Aybilet.az logo
Ordubad

Ordubad

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on pinterest
Pinterest
Share on whatsapp
WhatsApp

Buranın camaatı zarafatla “biz naxçıvanlı deyilik” deyir. Həqiqətən də, təbiəti, insanları, zəngin adət-ənənələriylə seçilən Ordubada ilk dəfə ayaq basan insan özünü birdən – birə orta əsr Şərq şəhərlərindən birinə düşmüş kimi hiss edir. Ətirli və böyük gül bağçasına bənzədilən Ordubada indi Naxçıvanın incisi deyirlər. Orta əsrlərdə buradan Təbrizə tay-tay gül göndərilirmiş. Ordubad indi də Azərbaycanın gül ticarətinin mərkəzlərindən biri sayılır. Mənfi 40 dərəcə şaxtada, əziyyətlə istixanalarda yetişdirilən Ordubad qərənfilləri Bakı kəndlərinin gülçülərinə ciddi rəqib hesab edilirlər.

Arayış

Naxçıvan Muxtar Respublikasında (NMR) böyüklüyü və əhəmiyyətinə görə ikinci böyük şəhərdir. Araz çayının sol sahilində, Naxçıvan şəhərindən 75 km cənub – qərbdə, Zəngəzur silsiləsinin ətəyində yerləşir. 864 kvadrat km sahəsi olan şəhər dəniz səviyyəsindən 850 metr yüksəklikdə yerləşir. Ermənistan və İranla həmsərhəddir. Ordubadın mərkəzindən axan Ordubadçay şəhəri iki hissəyə bölür.

Uzunluğu 24 km olan çayın mənbəyi Kiçik Qafqazın 3200 metrlik yüksəklikdəki Zəngəzur silsiləsindən başlanır. Sərt – kontinental iqlimi var. Yayda NMR-in ən sərin yeri olur. Çinar ağaclarıyla məşhurdur. Memarlığı və 110-dan çox tarixi – arxeoloji abidələrinə görə Ordubad 1977-ci ildə Qoruq şəhər elan edilib.

Ordubadlılar

Mehriban və qonaqpərvərdirlər. Çox şirin danışıqları var. Ordubada qonaq gələndə “kimsən, niyə gəlmisən” soruşmurlar. İnsanlara o qədər etibar edirlər ki, evdən çıxanda qapını bağlamırlar. Burada evlərin qapısında qıfıl görmək, demək olar ki, qeyri-mümkündür.

“Ordubad ürəkaçan bir yerdir. Möhkəm qalası var. Suları və bağları çoxdur. Meyvələri gözəl və boldur. Havası xoşdur. Azərbaycanın ən qədim şəhərlərindəndir. Əhalisi hüsn və camal sahibidir. Onlar insaflı və mərhəmətlidirlər.”

Hacı Zeynalabdin Şirvani, XVIII əsr coğrafiyaşünası

Ordubad şivəsi

Ordubad ləhçəsi Təbiz və Şəki ləhçələrinə oxşayır. Bu bənzərlik onu Naxçıvanın digər yerlərindən fərqli qılır. Sadəcə danışıqda deyil, memarlıq quruluşu, sənətkarlıq, ipəkçilik baxımından bu üç şəhər bir- birinə bənzəyir. Hər üçü tarixi İpək yolunun əsas dayanacağı olub.

Tarix

Ordubadda ilk yaşayış məskəninin V-VI əsrlərə aid olduğunu ehtimal edirlər. Yazılı mənbələrdə Ordubadın adı ilk dəfə VII əsrdə çəkilir və ərəb istilaları zamanı işğalçıların Ordubaddan keçərək Ararat vilayətinə yollandıqları göstərilir. XV – XVI əsrlərdə Ordubad sıra ilə Qaraqoyunlu, Ağqoyunlu və Səfəvilər dövlətlərinin tərkibinə daxil edilib. XVII əsrdə Səfəvi – Osmanlı müharibələri dövründə döyüş meydanına çevrilən şəhər gah Osmanlı, gah da İran əsarətinə məruz qalaraq dəfələrlə dağıdılıb və qarət olunub.

XV əsrdə Ordubad, Şah Abbasın xüsusi münasibət göstərdiyi əhəmiyyətli şəhər idi. Bunun səbəbi isə Osmanlı imperiyası ilə müharibə zamanı Ordubad əhalisinin Şah Abbasa qarşı sədaqətli davranışı ilə izah edilir. Belə ki, 1588-ci ildə Osman lı qoşun dəstələrinin başçısı Cəfər Paşa Ordubadı işğal edir. Şəhəri daha sonra geri alan 1-ci Şah Abbas (1587 – 1629) döyüşlər zamanı düşmənə müqavimət göstərdiyinə görə yerli əhalini mükafatlandırmağa qərar verir və vergidən azad edir. Şahın vəziri, əslən Ordubadlı olan Hatəm bəy də bu məsələdə xüsusi rol oynayır. Qərarın verilməsindən sonra şəhərdə ticarət və sənətkarlıq sürətlə inkişaf edir.

1-ci Şah Abbasın 1603-cü ildə imzaladığı, cəmi 5 sətirdən ibarət olan həmin fərman Ordubad Cümə məscidinin Şərq qapısının üstündəki daş kitabədə həkk edilib və orijinalı indiyədək durur.

