Mingəçevir

Mingəçevir

Vaxtilə ilanlar mələşən çöl kimi ad çıxarıb. Deyilənlərə görə, burada ilan və əqrəb əlindən tərpənmək olmurmuş. Yay istisində torpağın üstündə yumurta bişirmək olar. Sosialist quruculuğu illərində salınan şəhərin internasional tərkibi var idi. Təkcə Azərbaycanın yox, köhnə SSRİ-nin hər tərəfindən axışan insanlar tikdiyi bu yaşayış məskəninə o vaxtlar “fəhlə şəhəri” də deyirdilər. SSRİ dağılıncaya qədər bir – birinə yaxın ərazidə tikilmiş 22 fabrik və zavod 3 növbəli iş sistemiylə çalışırdı. Növbə dəyişimləri zamanı şəhər qarışqa yuvasını xatırladırdı.

Gözəl, təmiz, yaraşıqlı, yaşıl şəhər kimi hər kəsin çox bəyəndiyi Mingəçevir buna görə almanlara borcludur. Böyük Vətən müharibəsində əsir düşmüş almanlar şəhərin qurulmasında böyük rol oynayıblar. 1985 – ci ildə başlayan yenidənqurma, aşkarlıq siyasətinə qədər burada yaşayan əsirlər, sərhədlərin açılmasıyla tamamilə geri döndülər. Əsir alman qəbiristanlığı isə bu günə qədər durur. Ad və soyad yerinə əsir nömrələri yazılan baş daşlarını kiçik dəmir lövhələr əvəz edir. Onlardan xatirə qalan bəzi inzibati və yaşayış binaları, küçələr indiyədək orijinal görkəmini qoruyub.

Arayış

Bakı – Mingəçevir arası məsafə 293 km-dir. Mərkəzi Aran zonasında, Bozdağın ətəyində, Kür çayının sahilində yerləşir. Azərbaycanın dördüncü böyük şəhəridir. Zaqafqaziyada ən böyük su elektrik stansiyası burada yerləşir. Su anbarı, avarçəkmə mərkəzi ilə məşhurdur.

Toponim

Mingəçevir adı XIII əsrdən məlumdur. Haqqında müxtəlif əfsanələr mövcuddur. Akademik Ziya Bünyadov bu adı 839 – cu ildə yaşamış və xəlifəyə qarşı mübarizə aparmış Mingəçevir əl – Fərqninin adı ilə bağlayır. Ərəb tarixçisi Təbarinin yazdığına görə, IX əsrdə ərəb xilafətinin hökmranlığı dövründə Azərbaycanın müvəqqəti hakimi olmuş şahzadə Mingicavr indiki Mingəçevirin ətrafında özü üçün iqamətgah düzəltdikdən az müddət sonra xilafətdən uzaqlaşıb. Amma xilafət qoşunları onu məğlub edərək əsir tutaraq zindana salıb.

