Qarabağ şikəstəsi:
Əzizinəm Qarabağ
Şəki, Şirvan, Qarabağ
Aləm cənnətə dönsə
Yaddan çıxmaz Qarabağ
Şikəstə nədir?
Aşıq musiqisinin bir janrı, lirik, şikayət, həsrət kimi insani duyğuların bəlirtisidir. Bayatılar üzərində oxunan şikəstə fars sözüdür. Türkcəsi kəsmə və ya döymədir. Qarabağ şikəstəsinin tarixi çox qədimdir. Xalq musiqisinin gövhəri, Azərbaycan musiqisi təfəkkürünün gözəl nümunələrindən biri hesab edilir. Şikəstə müəyyən olunmuş ritmdə, 1 kökə əsaslanır. 3 bölümdən ibarət vokal-instrumental kompozisiyada 3 bayatı oxunur. Hər bayatı arasında instrumental musiqi keçir.
Gözümü açandan hər dəfə bu şikəstə səslənərkən anamın və nənəmin göz yaşlarının sel kimi axdığını gördüm. Əslən Qarabağlı olan nənəm ikinci dünya müharibəsi zamanı bütün yaxınlarını itirmiş və gəlin olaraq Şirvana köçmüş, həyatının sonuna qədər burda yaşamışdı. Sülh vaxtı, ürəyi istədiyi zaman rahatca Qarabağına getməyə imkanı olduğu zamanlarda belə “qəribliyin üzü qara olsun” deyib Qarabağdan başqa hər yerdə özünü yad hiss etdiyini gizləməyən nənəm Qarabağına doymadan dünyasını dəyişdi. Çox qəribədir ki, şikəstəni dinləyəndə indi mənim də gözlərim dolur. Bəzən təəccüblənirəm. Axı niyə? Mən ki Qarabağı görməmişəm… ora haqqında bildiklərim isə yalnız quru statistikadan ibarətdir.
Qarabağ
Dağlıq və Aran olmaq üzrə Qarabağ zonasına Kəlbəcər, Tərtər, Bərdə, Ağcabədi, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın, Şuşa və Xocalı rayonları daxildir. Azərbaycanın qərb hissəsində, Ermənistan və İranla sərhəd bölgədə yerləşir. Kəlbəcər, Tərtər, Bərdə, Ağcabədi, Ağdam, Xocavənd, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın, Şuşa, Xocalı, Xankəndi rayonlarını əhatə edir. Tarixən azərbaycanlılarla yerli ermənilərin birgə yaşadığı bu tarixi Azərbaycan ərazisi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib.
Müharibə
1988 – ci il fevral ayının ikinci həftəsindən etibarən Dağlıq Qarabağ ermənilərinin açıq surətdə müxtəlif əsassız arqumentlər irəli sürərək ərazi iddialarına başladılar. Fevralın 20-də DQMV Xalq Deputatları Sovetinin yalnız erməni deputatlarının iştirakı ilə keçən növbədənkənar sessiyası vilayəti “Azərbaycanın tərkibindən çıxarılaraq, Ermənistanın inzibati ərazi bölgüsünə daxil etmək” haqqında qərar qəbul etdi. Bu qərara Azərbaycan tərəfi qarşı çıxınca Xankəndini və eləcə də DQMV-nın digər yerlərini ermənilərin hay-küylü mitinqləri bürüdü. 1988-ci ilin sonuna qədər Qərbi Azərbaycanda, indiki Ermənistan ərazisində yaşayan
yarım milyon azərbaycanlı qovuldu. Nəticədə 1992-ci ilə qədər toplam 860 azərbaycanlı kəndindən türk əhali qovuldu, kəndlər yağmalandı və yandırıldı.
İşğal və müharibənin ağır fəsadları
Müharibədə 20 min azərbaycanlı şəhid oldu, 100 min nəfər yaralandı, 50 min nəfər şikəst qaldı. Qaçqın və məcburi köçkünlərin sayı milyonu keçdi. Rəsmi məlumatlara əsasən, erməni işğalçıları tərəfindən 4.861 nəfər azərbaycanlı, o cümlədən 314 qadın, 58 uşaq və 255 qoca əsir və girov götürüldü.
Dağlıq Qarabağ (DQ) anlayışı necə yarandı?
Relyefinə görə Qarabağ aran və dağlıq Qarabağa bölünürdü. Daşnaklar Ermənistanda hakimiyyəti ələ aldıqdan sonra ermənilərin məskunlaşdığı Qarabağın dağlıq hissəsi uğrunda mübarizəyə başlayırlar. Məhz bu zamandan etibarən Dağlıq Qarabağ yalnız coğrafi deyil, siyasi maraq da kəsb etməyə başlayır.