Ordubad Cümə məscidi (XVII əsr)

XVII – XVIII əsrlərə aid memarlıq abidəsidir. Şəhərin mərkəzi meydanının ən hündür yerində salınmış, ən böyük məsciddir. Orta əsrlər memarlığının möhtəşəm nümunəsi olan məscidin plan quruluşu və bəzi elementləri onun əslində XII – XIII əsrlərdə tikildiyini ortaya çıxarır. Cümə məscidinin indiki görünüşü XVII əsrdə aparılan təmirdən sonra yaranıb. Son dəfə 1987-ci ildə restavrasiya edilib. Məscid ərazisində bir mədrəsə binası var. XIX əsrin ortalarında Ordubad artıq böyük şəhər idi. 1854-cü il statistikasına görə burada 800-dən artıq xüsusi ev, 63 məscid, 300-dən çox bağ və bir çox başqa binalar vardı. O binalardan birində, Cümə məscidinin yan tərəfindəki qədim tikilidə Ordubad tarix – diyarşünaslıq muzeyi yerləşir.

Qeysəriyyə (XVII əsr)

XVII əsrə aid memarlıq abidəsidir. Böyük günbəz və ona bitişik səkkiz kiçik günbəzdən ibarətdir. Vaxtilə Qeysəriyyə qiymətli zərgərlik məmulatlarının satıldığı örtülü Şərq bazarı olub. Daha sonra Zorxana, yəni döyüş meydanı kimi fəaliyyət göstərib. İndi də muzey kimi yaşamına davam edir.

Zorxana

Burada ənənəvi güləş yarışları keçirilərdi. Ətraf bölgələrin məşhur pəhləvanları buraya gələrək güləşər, camaat yığışar, xanlar və bəylər də gəlib onları izləyərdi. Sözün mənası “zor, güc nümayiş etdirilən məkan” deməkdir. Səfəvilərin hakimiyyəti dövründə zorxanaların əhəmiyyəti ən yüksək pilləyə qalxır. Zorxana tamaşaları şou xarakteri daşıyır və yarışlar musiqi ilə müşahidə edilirdi. Təəssüf ki, Zorxanalar aktuallıqlarını 20-ci əsrdə itirdilər. Cümə məscidinin cənubundakı meydanda vaxtilə karvansaraylar, dükanlar olub. İndi həmin yerdə nəhəng çinar ağaclarının altında Ordubad məişətinin əvəzedilməz parçası olan çayxanalar fəaliyyət göstərir.

Çayxana

Şərqdə həyatı çayxanasız təsəvvür etmək qeyri-mümkündür. Tipik orta əsr Şərq şəhəri olan Ordubad da istisna deyil. Şaxtalı qış günlərindən başqa, bütün fəsillərdə çayxanalar açıq olur. Buradakı çayxanaların hamısı nəhəng, yüzillik çinar ağaclarının kölgəsində salınıb. Müştərilərinin demək olar hamısı kişilərdir. Burada toplaşaraq daxili – xarici siyasət məsələlərini və dünyada baş verən hadisələri müzakirə edir, nərd və domino oyunları üzrə öz aralarında mini çempionatlar keçirirlər. Çayxanalarda çay servisi 3 əsas elementdən: armudu stəkanda qara çay, kəllə qənd və yerli limondan ibarətdir. Ordubad evlərində verilən ənənəvi çay ziyafəti isə görülməyə dəyər.

Çay süfrəsi

Ordubad çay süfrəsiylə məşhurdur. Yemək yeməyə “gedək çay içək” ifadəsiylə dəvət edirlər. Qonaqlıq çay dəsgahı ilə başlayır və tədricən yeməyə keçir. Adətən çay süfrəsi o qədər zəngin olur ki, bundan sonra mədədə yeməyə yer qalmır. Ordubad çay süfrəsi samovar çayı, qoz mürəbbəsi, ərik mürəbbəsi, limon və müxtəlif meyvə qurularından təşkil olunur. Onu da demək lazımdır ki, adət üzrə bütün vacib məsələlərin həlli, əhəmiyyətli söhbətlər Ordubadda çay süfrəsi arxasında aparılır və adətən müsbət həllini tapır. Bu isə artıq Azərbaycanın bir çox yerində oturuşmuş adətdir. Elçiliyə gedən oğlan tərəfi qız tərəfinin razılığını almağa gəlir. Tanışlıq və söhbətdən sonra qonaqlara şirin çay verilirsə, deməli qız evi razıdır və nigah baş tutacaq. Bu gün evlənib-evlənməmək qərarını cavanlar özləri versələr də, qohumların tanışlıq görüşündə “şirin çay” ənənəsi dəyişməz qalır. Bu, həm adət-ənənəyə, həm də valideynlərə olan hörmət əlamətidir.

Ordubad evləri

Ordubad evlərinin quruluşu orta əsr şəhərciyini xatırladır. Tarixi Azərbaycan xalq yaşayış binalarının ən maraqlı tiplərindən sayılır. Evlərin mikroiqliminə xüsusi diqqət verilib. Bunun üçün həyətdə hovuz və su quyusu, həyətin hündür divarlarından hava keçməsi üçün dəliklər açılması kimi işlər görülüb. Qədim evlərin standart quruluşu karvansarayları xatıladır.

Evlərin giriş qapıları taxtadan hazırlanıb. Ölçülərinə görə kiçik qapıların hamısının üstündə taqqılbabları var. Girişdə gələn qonağın əşyalarını saxlamaq və heyvanlarını bağlamaq üçün nəzərdə tutulan xüsusi yerə “xana” deyirlər. Xana iki mərtəbəli olur. İkinci mərtəbədə kiçik gözətçi pəncərəsi yerləşdirilib. Qapı döyüləndə gələnin kim olduğunu görmək üçün nəzərdə tutulub. Xanadan sonra daş döşəməli dar yolla həyətin digər ucundakı evə gedilir. Evlər yoğrulmuş torpaqdan inşa edilib. Bu material, çox sərt iqlimi olan Ordubadda, otaqların yayda sərin və qışda isti qalmasına kömək edir.