Sonradan şahzadənin şərəfinə həmin məntəqə Mingicavr adlanıb. Ən çox yayılmış versiya budur: “Min, gəl, çevir”. Rəvayətə görə, guya Ərəş mahalından gələn atlı Kür kənarındakı cəngəlliklərdən keçə bilməyib, geri qayıdıb. Yəni bu yerlərdə ilandan, əqrəbdən, ağcaqanadlardan bir an da dayana bilməyəcək, Kürün bulanıq, iti və dərin sularından keçmək mümkün olmayacaq. Min bir əzab əziyyətə, ziyan və xəsarətə düçar olmamaq üçün ən yaxşısı atını, ulağını minib gəldiyi kimi çevir, çıx və get, ya da ki, “geri qayıt, daha yol yoxdur” deməkdir. Toponimi maraqlı bir tarixi süjetlə də izah edirlər. E.ə. I əsrdə Roma papası Albaniyanın zəngin torpaqlarını əlinə keçirmək və yerli əhalini də Roma kilsəsinə tabe etmək üçün çox ciddi cəhd göstərib. Roma sərkərdəsi Pompeyi böyük qoşunla Alban çarı Orisin üstünə yollayıb. Erməni və Roma kilsəsi ilə daim münaqişələrdə olan Alban çarı düşməni məhz bu yerlərdə, Boz dağların ətəklərində, Kürün sol sahilində qarşılamağa qərar verib. Pompeyin qoşunu çayı keçmək istəyərkən pusquda dayanan alban qoşunları romalılara hücum edərək onları məğlub ediblər. Orisin dəstələrindən ucalan “manqaça vur” kəlimələri bu yerlərin sonradan Mingəçevir adlandırılmasına səbəb olub. Mingəçevir sözünün yozumu Ərəb Xilafəti qoşunlarının VIII əsrdə Albaniyaya hücumu ilə də əlaqələndirilir. Guya burada üsyanı yatırmağa gəlmiş ərəb sərkərdəsi Mənuçöhr naməlum səbəblərdən elxanilərin tərəfinə keçir, döyüşlərdən birində həlak olan sevimli qızını Kür sahilində dəfn edir və buranı Mənuçöhr adlandırır ki, bu söz zaman içərisində dəyişikliyə uğrayaraq Mingəçevir formasını alır. Sözün kökünü başqa bir ərəb sərkərdəsi, IX əsrdə bu yerlərin hakimi olmuş Minkittavr Əl – Fərqaninin adı ilə də bağlayırlar. Bu yer adı Minki və Savr tayfa adlarının birləşməsindən yaranıb: Minkisavir – Minkiçavir – Mingəçevir. Savirlər tarixən Qafqazda yaşamış və Azərbaycan xalqının etnogenezində iştirak etmiş qədim türk tayfalarıdır.

Arxeologiya cənnəti

Çox gənc şəhər olmasına rəğmən çox qədim yaşı var. Çox modern görüntüsünə rəğmən bura arxeologiya cənnəti hesab edilir. Şəhərin ətrafında aparılan arxeoloji qazıntılar zamanı məlum olub ki, indi su altında qalan ərazidə vaxtilə böyük yaşayış məntəqəsi olub. Burada eyni zamanda qədim məbədin qalıqları aşkar edilib. Aşkar edilmiş yunan, Roma və Sasani sikkələri tikililərin V – VI əsrlərə aid olduğunu göstərir. 56 hərflik Alban əlifbası da Mingəçevirdə üzə çıxarılıb. Bu hərflərlə yazılmış daşlar çoxdur. Onlardan bir dənəsi, sarımtıl rəngdə, yumşaq daşdan yonulmuş, yuxarı hissəsində alban əlifbası ilə yazı həkk edilən daşdakı təsvir şəhərin tarixi emblemi seçilib.

Mingəçevir emblemi

Həyat mənbəyi olan çiçəyə can atan iki tovuz quşu rəsminin olduğu nəhəng daş parçası Mingəçevir tarix muzeyində qorunur. Üz – üzə dayanmış 2 simurq quşu 3 ləçəkli lalə (zanbaq) 3 alban tayfasının birləşməsini göstərir. Simurq quşları da qoruyucu simvol kimi qəbul edilirdi.

1935 – ci ilə qədər bu ad ilə iki kənd məlum idi. Bunlardan biri qədim Ərəş mahalında olduğu üçün Ərəş Mingəçeviri, o birisi isə dəmiryolu stansaiyasında – Qarabağ ərazisində olduğu üçün Qarabağ Mingəçeviri adlanırdı. Qədim Mingəçevirin keçmiş Xaldan rayon mərkəzindən 18 km aralıda, indiki Mingəçevir kəndindən 5 km şimal – qərbdə, Qazanlıdağ və Qaradağın arasında, yəni Boz dağ dediyimiz dağların ətəklərində, Kürün sağ və sol sahillərində yerləşdiyini bildirir. Bunu ərazidə arxeoloji qazıntılar zamanı ortaya çıxmış küp, kurqan tipli qəbirlər təsdiq edir.

