlıq və sərin olur. Qaladan bəzi bürc, sədd, divarlar və terras qismən salamat qalıb. Qız Qalasından bir neçə km aralıda, qonşu kənddəki Cavanşir Qalasına gizli yeraltı tunel olub. Qalanın yaşı müxtəlif mənbələrdə gah VII, gah da XI – XII əsrlərə aid edilir. Bu, Axox çayının sağ sahilində, sərt yamaclar və sıldırım qayalarla əhatələnmiş dağın üstündə inşa edilmiş müdafiə istehkamıdır. Sahəsi 1.5 ha-dır. Qalaya gedən yolun üstündə eyni adlı istirahət mərkəzinə qədər avtomobillə, daha sonra bir km-lik məsafəni isə piyada qət etmək lazımdır. Qız Qalasına dırmaşmaq üçün iti sürətlə axan çayı piyada keçmək lazım gəlir ki, bu da əməlli – başlı ekstrimə səbəb olur. Qalanı fəth etmək üçün ətrafda yaşayan və ya istirahət mərkəzində çalışan birilərindən yardım almaq məsləhətdir. Zirvəyə çıxıb quş baxışıyla çevrəni seyr etməyə və bu macəranı yaşamağa dəyər.

Qalacıq turizm zonası

Rayonun şimal – qərb istiqamətində yerləşən bu zonada İstisu mineral bulaqları mövcuddur. Ancaq onlardan sanatoriya kimi faydalanmaq üçün hər hansı bir baza yoxdur. Bölgə şəlalə cənnətidir. Ancaq onları görmək üçün məşəqqətli yollardan keçmək lazım gəlir. “Ana şəlalə” dedikləri ən böyük şəlalə sıx meşənin içərisində sıldırım qayalar arasından 40 – 50 metr yüksəklikdən tökülür. Qalacıq kəndinin yaxınlığındakı digər şəlalənin hündürlüyü 50 metr, İstisu kəndinin yaxınlığındakı şəlalənin 25 metrdir. Bu meşələr giləmeyvə cənnətidir. Qara, qırmızı moruq, böyürtkən, dağ çiyələyi ilə zəngindir.

Pir Davud yaşayış yeri

Ərazidə XIII – XIV əsrlərə aid Pir Davud qəbiristanlığı yaxınlığında qədim yaşayış yeri olub. XX əsrin əvvəllərinə qədər burada həyat qaynayıb. Sonradan əhali yavaş – yavaş köç etsə də, insanlar buraya ziyarət üçün hər zaman gəliblər. Pir Davud ziyrətgahı ərazisi, dəniz səviyyəsindən 800 – 900 metr yüksəklikdə orta yaşları 400 – 500 olan 30 – 35 metr hündürlüyündə nəhəng fıstıq ağacları ilə doludur.

Qalacıq kəndi

Mərkəzdən 30 km aralıda, bu istiqamətdəki ən son kənddir. Toponimin kökü qala sözüdür: kiçik qala deməkdir. “Ögey ana” filmindən məşhur İsmayılın itburnu toplayarkən partladılan dağ səhnəsi burada çəkilib. Həmin dağ bu kəndə aparan yolun düz ortasında yerləşir.

Həqiqətən filmin çəkildiyi 1955 – ci ildə buraya yol çəkilirdi və partlayış da gerçək idi. O tarixə qədər Qalacıq kəndinə gedərkən aparan yol çox çətin, əziyyətli və uzun idi. Çox gözəl mənzərəsi, təmiz havası olan Qalacıq keyfiyyətli, iri ölçülü şabalıdları ilə tanınır.

İsmayıllıda şabalıd bağları olan tək kənddir. Nəhəng şabalıd ağacları kəndin bütün yollarını, bağları bürüyüb və hər tərəfə kölgə salır. Quba və Qəbələ rayonlarının düz ortasında yerləşən çox məşhur bir tarixi abidəyə də bu kənd ev sahibliyi edir.

Qasımxan qalası (IX – XIV əsrlər)

Kənddən 7 – 8 km şimalda, Göyçay çayının mənbəyinə yaxın, Səngər adlanan ərazidə, qayaların üstündə yerləşir. Orta əsr müdafiə istehkamıdır. Salındığı tarix IX – XIV əsrlərə aiddir. XVIII əsrdə Şamaxı hakimi Mustafa xanın əmisi Qasımxan bərpa etdirdiyi üçün adı Qasımxan qalası qalıb. İsmayıllıda ən çox dağıntıya məruz qalmış qaladır. Mövcudluğu yalnız torpaq səddən və kərpic qırıntılarından bilinir. Bir vaxtlar qalanın yaxınlığından Dağıstana yol gedirmiş. Bu yolun izləri indiyədək durur. Həqiqətən qalaya gedən geniş cığırdan bir zamanlar araba və faytonların keçdiyini söyləyirlər. Ərazi İsmayıllının hər yerində olduğu kimi çox gözəl, mənzərəli yerdir. Qalaya son 2 km məsafəni piyada qalxmaq lazımdır.

Mərkəzi turizm zonası

Bu marşruta məşhur İvanovka, Talıstan kəndləri daxildir. Talıstan İsmayıllının qədim yaşayış məskənlərindən olub, rayon mərkəzindən 4 km şimalda yerləşir. Tala yeri, talada məskən deməkdir. Kənd ətrafında 4 qədim yaşayış yeri və 5 məzarlıq yerləşir. Burada ilk arxeoloji araşdırmalar 1960 – cı illərdə aparılıb. Ərazinin təxminən 2000 illik tarixi olduğu ehtimal edilir.

Cavanşir qalası (VII əsr)

Mərkəzdən 7 km aralıdakı bu qala İsmayıllının qürur mənbəyidir. Talıstan kəndindən 4 km şimalda, Ağcaçayın sağ sahilində yerləşir. Kəndə qədər maşınla, kənddən sonrakı məsafəni isə atla yaxud piyada getmək lazımdır. Əsas hissə və İçqaladan ibarətdir. Əsas hissənin cənub divarlarının qalınlığı 2 metr, hündürlüyü isə 10 metrdən çoxdur. İçqala dağın ən hündür yerində tikilib. Sahəsi 2 ha-dır. İlk orta əsrlərə aid möhtəşəm müdafiə sistemidir. Burada böyük bir dərə var. Deyilənlərə görə, vaxtilə cəzalandırılanlar qaladan aşağı, bu dərəyə atılırmış. Məşhur alban sərkərdəsi və görkəmli hökmdarı Cavanşirin (642 – 681) adı ilə bağlıdır. Cavanşirin mənsub olduğu Mehranilər Girdman knyazlığını məhz İsmayıllı ərazisində yaradıb. Cavanşirin hakimiyyət illərində Mehranilər hakimiyyətlərini bütün Albaniya ərazisinə yaydılar. Buradan 7 km məsafədə yerləşən Qız Qalasına yeraltı gizli tunel yol olub. Zaman içərisində tunel uçub, bəzi hissələr indiyədək durur. Qala ərazisindəki şəlalə var ki, bunun ətrafı sıx meşəlik ərazi ideal piknik yeridir.