Arayış
1813-cü ildə yerli feodal dövlət olan Qarabağ xanlığı Rusiya imperiyası tərəfindən işğal edildikdən sonra əraziyə Osmanlı və İrandan minlərlə erməni ailəsi köçürülməyə başlandı. Bu köçürmə siyasəti nəticəsində yaşanan demoqrafik partlayışdan sonra, 1923 – cü ildə SSRİ tərkibindəki Azərbaycan torpaqlarında Dağlıq Qarabağ Muxtar Vilayəti quruldu. 1989 –cu ildə Azərbaycan Parlamentinin sərəncamıyla muxtariyyət ləğv edildi. 1988 – ci ildə bölgədə baş verən etnik qarşıdurmalar və Ermənistanın DQMV – ni özünə birləşdirmə tələbləri iki dövlət arasında müharibəyə səbəb oldu. Ermənistan ordusu DQMV – ni və ona bitişik 6 rayonu işğal etdi.
“Qarabağ vilayətinin sərhədi belədir: cənub tərəfdən Xudafərin körpüsündən Sınıq körpüyə qədər – Araz çayıdır. İndi Sınıq körpü Qazax, Şəmsəddin, Dəmirçi – Həsənli camaatı arasındadır və Rusiya dövləti məmurları onu rus istilahilə “Krasnıy most”, yəni “Qırmızı körpü” adlandırırlar. Şərq tərəfdən Kür çayıdır ki, Cavad kəndində Araz çayına qovuşaraq, gedib Xəzər dənizinə tökülür. Şi-mal tərəfdən Qarabağın Yeliza-vetpolla sərhədi Kür çayına qədər – Goran çayıdır və Kür çayı çox yerdən keçərək Araza çatır. Qərb tərəfdən Küşbək, Salvartı və Ərikli adlanan uca Qarabağ dağlarıdır.” “Qarabağ tarixi”(1847) Qarabağ xanının vəziri Mirzə Ca-mal Cavanşir (1773-1853)
Qarabağ etimologiyası
Sözün izahında qeydə alınmış “Arsax” sözündən başlamaq lazımdır. Arsax qədim Qafqaz Albaniyasının əyalətlərindən biri olmuş Qarabağın dağlıq və Mil düzünün bir hissəsini əhatə edib. Arsax, Arsaq, arşaq türk dillərində “igid, sak kişisi” deməkdir. Saqlar isə Orta Asiya və Azərbaycanda yaşamış türkdilli xalqdır.
Qara+bağ söz birləşməsinin qədim tarixə malik olması şübhəsizdir. Ancaq ifadənin konkret coğrafi ərazini bildirməsi və yeni məna kəsb etməsi üçün müəyyən vaxt lazım gəlib və Qarabağ adı təxminən VII əsrdən işlədilməyə başlanıb. Əvvəllər konkret məkanı bildirsə də, sonradan geniş coğrafi əraziyə aid edilib. “Qara” sözü də bir neçə cür izah edilir.
Tarixi
Qarabağın tarixindəki əsas dəyişikliklər Ərəb xilafətinin ( VII əsr) işğalları və bunun nəticəsində Albaniya çarlığının ləğvi ilə baş verir. Ərəb işğallarınadək Qarabağın tarixi ərazisi etnik baxımdan eyni kökdən olduğu halda, bu dövrdə ərəblərin Azərbaycan üçün faciəvi siyasəti nəticəsində dağlıq hissədə ermənilərin dini hegemoniyasının təmin edilməsi etnik sahədə də özünü göstərdi: tarixi Arsax bölgəsi əhalisinin qriqoryanlaşdırılması və erməniləşdirilməsi baş verdi. Erməni tarixçisi S.T.Yeremyanın yazdığına görə VIII əsrin əvvəlləri üçün ermənilər alban vilayətləri Arsaxın və Utinin böyük bir hissəsinin əhalisini artıq assimilyasiya etmişdilər. Qarabağda yaşayan ermənilər lap əvvəldən erməni olmayıb, bu proseslər nəticəsində erməniləşdirilib. 1828 – ci ildə Rusiya və İran arasında bağlanan Türkmənçay müqaviləsindən sonra rusların işğal etdiyi Şimali Azərbaycan torpaqlarının erməniləşdirilməsi prosesi ardıcıl və məqsədli xarakter daşıyırdı. 1829 – cu il Ədirnə müqaviləsi ilə Osmanlı imperiyasından da ermənilərin yeni işğal olunmuş ərazilərə köçürülməsi həyata keçirilməyə başlanırdı. Köçürülmənin əsas istiqamətlərindən biri Qarabağ torpaqları idi. Azərbaycan torpaqlarının bölüşdürülməsi Rusiyanın fəal köməklik göstərdiyi ermənilərin siyasi cəhətdən aktivləşməsinə səbəb oldu. Bu işdə rus çarı I Pyotrun erməni xalqına 1724-cü il 10 noyabr tarixli əlahəzrət fərmanı mühüm rol oynadı. Fərman Rusiyanın erməni xalqını himayəyə götürməsini elan etdi. Faktiki olaraq isə imperiyanın regional siyasətində erməniləri öz əlaltısına çevirdi. Bu məqsədlə ermənilərin Azərbaycan torpaqlarına köçürülməsinə böyük önəm verilirdi. Rus tarixçisi S.M.Solovyov (1820 – 1873) yazırdı ki, Pyotr işğal olunmuş ərazilərin Rusiyanın əlində möhkəmləndirilməsi üçün orada xristian əhalisinin artırılması və müsəlmanların azaldılmasını ən vacib vasitə hesab edirdi. Biz gördük ki, imperator birbaşa erməniləri göstərirdi…
Ermənilərin 1890 – cı illərdən Osmanlı dövlətində qiyamları uğursuzluğa düçar olduqdan sonra bu mübarizənin mərkəzi Şimali Azərbaycana keçdi.
