Kürdəmir

Paytaxtdan bölgələrə səyahət edən avtobusların əksəriyyətinin dayanacaq yeridir.

Arayış

Bakı – Kürdəmir arası məsafə 200 km-dir. 1930 – cu ildə təşkil edilib. Şirvan düzündəki rayon Kür çayının sol sahili boyunca uzanır. Girdman və Axınçay rayonun cənub tərəfindən keçir. Düzənlik relyefə məxsus ərazinin böyük hissəsi okean səviyyəsindən aşağıda yerləşir. Yayı çox quraq keçən mülayim – isti yarımsəhra və quru çöl iqlimi var. Yovşanlı və şoranotlu yarım səhra, çəmən – bataqlıq bitkiləri üstünlük təşkil edir. Kənd təsərrüfatı rayonudur. Pambıq buranın da əsas sərvətidir. Kürdəmir eyni zamanda məşhur “Şirvanşah” üzüm növünün vətəni sayılır. Yerli xanım sənətkarlar bu günə qədər “Şilyan” adı ilə tanınmış xalçaları toxuyurlar.

Toponim

Toponim Kürd – əmir, Qurd – əmir və sair şəkillərdə əsaslandırılsa da, əslində başqa izaha ehtiyac duyulur. Belə ki, Kür ovalığındakı ərazilər çoxlu çay daşqınlarına məruz qaldığı üçün Kürün dəymədiyi yer kimi, yəni su basmasından kənarda qalan sahə kimi Kürdəmir şəkilində formalaşıb. Burada kür qaynar, qızğın mənasındadır. Bu halda toponimi qaynar dəmir kimi də mənalandırmaq olar.

Şəfqət sanatoriyası

Kürdəmir – İmişli avtomobil yolunun solunda, Kür çayı sahilindəki Mollakənd yaxınlığında, rayon mərkəzindən 25 km məsafədə yerləşən Şəfqət sanatoriyası Carlı adlı ərazidən çıxan isti radon su bazasında çalışır. Eyni anda 50 nəfərə xidmət edə bilir. Burada üzgüçülük hovuzu da var. Kürdəmirdə 1971-ci ildə neft kəşfiyyat quyusu qazılarkən 3200 metr dərinlikdən qaynar su fontan vurmağa başlayıb. Zəif sarımtıl rəngi olan bu suyun spesifik iyi var.

Termaldır. + 93 dərəcə temperaturda çıxır. Uzun illər tədqiq olunduqdan sonra suyun tərkibindəki zəngin mineralların hamısı aşkar edilib. Suyunda müalicəvi dozada təbii radonu olan yeganə kurort hesab edilir. Müalicəvi su Pyatiqorsk, Soçi, Saaki, Sxaltuba, Bilgəh, Naftalan, Şıxov kimi kurortların müalicəvi xüsusiyyətlərini özündə cəmləşdirib. Ürək – qan damar sistemi, hərəkət – dayaq sistemi, sinir sistemi, ginekoloji, maddələr mübadiləsi pozulması dəri xəstəlikləri və sairləri müalicəsində faydalıdır.