Kəngərli

Kəngərli

NMR-nın ən gənc şəhəridir. 2004-cü ildə yaradılıb. İnzibati mərkəzi Qıvraq qəsəbəsidir. Çalxan qala kurqanları, Qazma mağarası, eləcə də Qalacıq, Govurqala, Damlama, Qulamlıtəpə, Balatəpə yaşayış məskənləri, XVIII əsr Xok kəndində Cami məscidi və XIX əsr Şahtaxtı hamamı buranın ən məşhur tarixi abidələridir. İlk baxışda, xüsusilə də mərkəz deyilən yerdə maraqlı heç nə yoxdur.

Arayış

Naxçıvan-Şərur şosiesi üzərində, paytaxtdan 30 km aralıda, Babək və Şərur rayonları arasında, Dərələyəz dağlarında yerləşir. Qəsəbədən Araz çayınadək 6 km-dir. Rayonun cənubu İranla, şimalı Ermənistanla həmsərhəddir. İqlimi kəskin kontinentaldır – yayda çox isti, qışda çox soyuq olur.

Toponim

Rayon adını Kəngərlər tayfasından götürüb. Erkən orta əsrlərdə Albaniyanın türk tayfalarından biri olan Kəngərlər ölkənin qərbində, Ermənistan bölgəsində və Naxçıvan ərazilərində yaşayıblar. Kəngər sözünün ‘kanq’ tayfa adı və ər ‘igid’, ‘əsgər’, ‘kişi’ sözündən əmələ gəldiyini deyirlər. Bu kəlimə Aral və Balxaş gölləri arasında yerləşən qədim Kanqyuy dövlətinin III əsrdə hunlar tərəfindən işğalından sonra ortaya çıxıb. Həmin dövrdən yerli əhali ilə hunların qaynayıb qarışmasından təşəkkül tapmış etnos özünü kəngər adlandırıb.

Kəngərlər tayfası

Şimali Qafqaza hunlarla bilrikdə IV – V əsrlərdə gələn kəngərlər haqqında ilk mə’lumat V əsrdə verilir. Onların əsas vilayəti isə Aral gölündən şimalda, Sır- Dəryanın yuxarı və aşağı vadisi idi. E.ə. burada Kanqyuy dövləti mövcud olub. IX əsrin ərəb coğrafiyaçısı ibn Xordadbeh Sır-Dərya çayını ‘Kanqar’ deyə qeyd edib. XI əsrdə səlcuqlar İranı və Cənubi Qafqazı işğal edərkən kəngərlər bu yürüşlərdə iştirak edib və Azərbaycana yerləşiblər. Eyni adlı kənd Ağdam və Tərtər rayonlarında da mövcuddur. Naxçıvanın ən məşhur sülalələrindən biri də eyni soyadı daşıyır. Generallar nəsli kimi məşhur olan sülalənin ən tanınmış nümayəndəsi Bəhruz Kəngərlidir ki, o da Azərbaycan realist rəssamlıq məktəbinin əsasını qoyub.

Qarabağlar kəndi

Mərkəzdən 30 km cənub – şərqdə yerləşir. Kiçik Qafqaz silsilələrinin qocaman Araza enib gəldiyi əlverişli və səfalı bir ərazidə yerləşir. Kəndin şimalındakı təpəlik ərazidə son Tunc və dəmir dövrlərinə aid Qalacıq yaşayış məskəni tapılıb. Qalacıq qədim yaşayış yerinin sahəsi 40 hektardır. Bütün Qafqazda ilk dəfə ibtidai icma quruluşu dövrünə aid belə möhtəşəm yaşayış yeridir. Bu fakt 1934 – cü ildə burada aparılan arxeoloji tədqiqatlardan sonra təsdiqlənib.

Bundan başqa ölkə əhəmiyyətli arxeoloji abidə sayılan Qarabağlar yaşayış yeri XII – XVII əsrlərə aiddir. Ehtimallara görə Qarabağlarda XVII əsrdə 50000 nəfərə qədər əhali yaşayıb. İlk sakinləri 4000 il əvvəl, yəni e.ə. II minilliyin başlanğıcında məhz həmin yerdə məskən salıblar.

