Aybilet.az logo

Oğuz

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on pinterest
Pinterest
Share on whatsapp
WhatsApp

Deyirlər ki, bura ən qədim insan yaşayış məskənidir. Çünki ibtidai insanın yaşamasından ötrü 4 əsas təbii şərtin hamısı mövcuddur:
Şirin su, giləmeyvə, ov heyvanları, təbii mağara – meşələr.
Meyvə, qoz, fındıq, şabalıd, eləcə də şirin su bulaqları, mineral sular cənnətidir. Çox koloritli və turizm cənnəti sayılan şimal – şərq bölgəsinin bir az kölgədə qalmış guşəsi olması sanki ona qarşı edilmiş haqsızlıqdır. Əmin olmaq üçün mütləq getməyə, görməyə, gəzməyə dəyər.

Arayış

Oğuz – Bakı arası məsafə 360 km-dir. Yevlax dəmiryolu stansiyasından 80 km, Şəki dəmiryolu stansiyasından uzaqlığı 48 kmdir. 08.08.1930 – cu ildə yaradılıb. Ümumi sahəsi 1216 kv.kmdir ki, bunun 36% meşələrdir. Şimaldan Dağıstan MR ilə, üç tərəfdən Qəbələ, Şəki və Ağdaş rayonları ilə həmsərhəddir. Böyük Qafqazın cənub yamacının şərq hissəsində yerləşir. Qafqaz dağları ərazini soyuq hava kütlələrinin təsirindən qoruyaraq kəskin soyumaların qarşısını alır. Ən yüksək zirvəsi Məlkəmud dağıdır – 3879 metr. Üç iqlim növü müşahidə edilir: mülayim isti, yarımquru subtropik, soyuq. Əsas təsərrüfat sahəsi tütünçülükdür. Rayonun 35 kəndində türklər, ləzgilər, udilər, yəhudilər, mesxeti türkləri, ruslar yaşayırlar.

Oğuzun tarixi abidələri

Rayonda 39 arxeoloji və memarlıq abidəsi mövcuddur. Onlar haqqında ətraflı məlumat toplamaq üçün Tarix – diyarşünaslıq muzeyinə getmək məsləhətdir. 1981 – ci ildə yaradılan muzey XVIII əsrin birinci yarısına aid Alban ibadətgahında yerləşir.

Oğuzun Yəhudi məhəlləsi

Yerlilər bura “Cuğutlar məhəlləsi” deyirlər. Şəhərin cənub – qərbindəki yəhudi məhəlləsində 2 sinaqoq fəaliyyət göstərir. Onlardan bir dənəsi tari-xi əsər statusu daşıyır. 1849 – cu ildə inşa edilən bu sinaqoq iki mərtəbəlidir. Digəri nisbətən yenidir. Oğuz tatdilli dağ yəhudilərinin keçmiş nəsilləri Şəki xanlığının ərazisinə XVII əsrin II yarısında gəliblər. Zalam, Mücü kəndləri və rayonun yuxarıbaş məhəlləsində yaşayırlar. Azərbaycanda dağ yəhudiləri arasında Oğuzda yaşayanlar özlərini şəkiyi, Şamaxıda yaşayanları şirvoni, Qubada yaşayanları ğubeyi adlandırırlar.

Kəndbaşı məhəlləsi

Rayonun yuxarı hissəsi belə adlanır. Əsas məskənləri Qəbələnin Nic kəndi olan udilərin az hissəsi Kəndbaşında yaşayır. Aleksandr Düma “Qafqaza səyahət” əsərində Oğuzdakı udilər haqqında məlumat verir. Rayonun Düzənlik deyilən ərazisində isə udi xristian qəbiristanlığı yerləşir. Qəbiristanlığın içərisində yaşı məlum olmayan və üzərində hər hansı inventar nömrəsi olmayan bir məbəd mövcuddur. Çox qısa məsafədə yerləşməsinə baxmayaraq Kəndbaşı və Düzənlik deyilən yerlərdə rayon mərkəzi ilə müqayisədə temperatur kəskin şəkildə fərqlənir. Nisbətən yüksəkdə, Oğuz çayın sahilində, sıx meşədən ibarət bu ərazi mərkəzə yaxın əsas istirahət mərkəzi hesab edilir.

