Cənuba gedən yolun səssiz, ucqar güşəsində, Kür çayı boyunca Xəzər sahilinə qədər səpələnən kəndlər sakit həyat sürür. Neft, qaz, yod, balıq, kürü ilə yerliləri təəccübləndirmək olmaz. Deyilənlərə görə, bura bir zamanlar Böyük İpək yolunun dayanacaqlarından olub. İlk baxışda heç nə ilə yadda qalmır. Hətta o qədər sıxıcı görünür ki, bir an əvvəl geri qayıtmaq niyyətinə düşürsən. Amma qərar verməyə tələsmək lazım deyil. Bir az səbr edib, ətrafı seyrə çıxınca maraqlı yerlər özü insanın qarşısına çıxır.
Arayış
Bakıdan 180 km aralıda, Kür çayının sağ sahilində, Salyan düzündəki rayon 1940 – cı ildə təşkil edilib.
1959 – cu ildə ləğv edilərək Salyana verilsə də, 1973-cü ildə yenidən müstəqil rayon statusunu qazanır. Ölkənin cənub – şərqində, Xəzər sahilində, dəniz səviyyəsindən 20 – 25 metr aşağıda yerləşir. Yarımsəhra və quru çöl iqliminə sahibdir. Əsas faydalı qazıntıları neft, qaz, bol yodlu duzdur. Zob xəstəliyinin müalicəsi üçün rayon ideal atmosferə sahibdir.
Yod zavodu
Yod brom zavodunun yerləşdiyi Neftçala sahillərində Xəzərin ölkə üzrə başqa heç bir yerində olmadığı qədər dənizin suyu qırmızı və qoxusu da kəskindir. Bu, yod iyidir. Yod bol olduğu üçün burada yod – brom zavodu tikilib. Qalxanvari vəzdə yaranmış zob və sair kimi xəstəliklərin müalicəsi üçün kurort zona hesab edilsə də, bunun üçün ərazidə hər hansı sanatoriya və ya müalicəxana hələlik yoxdur.
Müşfiq qəsəbəsi
Ekologiyasının təmizliyi ilə seçilən bu sahil qəsəbəsi rayon mərkəzindən 16 km məsafədədir. Burada Xəzərin suyu dupduru, sahili balıqqulaqları ilə zəngin təmiz qumsaldır. Abşeron yarımadasında dəniz kirliliyi böyük problem olsa da, çoxlarının bu tərtəmiz, şəffaf suyuna sahib əla çimərlik zonasından xəbəri yoxdur. Ərazidə hər hansı bir turizm infrastrukturu mövcud deyil. Neftçala Şirvan Milli Parkına daxil olan sahil zonasında, Müşfiq qəsəbəsi sahillərində, suyun dibində qədim şəhərin qalıqları yerləşir.
Antik şəhər
Arxeoloqlar bunun 1250 – ci ilə qədər mövcud olmuş qədim Səbayıl şəhərinin xarabalığı olduğunu güman edirlər. O tarixdən sonra Xəzərin sularında batmış şəhər haqqında müxtəlif əfsanə və rəvayətlər gəzir. Fəqət ərazidə indiyədək arxeoloji tədqiqat işləri aparılmadığından tam dəqiq məlumat vermək mümkün deyil.