Bəzi məlumatlara görə şəhərin əsasını XII əsrdə Şirvanşah Mənuçöhr qoyub. Şəhər kimi Elxanilər dövləti dönəmində (1256 – 1353) salınıb. Orta əsrlərdə Azərbaycanın qədim və iri şəhərlərindən biri hesab edilirdi. Mühüm ictimai – iqtisadi siyasi mərkəzlərindən biri olması məlumdur. Şəhərin Yaxın Şərq ölkələri ilə Avropanı birləşdirən mühüm karvan yollarının üstündə yerləşməsi sayəsində burada sənətkarlıq, ticarət, iqtisadi həyat xeyli tərəqqi etmişdi. Şəhər, adından da göründüyü kimi çoxlu bağ və yaşıllıqlarla örtülmüşdü. Dağlardan axan kiçik çaylardan və bulaqlardan arxlar çəkilmişdi. Naxçıvanın ən qədim mədəniyyət mərkəzlərindən biri olub.

Toponim

Alimlərin fikrincə, “Qarabağlar” sözü qədim türk tayfası olan kəngərlərin bir qolunun adı ilə bağlı olub. Bu məlumat X əsr müəllifi Konstantin Baqruanarodnının Sibirdə yaşayan kəngərlərin bir tayfasının “qarabay” adlanması barədə dedikləri ilə uyğundur. Beləliklə, türk tayfası olan Qarabağlar Kəngərlərin bir qolu hesab edilirlər. Azərbaycan xalqının formalaşmasında, etnogenezində iştirak etmiş peçeneq-kəngərlərin bir qolu olan Qarabağlar öz adını bu yerlərə verib. Evliya Çələbi “Səyahətnamə” əsərində Qarabağlar kəndini belə təsvir edir:

“Bu şəhərin özülünü Mənüçöhr qoyub. Şəhər çox qədimdir. İndi Naxçıvan torpağında ayrıca sultanlıq təşkil edir. III Mehtmet zamanında Türklərin əlindən çıxaraq farsların ixtiyarına keçib. Əmir Teymur Qarabağlarda böyük bir qoşun ilə beş ay qışlağa alıb. Şəhər çox abaddır, ətrafında ucsuz – bucaqsız münbit düzənlik yerləşir. Bizim xidmətçilər şəhərin içində 40-a qədər minarə sayıblar. Şükür Allaha, bu şəhərdə iqlimin və suyun yaxşılığı bizim əhvalımızı qaydaya saldı. Deyilənlərə görə, burada bağı və üzümlükləri olan 10 000-ə qədər ev, 70 mehrab, minarəli 40 cami var. Karvansaray, hamam və bazarlar da çoxdur. Onların sayı artmaqda davam edir. Bura bolluq diyarıdır. Şəhərdə gəzərkən bir bağban bizə 25 çeşid dadlı armud gətirdi. Bunları yeyərkən ağzında dondurma hiss edirsən. Yaqut rəngli nar yetişir. İrəvan düyüsündən bişirilən plov çox dadlıdır.”

Evliya Çələbi (1611 – 1682)

Sultan IV Muradın sarayında qulluq adamı olub. 2 dəfə Zaqafqaziyaya səyahət edib. 1646 – 1648 –ci illərdə etdiyi ikinci səyahətdən sonra “Səyahətnamə” əsərini yazıb. Azərbaycan tarixi üzrə tutarlı qaynaqlardan hesab edilən bu əsər 10 cilddən ibarətdir.

Qarabağlar kompleksi

Naxçıvan memarlıq məktəbinin tipik nümunəsidir. Kompleks iki qoşa minarədən, 16 metr hündürlükdə olan türbədən ibarətdir. Minarə ilə türbənin üst qatı kaşı naxışlarla bəzədilib. Onların arasında qalan 15-20 metr məsafədə isə dini bina qalıqları var. Qoşa minarənin XII əsrin sonu – XIII əsrin əvvəllərində tikildiyi ehtimal olunur. Minarələri bir-birlərinə bağlayan baştağ isə XIV əsrdə inşa olunub. Baştağın üzərində Elxani hökmdarı Hülaki xanın arvadı Quti xatunun adı yazıldığından, onun şərəfinə tikildiyi və Hülakü xanın bu şəhərdə yaşadığı güman edilir. Başqa bir fərziyyəyə görə isə, bu, Abaqa xanın (1265-1282) arvadı olmuş Qoday xatunun türbəsidir. Kompleksə daxil olan türbə XIV əsrdə inşa edilib. Memar Əcəminin əsərlərindəndir. Qarabağlar türbəsinə oxşar başqa bir abidə Qarabağda, Bərdə şəhərindədir. Oxşarlığına və hər ikisinin XIV əsrin əvvəllərində tikilməsinə əsasən bu abidələrin eyni memarlıq abidələri olduğu ehtimal edilir. Kompleks 2003-cü ildə əsaslı bərpa olunub.