İvanovka

Göyçay – Dəvəbatan çayları arasında dəniz səviyyəsindən 500 – 800 metr yüksəklikdə İvanovka yaylası yerləşir. Yol boyunca səliqəli sapsarı taxıl zəmiləri, qara şumlanmış torpaq uzaqdan diqqəti çəkir. Uzaqdan yanmış əraziyə oxşayan bu yerə çatınca bunun sadəcə şumlanmış torpaq olduğunu görürsən. Kəndə aparan yollardan kəndin özünə qədər yollardakı səliqə – səhman başqa yerlərdən olduqca seçilir. Folkloru, adət – ənənələri, məişətiylə seçilən İvanovka kəndi rayon mərkəzindən 14 km məsafədədir.

Kolxoz

SSRİ dağıldıqdan sonra kolxozun dağılmadığı tək yer İvanovkadır. Kollektiv əmək indiyədək qüvvədədir. Rayon mərkəzindən 12 km aralı, Acınohur dağlarında yerləşən İvanovka kəndində keçmiş sovet – icma təsərrüfat sisitemi ilə yaşam tərzi davam edir. Kolxoz vaxtilə ona uzun illər başçılıq etmiş əfsanəvi sədri Nikitinin adını daşıyır. İvanovka kolxozunun məhsulları paytaxtda da böyük rəğbət görür. Bakının “Torqovı” küçəsində yerləşən İvanovka mağazasında bu kəndin ekoloji təmiz məhsulları satışa çıxarılır. Paytaxtın qarşısında uzun növbə olan və piştaxtası dolan kimi boşalan tək mağazasından bal, tərəvəz və süd – ağartı məhsulları əldə etmək olar. İvanovkanın ən məşhur brendi eyniadlı şərab, xama, günəbaxan yağıdır.

Üzüm bağları

Çox geniş üzüm sahələri var. Bunlarda becərilən qara üzüm sortları süfrə şərabları hazırlanması üçün müxtəlif şərab zavodlarına yollanır. Yerli üzümdən əldə edilən İvanovka markalı çaxırlar çox populyardır. Amma kəndlilər evlərində kustar üsulla şərab hazırlayırlar. Kəndə gedənlər maraqlansalar satın ala bilərlər.

Nəftəran

İvanovkanın keçmiş adı Nəftəran olub. Malakanları köçürmə kompaniyasına başçılıq edən polkovnik İvanovun xatirəsinə kənd sonradan İvanovka adlandırılıb.

Malakanlar kimdir?

Dini təriqətlərdən biridir. Molokan – rusca süd kimi pak sözlərlə qidalanan kəslərə deyirlər. Bunlar Çar tərəfindən “Andı, kilsəni, dini mərasimi və ali hakimiyyəti qəbul etməyən” insanlar kimi sürgün ediliblər. Ortodoks – pravoslav xtristianların molokan təriqətinə sitayiş edən rusların əcdadları XVIII əsrdə dini inanclarına görə Həştərxana, Moloçnıye Vodı deyilən çayın sahilinə sürgün ediliblər.

Uzun illər o çayın sahilində yaşadıqları üçün o vaxtdan bu dini təriqəti belə adlandırıblar. Digər versiyaya görə isə pravoslavlardan fərqli olaraq oruc – pəhriz vaxtı sadəcə süddən istifadə etdiklərinə görə özlərini belə çağırırlar. Toponimin izahı nə olursa olsun, malakanlar XIX əsrin birinci yarısında çarizmin ruslaşdırma siyasətinin bir parçası olaraq Azərbaycana sürgün ediliblər.

İnanclar

Bunların dini qaydasına, inanclarına görə yaşlı kişilər mütləq saqqal saxlamalıdırlar. Odur ki, yaşı 40 – ı keçdikdən sonra hər kəs saqqal buraxır. Saqqalsız ölmək olmaz. Uzun bəyaz saqqallı, üç düyməli kətan köynək geyən yaşlı malakanlar rus nağıllarındakı qocaları xatırladırlar. Malakanların kilsəsi yoxdur. Onlar adətən evlərində ibadət edirlər. Kütləvi ayinlər isə bazar günləri, səhər erkən saatlarda həyata keçirilir.

Göl

Kəndin düz ortasındakı süni göl kənd sakinləri və qonaqların gəzinti yeridir. Deyirlər ki, bu göl ətrafı park əslində vitrin rolunu oynayır. Oğlanlar qız bəyənmək üçün buraya gəlir, gəzintiyə çıxmış qızları pusur və bəyənirlər.

Diskoteka

İsmayıllının ən əyləncəli kəndi statusuna sahib olan İvanovkada gecə həyatının olması, diskoteka buranı turistlər üçün daha cazibəli edir. İlin bütün fəsillərində hər həftəsonu təşkil edilir. Ətrafdakı istirahət mərkəzlərində dincələnlər də mütləq diskoteka üçün buraya təşrif buyururlar. Kənd klubu qapalı və açıq hava disko və sair tədbirlərin keçirildiyi yerdir.

Motosiklet

3 təkərli motosikllər bu günə qədər İvanovkada ən populyar nəqliyyat növüdür. Bunlar təsərrüfat işlərində ivanovkalıların işlərinə çox yarayır. Kəndə gələn qonaqlar üçün bu motosikletlərdə gəzintiyə çıxmaq ən böyük əyləncələrdən biridir.

Evlər

Qədim, klassik, bir mərtəbəli, taxta, standart rus evləridir. Damları, qapı, hasar və pəncərələri işləməli taxtadan hazırlanan evlər tək sıra ilə düzülüblər. Hər sıranın arasında geniş yol var. Küçələr genişdir. Hər həyətin qabağında taxta skamyalar dincəlmək üçündür. Hər evin həyətində bağ – bostan əkir, qarğıdalı, günəbaxan yetişdirirlər. Kənddə otel olmadığından bu evlər gecəlik və aylıq olaraq kirayə verilir.

Rus sobası

Hər evdə mütləq olması gərəkən atributlardan biri, məişətin vazkeçilməz parçasıdır. Qış aylarında bu sobalar həm evi qızdırmağa, həm də içərisində yemək hazırlamağa lazım olur. Sobanın quruluşu elədir ki, üstündə yataq salıb yatmaq mümkündür.