Tarixi memarlığı

Bura təbii gözəlliyi, XVII əsrdən qalma ənənəvi plan quruluşu, orta əsr şəhərlərinə xas siması ilə bir çox Azərbaycan şəhərlərindən fərqlənir. Ordubad məhəllələrdən ibarətdir. Hər bir məhəllənin öz meydanı, məscidi, çinar ağacları, çarhovuzu, çeşməsi və hamamı var.

Sovet dövründə paytaxt Bakıda yalnız 1 məscid olduğunu nəzərə alsaq, Ordubadda hər məhəllənin öz məscidinin olması diqqəti cəlb edir. Məscidlər ibadət yeri olmaqdan başqa, adamların xüsusi səbəb axtarmadan, adi günlərdə də yığışıb söhbət etdiyi, vaxt keçirdiyi yerdir.

Burada birisi ehsan verib, nəzir paylamaq istəyəndə hamını məhəllə məscidinə toplayır.

Sərşəhər məhəlləsi

Ordubadın əsas böyük məhəlləsidir. Fars dilindən tərcüməsi “baş şəhər” deməkdir. Sərşəhər Ordubadçayın sol sahilindəki ən qədim məhəllə olduğundan, burada köhnə tikililərin sayı çoxdur. Orta əsr məhəllələrinin gözəl nümunəsi kimi keçmiş cəhətlərini qoruyub saxlayıb. İkimərtəbəli məhəllə məscidi, meydanı, çarhovuzu, bulağı, hamamı və minillik qoşa çinar ağacından ibarət kompleksin XVIII əsrə xas üslubu qorunub. Sərşəhər mərkəzdə elə yerləşib ki, bütün istiqamətlərdə hərəkət edənlərin yolu mütləq burdan keçir.

Ambaras məhəlləsi

Ordubadçayın sağ sahilində yerləşir. Aşağı və Yuxarı Ambaras adlanan iki hissədən ibarət digər qədim məhəllənin adı XVIII əsrin əvvəllərinə aid yazılı qaynaqlarda çəkilir. Mərkəzdə XVII – XVIII əsrlərə aid məhəllə məscidi, çeşmə və bir neçə xırda dükan var. Meydanı bütünlüklə iri çinar ağaclarının kölgəsi örtür. Bu səfalı məhəllənin qocaları nağıl edirlər ki, buranın keçmiş adı Abirasd olub. Fars dilində “bol sulu” deməkdir. Həqiqətən məhəllədə çeşmə sayı çoxdur.

Mingis məhəlləsi

Məhəllə IX əsrdən qalma məscidi ilə məşhurdur. Görkəmli yazıçı Məmməd Səid Ordubadinin doğulduğu ev burdadır. Mingis – min kəs mənasına gəlir. Yerli ağsaqqallar keçmişdə bura 1000 nəfərin yaşadığı məhəllə olduğu üçün belə çağırıldığını nəql edirlər. Əslində 1000 qədimdən bəri şifahi xalq ədəbiyyatında tez-tez işlədilən 3, 7, 40 kimi simvolik saylardan biridir. Poetik məna daşıyır və qeyri-müəyyən çoxluğu bildirir.

Mingis şəbəkə sexləri ilə məşhurdur. Ən tanınmış şəbəkə ustası Cabirin emalatxanasından arzu edənlər əl işlərini sifariş edə bilərlər. Azərbaycanda Şəkidən sonra şəbəkə işi Ordubadda yaşadılır.

Ordubadda şəbəkə

İlk dəfə XII əsrdə Memar Əcəmi Xaraba Gilandakı məqbərəni inşa edərkən şəbəkə formalarından geniş istifadə edib. Onun bütün tarixi əsərlərində şəbəkəyə rast gəlmək mümkündür. Ordubad tarixi Zorxana – Qeysəriyyə binasında, Cümə məscidininin inşasında şəbəkə işinə geniş yer verilib. Şəkidən fərqli olaraq Ordubad ustaları şəbəkəçilikdə kiçik mıxlardan istifadə edirlər.

40 pilləkən və ya kəhrizlər

XVII əsrdə Ordubadda 70-dən artıq gur çeşmənin olduğu söylənilir. Şəhərin bu gün də əsas su təchizatı olan kəhriz sistemi orta əsrlərdə yaradılıb. Məhəllə meydanlarında və ya bəzi həyətlərdə yerləşən bu kəhrizlərə xalq arasında “40 pilləkən” deyirlər. Oraya rahat enib – çıxmaq üçün pilləkənlər tikilib. Əslində yeraltı hidrotexniki qurğusu olan kəhrizlər su mənbəyi kimi minillər boyu məişət və təsərrüfatda böyük əhəmiyyət kəsb edib. İçməli sudan başqa bunlardan dəyirmanları işlətmək, əkinləri, bağları və bostanları suvarmaq üçün, habelə soyuducu kimi istifadə edilib. Yay aylarında üzüm, yemiş, qarpız, ət-süd məhsulları və sairi sərin saxlamaq üçün “40 pilləkənin” içinə yerləşdirirlər.

Ordubadlılar deyirlər ki, burda Nəsrəddin Tusinin sələfləri yaşayır. Ordubad muzeyindəki guşələrdən biri tamamilə burada yetişmiş 450 elm-mədəniyyət-siyasət xadiminə ayrılıb.

Onlardan 18-i akademikdir. Akademik Yusif Məmmədəliyevin doğulub böyüdüyü Gülabi – Ambaras məhəlləsindəki 7 nömrəli evdə, YUNESCO-nun dəstəyi ilə muzey yaradılıb.

Yusif Məmmədəliyev (1905 – 1961)

Neftin və neft qazlarının katalitik emalı sahəsində kəşfləri II Dünya müharibəsi illərində aviasiyanın yüksək oktanlı yanacaqla təmin olunmasına kömək edib. Azərbaycanda neft yataqlarının ən böyük araşdırmaçısıdır. Muzeyin balkonundan üzbəüzdəki Kəmki dağına möhtəşəm mənzərə açılır.