Oğuzda Alban məbədləri

Oğuzda 7 ədəd alban məbədi mövcuddur. Bunlardan 3 – ü rayon mərkəzində, digərləri Qarabulaq və Calud kəndlərindədir. Mərkəzdəki ibadətgah 1700 – 1750 – ci illərdə inşa edilib. 1981 –ci ildə tam bərpa edildikdən sonra muzeyin istifadəsinə verilib. Digəri rayon mərkəzi xəstəxanasının həyətində, üçüncüsü isə Xal-xal yolunun üstündəki təpədə yerləşir. Oğuzdakı Alban ibadətgahları tam tədqiq edilməyib.

Oğuz tarixi

Rayonun Filfilli və Baş Daşağıl kəndlərinin şimalında yaşı bilinməyən, tədqiq olunmamış müasir qəbirlərdən öz uzunluğu ilə fərqlənən, Kitabi Dədə Qorqud dastanındakı boylarda səsləşən oğuz qəbirləri bu günə qədər qalıb. A.Bakıxanov “Gülüstani – İrəm” adlı tarixi əsərində Xaçmaz mahalının və rayonun Tərkəş kəndinin adı çəkilir. Ziya Bünyadov “Azərbaycan VII – IX əsrlərdə” əsərində ərəb müəllifi Bəlazuriyə istinadən bu ərazilərdəki Filanşahlıqdan bəhs edir. Etnik əlamətlərə əsasən ərəb işğalları ərəfəsində Qafqaz Albaniyasının şimal əyalətlərindən biri olan Filanşahlığın ərazisinin bu günkü Filfilli kəndinin və onun yaxın – uzaq ətrafındakı kəndlərdən ibarət olduğunu qeyd edir.

Vartaşen

1991 – ci ilə qədər rayon belə adlanıb. İlkin formada Vardnaşen olub. “Şen” abad yaşayış yeri mənasına gəlir. “Var” isə hazırda mövcud olan deməkdir. Vardatun ərəbcə gül, çiçək deməkdir. Türk mənşəli izahına görə isə Vardan qədim alban şəxs adlarından olub. Ucada duran adama məxsus yer mənasını daşıyır.

Toponim

Oğuz türk boylarının ümumi adıdır. 24 boy var. Oğuz ox kəliməsinin cəm halıdır. Oxlar mənasına gəlir. Ox əski türklərdə qəbilə, boy mənasında işlənirdi. Yay ilə atılan ox bağlılıq, qüvvə rəmzi olaraq
qəbul edilirdi. Oğuz sağlam, möhkəm, güclü mənalarını daşıyır. Bu ada ilk dəfə Yenisey abidələrində (Rusiya Federasiyası, Tıva MR ərazisi) rast gəlinir. Rayonda “Avesta” ilə səsləşən kənd, dağ, dərə, bulaq adları bu ərazinin Zərdüşt vətəninin bir hissəsi olduğunu təsdiqləyir.

Çaylar

Rayon içərisindən Oğuzçay axır. Ən böyük çaylar Daşağılçay, Oğuzçay, Əlicançay, Xalxalçay və Qalaçaydır. Hamısı mənbəyini Böyük Qafqazdan götürür. Oğuzçayla Xalxalçay Bayan çayı yaxınlığında birləşərək Əlicançayı əmələ gəlir. “Əl çiyan” uca, hündür yerdən çağlayan su deməkdir. Ən böyük çaydır. Rayonun bir çox kəndlərindən keçir. Təbii fəlakət nəticəsində Əlicançayın dəfələrlə daşması onunla nəticələnib ki, zaman – zaman çay sahilinə yerləşən əhali hər daşqından sonra böyük itkilər verərək kənar yerlərə köçmək, özlərinə yeni yaşayış məskənləri salmaq məcburiyyətində qalıb.