İvanovka çörəyi

2 – 3 kq ağırlığında olan kərpic formalı çörək uzun müddət xarab olmur. Mayalı xəmirdən bişirilən çörəyin hazırlanması da bir neçə gün çəkir. Təbii maya ilə xəmirin mayalanmasını uzun müddət gözləməli olurlar. Ivanovkalıların çörəklə bağlı bir devizi var:

“Xleb vsemu qolova”

Deyirlər. Bu da təsadüfi deyil. Bərəkət çox önəmlidir. Hər qonağı duz – çörəklə qarşılayırlar. Böyük Vətən müharibəsindəki aclıq – səfalət çörəyə olan hörməti daha da artırıb. Kənddə ən gözəl bayramlardan biri 9 May – Qələbə bayramıdır. Veteranlar burada çox idi. İldən ilə sayları azalsa da, sağ olanlar və onların ailələri mütləq hər il hərbi parad kostyumlarını geyinir, medallarını taxır və 41-45 abidəsinin qarşısında toplanırlar. İvanovkadakı digər bayramların hamısı dini xarakterlidir.

Mətbəx

İvanovka mətbəxi o qədər də zəngin deyil. Ən ləzzətli yeyəcəklərdən birisi sobada bişən piroşkilərdir. Ölçülərinə görə kiçik olan və yerli mayalı xəmirdən hazırlanan piroşkilərdən yeməklə doymaq olmur. Kənddəki bütün toy və yas mərasimlərinin, qonaqlıqların vazkeçilməzi və süfrədə olması mütləq tələb olunan tək yeməyi “lapşa”dır.

Lapşa nədir?

Bu, bir növ əriştə yeməyidir. Çox xırda və nazik xəmirdən kəsilən əriştələr daha əvvəl suda pörtlədilmiş toyuğun bulyonunda qaynadılıb süzülür. Toyuğun əti xırda – xırda didiklənərək əriştəyə əlavə edilir. Bu şəkildə də servis edilir. Yerli üzüm çaxırı və ya rus adət – ənənəsinə sadiq olaraq süfrədə bütün növ mərasimlərdə vodka servis edilir.

Bədo – Basqal turizm zonası

Bədo

Marşrutun ilk dayanacağıdır. Buradan çıxan kükürdlü mineral su müalicəvi xassəlidir. Yol üstündə yerləşdiyindən xüsusilə yay aylarında bütün yolçuların sərinləmək üçün ayaq saxladığı ən populyar yerdir. Buradan bir qədər aralıda yerləşən 7 bulaq bölgəsi də turizm cənnəti hesab edilir. Yüksək dağlıq – meşəlik ərazidə bir – birinə yaxın 7 bulağın ətrafı yay istisindən qaçanlar üçün yaxşı çarədir. Bədo – Basqal turizm zonası tarixi abidələrlə zəngindir ki, bunları gəzib bitirmək üçün bir neçə gün vaxt lazımdır. Çünki bu tarixi abidələrin ətrafında heç bir turizm infrastrukturu yoxdur, yol çəkilməyib. Piyada və ya atla səyahət etmək mümkün olan tarixi abidələri tanıyaq.

Xan qalası (XII – XIII əsr)

Abidədən yalnız bir neçə metr hündürlüyü olan daş divar qalıb. Qalanın içərisində Şirvan hakimlərinin yay iqamətgahı olub.

Haram qalası

Sulut kəndi yaxınlığında, Haram çayının sağ sahilində, çox da hündür olmayan mənzərəli yerdədir. Yerlilər buraya Qırxqız və ya Qırxotaq da deyirlər. Otaqların sayı 40 – dan çoxdur. Rəvayət edirlər ki, Şirvan xanları hər otaqda bir qız saxlayarmış. Hərəmxana kimi istifadə edildiyindən yerin adı da Haram qalasıdır. Kəndə qədər avtomobillə, daha sonra isə atla və yaxud piyada getmək olar.

Fit qalası

Fit qalası adını 1810 metr dəniz səviyyəsindən hündürdə yerləşən dağdan götürüb. Qədim hərbi – strateji əhəmiyyətə malik qala Şirvanşahların iqamətgahı – sığınacağı olub. Qalanın tarixi haqqında mövcud çox sayda əfsanələrin birində onu Makedoniyalı İsgəndərlə əlaqələdir. Şamaxı xanı Mustafa işğalçı rus sərkərdəsi Sisianova qarşı mübarizədə Fit qalasından sığınacaq kimi istifadə edib. Yaxınlığında müdafiə səddi çəkilib. Haramçayın yatağından piyada yaxud atla dik yamaca qalxmaq lazımdır. Qala ətrafında orta əsrlərə aid hamam, meydançalar və iri sədd var.

Basqal kəndi (56 km)

Bir baxışda Bakının İçərişəhərini xatırladan Basqal səliqəsi ilə heyranlıq oyandırır. Kənd 1933 – cü ilə kimi rayon mərkəzi olub. Bu kəndin şərəfinə Basqalı adlanan milli musiqi nömrəsi də var. 1958 – ci ildə “Uzaq sahillərdə” filmindən bəzi fraqmentlər burada lentə alınıb. Qoruq olmasına rəğmən kənddə son illərdə aparılan modern ev inşaatları buranın tarixi memarlığına zərər verir.

Memarlığı

Dar küçələri, yerlərə döşənmiş çay daşları və eyni daşlardan tikilmiş orijinal evləri ilə çox fərqli otantik quruluşa sahib yerdir. Basqal evlərinin ən maraqlı xüsusiyyəti odur ki, bunların hamısı üzü qibləyə tərəf tikilib. Digər yerlərdən fərqli olaraq, hələ XVII əsrdə bu evlərin içərisində hamam da quraşdırılıb. Səliqəli küçələrdə, sıra ilə tikilmiş evlərin hamısının həyətyanı sahəsi var. Evlər 2 mərtəbəlidir. Birinci mərtəbə sakinlərin ixtiyar vaxtları və təsərrüfat üçün nəzərdə tutulub. Evlər zəlzələyə davamlı tikilib. Çay daşlarının arasına, hər 5 – 6 qatdan bir ağac kətillər qoyulub. Buna mütəxəssislər “seysmik kəmər” deyirlər.

Məhəllələr

Basqalda 5 böyük məhəllə var. Ən böyüyü Qoşabulaq və Dəmirçi bazarıdır. Ən qədim məhəllə isə Kələküçədir. Təpədə “Mollanın yeri” adlanan qırmızımtıl yovşanlı bir tala var. Düzən qəbiristanlığında ən az 500 illik qəbirlər var. Dəfn olunanların kimliyi, sənəti, ölüm tarixi və sair məlumatlar yazılan məzarüstü daşlar, kitabələr çoxdur.