Kür çayının Qazanlı və Qaradağ ətəklərində sağ və sol sahildə yerləşən bu şəhərin yaşı 4500 ildən çoxdur. Orta əsr Mingəçevirinin xarabası qədim Mingəçevirdən cənubda, hazırkı Hürüuşağı kəndindən şimaldadır. XVII əsrdə çox zəngin kənd kimi tanınıb. Ipək əyirən və parça toxuyan dəzgahlardan istifadə edilib. Kənddə hamam və karvansaray olub. XVIII əsrdə Kür çayı daşaraq bu kəndi basıb. Sol sahildə yerləşən indiki Mingəçevir kəndi ərazisi nisbətən salamat qalıb.

Tanınmış arxeoloq – alim Rəşid Göyüşov yazır ki, Albaniyanın şəhər tipli yaşayış məskənləri içərisində Mingəçevir xüsusi yer tutur. Onun fikrincə, Kür çayının sağ sahilində, Qazanlıdağ ərazisindən tapılan maddi – mədəniyyət abidələri bu yerlərin yaşayış məskəni kimi eramızdan əvvəl VII – I əsrlərdə mövcud olduğunu sübut edir.

Ptolomey qədim Alban dövlətinin xəritəsini hələ e.ə. II əsrdə tərtib edərkən bu yerlərdə bir sıra qədim yaşayış məskənlərinin Samux – Samonis, Öcək – Osika adlarını da göstərib. Sasanilər dövründən və ərəb xilafətinin Albaniyanı zəbt etməsindən sonra bir yaşayış məskəni kimi birdəfəlik tənəzzülə uğrayıb.

XVII əsrin görkəmli türk səyyahı Evliya Çələbi Mingəçevir adlı yaşayış məskəninin Kürün sağ sahilində, Boz dağa yaxın ərazidə yerləşdiyini qeyd edib. O, burada dini məbədlər, hamam, ipək və sap istehsal edən avadanlıqlar olduğundan, toxuculuqdan, buradakı mövcud körpü vasitəsilə Azərbaycanın Yaxın Şərq ölkələri ilə ticarət əlaqələri saxlamasına imkan yaratdığından bəhs edib.

Qeyd Türk səyyahın bəhs etdiyi bu qədim körpünün qalıqlarına Kür vadisində, Mingəçevir dənizi ya-xınlığındakı məntəqədə inşaat işi apararkən bir neçə il bundan əvvəl rast gəliblər. Kür çayının daşqın-ları nəticəsində şəhər dəfələrlə dağılıb. Əslində ilk baxışda heç də belə görünmür. Çünki Kür heç yedə burdakı kimi təmiz, mavi – yaşıl, şəffaf, sakit, təmkinli deyil. Şəhərin düz ortasından keçən çay şəhəri iki yerə bölür: sağ sa-hil və sol sahil. Keçən əsrin orta-larına qədər Kür indikindən fərqli yerdən keçirdi. Suyu da həmişə bomboz, bulanıq, qıjıltı ilə özünü ora – bura çırpa – çırpa axırdı. Ona görə də adı Dəli Kür qalıb.

Kür çayı

Qafqazda ən böyük çaydır. Uzunluğu 1515 km-dir. Başlanğıcını Türkiyədəki Qızılgədik dağından alır. Türkiyə ərazisindən 200 km, Gürcüstandan 335 km, Azərbaycandan 980 km axaraq Xəzər dənizinə tökülür. Yaz və yayda qar, yağış suları çayda daşqın əmələ gətirir ki, bu zaman Salyan, Zərdab, Neftçala kimi dəniz səviyyəsindən aşağıda yerləşən rayonlar su altında qalır. Bu çayın yunan, ərəb, fars və rus dillərində 12-dən çox adı sadalanır: Kor, Kir, Kuar, Kvar, Kuruş, Kurus, Kiri, Əl – Kurra, Əl – Kurri, Kura və sair. Amma sözün mənşəyini Azərbaycan torpağının ən qədim sakinləri olmuş albanların qədim dilində axtarmaq lazımdır.
Toponim kürlük, şıltaqlıq, ərköyünlük, kapris mənaları ilə yozulur. Kür sözü müəyyən bir etnik qrupla əlaqədardır. Qədim yunan, latın, ərəb, fars, türk, erməni, gürcü mənbələrində “Kür” sözünün “kor, kur, kir, əl-kir, mtkuari” şəklində işləndiyini görürük. Şumer əfsanələrində yer Allahı Enlil ilk dəfə zirvəsi göylərə dəyən dağ üzərinə enmiş və buna görə də, onun Nippurdakı məbədinə “dağ evi” (s-kür) deyiblər. Kür sözü şumer, kas, misir, yunan dillərində “ilahi” müqəddəs varlıq, uca mənalarını ifadə edir. Atəşpərəstliyin vətəni Azərbaycan olduğundan Kür sözü ən çox od məfhumu ilə əlaqədardır. Müqəddəs çay, dəliqanlı çay mənasını ifadə edir.

