Bu yüksək dağ rayonu “uzunömürlülər diyarı” kimi ad çıxarıb. Buraya getmək üçün Lənkəran ərazisindən keçmək lazımdır. Lerikə aparan yollar, yol boyu mənzərə və gözlərinizin qarşısında bir neçə dəqiqədə dəyişən iqlim zonası insanı özünə heyran buraxır. Yol boyunca istirahət zonaları var. Talış dağlarının ən yüksək zirvəsi, ən təmiz hava, ən gözəl mənzərələr, ən qədim abidələr burdadır. Lerik əl dəyməmiş təbii gözəlliyi ilə göz qamaşdırır. Balta girməmiş meşələrin dərinliyində Qızılbaş qəbiristanlıqları, məşhur qoç heykəlləri, Qız qalası və Oğlan qalası deyilən təbii-tarixi abidələr var ki, oraları ziyarət etmək 3-4 gün vaxt tələb edir. Payızda yağışların tez – tez yağması dağ arası kənd yollarında gediş – gəlişi çətinləşdirir
Arayış
Bakı – Lerik arası məsafə 323 km-dir. 1930 – cu ildə rayon kimi təşkil edilib. 1938 – ci ilə qədər Zuvand adlanıb. İranla sərhəd boyunca Talış Süs, şimalda Peştəsər silsiləsi və Burovar silsiləsi uzanır. Yayı quraq keçən mülayim isti yarımsəhra və quru çöl iqlimi üstündür. Talış dağlarının ən uca zirvələri Kömürgöy (1492 metr) və Qızyurdu (2433 metr) burada yerləşir. Bülüdül (20 km), Zərinqala (17 km) təbii istirahət zonaları və ləzzətli bulaqları çox məşhurdur. Bülüdül suyunun tərkibində 30 – a yaxın müalicəvi əhəmiyyətə malik mikroelement var.
Bobogil piri (XVI əsr)
Rayonun ən tanınmış ziyarətgahıdır. Yol üstündə, Lerikin 16, Lənkəran – Lerik şosse yolunun 40 km-dəki bu türbə dəfələrlə talan edilib. Zəmanəsinin böyük alimi olan Nizaməddin Əmir Şahsevər Gilani Kəskərinin adı ilə bağlıdır. Alimin həyat və fəaliyyəti dövrü sufilik ideyalarının Azərbaycanda yayılmağa başladığı lap ilk dövrə, XI əsrə aid edilir. Pirin olduğu ərazidə XV əsrə aid qəbiristanlıq var. Bir ehtimala görə türbədə dəfn edilən şəxs VII imam Museyi Kazımın nəvəsidir. İranın Gilan vilayətindəndir. Şah tərəfindən oradan qovulduqdan sonra buraya yerləşib və ölüncə də eyni yerdə dəfn edilib. Bobogil toponiminin mənası “Gilanlı Baba” kimi izah edilir.
Kəndin əvvəlki adı “Osonkəron” olub. Mənası “dəmirçi evləri”dir. Çünki bu kənd sakinlərinin əsas məşğuliyyəti dəmirçilik olub. Bobogil ilin istənilən fəslində ziyarətçilərlə aşıb daşır. Buraya gələn ziyarətçilərin maşınları bəzən kilometirlərcə növbə yaradır. Dini bayramlarda, xüsusilə Məhərrəm ayında, Aşura günlərində və Qurban bayramında kəsilən qurbanlıq qoyunların qanı su yerinə axır.
Yerlilərin söylədiyinə görə, ürəyində niyyət edib, Bobogil türbəsində Allaha dua edənlərin hər bir istəyi yerinə yetir.
Qız qalası
Talış dağlarının zirvəsindəki nadir abidələrdəndir. Qız qalasının hündürlüyü 150 metrdən çoxdur. Qalanın qarşısında böyük daş mağara, onun sıldırım tərəfində isə gözətçi məntəqəsi gözə çarpır. Qalanın zirvəsinə çox çətinliklə qalxmaq mümkündür. Vaxtilə qalanın üstündə hündürlüyü 10 – 15 metr olan bir İç qala da olub. Ona “Narınqala” deyiblər. Iran ordusunun baş komandanı Abbas Mirzənin Azərbaycana hücumu zamanı Lerik “Qız Qalası” müdafiə baxımından mühüm rol oynayıb. Abasqulu Ağa Bakıxanov “Gülüstani – İrəm” (1843 – cü il) adlı tarixi əsərində həmin hadisəni belə təsvir edib:
“Əmir xan Qacar sərbaz və topxana ilə bu tərəfdən, sair əsgərlər də onun ixtiyarında olaraq Əsgəvan, Zuvand və Astara səmtində talış Mir Mustafa xanı cəzalandırmaq üçün göndərildi.”