Dəmirçi bazarı

Geniş meydan qəsəbənin mərkəzidir. Bura keçmişdə, uzun illər Basqalın mədəniyyət və ticarət mərkəzi olub. Bazar meydanından Sayad dağına, Fit dağına və ətraf meşələrə gözəl bir mənzərə açılır. Qəsəbənin yeganə tarixi hamamı XVII əsrdən qalıb. Basqal tarixi İpək yolunun dayanacağıdır. Karvanların qonaqladığı, ticarət etdiyi yer olan Bazar meydanında hər zaman bolluq olub. Məhəllədəki XVI əsr Xan çinar elə nəhəngdir ki, gövdəsindəki geniş oyuqda bir zamanlar çayxana və bərbər dükkanı olub.

Hacı Bədəl məscidi (XIX əsr)

İçərisində Seyid Ümülbanu türbəsi (1488) var. Dəmirçi Bazar məhəlləsində yerləşir. Hacı Bədəl Məşədi ağa oğlu tərəfindən və onun şəxsi vəsaiti hesabına tikilib. 1924 – 1990 – cı illər arası buradan anbar kimi istifadə edilib.

Əl Fəqir Şeyx Səfai ibn Şeyx

Məhəmməd məscidi (XVII əsr)

Kələküçə məscidi buranın ən qədim tarixi abidələrindəndir. Hicri – qəməri 475 – ci ildə Əl – Fəqir Şeyx Səfayi ibn Şeyx Məhəmməd tərəfindən tikilib. Sovet hakimiyyəti illərində iki minarəsi sökülüb, daş kitabəsi də məhv edilib. 1975 – ci ildə isə yanıncaya qədər mədəniyyət evi kimi istifadə edilib. Başına gələnlərdən sonra məscid ilkin görkəmini itirib.

Kürəbənd (XII əsr)

Basqal kanalizasiya sistemi belə adlanır. Bu şəbəkə elə qurulub ki, çirkab su, üstü sal daşlarla örtülü səliqə ilə hörülmüş borularla öz axarı ilə üzüaşağı yönəldilib. Yerin altından çəkilən bu sistem elə inşa edilib ki, kirli suların eynən Lahıcda olduğu kimi hara axdığını sakinlər hələ də bilmirlər.

Toponim

“Basqal” təmiz türk sözüdür. Akademik Ziya Bünyadovun fikrincə “bas” və “qal” ifadələrinin birləşməsindən əmələ gəlib. “Qala bas”, “qala qur”, “qala ucalt” mənalarını verir. Basqallılar Təbriz ləhcəsinə yaxın şivə ilə danışırlar. “G”, “c” və “ç” hərflərinin dəyişik tələffüzü danışıqlarına fərqli rəng qatır.

Tarixi

1980 – ci illərdə aparılan araşdırmalar buranın 2000 illik keçmişindən xəbər verir. Tarixçilərin fikrincə Basqal hələ IV əsrdə mövcud olub. Basqalın cənub – şərqində yerləşən antik və orta əsrə aid abidələrlə zəngin ərazi qədim insan məskəni olub. Basqal miladdan əvvəl mövcud olan Alban dövlətinə mənsub idi. Ərazi tarixən əlverişli coğrafi mövqedə yerləşib ki, bu da siyasi və iqtisadi – starteji əhəmiyyət kəsb etməsinə səbəb olub. Orta əsrlərdə saysız – hesabsız xarici hərbi müdaxilələr zamanı Basqalı müdafiə etmək məqsədilə çox sayda qala və müdafiə qurğuları inşa edildi. Arxeoloq A.P.Fituni “Şirvanın son paytaxtının tarixi” məqaləsində yazırdı:

” 1795-ci ildə İran şahı Ağaməhəmmədin Gürcüstana, Muğana, Talış və Şirvana hücumu zamanı Şirvan xanı Mustafa öz yaxın qohumları ilə yaxındakı Fit dağındakı qalaya çəkilir. Onlar qaladan çox da uzaq olmayan Basqal adlı şairanə yerdə ipək ayıran və şal toxunan fabrik açır.”

İpəkçilik

Orta əsrlərdə Şirvanın böyük toxuculuq və sənətkarlıq mərkəzlərindən biri olub. Şəkiyə də ipəkçilik Basqaldan gedib. Demək olar bütün evlərdə yaxın keçmişə qədər ipək toxucu dəzgahları vardı. Boyaçılıq, toxuculuq, ipəkçilik nəsildən nəslə keçərək inkişaf edib. İpəkdən hazırlanan ən populyar məhsul kəlağayı olub.

Kəlağayı

Keçən əsrin 60 – cı illərinə kimi Basqaldakı hər evdə kəlağayı toxunurdu. SSRİ dağıldıqdan sonra bazara qonşu dövlətlərdən müxtəlif cür mallar, o cümlədən örtüklər, şallar da daxil oldu. Bununla da kəlağayı gözdən düşdü. Hazırda Basqalda kəlağayı sexi fəaliyyət göstərir və ipək kəlağayılardan artıq başqa modellər də hazırlayırlar. Kəlağayı çox zərif, çox incə, toxunduqca insana xoş gələn yumşaqlıqda, müxtəlif ölçülü milli baş örtüyüdür. Əslində tarixən kəlağayı istər kasıb və istərsə də zəngin təbəqədə Azərbaycan xanımlarının ən əsas geyim atributlarından olub. Gənclər üçün, yaşlılar üçün və hətta mərasimlər üçün kəlağayılar vardı. Toy zamanı gəlinin başına qırmızı kəlağayı örtər, yasda hər kəs qara kəlağayıya bürünərdi. Gündəlik istifadə üçün krem, qəhvə və ya bəyaz kəlağayılar bağlanardı. Tarixən ipəkçilik mərkəzi olduğundan Azərbaycan milli geyimlərində ipək parçalardan geniş istifadə edilib. XIX əsrin birinci yarısından başlayaraq Basqalda hazırlanan ipək məmulatların sorağı xarici bazarlardan eşidilib. 1862 – ci ildə Azərbaycan ilk dəfə Londonda keçirilən Ümumdünya sərgisində iştirak ediblər. Həmin sərgidə basqallı toxucu Nəsir Abduləziz oğlu nümayiş etdirdiyi nəfis kəlağayı və zərif qanovuz parçaya görə sərginin gümüş medalı və diplomla mükafatlandırılıb.

Hazırlanışı

Uzun prosesdir. Bir kəlağayı 7 – 10 gündə əmələ gəlir. Əvvəlcə barama ipindən ipək parça toxunur. Parçalar ölçülərək kəsilir. “Tiyan” deyilən nəhəng çuqun qazanların içərisinə su doldurulur və altı qalanır. İçərisinə təbii boya tökülür. Təbii boya üçün çaraz deyilən ağacın gövdəsindən istifadə edilir. Əvvəllər bitki köklərindən də istifadə ediblər. İpək parçaları boyalı suda bişirirlər ki, rəngi çıxmasın. Həqiqətən kəlağayı köhnəlir, yırtılır, amma rəngi heç vaxt solmur. Boyama işi bitdikdən sonra parçalar qurudulur. Tam quruduqdan sonra ütülənir və bəzəmə prosesi başlayır. Bunun üçün basma qəliblər var. Müxtəlif fiqurlar, milli naxış və ornamentlərdən istifadə edilir. Onların hamısının öz adı və mənası var. Ən çox istifadə edilən bəzək elementi butadır.