Toponim
Keçmişdə soyuq, şaxtalı qışı keçirmək üçün yaxınlıqdakı dağlıq ərazidə yerləşən xanlıqların qoyun sürülərini qışlamaq üçün buraya gətirərdilər. Buna görə də həmin ərazi əvvəllər Xanqışlağı adlanıb. Sonradan ortaya çıxan Neftçala adını isə qara qızıldan alıb. Burada zəngin neft və qaz yataqlarının olması ilə bağlıdır. Toponim neft çalası mənasına gəlir. Həqiqətən ərazidə içərisi neftlə dolu çox sayda çala mövcuddur. Bununla belə Neftçala müxtəlif cins balıqları və balıq yeməkləri ilə məşhurdur. Bu faktın səbəbi də, qaynağı da məlumdur: Ana Kür və Xəzər…
Ana Kür
Zaqafqaziyanın ən böyük iki çayı olan Kür və Araz uzun məsafə qət etdikdən sonra Sabirabad rayonu ərazisində birləşir. Bu nöqtədən etibarən birləşmiş çaya Ana Kür deyirlər. Neftçala ərazisindən təxminən 10 – 12 km məsafə keçən Ana Kür məhz burada Xəzər dənizinə tökülür. Çayın dənizə töküldüyü yerdə qeyri – adi mənzərəni müşahidə etmək olar. Şirin su duzlu suya qovuşur. Ortada qırmızımtıl ləkə əmələ gəlir. Kür çayının suyu dənizin suyundan ideal düz xətt boyunca ayrılır, sanki bu nazik xətt həmin suların bir – birinə qarışmaması üçündür. Kür sahilindəki qayıqları kiralayaraq oraya getmək mümkündür. Gediş 45 dəqiqə, dönüşü isə axıntıya qarşı olduğu üçün ən az 2 saat çəkir. Maşınla da eyni əraziyə getmək imkanı var. Çayın dənizə tökülməsiylə digər yerlərdən radikal şəkildə fərqlənən bu geniş və hələlik boş arealı turizm cənnətinə çevirmək olar.
Tarixi məşğuliyyət – balıqçılıq
Orta əsr mənbələrində Kür sahili əhalisinin balıq ovu ilə məşğul olması haqqında çox məlumat var. Musa Kalankutlu “Aqvan tarixi” əsərində albanların, Kür və Araz çaylarından tutduqları balıqdan Xəzərə gömrük haqqı verdiklərini yazır:
“ Ulu Kür çayı aramla axaraq çoxlu kiçik və böyük balıqlar gətirir. Daha sonra bu balıqları duzlayır, qaxac edir və qurudurlar” XVIII əsrin sonlarında səyyah Bibenşteyn göstərirdi ki, Kürdə balıq tutulması çox mənfəət verir. Kür çayı aprel – may aylarında adətən daşır və məcrasından çıxaraq ətraflarda çalalar yaradırdı. Bunlar balıq böyütmə məntəqəsini xatırladırdı. Çay məcrasına iyun – iyul aylarında qayıdır, il keçdikdən sonra yenidən daşaraq həmin çalaları yuyub Xəzərə gətirirdi. İl müddətində çalalarda külli miqdarda balıq çoxalırdı. Ərəb mənbələrində də Kürdə balıqçılığın inkişaf etdiyi xatırlanır. Yaqut əl – Həməvi “Ölkələrin lüğəti”ndə bunu belə təsvir edirdi:
“Kür çayından tutulan əş – şurmahını (şahmayını) duzlayıb başqa yerlərə aparırlar. Bu balıq növlərindən biridir. Kür çayından tutulan başqa balıqlar da ixrac edilir. Arazda hər ay yeni balıq növlərinə təsadüf olunur.”
Digər müəlliflərin yazdığına görə isə Kür və Araz çaylarından tutulan şahmayı (şamayı) balığını Azərbaycan sərhədlərindən başqa, dadlı və ləzzətli olduğu üçün Rey, Ərdəbil və İraqa aparırlar. Bir az şahmayı haqqında…
Şahmayı
Şamayka kimi məşhurdur. Latınca adı Chalcalburmis chalcoides balığı da Kür çayında qədimdən ovlanır. Bədəni uzunsov, yanlarından azacıq basıq, parlaq və başı kiçikdir. Həddindən artıq yağlı və dadlıdır. Uzunluğu 20-40 sm., kütləsi 150-180 qramdır. 5 il yaşayır. Yerli camaat bunu qızılbalıqdan dönmə kimi də xarakterizə edir. Muğanda şahmayı əsas yeyilən və tutulan balıq hesab edilsə də, yemək qaydası ilə bağlı ondan qida mənbəyi kimi ancaq qış aylarında və bir də kürü tökməmişdən qabaq, mart ayında istıfadə edirlər. Həqiqətən ləzzətinə doyum olmur. Soyuq aylarda Kür sahilindəki bütün rayonlardaki kimi Neftçalaya da sırf şamayka yemək üçün səyahət etməyə dəyər.