Şəlalə

Bölgə dağ şəlalələri ilə də zəngindir. Ən böyük iki şəlalə diqqəti çəkir. Biri rayon mərkəzindən 27 km məsafədə, Baş Daşağıl kəndinin şimalında, çayın qayadan töküldyü yerdədir. Digəri isə rayon mərkəzindən 10 km aralıda, Oğuzçayın dağ yarğanından töküldüyü yerdədir. İkisi də yerlilərin ən sevimli piknik istirahət yeridir. Hər birini ziyarət etmək, piknik mərasimi bir gün vaxt tələb edir.

Dağlar

Burada dağlar sanki çiyin – çiyinə verib dayanıb. Fərqli görüntü yaradır. Bunlar Böyük Qafqazın cənub yamaclarınının Oğuzun ərazisinə girən ayrı – ayrı hissələridir. Yerli əhali hər dağı özünə görə müxtəlif adlarla çağırır. Məsələn, Filfillini əhatə edən dağlar camaat arasında Arangüney, Çaldaş, Girdal Qaşqagüney, Qayıtdağ, Qaynararxac adlanır.

Oğuzda Turizm

Turizm imkanları çox genişdir. Bir neçə istiqamətdə turist marşrutları həyata keçirilir. Bu marşrutlar üzrə səyahət edərək rayonu daha yaxından tanımaq mümkündür. Beləliklə,
Calud – Bucaq – Muxas – Baş Daşağıl kəndi (25 km)
Oğuz – Şəki şose yolunun 12 – ci kmdə, Dağıstana, üzü dağlara tərəf yerləşir.

Muxas kəndi (16 km)

Maz, mazis sözündən götürülüb. Böyük, azman, dəstə və sair mənaları daşıyır.
Mərkəzdən qərbdə, Daşağılçayın sol sahilində, Oğuz – Şəki şosse yolundan 3 km sağda, Baş Qafqaz silsiləsinin cənub ətəyindədir. Dəniz səviyyəsindən 754 metr yüksəklikdə yerləşir. XIX əsr məscidi kənd mərkəzindədir. Digər tarixi abidə bir qədər aralıda yerləşir.

Muxas qülləsi (IX əsr)

Yol üstündə salınıb. Asfalt yolun kənarındakı taladan keçdikdən sonra, meşənin içində Gözətçi qülləsi var. Yamacın üstündə yerləşir. Adət edildiyi üzrə elə də hündür nöqtədə deyil. Muxas kəndinin şimalında, Daşağıl yolunun üstündə, keçid qarşısında tikilib. 3 tərəfi düzbucaqlı, bir tərəfi isə yarımdairəvi formadadır. Qüllənin hündürlüyü 11 – 12 metrdir. Yalnız bir tərəfindəki divar hündürlüyündə qapı yeri var. IX əsrdə çay daşı və kirəcdən tikilən 3 mərtəbəli Muxas qülləsindən müşahidə məqsədilə XIV əsrə qədər istifadə edilib.

Göbür dərəsi

Mineral sularla zəngin olan bu ərazidə istirahət zonaları, restoran təsisləri son illərdə qurulmağa başlayıb. Gözəl mənzərə, dağ – meşə massivi ilə buradan Dağıstana piyada 4 – 5 saatlıq yoldur.
Dərə Qızlar yaylağı, Qoşa bulaq, Hacasəf bulağı ilə məşhurdur.

Uğan mağarası

Baş Daşağıl kəndinin girişində, Uluçayın qərb tərəfində, nəhəng qayaların altında yaranmış təbii mağaradır. Qədim türklərdə müqəddəs, ulu hesab edilən dağ – qaya toteminə sitayiş edilib. Uğan mağarası ibtidai insanların ilk sığınacaq
yerlərindən sayılır. Bura ilə bağlı əfsanələr çoxdur. Toponimi iki cür izah edirlər. Uğ və ya ağ günəşin əsas rəngidir. Günəşi təmsil edir. Ucalığı bildirir. Digər ehtimala görə isə uğultu, qulağa gələn sürəkli səs, an isə cəm şəkilçisidir. Uğan uca, müqəddəs yer, mağara mənasına gəlir.