Buta nədir?

Qönçə, badamabənzər naxış növüdür. Azərbaycan ornament sənətinin çox yayılmış bəzək elementi hesab edilən butanın atəşpərəstlik dövrünə məxsus bəzək forması olduğu ehtimal edilir. Mütəxəssislər butanın forma və quruluşuna görə o qədər geniş məlumat verirlər ki, dinlədikcə bitmir. XIX əsrdə bu qəsəbəyə gəlmiş şərhçi M.N.Lebedev – Kostromsev kəlağayı toxuyan karxanaları seyr edib, toxucuların ağır vəziyyətdə çalışmalarına rəğmən öz sənətlərinə sadiq qalmalarından bəhs edib:

“Basqal şəhərinə qəza mərkəzi Şamaxı-dan Rusiya atlarından kiçik, lakin zərif və iti yerişli kəhər atla gəldik. Atın sahi-bi, yerlilərin çarvadar adlandırdığı orta yaşlı qarayanız bir adam öz heyvanı-na elə bil dil öyrətmişdi. At öz sahibi-ni mütiliklə dinləyir və iri daş topaları ilə dolu olan maneələri, yoxuşları, gur dağ çayını cürətlə dəf edirdi. Basqal şəhərinə axşam vaxtı yetişdik. Neft lampaları, fanarlar evlərin eyvanlarını, həyətlərini kifayət qədər işıqlandırırdı. Melodik səs ruhumuzu oxşadı. Çar-vadar Məşədi Əzim bu səsin məscid minarəsindən gəldiyini mənə başa sal-dı. Müəzzin şam əzanı verirdi…” “Kafkaz” qəzeti, 1882–ci il 310–cu sayı

Əmrəki

Basqal yaxınlığında, kənddən 2 km aralıda, dağ başında yerləşən ən populyar meşə – dağ istirahət zonası belə adlanır. “Əmir” şəxs adı, ya da ordu başçısı kimi izah edilir. Toponim Əmir dağı mənasına gəlir. Ərazidə eyni adlı dağ, meşə, otel-restoran, bulaq var.

Pip ağacı

Bu meşələrdə bitən meyvəsiz ağacdır. Amma yarpağı ilə yerli mətbəxin ən ləziz təamlarından biri bişirilir. Yaz ayında ağaclar yeni çiçək açdığı zaman, yarpaqlar çox təzə və yumşaq ikən təzə – tər pip yarpağından dolma bişirirlər. Bu da aprel ayının ortalarında baş verir. Təxminən 10 gün ərzində toplanan təzə yarpaqlar marinad edilir. Basqala gəlib pip dolmasından yemədən buradan getmək günahdır. Əgər yeyə bilməsəniz, ərazidə hər yerdə pip yarpaq marinadları satılır. Alıb evinizdə sınaya bilərsiniz. Beləliklə,

Pip dolması

Qoyun əti və quyruq, ət maşınında çəkilir, bir stəkan yumru düyü qatılır, soğan doğranır, istiot, soğan və quru nanə əlavə edilib yaxşıca yoğrulur. Sonra tək – tək pip yarpağına bükülür. Dolmalar badam dənəsi boyda olur. Üzərinə bir az su əlavə edilib bişirilir. Qatıqla yeyilir. Dadına doymaq olmur. Basqal ətrafı restoran və yeməkxanaların hamısında nahar vaxtı pip dolması olur. Axşama qalmır.

Lahıc turizm zonası

Lahıca aparan yollarda, dağ yamacına səpələnmiş kiçik kəndlər var. Dərə boyunca fövqəladə gözəlliyə sahib mənzərəyə doymaq olmur. Dar və dolanbaclı cığır Qəndoba gətirib çıxarır.

Qəndob kəndi

Yol üstündəki kəndlərdən biridir. “Qənd” “şəkərli su” deməkdir. Cəmi 216 ev var. Çay terrası üzərindəki bu kəndi meyvə ağacları bəzəyir. Hər tərəfdən yaşıl meşə ilə örtülüb, ağacların arasından şiş qayalar görsənir. Kənd xiyarı və lobyası ilə məşhurdur. Kəndin xiyarı yerli brend olmağa layid görülüb. Xırda ölçülü, orqanik, yamyaşıl, üstü tirtıqlı, ətirli və suludur. Kəsincə və ya dişləyincə ətri aləmi bürüyür. Onları dirrikdən qoparıb yeməyin ayrı bir zövqü var. Kənddən keçərkən demək olar hər qapının ağzında ləyənlərdə toplanmış xiyarlar yoldan keçənlər üçündür. Arzulayanlar satın ala bilərlər. Yerlilərin dediyinə görə, marinad, turşusunu qoymaq üçün ən yaxşı xiyardır.
Və lobya sahələri. İsmayıllıda ən populyar tərəvəzdir. Yayda və payızda bitir. Təzə-tər lobyadan yemək bişirir, qovurmasını hazırlayır və həm də müxtəlif formalarda marinadlarını düzəldərək qışa saxlayırlar. Məzəylə deyirlər ki, yay aylarında İsmayıllıda hansı qapıya getsən, hansı qazanın qapağını qaldırsan içindən lobya çıxır.

Asma körpü və Girdmançay

İşi olan və olmayan hər kəsin yolda ayaq saxlayıb, mütləq üstündən keçdiyi məşhur körpüdür. İş orasındadır ki, bu dərə boyunca axan Girdmançay çox dəli çaydır. Yazda və payızda məcrasına sığmayan Girdman çayının şaqqıltısından qulaq tutulur. Bir az yağıntı düşən kimi, coşub daşır və qarşısına çıxan hər şeyi yuyur, dağıdır. Heç bir körpüyə ram olmayan bu çayın yeganə çarəsi asma körpüdür. Yüzlərlə körpü dağıldıqdan sonra, nəhayətində çox yüksək olan bu asma dəmir körpünü inşa etdilər. Ekstrim, adrenalin həvəskarları üçün əla əyləncədir.