Kəmki dağı

Əfsanəyə görə məşhur Nuh tufanı zamanı suda hərəkət edən gəminin ilişdiyi ilk dağdır. Yüngülvari toxunuş olduğu üçün Nuh buna “kəm dağ” deyib. İkinci dəfə gəmi İlandağa, üçüncü dəfə isə, yenə Ordubad ərazisindəki Gəmiqaya ilə toqquşan gəmidə deşik əmələ gəlib. Bu hadisədən sonra Nuh hər kəsə gəmini tərk etməyi əmr edib. Məhz bu əfsanəyə əsasən, Naxçıvan bəşəriyyətin sivilizasiyanın ilkin beşiyi hesab edilir. Bu barədə daha sonra ətraflı danışacağıq.

Ordubad çoxlu bağlarla əhatə olunub. Orada yüksək keyfiyyətli üzüm və taxıl əmələ gəlir. Qəsəbə Qafan dağından axıb gələn çay suyu ilə təmin olunur.

Həmdullah Qəzvini, “Qəlblərin əyləncəsi” əsəri, 1340-cı il

Ordubad meyvələri

Orta əsrlər İran tarixçiləri Ordubadın çoxlu meyvə bağları ilə əhatə olunduğunu, çeşidi, növü və dadı ilə şöhrət qazanmış üzüm bağlarının, dənli bitkilərinin olduğunu və ipəkçiliyin inkişaf etdiyini bildirirdilər. Ordubad bu gün də meyvə cənnəti olmasına baxmayaraq yerli məhsullar bazarda çox baha qiymətə satılır. Bunların içərisində ən bahalı olanı limondur. Dənəsi 10 AZN ilə 20 AZN arasında dəyişir. Nədən Ordubad limonu belə bahalıdır? Çünki incə qabıqlıdır, ləzzətlidir, fərqli ətri var deyirlər. Buna görə də qabığını soymadan, meyvə kimi yeyirlər. Amma əsas sirr odur ki, sitrus meyvəsi sayılan limonu quru – sərt kontinental iqlimi olan yerdə yetişdirmək möcüzədir.

Ordubadın meyvə bağları, dağ bulaqları, kəhrizləri və gül – çiçəkli aurası tarixən səyyahların diqqətini cəlb edib. Bunlardan biri, fransız etnoqraf İ.İ.Şopen (1798 – 1870) Qafqazın, o cümlədən İrəvan və Naxçıvan xanlıqlarının tarixinə və coğrafiyasına həsr etdiyi əsərində, əla meyvələri – üzümü, əriyi, şaftalısı, albuxarası, heyvası olan Ordubad bağlarının Qafqazda, hətta Şərqdə şöhrət tapdığı, həmçinin sağlam iqlimi haqqında məlumat verib.

“Dağlarla əhatə olunmuş Ordubad al-əlvandır, sağlam iqlimə malikdir, şəhər sudan boldur. Burada çaydan başqa, bütün bağları və evləri su ilə əsasən təmin edən 70-ə qədər bulaq var. Ordubadı, mübaliğəsiz, bütün Qafqazın ən şairanə, ən dilbər guşələrindən biri adlandırmaq olar.

“Qafqaz” qəzeti, 1862-ci il, № 25

Ordubad əriyi

Ordubadın ən məşhur meyvəsi ərikdir. Xüsusi ləzzəti, böyüklüyü, şirinliyi, rəngi, qırmızı yanaqları və ətriylə fərqlənir. Ağacdan dərib yemək üçün iyul ayında burda olmaq lazımdır. Əriyin mürəbbəsini, cemini bişirir və qurudurlar. Ərik qurusuna qayısı deyirlər. Mədə – bağırsaq üçün çox faydalıdır. Qayısıdan ən çox plov bişirərkən istifadə olunur. Ordubadda meyvələri qurudaraq qışa saxlamaq və çay süfrələrində onlardan istifadə etmək ənənəsi yerli məişətdə çox geniş yayılıb. Yay mövsümündə kənd evlərinin damında qurudulmaq üçün sərilmiş alça, tut və digər meyvələr çox fərqli mənzərə yaradır.

Ordubad qozu

Naxçıvanda qoza məzəli bir tələffüzlə “cəviz” deyirlər. Ən ləziz qoz Ordubadda yetişir. Qoz sezonu sentyabr – oktyabr aylarında olur.

Sındırılanda parçalanmır və qabığından bütöv halda çıxır. Çox yağlı olmasıyla seçilir. Ordubadda növbənöv qoz yetişdiyini, hətta kənd-kənd qozların ölçüsünə və dadına görə seçildiyini söyləyirlər.

Qoz mürəbbəsi

Buradan əldə ediləcək ən yaxşı hədiyyədir. Burda bişirilən qoz mürəbbəsi Ordubad süfrələrinin başı sayılır. Mürəbbəni qoz yetişmədən, avqust ayında hazırlayırlar. Qoz mürəbbəsinin hazırlanması 7 – 10 gün çəkir. Əvvəlcə yaşıl qabıqlı, tam dəyməmiş qozun sərt qabığını soyurlar. Dadı çox acı olduğundan, acını çıxartmaq üçün təmizlənmiş qozu əhəngli suyun içərisində 2 – 3 gün saxlayırlar. Qozun acısı tam keçsin deyə, suyunu bir neçə dəfə dəyişirlər. Yalnız bundan sonra bişirirlər. Bişirərkən içərisinə ətir və dad verməsi üçün mixək əlavə edirlər. Qoz mürəbbəsində bir şeyə diqqət etmək lazımdır. Meyvələr diri, dənə-dənə qalmalı, eyni zamanda lokum kimi yumşaq olmalıdır.