Baş Daşağıl

Rayon mərkəzindən 25 km şimal – qərbdə, Daşağılçayın sağ sahilində, Baş Qafqaz silsiləsinin cənub ətəyində, dəniz səviyyəsindən 1150 metr yüksəklikdə yerləşən kənddə təxminən 1200 insan yaşayır. Dağıstanla sərhəddədir. Eyni adlı iki kənd var. Baş Daşağıl Oğuzda, Aşağı Daşağıl kəndi Şəkidədir. Əhalisi tamamən ləzgi və türklərdən ibarətdir. Dəliqanlı insanları ilə məşhurdur. II Dünya müharibəsində ən çox şəhid qurban verən yer kimi məşhurdur. Yerlilərin dediyinə görə, Daşağıl dağları qızıl, uran, civə ehtiyatları ilə zəngindir. Meşə və qayalıqdan ibarət ərazidə istisu mineral bulaqları var. Daşağıl – Karvan ərazisindəki dərədə şır-şır bulağı qaynayır. Iti sürətli dağ çayları hər yağışdan sonra bütün körpü və yolları yuyub aparır, yüzlərlə can alır və ziyan vurur.

Toponim 2 hissəlidir: daş və ağıl, yəni qoyun saxlanılan yer deməkdir. Kənd daşlı, qayalı dağ yamacında yerləşib mal – qara saxlamaq üçün əlverişli coğrafi mövqeyə malikdir. Başda, yuxarıda yerləşən daşlı ağıl mənasındadır. Əvvəl ev olmayan, sırf qoyun otarılan, daşdan ev, məskən yeri olduğuna görə belə adlandırıldığı güman edilir.

Daşağılda köhnə məscidlər və 2 ziyarətgah var: Novruz Baba və Böyürtkən ziyarətgahı. Daşağılda qədim hamam, dəyirmanlar durur. Buraya Oğuzun İçərişəhəri deyirlər. Kənddə demək olar hər evdə at saxlayırlar. Həyətlərdəki at axırları, xüsusi səliqə və memarlıqda tikilmiş səliqəli evlər, çay daşından hörülmüş hasarların üstündəki möhürlər diqqəti həmən çəkir.

Oğuz – Xalxal (15 km)

Xalxal

Bura “Tanrı nişanlı yurd” deyirlər. Mərkəzdən 15 km şimal – şərqdə, Ərmənət kəndinin qərbində, Baş Qafqaz silsiləsinin cənub ətəyindədir. Məşhur Kordərə mineral istisu bulağı kəndin şimalında yerləşir. Dağıstan sərhəddindəki Fiy aşırımına gedən dağ yollarından biri Xalxal kəndinin şimal – şərqindən başlayır. Kəndin dəniz səviyyəsindən hündürlüyü 810 metrdir.

Cənubi Azərbaycanda və Naxçıvanda da geniş yayılıb bu termin. Qafqaz Albaniyasında Xalxal şəhəri olub. Xalxallar Azərbaycan xalqının soykökündə duran tayfalardan biri olub. Xalxal mal-qara saxlamaq üçün tikili növüdür. Eyni zamanda qadın bəzək əşyalarından birinin adıdır. Bundan başqa ləkə, hissə, parça, buta, naxışları olan deməkdir. Günəşin yaratdığı od oğlu, tanrı övladı , günəşin xalları və bənzər anlamların daşıyıcısıdır. Xalxal kəndi ərazisində sərhəd qoşunları zastavası yerləşir. Ərazidəki meşə zolağı da Xalxal adlanır. Son illərdə sürətlə populyarlaşan istirahət zonasına çevrilməkdədir. Çox az sayda kotec və bir neçə yeməkxana fəaliyyət göstərir. Xalxalçaydan farel balığı ovlamaq olur.