Mingəçevir SES

Kür çayı üzərindəki ən böyük hidro elektrik stansiya Mingəçevirdədir. Bunun üçün çəkilən torpaq bənd Avropada ən yüksək hesab olunurdu. Hündürlüyü 76 metr, uzunluğu 1800 metrdir. 1948 – 52 – ci illərdə Sovet dövlətinin tarixində görülməmiş sürətlə tikildi. 1941 – ci ildə Mingəçevir su hövzəsində SES tikintisi işlərinə başlanması haqqında SSRİ Xalq Komissarları Sovetinin ilk qərarı çıxsa da, II dünya müharibəsinin başlanması bu işləri yarımçıq qoydu. 31 dekabr 1945-də yenidən hərəkətə keçildi. 1955 –də Mingəçevir Su Elektrik Stansiyasının inşaatı tamamilə başa çatdı. 1981 – ci ildə isə Zaqafqaziyadakı ən böyük DRES burada inşaat edildi. Məhz bu səbəblə Mingəçevir “Nur şəhəri” kimi ad çıxardı. Ölkənin bir çox yerinə, eləcə də digər Zaqafqaziya respublikalarına işıq buradan gedir. Su anbarına dəniz deyən mingəçevirlilər çimərlikləri ilə fəxr edirlər. Sovet vaxtı başqa yerlərdən sahilə daşınan süni qum yay aylarında bütün camaatın buraya axın etməsinə səbəb olur. Başqa deyişlə yay istisindən qovrulan şəhər camaatı üzünü ya dənizə
sarı tutur, ya da üzmə qabiliyyətinə arxayın olub Kürdə sərinləyirlər.

Avarçəkmə

SSRİ miqyasında ən böyük Olimpiya avarçəkmə mərkəzlərindən olub. Avarçəkmə bazası sovet vaxtı hər il 45 000 turisti qəbul edirdi. Sovetlər Birliyinin və Sosialist rejimin hakim olduğu Şərqi Avropa ölkələrinin professional idmançılarının kampa girdiyi, təlim məşq toplantılarının keçirildiyi əsas bazalardan idi. Xaricilər buraya gələrkən xırda ticarətlə də məşğul olurdular. Mağaza piştaxtalarının boş olduğu durğunluq illərində onlar özləri ilə cins şalvar, tekstil – trikotaj məhsulları, günəş gözlükləri və sair kimi defisit sayılan malları gətirib od qiymətinə satırdılar. 1972 – ci ildə Mingəçevirdə açılan ekskursiya büroları sayəsində turizm sektoru inkişaf etməyə başladı. Çay və dəniz sahilində olması buraya olan rəğbəti artırırdı.

Balıq və xərçəng

Sahil şəhəri olması buranı balıq cənnətinə çevirir. Kürdən və Mingəçevir dənizindən tutulan balıqlar hər zaman rəğbət görür. Onların içərisində Şahmayı balığı ləzzəti ilə seçilir. Sahil boyunca fəaliyyət göstərən restoranlarda yerli balıqlardan dadmaq olar. Xərçəng sezonunda Kür başında həvəskarlar çay boyunca düzülüb xərçəng ovuna çıxır. Mingəçevir xərçəngləri böyüklüyünə və ləzzətinə görə seçkin delikateslər siyahısında göstərilir. Bunlardan başqa su və bataqlıq quşlarının, eləcə də qunduz ovlanması üçün şərait var. Balığı, xərçəngi və su quşlarını xoşlayanlar Mingəçeviri mütləq tanımalıdır.