Ordubad mətbəxi

Buradan söz düşəndə Ordubad qayğanağından danışmamaq olmaz. Bu, alışdığımız omlet deyil. Boşqaba qoyulan hazır qayğanaq daha çox piroqa bənzəyir. Xeyli vaxt və zəhmət tələb edən çox fərqli bir daddır.

Ordubad qayğanağı

1 kq kərə yağı
12 yumurta

Əvvəlcə 500 qram kərə yağı dərin qazanda qızdırılır. İri ləyəndə möhkəm çırpılan yumurtalara 1 qaşıq su və bir qaşıq da qabartma tozu əlavə edilir. Qızğın odun üstündəki qaynar yağın içinə tökülən yumurta bişdikcə qabarır. Bir üzü tamamən qızardıqdan sonra digər üzünü çevirərək eyni şəkildə qızardarkən, yerdə qalan 500 qram ərinmiş kərə yağı çömçəylə qazana yavaşca tökülür. Qayğanaq üçün şirə hazırlanır. Odun üstündə 1 stəkan təmiz bal yarım litr suyun içərisində qarışdırılaraq həll edilir. Soyuduqdan sonra qayğanağın üzərinə tökülür. Tədricən şirəni canına çəkən qayğanaq yumşalaraq bir neçə saatdan sonra yeməyə hazır olur. Bir dilim kəsilir və lavaşın arasına bükülüb yeyilir. Çayla servis edilir.

Ordubad ipəyi

Ordubad Uzaq və Yaxın Şərq ölkələrini Avropa ilə birləşdirən Böyük İpək Yolunun üstündə yerləşdiyindən burada ticarətin və sənətkarlığın, xüsusən də ipəkçiliyin inkişafı üçün əlverişli şərait olub. Ordubad ipəyi hələ XVI əsrin ikinci yarısında Avropaya ixrac edilib. 1875-ci ildə burada buxar mühərriki işləyən ipəksarma fabriki olub. 1886-cı ildə ipək istehsal edən 4 iri ipəksarma müəssisəsi fəaliyyət göstərib. Türkmənçay Müqaviləsindən (1828) sonra Rusiyaya ilhaq edilən Ordubad XIX əsrin ikinci yarısı, 1920-ci əsrin əvvəllərində Rusiya bazarlarını yüksək keyfiyyətli xam ipək, ipək parça, habelə quru meyvə ilə təchiz edən mühüm mərkəzlərdən birinə çevrilib. Avropa tipli baramaaçan fabriklər 1870-ci ildə tikilməyə başlanıb. 1928 – 29-cu illərdə 12 kiçik ipək fabriki birləşdirilərək, Ordubad İpək Kombinatı yaradılıb. Əsrlər boyu Ordubad ipəyi gözəlliyi ilə ad qazanaraq, beynəlxalq festivallarda mükafatlandırılıb. 1988-ci ildən sonra Ermənistanla müharibədə blokadaya alınan NMR-də digər istehsalat sahələri kimi ənənəvi ipək sənayesi də dayandırılıb.

Ordubad toponimi

2000 illik keçmişə malik toponimi müxtəlif cür izah edirlər. Orta əsrlərdə buraya səyahət edən ərəb səyyahları Ordubadın münbit, çox yaraşıqlı meyvə bağlarının gözəlliyindən heyrətlənərək “cənnət bağı” mənasını bildirən “ürdü bağ”adlandırıblar ki, bu da tədricən Ordubad şəklinə düşüb. Tədqiqatçılar toponimin qədim türk dillərində “iqamətgah”, “qərargah” mənalarında işlədilən “ordu” və “abad” sözlərinin birləşməsindən yarandığını qeyd edirlər. XI əsr tarixçisi Mahmud Kaşğari ordu sözünü “xanın yaşadığı mərkəzi iqamətgah” kimi izah edir. Coğrafi adın tərkibindəki ordu sözü “qoşun” mənasında sonradan işlədilməyə başlayıb.

Kiçik Qafqaz

Ordubad relyefi əsasən dağlıq, dağətəyi hissədədir. Kiçik Qafqaz dağ silsiləsinin ən yüksək nöqtəsi, 3904 metrlik Qapıcıq zirvəsi burdadır. Naxçıvan dağlarındakı bütün təpələrin adı və qədim tarixçələri var. Bu adlar ya dağın formasına görə verilir, ya da bir əfsanə ilə bağlıdır. Şəhərin girişindəki Plovdağ formasına görə diqqəti çəkir.

Plovdağ

Yerlilər, dağı plova bənzətdikləri üçün bu ada layiq görüldüyünü deyirlər. Gilançayın sol sahilində yerləşən dağın hündürlüyü 1036 metrdir. Plovdağda tunc dövründən qalma çox qədim mədəniyyətin qalıqları var.

Xaraba Gilan

Plovdağ ərazisində 100 hektardan çox sahədə yerləşən qədim yaşayış ərazisidir. E.ə. II – I minilliklərə aid yaşayış məskəni və nekropol aşkar edilən Xaraba Gilan şəhəri e.ə. V-IV əsrlərdə formalaşıb. XIV əsrə qədər yaşayan bu şəhər mədəniyyəti X-XII əsrlərdə intibah dövrü yaşayıb. Plovdağ nekropolu 4 min il əvvələ qədər olan dövrü əhatə edir. O dövrdə insanlar müdafiə olunmaq və sudan istifadə etmək üçün çay kənarında və dağ üstündə məskən salardılar. Plovdağ bu cəhətdən əlverişli yer sayılırdı. Möhtəşəm müdafiə istehkamı olan Xaraba Gilanın etnik tərkibi türk dilli tayfalardan ibarət olub. Tədqiqatçılar monqol istilaları zamanı Gilan şəhərinin böyük ziyana uğradığını yazırlar. Xaraba Gilan XIV əsrdə baş verən dəhşətli zəlzələdən sonra tamamilə dağılıb.