Hülakü kimdir?

Çingiz xanın nəvəsidir. 1256 – cı ildə özünün Hülakülər dövlətini yaradıb. Bu dövlətin hakimləri Elxan adlandırıldığına görə, bu dövlətə, həmçinin Elxanilər dövləti də deyilir. Sibir istisna olmaqla bütün Asiya ərazisini öz hakimiyyətinə tabe edib.

Gülümey folklor ansamblı

Qarabağlar kəndinin qızlardan ibarət folklor qrupudur. Məşqlərini kompleksin həyətində edirlər. NMR-ın hər yerində olduğu kimi bu kənd də adət – ənənələrin qorunduğu yerdir. Gülümey qız toyunda yalnız qızalar arasında ifa olunan mahnı – oyundur. “Dilyallısı” oyunu da adlanır. Naxçıvan bölgəsi üçün səciyyəvi olan və əsasən qız toyunda və yaxud xınayaxdı mərasimində qız – gəlinlər hər bəndi 4 misralı və bütün misralarının sonunda “gülümey” sözü təkrarlanan mahnı oxuyurlar.

Şahtaxtı kəndi

Qarabağlardan cənubda, Qalacıq yaxınlığında Arazın sol sahilində yerləşir. Mərkəzdən 28 km cənub – şərqdə, Şərur düzənliyindədir. Şahtaxtı – Poldəşt körpüsü Araz çayı üzərində keçid məntəqəsidir. 1993-cü ildə İİR ilə Naxçıvan arasında yük və sərnişin daşımaq və ticarət əlaqələrini genişləndirmək məqsədilə salınıb. Burada hazırda İran – NMR ortaq bazarı var. Kəndin ən üst nöqtəsindən güney Azərbaycan torpaqları görsənir. Hüseyn Cavidin, Zərifə Əliyevanın tarixi vətənidir. Yaşlı qocaların söylədiyinə görə inqilabdan əvvəlki dövrdə Şahtaxtıda 80-ə yaxın mehmanxana və təxminən 120 restoran – yeməkxana var idi. Bu isə dəmiryollarının sərhədyanı rayonlar üçün nə qədər xeyirli olduğunu və inkişafa necə müsbət təsir etdiyini göstəricisidir. Hazırda Şahtaxtı kəndində cəmi 3000 – ə yaxın insan sadə kənd həyatını yaşayır.

Tarixi arayış

III minilliyin sonu – II minilliyin əvvəlində yaşayış yeri olan kənd ərazisində orta əsrlərə aid Cinlidərə, Şahbağı abidələri yerləşir. Bu, eyni zamanda son Tunc – ilk Dəmir dövrlərinə aid qədim şəhər yeridir. 1936, 1979 – 90 –cı illərdə burada aparılmış arxeoloji qazıntılarda əldə edilmiş tapıntılara əsasən Şahtaxtı yaşayış yerini e.ə. III – I minilliklərə aid edirlər. Burada ərazisi 5 ha-dan çox olan nekropol aşkar edilib. İçərisində müxtəlif rənglərdə boyanmış gil qablar, qızıl, gümüş əşyalar silah və daş alətlər aşkar olunub. Şahtaxtı yaşayış yeri X – XVII əsrlərə aid ölkə əhəmiyyətli arxeoloji abidədir.