Namazgah

Vaxtilə buradan keçən karvanların dayanacağı olub. Burada namazlarını qılıb, yemək yeyib, dincəlib yollarına davam ediblər. Çünki bu ərazi dar dağ yollarında ən geniş sahəsi olan tək yerdir. Namazgah mineral süfrə suyu ilə məşhurdur. Burada qurudulmuş bitkilər satırlar. Ətraf dağ və meşədə bitən nə qədər çiçək varsa, hamısın toplayır, qurudur və su qiymətinə də satırlar. Kəklik otu, yovşan, yarpız, itburnu, bənövşə, çobanyastığı – nə axtarsanız var. Bunların hamısı müalicə məqsədilə istifadə edilir. Qarın, mədə – bağırsaq və baş ağrısı, təzyiq və öskürək sökücü dərmanlar satılır. Hansı çiçəyin nəyə faydalı olduğunu yerlilər çox yaxşı bilirlər. Xalis Lahıc balı almaq istəyənlər buradakılara güvənə bilərlər. Kilosu ən az 25 AZN-dən başlayır. Babadağ ziyarətçiləri də uzun səfərləri sırasında dincəlmək və namaz qılmaq üçün buranı seçirlər.

Babadağ (3629 m)

Baş Qafqaz silsiləsinin cənub-şərqində, Quba və İsmayıllı rayonları sərhədindədir. Babadağa digər yol Quba – Qonaqkənd – Qarxun kəndlərindən keçir. Bu, daha çətin və təhlükəli yoldur. Bu səbəblə ölkənin ən yüksək zirvələrindən birinə getmək üçün Lahıc yoluna daha çox üstünlük verirlər. Dağın şimal və şimal – cənub yamacları bitkisizdir. Qaraçay, Vəlvələ və Girdman çayları buradan başlayır. İl boyu zirvəsi qarlı olan Babadağın yaxınlığında, dəniz səviyyəsindən 3400 – 3500 metr yüksəklikdə, bir – biri ilə yanaşı 3 təbii göl yerləşir.

Həzrət Baba ziyarətgahı

Ölkənin ən məşhur ziyarətgahlarından olan Babadağa aparan yollar sadəcə 45 gün açıq olur. İyul – avqust aylarında buraya ziyarətə gedən maşınlar dərə boyunca uzun bir konvoy əmələ gətirir. KAMAZ və Sovet üsulu böyük avtobuslarla hər kəs Babanın yanına tələsir.

Əfsanə

Dağın ətəyində Adəm peyğəmbərin əshabələrindən biri olan Nənə dəfn edilib, dağın zirvəsində isə Baba qeyb olub. Dağın zirvəsinin yaxınlığında Şeytan Dərəsi və Zəmzəm bulağının bənzəri olan Musa bulağı var. İnsanlar ilk olaraq Nənə qəbrini ziyarət edir, sonra təhlükəli yolu olan dağa dırmaşır, Şeytana daş atır, Musa bulağından su içir və nəhayət, zirvəyə qalxaraq Babanın ruhuna dualar oxuyur, niyyət edirlər.

Aman evi

Çox yorğun, uzun və yavaş səyahət sonra axırıncı dayanacaq dağın ətəyindəki “aman evi” deyilən yerdir. Burada dincələn yolçular niyyətlərini tutub dağa çıxırlar. Bu nöqtədən zirvəyə 7 saatda çıxmaq mümkündür. Arzulayanlar at kiralayıb bu məsafəni 1.5 saatda da qət edə bilərlər. Atdan qorxanlar və ziyarətini piyada həyata keçirmək istəyənlər uzun yola gecə vaxtı axşamüstü çıxırlar. Təhlükəli olsa da bu metoda əl atırlar. Heç kim tək – tək hərəkət etmir. Qrup, dəstələr halında çıxırlar. Hər kəs bir – birinə xeyir – dua edir. Beləliklə, gecəni ziyarətgahda keçirən zəvvarlar bütün dualarını edir, arzularını tutur, günəşin doğmasını 3629 metr yüksəklikdə, dumanların arasından izləyib, yavaş – yavaş aşağıya yollanırlar. Ziyarət sonrasında namazgahda qurbanlarını kəsir, yeyir, paylayır və yavaş – yavaş geri qayıdırlar. Qayıdan hər kəsin üzündə qəribə rahatlıq, sevinc və ümid olur. Bir diləyin həyata keçməsi üçün hər insanın ömrü boyunca 7 dəfə Babadağ ziyarətini gerçəkləşdirməsi gərəkli imiş. Gələnlərin çoxu qadınlardır. Övladı olmayan xanımlar Babadağın möcüzəsinə ürəkdən inanırlar. Bu ziyarəti gerçəkləşdirmək hər kəsə nəsib olmur. İnanclara görə, ürəyi və niyyəti “qara” adamları Baba qəbul etmir. Gənc və dinamik olsalar belə yuxarı çıxa bilmir və geri qayıdırlar. Əksinə təmiz niyyətlə buraya gedən insanlar yaşlı və xəstə olsalar da, bu arzularına çatırlar.

Lahıc

Bakıdan 180 km şimal – qərbdə, rayon mərkəzindən 37 km şərqdə, Böyük Qafqazın ətəyində, Girdmançayın sol sahilində, okean səviyyəsindən 1100 – 1200 metr yüksəklikdə yerləşən kənd az meylli yamacda salınıb. Qovdağ (2437) və Niyaldağ silsiləsi (2322 m) yerləşir. Lahıc aşırımı möhtəşəm Niyaldağ silsiləsinin suayırıcındadır. Hündürlüyü təqribən 1700 metrdir, dar və çətin keçiləndir. Yollar təhlükəli olsa da, il boyunca buraya avtomobillə getmək olur. 7 dağ arxasında salınmış Lahıcda bütün Şərq şəhərlərindəki ənənələrə xas bir cəhət var. Tarixən burada 7 dağ əhatəsində 7 məhəllə, 7 bulaq, 7 məscid, 7 hamam və sair mövcud olub. Lahıcda hər şey 7 rəqəmi ilə bağlıdır.

Məmməd Əmin Rəsulzadə

Maraqlı fakt. AXC – nin lideri M.Ə.Rəsulzadə Qızıl Ordu Bakını işğal etdikdən sonra 3 ay boyunca bolşevik təqibindən qaçaraq Lahıcda gizli sürgün həyatı yaşayıb. O dönəmdə Ərəb əminin evində gizlənib. 1920 – ci ilin iyulunda yazdığı məşhur “Əsrimizin Siyavuşu” kitabı bu cümlələrlə bitirdi:

“….. Ya qazi və ya şəhid olacaqsan”
Deyilənlərə görə, qırmızı terrordan qorxmayan kənd camaatı AXC liderinə burda olduğu müddətdə çox böyük hörmət və ehtiram göstərib.

Niyal dağ

Lahıcın gözəlliklərindən, atributlarından biri də Niyal dağdır. Niyal dağı dəvə belinə oxşar 9 yaldan ibarətdir. Bu yal silsiləsi dəvə karvanını xatırladır. Kənd ətrafında çay dərələri boyu at gəzintisi etmək olar. Həmin gəzinti zamanı bəzi təbii – tarixi abidələrlə qarşılaşmaq olar.