Aza kəndi

Xaraba Gilanın süqutundan sonra əsas yerləşmə mərkəzi bura olub. Kənddən bir neçə kilometr aralıda yerləşən Der Gümbəzi XIV əsrdən qalma tək tarixi abidədir. Gümbəz Ordubadda Nuh tufanıyla bağlı ərazidə durur. Rəvayətə görə, həmin yerdə Nuh peyğəmbərin kiçik və sonuncu oğlu Yafəs dəfn olunub. Yafəsin adının da burayla bağlı olması təsadüfi deyil. Çünki eyni əraziyə yaxın yerdə Yafəsin şəhəri olub. Onun xarabalıqları bugünədək qalır və müqəddəs yer kimi ziyarət edilir. Aza kəndindəki digər tarixi abidə məşhur Aza körpüsüdür. Bu körpünün inşaatı Rus imperiyasının əyalətlərdə quruculuq işləri aparmaq siyasətinin yeridildiyi illərə aiddir. Körpünü Gilan çayının üstündə, 1826-cı ildə yerli bir tacir tikdirib.
Ordubadı yaxşı tanımaq üçün bir neçə istiqamətdə turist marşrutu üzrə səyahət etmək məsləhətdir. Onlardan biri Dırnıs – Kələki – Pəzməri kəndlərini əhatə edir.

Dırnıs kəndi

Ordubadın kurort guşələrindən biridir. Kəndin hər tərəfi açıqlıq olduğundan, adını “qapısı yox” mənasına gələn “Dərnis”qoyublar. Bu istiqamətdə ilk kənddir. 300-ə yaxın evi var.
Kiçik Qafqaza aid Zəngəzur dağ silsiləsinin möhtəşəm dağ mənzərəsinə doyum olmur. Eyni zamanda sərhəd ərazisidir. Gözəlliklər addımbaşı maşından düşüb ətrafı acgözlüklə seyr etməyə məcbur edir. Eyni zamanda yola tökülmüş qaya parçaları hərəkəti ləngidir. Maşınla yola davam edə bilmək üçün daşlardan yolu təmizləmək lazımdır. Əks təqdirdə Qaplan çayı boyunca üzü yuxarı piyada yol getməli olursan. Yolun sonunda Qaplan şəlaləsinin səsi ətrafdakı səssizliyi pozur. May ayından etibarən piknik cənnəti olan bu ərazidə zəngin qızıl yataqları mövcuddur.

Pəzməri kəndi

Rayon mərkəzindən 37 km şimal-qərbdədir. Bu istiqamətin son yaşayış məskəni olan Pəzməri kəndində cəmi 35 ev var. Ordubadın dağ cənnətidir. Qızmar yay aylarında çox sərin olan kəndlərdəndir. Təbii şəraitinə görə Pəzməridə keçmişdən bəri heyvandarlıq, arıçılıq geniş inkişaf edib. İlk adı Pazəmi olub ki, bu da ilahi, müqəddəs yer mənalarını bildirir. Kənddə aşkar edilmiş mineral su bulağının tərkibi karbon qazlı, hidrokarbonatlı-sulfatlı, kalsiumlu-natriumlu olduğundan müalicə üçün yararlı olduğunu deyirlər. Kənddəki az sayda evlərin taxta sütunlarının üstündə qoç kəllələrini görmək mümkündür. Dağlıq ərazidə dağ keçiləri çox olur, onları bəzən ovlayır, ətini yeyir, dərisindən məişətdə istifadə edir, kəllə müqəvvasını da sütunlardan asırlar.

Pəzməri şəlaləsi

Şəlalə Pəzməri kəndindən təxminən 40 dəqiqəlik məsafədədir. Ayıçınqılı aşırımından 3707 metr hündürlükdən başlayan eyniadlı çayın üzərində yerləşən təbiət abidəsidir. Azərbaycanda ən böyük şəlalələrdən biridir. Ayıçınqılı çayı Vənəndçaya töküldüyü yerin yaxınlığında dəniz səviyyəsindən 2161 metr hündürlükdə gur şəlalə yaradır.

Kələki kəndi

Mərkəzdən 45 km şimal-şərqdədir. Ordubadın ən gözəl dağ kəndlərindən biridir. Adının mənasının “kələk,” yəni yalan, uydurma sözlərinə aidiyyatı yoxdur. Deyilənə görə, “qala” “qalaça” kəlimələrinin dəyişikliyə uğramasıyla meydana gəlib.

Kələki qızıl yataqlarıyla məşhurdur. Bu mədənlər kənddən 300 metr aralıda 1450 – 1550 metr hündürlükdə yerləşir.
Başqa müxtəlif filiz mineralları ilə də zəngindir. Yerlilər, kəndin əhalisinin Çar Rusiyası dövründə Qarabağdan buraya köç etdiyini danışırlar. Həqiqətən də, Kələki camaatının ləhçəsi Qarabağ dialektinə bənzəyir.

Keçən əsrin 90-cı illərinə qədər səssiz – sədasız həyat sürən bu dağ kəndi birdən – birə medianın diqqət mərkəzinə çevrilir. Bura Azərbaycanda 1988-89 –cu illərdə milli azadlıq hərəkatının, AXC-nin lideri, 1992-93-cü illərdə Prezident olan Əbülfəz Elçibəyin doğma kəndidir. 1993 – cü ildə yenidən Kələkiyə qayıdaraq, 1999-cu ilədək burada yaşayan Elçibəyin yaşadığı ev 2000-ci ildə ölümündən sonra muzeyə çevrilib.