Mayak qəsəbəsi
Ana Kürün Xəzərə qovuşduğu yerdə salınmış sahil qəsəbəsinin qururlmasının əsas səbəbi buradakı nərə balığı yetişdirmə müəssisəsidir. Müəssisənin çalışmadığı zamanlarda mayaklıların əsas məşğuliyyəti balıqçılıqdır. Qəsəbə sakinlərinin demək olar hamısında kiçik balıqçı qayıqları və üç təkərli, motosiklet var. Bunlara da təbii olaraq çörək ağacı deyirlər. Bu alətlərə bir şey olunca da, ustaya ehtiyac görmür, elə yerindəcə özləri təmir edirlər. Dediklərinə görə, bir neçə il əvvələ qədər soyuducularından təbii qara kürü əksik olmazmış. Son illərdə isə balıq sayında azalmadan şikayət edirlər. Əsl balıqçı və kasıb həyat tərzi qəsəbəyə hakimdir. Sakinləri çox istiqanlı insanlardır. Qonaq görəndə qolları çırmalayıb elə ziyafət verir, balıqla elə məharətlə davranırlar ki, bu mənzərəni saatlarla izləməkdən yorulmur insan.
İlanbalıq
Qış fəslinin vazkeçilməz ləzzətidir. Elə ki, havalar soyuyur, Kür qırağı camaatının ilanbalıq keyfi başlayır. Adını eşidəndə və hətta özünü görəndə belə insanın əti ürpəşir. Balığa bu adı həqiqətən ilana bənzədiyi üçün veriblər. Hətta ilk dəfə görənlər isterikaya düşürlər. İlanbalığı pulsuz, yüksək kalorili balıqdır.
Bəzi yerlərdə içərisini yarıb təmizləyirlər. Neftçalada buna ehtiyac görmürlər. Onu yuyub şişə keçirir və təndirdə bişirirlər. Bişərkən təndirin ağzını bağlayırlar. Bu zaman balığın bütün yağlılığı itir. İlanbalığını xırda tikələrə bölüb tavada bitki yağında qızardaraq yeməyi xoşlayanlar da az deyil. Yağ ürəyini vurmasın deyə, yanında alça turşusu, üzərinə nar sıxılmış soğan halqaları və ya turşu ilə servis edirlər. Dadını yeyənlər bilir.
Bunun ovlanması da məşəqqətli prosesdir. Səhərin gözü açılmamış balıqçılar ilanbalığı üçün xüsusi tor torbaları suya salır və gözləyirlər. Axıntının gətirdiyi ilanbalıqlar dəstə ilə tora girir. Axşamüstü ov tamamlanır. Hər kəs gedib öz torundan məhsulunu toplayır, sonra da satışa yollayır. Amma elə ucuza verirlər ki, bu qiymət üçün qışın soyuğunda suya girib belə əziyyəti çəkməyə dəyərmi sualı doğur. Yerində bir dənəsinin qiyməti 30 qəpikdirsə, paytaxtda dənəsi bir manata satılır.
Təsərrüfat
“Çörəyimiz sudan çıxır” deyən neftçalalılar uzunburun, qızıl və ağ balığın kürüsünü çıxararaq onu emal etmək sahəsində şöhrət qazanıblar. Sahil qəsəbəsi sakinləri üçün kürü son illərə qədər səhər yeməyinin əsas atributu olub. Antik mənbələrdə Xəzərdə nərə balığının ovlanması haqqında məlumat verilir. Klavdiy Elian yazırdı:
“ Mən eşitmişəm ki, kaspilərin ərazisində göl var, bu göldə böyük uzunburun balıqlar yaşayır. Onların uzunluğu hətta 8 qulaca (1 qulac – 1.5 metr) çatır. Kaspilər onları tutur, duzlayır, qurulayır, dəvələrə yükləyib aparırlar. Balıqların piyini kəsib ondan sürtkü yağı düzəldir və ya duzlayaraq satır, iyi olmayan bu balıq yağını bədənlərinə sürtürlər.”