Ərazidə Trabzonlu Turan bəy fermer təsərrüfatı quraraq farel balığı yetişdirir. Həmin təsərrüfata gedərək oradakı 4 növ fareldən satın almaq, daha sonra da meşədəki yeməkxanalarda, yaxud da manqal qalayaraq bişirib yemək olar.
Oğuza gəlmişkən mütləq yaşanması gərəkən zövqlərin başında gəlir.

Sincan – Xaçmaz – Filfilli (52 km)

Sincan kəndi

Kəndə girər-girməz mərkəzi artezian quyuları gözə çarpır. Oğuz – Qəbələ – Bakı su kəməri buradan başlayır. Kənddə 2007 – ci ildə kəmərin təməlqoyma mərasimi keçirilib. Su kəməri paytaxta gəlincəyə qədər 12 çay məcrasından və 8 rayondan keçir. Kəmər vasitəsilə Bakı şəhərinə saniyədə 5 kubmetr həcmində bulaq suyu veriləcək. Şollar su kəmərindən sonra paytaxta çəkilən ikinci borudur.

Xaçmaz kəndi

Rayon mərkəzindən 40 km şərqdə, Nəzərçayın sağında, Qalaçayın solunda yerləşir. Oğuzun ən çox əhalisi olan kəndidir. Adıl körpüsü (XIX əsr), Cümə məscidi (XIX əsr) Xaçmaz məscidi (XIX əsr), Daşüz – Hacı Rəşid körpüsü (XIX əsr) tarixi abidələri var. Toponim

Xaç tərkibli toponimlər Azərbaycanda geniş yayılıb. Xaçmazdaki türk qəbiləsinin adıdır. Bəzi tədqiqatçılar bu sözü od, atəş, Günəş anlamında yozurlar. IV – VII əsrlərdə Azərbaycanda xristianlıq geniş yayılsa da, xaçın tarixi bundan daha əvvəlki tarixlərə gedib çıxır. Atəşpərəst olan əski türklər – oğuzlar Günəşə səcdə edərkən yerdən çıxan qazın, odun önündə əlləri köksündə durarkən xaç şəkli alırdılar. Xaçmazdakı maz – maqın dəyişilmiş formasıdır. Maq da tayfa, qəbilə adıdır. Xaçmaz və xaçmataqlar od nişanlı oğuzlar kimi izah edilə bilər.

Balaşum

M.F.Axundovun “Hekayəti – Molla İbrahimxəlil kimyagər” əsərindəki hadisələr Xaçmaz dağında baş verir. Pyesdə bəhs edilən məkanın dəqiq adı Balaşumdur. Xaçmaz kəndindən 3 – 4 km içəridə dağın ətəyində, meşənin içində Balaşum qədim yaşayış yeri var. M.F.Axundovun Əsərin süjet xəttini təşkil edən gümüş və misin qızıla çevrildiyi yer də məhz buradır.

Balaşum yaşayış yeri (XI – XII əsrlər)

Xaçmaz kəndinin 5 km şimal – şərqində, dəniz səviyyəsindən 460 metr yüksəklikdə yerləşir. Hər bir kəndin qışlağı, yaylağı olub. Şumerlərlə bağlıdır. Bir az balaca, kiçik, odlu, yer, yurd – kənd deməkdir.

Xaçmaz Govur qalası (VII əsr)