Kələki qədim adət-ənənələrin qorunduğu kənddir. Kənd məktəbinin qız folklor ansamblının “Haxışta” mərasimi buna əyani sübutdur.

Haxışta

Toy – bayram mərasimləri ilə bağlı musiqili oyundur. Naxçıvanda geniş yayılıb. Qadınlar iki dəstə halında toplanırlar. Növbə ilə hər biri dörtlüklərdən ibarət şeir deyirlər. Hər misradan sonra digər qızlar “haxışta” sözünü təkrar edir, əl çalıb oynayırlar.

Kələkidə, xına gecəsindən sonra, gəlini aparmağa gələn oğlan evi qadınları qız evi xanımları ilə birgə haxışta oxuyurlar. Qaydaya görə, gəlini aparmağa gələn qadınların əllərində təzə gəlin üçün hədiyyələr, gəlinlik paltarı, qızıllar, şirniyyatdan ibarət xonçalar olur. Xonça sini doldurulmuş, şəffaf neylon və qırmızı lentlə bağlanmış bağlamalara deyirlər. Əliboş gəlmək olmaz. Oğlanın qohumları, təzə bəyin ünvanına bir ağızdan gözəl sözlər deyir. Qız evi də buna qarşılıq olaraq, öz qızlarını tərifləməklə cavab verir. Təriflərdə tərəflər bir-birlərinə sataşınca, oyun məzəli söz duelinə çevrilir.

Kələki sakinləri o qədər qonaqpərvərdirlər ki, qonaqların qarnını doyurmamış yola salmırlar. Azərbaycan mətbəxinin unudulmuş bəzi ənənəvi yeməklərinin Ordubadda hələ də hazırlandığını duymuşdum. Qonaqlıq zamanı onlardan birini dadmaq qismət oldu.

Qurut yeməyi

Kələkiyə gəlincəyədək qurutun sadəcə Qərb zonasına aid olduğunu düşünürdüm. Sən demə, Ordubadın dağ kəndlərində də qurutdan istifadə edirlər. Xörək hazırlamaq üçün onu ilıq suda ovuşduraraq, həll edir və daha sonra qurutlu suyu odun üstündə qaynayanadək qarışdırırlar. Digər yanda kərə yağında soğan qovurur, ardınca qurumuş lavaşı xırdalayıb boşqaba doldururlar. Üzərinə qaynar qurut suyu və soğança tökür və döyülmüş qoz ləpələri səpirlər. Qeyri-adi ləzzətdir. Yerlilərin yalnız soyuq qışda, ildə 1 – 2 dəfə bişirdikləri yeməkdir. Hər yeməyin yaranma səbəbini və tarixçəsini yaxşı bilən ordubadlılar, heyvandarlıqla məşğul olan əhalinin südü-qatığı çox olur deyirlər. Bu da artıq qalan ayranın xarab olub, tullanmaması üçün düşünülmüş yeməkdir.

Ordubad üzrə önəmli digər səyahət marşrutu Nəsirvaz – Gəmiqaya qoruğu istiqamətindədir. Bu marşrutun uzunluğu 60 km-dir. Tərifəsığmaz gözəlliklərlə zəngin, heyranedici mənzərəsi olan bu yerdə hər daşın – dərənin dinləməklə bitməyən hekayəsi var. Kiçik Qafqaz dağ silsiləsi boyunca yerləşən kəndlər dağların qoynuna səpələnib.

Biləv kəndi

Bu istiqamətdə ilk yaşayış mərkəzi və qədim şəhər yeridir. Buranın ən əhəmiyyətli tarixi abidəsi Babək qalası adı verilən şiş uclu dağdır. Xalq qəhrəmanı Babəkin iqamətgahı olduğu ehtimalı var. Böyük İpək Yolu dayanacaqlarından sayılan bu yerdə tikilən qala karvanların quldur-qaçaqlardan qorunması üçün nəzərdə tutulub.

Tivi kəndi

Rayon mərkəzindən 60 km şimal şərqdə yerləşir. Tivi sözünün mənşəyi haqda maraqlı söyləntilər var. Ərəb dilində tiv gözəl ətir qoxusu mənasını verir. Ətir saçan deməkdir. Tivi dağlarında bir-birindən təravətli 1001 cür bitki bitir. Kənddə saysız – hesabsız mineral bulaqlar mövcuddur. Bunlardan biri Narzan tiplidir və dəri xəstəliklərinin müalicəsində tövsiyyə edilir. 1968-ci ildə kənd ətrafında antik dövrə aid arxeoloji abidə – Tivi nekropolu qeydə alınıb.

Zurna

Tividə xalq çalğı alətləri istehsal edən ustalar nəfəsli alətlərin içərisində zurnanın xüsusi yeri var deyirlər. Qoz və ərik ağaclarından hazırlanan zurna nəfəs alətləri içərisində ən qədim olanıdır. Onun Nuh əyyamından qaldığını söyləyirlər. Tufandan öncə təhlükəni bildirmək üçün bir çobanın dağ başına çıxaraq zurnayla xəbərdarlıq etdiyini rəvayət edirlər. Nuh havası deyilən musiqi parçasını burda indiyədək ifa edirlər. Həqiqətən zurna ən cingiltili səsə sahib nəfəs alətidir.