Neftçala Nərə Balıqartırma Zavodu
Nərə balığı dünya ehtiyatının 80%- dən çoxu Xəzərdədir. Keçmiş Sovetlər məkanında nərə cinsli balıqların süni artırılması üzrə ilk zavod Neftçalada istifadəyə verilib. 2004 – cü ildə ABŞ Canlı Təbiət və Balıqların Mühafizə Xidməti nərə balıqları fəsiləsindən olan bölgəni yox olma təhlükəsi altında növlərin siyahısına daxil edib. Kür və Araz çaylarında su bəndlərinin tikilməsi ilə əlaqədar çayların axarları dəyişdirilməsi nərə balıqlarının təbii kürüləmə yerlərinə mənfi təsir göstərib və çoxalacaqları məkanı məhdudlaşdırıb. Son illərdə təbiətdəki müxtəlif cins nərə balıqlarının 90% – dən də çoxu zavod şəraitində yetişdirilir. Sibir nərəsinin ağırlığı 1 tona çatır, təxminən 100 il yaşayır. Digər nərələr orta hesabla 25, 30 və ya 50 kq olurlar. Bir az böyüyən balıqlar dənizə buraxılır. Ovlanması qadağan edilsə də, Neftçala daxil cənubun və paytaxtın bütün restoranlarında nərə balığına rastlamaq mümkündür.
Ən ləzzətli delikateslərdən sayılmaqla bərabər, eyni zamanda qiyməti də bahalıdır.
Bankə qəsəbəsi
Neftçalanın ən məşhur qəsəbəsi qara kürüsü ilə məşhurdur. Deyilənlərə görə, vaxtilə Bankə qəsəbəsindən xüsusi olaraq qablaşdırılmış kürülər özəl hədiyyə kimi Stalin, Tetçer, Qandi kimi dünya liderlərinə yollanıb. Bankə özünəməxsus zəngin tarixi olan yaşayış məntəqəsi və balıq sənaye mərkəzidir. 1935 – ci ildən şəhər tipli qəsəbədir: I Mayak, Yenikənd, Qırmızı Şəfəq, Sübh yaşayış məntəqələri, Nord – Ost Qoltuq kəndi, II Mayak yaşayış məntəqəsi daxildir. Bankənin tarixi XIX əsrin I yarısından başlanır. XIX əsrdə qəsəbədə balıqçılığın inkişafına təkan verən amil Tatar məhəllə kəndində əsası 1842-ci ildə qoyulan Boji Promısel-in yaranması olub.
Toponimi burada yerləşən banka zavodundan əmələ gəldiyini söyləyənlər yanılırlar. Çünki bankə suyun içərisində yüksək yer deməkdir. Eyni zamanda dənizin nisbətən dayaz yerlərinə də bankə deyirlər. Bu cür yerlər dənizdə gəmiçilik üçün çox təhlükəlidir. Vaxtilə qəsəbənin yerləşdiyi ərazi tamamilə su ilə əhatəli olub. Sonra dəniz tədricən geri çəkilməyə başlayıb. Su aşağıya endikcə torpaq sahə üzdə qalıb. Bankə Neftçalanın içində adaya bənzəyir.
Mətbəx
Balıq Kür qırağı və Xəzər sahilində yerləşən Neftçala mətbəxinin atributudur. Burada kişi və ya qadın fərq etməz, hər kəs balığı çox ləzzətli şəkildə hazırlamağın qaydasını bilir. Onun təmizlənməsindən, bişirilməsinə, hisə verilməsinə qədər görülən işləri izləməyə dəyər. Burada balığı fəsildən, istəkdən va cinsindən asılı olaraq ya tavada qızardır, ya şişə çəkib kabab hazırlayır və ya təndirdə bişirirlər. Hər üç halda ləzzətinə söz ola bilməz. Amma bunların içərisində bir yemək də var ki, mütləq dadmaq lazımdır. Söhbət balıq dolmasından gedir.
Balığın içərisinə soğan, nar, müxtəlif göyərti və tərəvəzləri doldurub, kağıza ya da incir yarpağına bükərək küldə bişirirlər. Balıq dolması yalnız pullu balıqlardan hazırlanır.