Şahtaxtinskilər

Şahtaxtı kəndinin sahibləri məşhur Şahtaxtinskilər nəsli olub. Nəslin şəcərəsi Çingiz xana, daha dəqiq onun nəvəsi Hülakü xana gedib çıxır. Bu kənd onlara miras kimi nəsildən nəslə ötürülüb. Nəslin nümayəndələri hər zaman yurdları ilə öyünüblər. XIX əsrdə yaşanmış bir hadisə bunu təsdiqləyir. İrəvan qubernatoruna Şahtaxtinskilərin ağsaqqalı Hacı Vəli ağa çox qürurla deyib:

“ Bizim təzə familiya qəbul etməyə ehtiyacımız yoxdur. Biz 500 ildən artıqdır ki, Şahtaxtılı familiyasını daşıyırıq.” Şahtaxtinskilər əsasən Naxçıvan, İrəvan və Tiflisdə yaşayıblar. Bu yerlərdə onların iri torpaq sahələri və mülkləri olub. Bu nəsildən çox sayda alim, elm – mədəniyyət xadimi, rəssam və diplomat çıxıb. 1920-ci il bolşeviklər Azərbaycanı işğal etdikdən sonra nəslin tanınmış nümayəndəsi Məmmədbəy Şahtaxtinski Azərbaycanı tərk etməli olub. O, inqilabdan əvvəlki dövrdə Zaqafqaziya Dəmir Yolu cəmiyyətinin müdiri olub. Azərbaycan Xalq Cümhuriyyəti illərində dəmir yolunun rəisi vəzifəsində işləyib. Cümhuriyyətin əhəmiyyətli şəxsiyyətlərindən biri olub. Onun qardaşı Behbud ağa Şahtaxtinski isə kommunist rejim tərəfdarı idi və bolşeviklərlə əməkdaşlıq edirdi. Demokratik fikirli qardaşından fərqli olaraq Behbud ağa tam varlığı ilə bolşevizmə bağlı idi. O, Leninin silahdaşı, 1905-ci ildə Nəriman Nərimanovla birgə Şərqdə Kommunist Partiyasını yaradanlardan biri olub. 1920-ci ildə Ədliyyə Xalq Komissarı vəzifəsinə təyin edilib. NMR Azərbaycanın tərkibində qalması üçün, Qars müqaviləsinin imzalanmasında çox böyük xidmətləri olub.

Hamam (XIX əsr)

İsa Sultan Şahtaxtinski tərəfindən tikdirilib. Yarım yeraltı hamamdır. Kənd mərkəzində yerləşməsinin bir neçə səbəbi var. Kənd sakinlərinin sözlərinə görə keçmişdə bu hamam həm də kənd sakinlərinin istirahət yeri olub. Burada pəhləvanlar gücünü sınayırdılar. Xalq tamaşaları göstərərdilər. Bərpaya ehtiyacı var.

Çalxanqala kəndi

Naxçıvan ərazisindəki ən qədim möhtəşəm qalalardan biri eyniadlı kəndin yaxınlığında yerləşir. Daha doğrusu oraya dağ yoluyla təxminən 3 km-lik yolla piyada getmək mümkündür. Bu səyahəti tamamlamaq bir gün vaxt tələb edir. Çalxanqala Kəngərlinin ən mənzərəli, bol yaşıllığı olan dağ kəndlərindən biridir. Yuxarıda saydığımız yerlərin hamısı görülməyə dəyər.

Çalxanqala

1969-cu ildə qeydə alınıb. Qədim Naxçıvan tayfalarının yadigarı olan bu qala şəhərin yaranma tarixindən xəbər verir. Paytaxtdan 22 km şimal – qərbdə, Cəhriçayın sağ sahilindəki hündür dağın üzərində yerləşir. Çalxan dağı hər tərəfdən sıldırım, yalçın qayalarla əhatələnmiş və müdafiə tikintisi üçün çox əlverişli bir təbii mövqe tutur. Digər yandan Naxçıvan şəhərinə çox yaxın olan Çalxan dağı Yaxın Şərq ölkələri ilə Zaqafqaziyanı birləşdirən əsas yollardan biri üzərində yerləşir. Görünür bu cəhətləri nəzərə alan qədim Naxçıvan tayfaları ən möhtəşəm müdafiə qalalarından birini həmin dağ üzərində tikiblər.

Qalaya 2 yerdən – Cəhriçayın sağ sahilindəki dərədən və dağın şimal hissəsindən çıxmaq olar. Çalxanqala iri və yonulmamış qaya daşlarından, bərkidici məhluldan istifadə etmədən tikilmiş, qapısının üstünə uzun sal daşlar düzülmüş qədim siklop tikililərdəndir. E.ə. XVII – X əsrlərə aiddir.

[justified_image_grid facebook_id=2222665901206802 facebook_album=2343739595766098]