Nəsirvaz kəndi

Dəniz səviyyəsindən 2000 metr yüksəklikdə yerləşən kənd bu istiqamətdəki son yaşayış məntəqəsidir. Noyabrdan aprel ayının ortalarına qədər qar ilə örtülü, yaz aylarında çox dumanlı olur. Kənd Kiçik Qafqazın ən yüksək zirvəsi olan Gəmiqayanın ətəyində salınıb. Gəmiqaya Nuh gəmisinin lövbər atdığı ərazidir. Buranı Tanrıya yaxın olan yer – Nəbi Yurdu kimi təqdim edirlər. Deyirlər, ensiklopediyaçı alim, filosof Nəsrəddin Tusinin (1201 – 1274) xatirəsinə kəndi “nəsri – avaz” yəni “Nəsrəddinin səsi” adlandırıblar. Arıçılıq və qoz ağacları əhalinin əsas gəlir mənbəyidir. Bu kəndlərin hamısının ortaq bir cəhəti var. Məişətin dəyişməz atributu olan anbarlar.

Anbar

Dağ kəndlərindəki dükanlarda ərzaq satılmır.Yeyəcəklərin hamısı evdə hazırlanır. Qış mövsümü çox uzun və ağır keçdiyi üçün ciddi azuqə tədarük etmək şərtdir. Qidalar xarab olmasın deyə evlərin altında yeləşən xüsusi anbarlara doldurulur. Anbarlar ekoloji təmiz, orqanik qidalardan ibarət supermarketi xatırladır. Nə desən var. 1001 çeşid marinadlar, turşular, müxtəlif növ mürəbbələr, tərəvəzlərin demək olar hamısının konservləri, kompotlar, xüsusi reseptlə hazırlanmış göyərtilər, vedrələrlə nehrə yağı, xamalar, pendir və şor, eləcə də süzmələrdən ibarət bütün ağartı məhsulları, bir neçə yüz ədəd lavaş, çox sayda yumurta, bir tona yaxın kartof – soğan və həmçinin qoyun və keçi ətindən xüsusi reseptlə hazırlanmış qovurmalar.

Qovurma

Ləzzətiylə seçilən “Sibir qovurması” bunların içində ən sevilənidir. 6-7 yaşlı keçinin ətindən hazırlanan qovurmaya belə ad veriblər. Uzun sözün qısası, böyük bir ailə bu anbardakı qidalarla heç kimə və heç nəyə ehtiyac duymadan rahat bir neçə ay dolana bilər. Anbarı gəzərkən istər – istəməz insanın iştahı qabarır və qeyri-ixtiyari “nə olub, dünyanın sonudur” deyə sual verməkdən özünü saxlaya bilmirsən. Bunu çətin geoloji quruluş, mürəkkəb coğrafi mövqe və sərt təbii şəraitlə izah edirlər. Uzun qış axşamlarında Nəsivaz xanımları əsasən tək rəngli, bol naxışlı, xalçanı xatırladan böyük yun şallar hörürlər.

Gəmiqaya

1968-ci ildən elmi araşdırmaların aparılmağa başladığı Gəmiqaya 2006-cı ildən tarix-bədii qoruğu statusu alıb. NMR ərazisindəki ən qədim yaşayış məskəni olan Gəmiqaya, Zəngəzur silsiləsində zirvədir. Gəmiqaya yaylaqlarının ərazisi müqəddəs hesab edilir. Məbədlər daim qar və buludlarla örtülü şiş qayalar arasındadır. Uzaqdan mavi səma fonunda dənizdə üzən gəmiyə bənzəyir. Bu oxşarlığa görə Kiçik Qafqazın ən yüksək zirvəsi olan Qapıcıq dağına (3904 metr) xalq arasında Gəmiqaya adı verilib. Burada e.ə. III- I minilliklərə aid qayaüstü rəsmlər, qədim yazılar var. Gəmiqaya – Qaranquş yaylağı Naxçıvanın qədim tayfalarının yaşadığı yaylaq yeri olub. Həmin dövrlərdən buradakı qayalar üzərində insan və müxtəlif heyvan rəsmləri, yay – oxla keçi ovlanması səhnəsi, ayrı-ayrı işarələr həkk edilib. Gəmiqaya təsvirlərinin və oradakı yurd yerlərinin azı 5 – 6 min il yaşı olduğu bildirilən Gəmiqaya, Nuh əfsanəsi ilə bağlıdır.

Nuh tufanı əfsanəsi

Yer üzünü su basacağını bilən Nuh peyğəmbər bir gəmi düzəldir və buraya topladığı canlılarla sağ qalmağı bacarır. Əfsanəyə görə, tufan zamanı Nuhun gəmisi Naxçıvanın şərqindəki İlandağa, Ordubaddakı Ələngəz və Kəmki dağlarına toxunduqdan sonra, Gəmiqayada quruya oturub. Bu əfsanə Nuh tufanı haqqında qədim Şumer və yəhudi əfsanələrinin hamısının bir kökdən olduğunu göstərir. Əfsanənin süjeti eramızdan əvvəl III minillikdə məlum olsa da, II minilliyin ortalarında şumerlər tərəfindən yazıya alınıb. Bir sıra tarixçilərin fikrincə, bu, Naxçıvanın salındığı tarixlə, yəni, e.ə. 1539-cu illə eyni dövrə təsadüf edir. Rəvayətə görə, Gəmiqayada lövbər salan gəminin qalıqları indiyə qədər buradakı “Ayı çuxuru” deyilən yerdə qalmaqdadır. Alimlər Gəmiqayada Nuhla bağlı qədim yazı olduğunu qeyd edirlər. Gəmiqaya qoruğunu görmək istəyənlərə buraya iyul – avqust aylarında gəlmək məsləhətdir. Çünki yalnız bu dövrdə zirvəyə çıxmaq və gözəllikləri duymaq mümkündür.

[justified_image_grid facebook_id=2222665901206802 facebook_album=2343736112433113]

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on pinterest
Pinterest
Share on whatsapp
WhatsApp

XƏBƏRLƏR

SƏRBƏST SƏYAHƏT