Martın 15-dən etibarən “Azərbaycan Hava Yolları”-nın “AZALJET” brendi Moskvanın “Vnukovo” hava limanından Azərbaycanın regionlarına – Gəncə və Qəbələyə müntəzəm reyslər yerinə yetirməyə başlayır.
Turizm.fins.az xəbər verir ki, ilk Moskva-Gəncə reysininin yerinə yetirilməsi münasibətilə bu gün AZAL aviaşirkətinin vitse-prezidenti Eldar Hacıyev və “Vnukovo” hava limanının baş direktoru Vasili Aleksandrovun iştirakı ilə tədbir keçirilib.
Moskva-Gəncə reysləri hər həftənin çərşənbə və şənbə günləri, Moskva-Qəbələ reysləri isə hər həftənin cümə axşamı günləri Airbus A320 təyyarələri ilə yerinə yetiriləcək.
Hazırda “Azərbaycan Hava Yolları” Rusiyanın dörd şəhərinə müntəzəm reyslər həyata keçirir: “Vnukovo” hava limanı ilə yanaşı, AZALJET Moskva “Domodedovo” hava limanına, Sankt-Peterburq (“Pulkovo”), Mineralnie Vodı və Kazana reyslər yerinə yetirir. Həmçinin Gəncədən Sankt-Peterburqa müntəzəm aviareys həyata keçirilir.
Aviabiletlərin qiymətləri bir istiqamətə 49 avrodan başlayır. Reyslər çərçivəsində çəki konsepsiyası tətbiq olunacaq – baqajın daşınma qiyməti hər kiloqram üçün 2 avro təşkil edəcək.
Aviabiletləri aybilet.az saytında bronlaşdırmaq, AZAL-ın kassalarında və rəsmi agentliklərində əldə etmək mümkündür.
Moskvadan – Azərbaycana uçuşlar
Sözügedən reyslərdə sərnişinlər AZAL Miles bonus proqramından istifadə edə bilərlər. AZAL Miles bonus proqramı haqqında ətraflı məlumat aviaşirkətin rəsmi internet saytında verilmişdir: www.miles.azal.az Proqram iştirakçısı olmayan şəxslər onlayn qeydiyyatdan keçə bilər. Balların avtomatik hesablanması üçün aviabiletin alınması prosesində müvafiq xanada AZAL Miles iştirakçısının unikal nömrəsini daxil etmək kifayətdir.
Mənbə: Turizm.fins.az