Girdman qalası

VII əsrdə Girdman dövlətinin mərkəzi, indiki Lahıc qəsəbəsinin olduğu zamanlarda qalanın əsası qoyulub. Mərkəzdən 37 km şərqdə, Girdman çayının sol sahilində yerləşən bu abidə qədim Albaniyanın alınmaz qalalarından olub.

Tarixi

Antik Sədun şəhərinin qalıqları, nə vaxtsa burda yerləşmiş qədim Girdman şəhərinin izləri bu günə qədər qalmaqdadır. 2000 il yaşı olduğu ehtimal edilən Lahıc 6 – cı əsrin sonu, 7 –ci əsrin əvvəllərində son Alban dövlətinin hökmdarları olan Mehranilər sülaləsinin birinci nümayəndəsi Mehran tərəfindən salınıb. Əvvəlcə son Alban dövləti Girdman knyazlığının, daha sonra isə Laziyan məlikliyinin siyasi – inzibati mərkəzi, o cümlədən son Alban hökmdarı, knyaz Cavanşirin yay iqamətgahı olub.

Cavanşir (616 – 680)

Son alban çarı, Mehranilər sülaləsinin son hökmdarıdır. 44 il taxtda oturub. Ərəblərin gücləndiyini görən Girdman knyazı günəşi batmaqda olan Sasanilərin ordu sıralarını tərk etdi. 664 – cü ildə Şam şəhərində ərəb xəlifəsi I Müaviyyə ilə görüşüb onun vassalı olmasına razılıq verdi.

Rəvayət

Deyilənlərə görə Lahıcın əsası Sasani şahı l Keyxosrov tərəfindən qoyulub. Onun idarəçiliyi dövründə İran – Turan muharibələri gedirdi. İranla Turanın uzun və yorucu düşmənçiliyindən bezən I Keyxosrov hakimiyyətdən əl çəkərək İranı tərk edir. Öz yerini qardaşı oğluna tapşırır və Lahıc tərəflərə gəlir. Buranın gözəlliyi, iqlimi, təbiəti şahı cəlb etdiyindən, ömrünün axırına qədər Lahıcda qalmağı qərarlaşdırır. İranın Lahican əyalətinin şərəfinə bu yerləri Lahıc adlandırır. Hətta Lahıcın köhnə qəbiristanlığında Keyxosrovun qəbri olduğu guman edilir.

Toponim

Lancan, Əl – Əycan, Əl – Axbaz, Layican, Liran formalarında işlənib. Bəziləri Lahıcı tayfa adı ilə əlaqələndirirlər. Digərləri Gilanın Lahıcan əyalətindən gələnlərin bu adı saxladıqlarını qeyd edirlər. Toponimlə bağlı bir rəvayət geniş yayılıb:

Rəvayət

Qədimdə İranda La şəhəri var imiş. Bir dəfə güclü zəlzələ baş verir. Bundan sonra şəhər viranə qalır və xəbər yayılır ki, La heç. Yəni La şəhəri heç olub. O tarixdən sonra Lahıc adı meydana çıxıb. Başqa bir ehtimala görə isə Lahıc Baba dağında yerləşən “Həzrət Baba” ziyarətgahının yolu üstündə yerləşir. Ərəb dilində la istiqamət bildirir. Həcc sözünün mənası isə aydındır. Yəni Lahıc sözü “Həcc yolu” mənasını verir.

Lahıc dili

Erkən orta əsrlərdə indiki Lahıc ərazisində müxtəlif tayfalar məskunlaşıb. Bunların içərisində iran dilli tayfalar üstünlük təşkil edirdi. Əlbəttə buraya gələn həmin adamların dili yerlilərin dilinə təsir etməyə bilməzdi. Lahıc İranın Lahıcan əyalətindən gəlmədir. Lahıclılar İranda çox məhdud, şimali Azərbaycanda isə geniş coğrafiyada məskunlaşıb. Lahıc sakinləri də eynən Azərbaycandakı bəzi dağlı etnik qruplar kimi özlərinə məxsus dildə danışırlar. Bu nə fars, nə tat, nə də talış dilidir. Bu, lahıc dilidir. Yerli leksikondakı sözlərin yalınz bir hissəsi fars kəlimələrinə uyğun gəlir.

Lahıc Dövlət Tarix Memarlıq Qoruğu

1980 – ci ildə yaradılıb. 80 ha sahəsi olan qoruq ərazisində 93 ədəd tikili tarix və mədəniyyət abidəsi mühafizə olunur ki, bunlardan 71-i şəxsi yaşayış evləri, 22- si isə müxtəlif təyinatlı tikililərdir. Şahdağ Milli Parkının hissəsi sayılan qoruq açıq hava altında muzeyi xatırladır. Lahıc muzeyi 1914 – cü ildə tikilən Ağolu məscidində 1985 – ci ildən fəaliyyət göstərir.

Ağolu məscidi

Lahıc qəsəbəsinin Ağolu məhəlləsində yerləşir. Hicri – qəməri ilə 1332 – ci ildə inşa edilib. Sovet dövründə anbar kimi istifadə edilsə də, 1987 – ci ildə bərpa edilərək muzey kimi istifadəyə verilib.

Turizm

Azərbaycanda qonaqları ingilis dilində qarşılayan yeganə kənddir. Kəndin girişindəki “Welcome to Lahic” yazısını görənlər üçün hər şey həmən aydın olur. Bura yerli – xarici bütün turistlərə ilin bütün fəsillərində xidmət edən nadir, bəlkə də tək yerdir. Muzey yanındakı turizm informasiya bürosunda kiralıq evlər, tarixi – təbii abidələr, gəzintilər haqqında bütün məlumatı toplamaq və bələdçi tutmaq olar. Qoruq üzrə bir neçə istiqamətdə səyahət gerçəkləşdirmək mümkündür. Lahıc ətrafı turlara qatılmağa dəyər. 1505 metr yüksəklikdə, Peştər çayı, Peştər dəryası boyunca üzü dağlara və meşə istiqamətində mükəmməl mənzərə, panoram, bulaqlar və yol boyunca müxtəlif yerdə və təbəqədə şəlalələr var. Ən yaxını 2 km məsafədədir. Lahıc qəsəbə daxili marşrut ən populyar olanıdır. Burada nələri müşahidə etmək olar?

Ağsaqqallar şurası

Lahıca gələn bütün qonaqları onlar qarşılayır. Bunlar saçı – saqqalı ağarmış Lahıc sakinləridir. Dünyagörmüş bu adamların üzlərindən müdriklik, nur yağır. Girişdəki uzun skamyada otururlar. Bir növ informasiya xidməti göstərir, qonaqların bütün suallarına məmnuniyyətlə cavab verirlər.