Lakin Azərbaycana hücum edən İran qoşunları məğlub oldu. Bu qələbənin qazanılmasında həmin “Qız qalası”nın böyük rolu olub.
Cəngəmiran kəndi
Rayon mərkəzinə yaxın olan bu kəndə gedən yolun üstündə yerləşən qədim qəbirstanlıq e.ə. XII – XI əsrlərə aid edilir. “Döyüş yeri”, “cəng meydanı” mənasındadır. Cəngəmiranda Cabir məqbərəsi (XII – XIV əsrlər), Xəlifə Zəkəriyyə məqbərəsi, qoç heykəllər qəbiristnalığı, çox yaşlı ağaclar var. Yerlilərin dediyinə görə, məşhur fransız yazıçısı Aleksandr Düma vaxtilə Qafqaza səyahət edərkən bu kənddə olub. Düma öz əsərlərinin birində bu kənddə yaşayan qadınlardan birinin rəşadətini təsvir edib. Meşəlikdə hamam deyilən yer var imiş. Həmin yer indiyədək dursa da, hamamdan artıq əsər – əlamət qalmayıb. Rəvayətə görə, günlərin birində hamamda çimən bir kişiyə pələng hücum edib. Səs – küyə yüyürən arvadı pələngin qabağına atılaraq onu boğub. Aleksandr Dümanın Qafqaz səyahəti zamanı buraya qədər gəlib çıxdığını söyləsələr də, bu barədə dəqiq məlumat yoxdur.
Tarixi abidələr
Mistan kəndində, dəniz səviyyəsindən 2438 metr yüksəklikdə yerləşən “Qızyurdu” adlı qədim insan məskəni, Büzeyir mağarasında tapılmış insana aid tapıntı çox vacib tarixi faktdır. Arxeoloji qazınıtlıar rayonda bizim eradan 100 – 90 min il əvvəl yaşayış olduğunu təsdiqləyib. Lerikin tarixi abidələrinin öyrənilməsinə XIX əsrin sonlarından başlanıb. Bu araşdırmalar fransalı səyyah Jak de Morqanın adı ilə bağlıdır. Dağlıq ərazilərdə 1890 – cı ildəki qazıntılar zamanı 220 – yə yaxın qədim abidələr açan səyyah son tunc və ilk dəmir dövrünə aid zəngin maddi mədəniyyət qalıqları əldə edib. O, bu nümunələri özü ilə Fransanın Sen Jermen və Luvr muzeylərinə aparıb.
Qazıntılar zamanı arxeoloqun 80 kq qızıl, 40 kq gümüş mənimsədiyini söyləyirlər.
Uzunömürlülər
Bura nahaq yerə “uzunömürlülər diyarı” demirlər. Azərbaycanın ən çox, ən uzun yaşayan insanları Lerik sakinləridir. Uzunömürlülər məsələsini isə şair Süleyman Rüstəmin şerindən bir misra ilə poetik formada belə ifadə edirlər:
Hər kim 100 il yaşamasa,
günah onun özündədir!