Kənddən 2 km şimal – qərb, Ərmənət kəndinin şimalında Qaladağın zirvəsində yerləşir. XVI əsr ədəbiyyat qaynaqlarından Xaçmaz Govur Qalası adı ilə məlumdur. A.Bakıxanovun əsərlərində verdiyi məlumata görə, 1578 – 1583 – cü illərdə Şirvan və Dağıstan torpaqları uğrunda İranla Türkiyə arasında müharibələr zamanı bu qala qarşısında şüddətli döyüşlər olub. Qala ilə bağlı rəvayətlərdən birində deyilir ki, Həzrət Əli qalanın hakimi və govurların padşahı Qəzənfər ilə vuruşaraq islam dinini qəbul etmək istəməyən qala hakimini qalanın cənubundakı Böyük daşın yanında öldürüb. Böyük Qafqazın yamaclarındakı bu qalaya dağın üstü ilə fayton yolu gedib. Cənub və şərq tərəflərdən isə ancaq piyada getmək mümkündür. Qala çay daşı və kirəclə tikilib. Iki mərtəbəlidir. 7 bürcdən ibarət olub və su kəməri çəkilib. Sadə memarlıq üslubunda tikilən qalada ancaq bir darvaza yeri var və yuxarı hissəsi dağılıb. Darvaza yerindən qalaya yalnız piyada və ya atla daxil olmaq mümkündür. Ərmənət kəndini əhatə edən dağın zirvəsində yerləşir. Deyilənlərə görə, qədim dövrlərdə kənd əhalisi düşmənlərdən qorunmaq üçün bu qaladan bir istehkam kimi istifadə edib.

Aşağı Filfilli

Kənd xarabalığı durur. Kənddən yadigar qalan indiyədək ziyarət edilən pir və bir vaxtlar bağçaları bəzəyən meyvə ağaclarıdır. Çay məcrasından çıxıb kəndi yuyub apardığına görə təxminən 30 – 40 il əvvəl buranın sakinləri Aşağı Bayan kəndinə köç ediblər.

Fiy aşırımı

Tarixi aşırımdır. Dağıstanda Fiy kəndi var. Filfilli kəndinin şimalında, Dağıstan ilə sərhəddə yerləşir. Fiy aşırımı və bu aşırımdan keçən yollar orta əsrlərdə hərbi cəhətdən daha əlverişli olub. Hündürlüyü 3100 metrdən çoxdur. Son illərə qədər rayon əhalisi Fiy aşırımı ilə Dağıstanla əlaqə saxlayıb. Oğuzdakı digər aşırımlara nəzərən daha geniş, əlverişli və işlək olub. Hazırda burada dövlət sərhəd məntəqələri var. Aşırım və ona gedən yol turizm üçün faydalıdır.

Filfilli körpüsü

Qalaçayın üstündə, 313 metr uzunluğunda, 10 metr enində olan 18 aşırımlı körpü 2007 – ci ildən istifadəyə verilib.

Filfilli kəndi

Rayon mərkəzindən ən uzaq məsafədəki bu kənd eyni zamanda Oğuzun ən yüksəkdə yerləşən son yaşayış məntəqəsidir: 1160 metr. Xaçmaz kəndinin 10 km şimalında, qədim Xaçmaz keçidində, Qalaçayın sağ sahilində, Qafqaz silsiləsinin cənub ətəyindədir. Oğuzun ən ucqar bu dağ kəndinin sakinləri ləzgilərdir. Kəndin içərisindən çıxan Lanqır bulağının ətrafında kababçı var. Kəndə gəlib – gedən çox az olur. Olduqca qonaqpərvər camaatı var. Dağıstanla sərhəddə yerləşən kənddə civə, qızıl yataqları olduğu söylənir. Filfilli ilk anlaşıldığı kimi fil məskəni deyil. Çox mübahisəli toponimdir. Ərəbcə filfil sözündən olub, yabani istiot mənasını verir. Klassik aşıq ədəbiyyatında fülfül gözəlin yanağında qara istiotu andıran xala deyilir, epitet kimi işlənir. Ən son ehtimala görə isə fil yaxud filfil tayfa adıdır. Filfil tayfa adamlarının olduğu yer, məkan mənasını bildirir. Filfilli ərəbcədən sakit, təmkinli insanların yaşadığı yer kimi də izah edilir. Ərazidə Qalabaşı yaşayış yeri (XVII – XVIII əsrlər) və kənddən 2 km şimal – şərqdə isə qədim qəbiristanlıq – nekropol aşkar edilib. Kəndin şimalında erkən orta əsrlərə aid qədim Oğuz qəbiristanlığı durur. Şimal – şərqdə, XVIII əsrə aid Surxayxan qalası var ki, bunların içərisində kəndə ən yaxın məsafədə və ən asan yerdə olanıdır.