Memarlığı

Qəsəbə kiçik Lülo çayı vasitəsilə iki hissəyə bölünür. Böyük olan cənub tərəf Lahıc, kiçik olan şimal tərəf isə Aragird (Ərəgit) adlanır. Burada küçələr genişliyi, bağ-bostanların çoxluğu ilə seçilir. Qəsəbədə Zəvəro, Muradan, Ağalı, Bədəvan və Piştə məhəllələri var. Hər məhəllənin öz küçəsi, dalanı, bulağı, dəyirmanı, hamamı, məscid və mədrəsəsi var. Lahıc 7 dağın əhatəsindədir. 7 məhəlləsi, 7 bulağı, 7 məscidi, 700 evi, 7 mədrəsəsi, 7 mollaxanası, 7 hamamı var.

Lahıcın küçələrinə yağış və qar yağanda torpaq döşəməni yuyub aparmasın deyə başdan ayağa daş döşənib. İkimərtəbəli evlərin hamısı çay daşından tikilib. Hər 60 – 70 sm-dən bir bu daşların arasına ağac kətil – karkas, pəncərələrə bəzəkli dəmir barmaqlıq vurulur. Qədim taxta qapılarda dəmir döyəclər var.

Lahıcdakı ən məşhur ev Hacının evidir. Bu tarixi abidə 72 otaqlıdır. Uzaqdan diqqət çəkir. Amma dərəyə yaxın olduğundan qismən ovulub. Ümumiyyətlə, Lahıc sellər – sular üzündən yavaş – yavaş yox olmaq təhlükəsi ilə üz – üzədir.

Bütün məhəllələrdə su bulaqları var. Hər kəs mis səhənglərdə evlərinə su daşıyır. Lahıc sakinlərinin fəxrlə bəhs etdiyi kanalizasiya sistemi IX əsrdə qurulsa da, burada kirli suları haraya apardığını bu günə qədər də bilən yoxdur.

Əvvəllər sayı çox olan hamamlardan müasir dövrə sadəcə 2 dənəsi gəlib çıxıb. Onlardan biri XIX əsrə aid Hacı Molla Hüseyn hamamıdır. Odunla qızdırılan hamamın içərisi yarıqaranlıq olur. Burada bir qayda olaraq tək günlərdə kişilər, cüt günlərdə xanımlar çimir. Demək olar heç vaxt içi boş qalmır. Bəzən hamampulunu artıqlamasıyla ödəyən müştərilər hamamı tamamilə özləri üçün kiralayaraq səfasını çəkirlər.

Aragird məhəlləsi

İlk məskən salınmış yer bu məhəllədir. Yaranma tarixi III – VI əsrlərə aid edilir.

Böyük Lahıc

Əsas mərkəzi küçəsinə Böyük küçə və ya Bazar küçəsi deyirlər. Bura sənətkarlar məhəlləsi kimi məşhurdur. Bütün misgərlərin demək olar hamısı bu küçədə yerləşirlər. Emalatxana və mağaza vitrinləri eyni yerdədir. Lahıca gələn bütün qonaqlar burada gəzərkən Bazar küçəsindən mütləq keçir, dükanları, sənətkarları, onların çalışmasını, işlərini izləmək imkanı tapır, alış – veriş edirlər. Bakının İçərişəhərindəki suvenir dükanlarının malları Lahıcda hazırlanır. Amma aralarında qiymət fərqi demək olar ki, yoxdur. Lahıclılar yaxşı tacir olmaları ilə də məşhurdurlar.

Sənətkarlıq

Qədim sənətkarlıq mərkəzində nalbəndlər, xalçaçılıq, dəmirçilik, toxuculuq, qalayçılıq da indiyə qədər yaşayan sənətlərdir. XlX əsrin ortalarında Lahıcda 200 dən artıq sənətkar emalatxanaları fəaliyyət göstərirdi. Burada 127 növ peşə istiqamətləri olub.

Misgərlik

Lahıc sakinlərinin ən əsas çörək ağa cı, tarixən ən populyar sənət misgərlik olub. Bu da təbiidir. Əvvəllər mis qablar məişətin vazkeçilməz parçası idi. İndi məişətdə istifadə edilmədiyindən misdən daha çox suvenir əşya hazırlayırlar. XIX əsrdə Lahıcda 60 – dan artıq misgər olub.

Ən qədim əl sənətlərindən olan misgərlik ailədən ailəyə ötürülür və əsla unudulmur. Odur ki, bəzən kənardan birisi uşağını gətirib bu ustalara deyəndə ki, bir il yanınızda qalıb sənəti öyrənsin, lahıclı misgərlər gülürlər. Çünki onlara görə bu işi görmək üçün bir insan mis qoxusuyla böyüməli, dəzgahın ətrafında tərbiyə olunmalıdır. XVIII – XIX əsrlərdə misgərlik və silah istehsalat mərkəzlərindən olan Lahıcda misəritmə ocaqları hələ də durur. Yerli ustaların düzəltdikləri əl işləri Orta Asiya, Dağıstan, Gürcüstan, İran, Türkiyə və digər yerlərdə tanınıb. 1717 – 1718 – ci illərdə lahıclı usta Nəcəfqulunun düzəltdiyi samovarlar çox məşhur olub.

Bura hər mənada tamamilə fərqli duyğular yaşadan yerdir. Evlərin həyətində təndirxana var. Səhər saat 7 –də Lahıc küçələrində, hər evin darvazası qarşısında yenicə təndirdən çıxmış isti çörəklərdən satın almaq olar.

Kənd mağazalarında qoyun və ya keçi pendirini tapıb samovar çayı ilə edilən gözəl bir qəlyanaltının dadı uzun müddət damaqda qalır. Lahıcda bir təam var ki, onu dadanlar sonra buraya gələndə bir daha eynisindən istəyirlər. Yaxud Lahıca gedənlərə mütləq bu yeməyin dadına baxmalarını tövsiyyə edirlər.

Lahıc dolması

Söhbət narın heyva yarpağından hazırlanan dolmadan gedir. Qoyun əti, düyü, soğan, sarıkök, istiot, duz, nanə – bunların hamısı birlikdə taxtanın üstündə dəhrə ilə döyülür. Daha sonra heyva yarpaqlarına sarılır. Bu dolma digər bütün dolmalardan öz quruluşuna, bükülüşünə görə tamamilə fərqlənir. Belə ki, ət yarpaqlardan daşaraq kənara çıxır, uzunsov olur. Ovucun içərisində yoğrulur və səliqə ilə qazana düzülür. Bol miqdarda su tökülür və təxminən bir saat bişir. Lahıc dolmasını fərqli qılan başqa xüsusiyyəti bişincə sulu servis edilməsidir. Yəni dolmanı qaşıqla yeyirlər. Servisdə qatıq ikram edilir. Ləzzətini yeyənlər bilir. Lahıca yolunuz düşüncə mütləq istəyin.

[justified_image_grid facebook_id=2222665901206802 facebook_album=2338053296334728]