Bu uzunömürlülərdən biri GİNNESİN rekordlar kitabına düşüb. Söhbət 168 il yaşamış Şirəli Müslümovdan gedir. Qocaların hərəsi bir kənddə yaşayır. Rayon mədəniyyət və turzim şöbəsindən yaşı 100 –dən çox olan insanların statistikasını əldə etmək olar. Bundan başqa Lerikdə heç bir yerdə bənzəri olmayan Uzunömürlülər muzeyi fəaliyyət göstərir. Muzeydə 100 ildən çox yaşayan Lerikin tarixinə düşmüş insanların şəxsi əşyaları, tarixi sənədləri, ixtiyarlarla bağlı fotoşəkillər, onların əl işləri və sair kimi maraqlı eksponatlar toplanıb. Uzunömürlülüyün sirrini soruşduqda isə onu çox qısa və konkret şəkildə izah edirlər. Burada ən az 100 il yaşamaq üçün hər cür təbii şərait var: ekoloji təmiz hava, təmiz, bol yodlu su, orqanik qidalar, stres yox və bol fiziki iş, əmək var. Buranın insanları yeməkdə kolori hesablamaz, rejim tutmazlar. Sağlamlıq üçün təhlükəli sayılan kərə yağını əridərək stəkanla içər, qida rasionlarından ağartını, çörəyi və əti əsirgəməzlər. 100-dən artıq yaşamış ixtiyar qocalar çox yaşamalarını bəzən yaxşı, hüzurlu və xoşbəxt ailə həyatına, onlara yaxşı qulluq edən arvadlarına borclu olduqlarını gizlətmirlər. Onlarla görüşüb söhbət etmək xeyli maraqlıdır. Kənddə bir məclis olanda, mütləq 100 illik baba və nənələr süfrənin yuxarı başında oturdulur, onlardan diqqət və sevgi əsirgənmir.
Dünyada yeganə Uzunömürlülər muzeyi
Turizm
Azərbaycanın yüksək turizm potensialı olan bu rayonunda son illərdə insanların istirahətini təşkil etmək məqsədilə otel və restoranlar sürətlə artmağa başlayıb. Onların əksəriyyəti Lerik yolunun üstündə yerləşir. Bu tərəflərə ekoturlar, trekinqlər təşkil etmək olar. Lerikdə gəzərkən yerli bir bələdçinin yanınızda olması şərtdir. Ən populyar marşrut, Lerik – Zuvand turist marşrutudur ki, bu da 2 gün çəkir. Bu turda Buzeyir mağarasına, Şeytan körpüsünə gedilir. Bu kənd ərazisindən Gömrükgöy və Qızyurdu zirvələrini seyr etmək olur. Zuvand suyu mineral tərkibli süfrə suyu kimi məşhurdur. Zuvand bulağının yaxınlığında qablaşdırılaraq ölkə ərazisinə yayılır.
Büzeyr mağarası
Talış dağlarının yüksək silsilə qatında yerləşir. Lerik Buzeyr yolunun 10 km Zuvand çayının sol sahilində, Buzeyr kəndindən 3 km şərqdə, dəniz səviyyəsindən 1640 metr hündürlükdə olan Dəlikdaş zirvəsində yerləşir. Mağara kənd əhalisinin dilində Haliqəvi Koç (Dəlikağızlı mağara), habelə Təblononc (Tövlə yeri) adlanır. Mağaranın uzunluğu 17, eni 9 – 14 m, dərinliyi 10 metrdir. Azərbaycandakı ilk paleolit düşərgəsidir.
Zuvandlılar
Talışların əcdadlarının müəyyən hissəsi Zuvand tayfası nəsilləridir. Zuvand sözü “güclülər” kimi mənalandırılır. Ön Asiya xalqlarının hafizəsində öz dəliqanlı hərəkətləri və törətdikləri saysız – hesabsız özbaşınalıqlarla ilə qalmış skiflərin bir hissəsinin nəsilləri olan Zuvandlılar bu adı heç də təsadüfi daşımır. Tarixən Lerik ərazisi Zuvand kimi tanınıb. İnzibati olaraq rayon ərazisi tarixən olduğu kimi indi də 4 hissəyə bölünür.
Orandlılar
Lerikin ikinci tanınmış böyük zonası Orand adlanır. Orandlılar sarmat tayfalarından biridir. Bölgənin ictimai həyatında qadınların mühüm rol oynadığı sarmatların bir hissəsi türkdilli, digəri irandilli olub. Bu tayfanın adı onun ifrat köçəri həyat tərzi ilə bağlıdır.
Çətin coğrafi relyefdə yerləşməsi Leriki tez və qısa bir zamanda yaxşı tanımağa mane olur. Bura haqqında tam təsəvvürə malik olmaq üçün heç deyilsə, Lerikdə 7-10 gün yaşamaq lazımdır. Yalnız bu zaman kəndləri dolaşaraq, dağlara dırmaşaraq, çətin yerlərdə gizlənmiş tarixi abidələri, pirləri ziyarət edib, insanları, məişəti və folkloru tanıyaraq bu məkanı tam şəkildə kəşf etmək olar.
[justified_image_grid facebook_id=2222665901206802 facebook_album=2338079709665420]