Surxayxan qalası (XVIII əsr)

Filfillidən piyada təxminən 40 dəqiqəlik məsafədədir. Qazıqumuqlu Surxay xan tərəfindən tikildiyi bildirilən bu qala rayon mərkəzindən 55 km şimal – şərqdə, Filfillinin şimalında, Xaçmaz keçidində, qalaçayın sağ sahilindədir. Talanın ortasında, yaşıllıqların arasında itib. Qalanın üstünü kol – kos basıb. Qalanın ətrafında mövcud olan yaşayış evlərinin qalıqları Surxayxan qalasının son orta əsrlərə aid qala- şəhər olduğunu bildirsə də abidə tədqiq edilməyib.

Mətbəx

Filifilli mətbəxi Oğuzda təriflənən bir çox yeməklərin ana vətəni hesab edilir. Qoz, zoğal, itburnu çiçəyindən bişirilən mürəbbələr məşhurdur. İtburnu çiçəyini burada dəmləyib içirlər. Böyrək ağrıları və soyuqdəymə üçün əladır. Meşə yabanı meyvələrlə doludur. Bu bolluq mətbəxə də əks olub. Bir gün buralara yolu düşənlər aşağıdakı ləzzətləri dadmağı unutmasınlar…

Zirinc mürəbbəsi

Qripə, soyuqdəyməyə qarşı ən yaxşı dərman hesab edilir. Sarılıq üçün də yaxşı gəlir. Yabanı bitki olan zirinc turşməzə dadlı giləmeyvədir. Yarpaqları da yeməlidir və dadı turşdur. Meyvəsi payızda bitir – yetişir, tikanlı budaqların arasından çətinliklə toplanır. Onu eyni zamanda turşusunu da hazırlayırlar.

Afar

Oğuz üsulu ilə bişən qutab belə adlanır. Göyərti və quru şor ilə hazırlanır. Sacda bişir. Inqridiyentləri dəyişir. İçərisinə pencər deyilən bitki qoyulur. Pencər qovurması da burada çox dəbdədir. Göyərtiyə ət maşınında üyüdülmüş qoz ləpəsi qatılır. Tamam fərqli bir dad əmələ gəlir. Bəzən içərisinə nar dənələri də qoyulur. Qatıq və sumaxla yeyilir.

Çığırtmalı aş

Bir növ plovdur. Əvvəlcə çolpa bir az pörtlədilir. Onun üçün ayrıca soğança hazırlanır. Bol soğan yağda qovruluqdan sonra çolpa buraya qoyulur. Ayrıca qayğanaq bişirilir. Daha sonra bunların hamısı qarışdırılaraq düyünün üstünə düzülür və bu şəkildə servis edilir.

Qıymalı aş

Qış aylarında Oğuz süfrələrinin vazkeçilməz ləzzətidir. Daha çox məclislər üçün dəmlənən aş növüdür. Ayrıca düyü dəmlənir. Onun üçün xüsusi olaraq mal və qoyun ətindən qıyma, şabalıd və quyruqdan ibarət aşqara hazırlanır. Bunun əvəzinə yayda isə Səbzəli aş hazırlanır ki, burada qıyma yerinə göyərtidən istifadə edilir.

Cökə dolması

Cökə ağacının yarpağından hazırlanan bölgə yeməyidir. Yazda, ağaclar yenicə yarpaqlamağa başlayanda, mart sonu və aprel aylarında təzə yarpaqdan bişirilir. Mövsüm yeməyi olduğu üçün dadına baxmaqdan ötrü həmin vaxtlarda Oğuzda olmağınız kafidir.

[justified_image_grid facebook_id=2222665901206802 facebook_album=2337487476391310]

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on pinterest
Pinterest
Share on whatsapp
WhatsApp

XƏBƏRLƏR

SƏRBƏST SƏYAHƏT