1905-ci il
Tarixə “erməni-müsəlman davası” adı ilə daxil olan qanlı qırğın törədən ermənilər sakitləşmədilər. Birinci Dünya müharibəsilə yaranan tarixi şəraitdən yenidən istifadə etməyə cəhd etdilər. 1915 – ci ildə Osmanlı dövlətinə qarşı yeni qiyamlarda da uğursuzluğa düçar olan ermənilər, əsas qüvvələrini Cənubi Qafqazda cəmləşdirərək Azərbaycanlılara qarşı soyqırımı davam etdirməyə başladılar. 1917 – ci ildə sosialist inqilabından sonra Zaqafqaziyada yaranan anarxiyada rus ordusuna xidmət edən erməni silahlı dəstələri daşnak – bolşeviklər birləşərək 1918 – ci ilin mart ayında böyük qırğın törətdilər. Ermənilərin Qarabağda hakimiyyətə nail olmaq üçün başladıqları qırğınlar AXC (1918 – 1920) dövründə də davam etdi. Bunlar dinc əhaliyə qarşı yönələn silahlı hücumlarla müşayiət olunurdu.
Qarabağ xalçaları
Qarabağda palaz, kilim, xalı toxuculuğu xüsusi yer tutur. XVII əsrdə Qarabağda maddi mədəniyyəti əks etdirən dekorativ incəsənət növləri arasında aparıcı yer tutan xalçaçılıq məhsulları – xovlu və xovsuz xalçalar geniş yayılmışdır ki, onlar da şöhrətini günümüzədək saxlayıblar. Bərdə, Şuşa, Cəbrayıl qrupuna ayrılır. Qarabağın xalça sənəti XVIII əsrin ikinci yarısından etibarən Şuşa şəhərində mərkəzləşib, burada daha geniş miqyasda inkişaf etməyə başlayıb. 1886 – cı ildə Şuşada olmuş gürcü tədqiqatçısı yazırdı ki, demək olar bütün xalçalar azərbaycanlı ailələrdə istehsal olunur. Ermənilər xalça toxumağı onlardan öyrənməlidirlər…
Atəşkəs
Danışıqların başlandığı dövrdən etibarən Qarabağ münaqişəsinin tənzimlənməsində əldə edilən tək nailiyyət 12 may 1994 – cü ildə Bişkəkdə atəşkəs haqqında tərəflər arasında bağlanan razılıqdır. Atəşkəs müqaviləsi bu günə qədər qüvvədə olsa da, cəbhə xəttində tez – tez güllə səsləri eşidilir. Bu atışmalardan dinc əhali əziyyət çəkir.
Qarabağa
Getmədim, gəzmədim, görmədim, dadmadım, bilmirəm. Ona görə də heç nə yaza bilmirəm.
Həsrət
Ürəyimdə bir xal qaldı.
2005-ci ilin may ayında Ağsunun təxminən 1500 metr yüksəkliyində yerləşən Kərcivan kəndində çəkilişdəykən camaat başımıza yığışdı. Məlum oldu ki, kənd sakinləri Şuşa və Laçın qaçqınlarıdır. Onların içərisində yaşlıca 1 nənə şipşirin Qarabağ ləhcəsiylə:
“Bıy, sən belində yüklə bütün gün o dağı daşı gəzən qız deyilsən? Bəs Şuşaya nə vaxt gedəcəksiniz? Əsas çəkiləsi yer oradadır, başına dönüm” – dedi və məni qucaqlayıb ağladı. İlk dəfə cavab verməyə söz tapmadığım üçün özümü çox aciz hiss etdim. 17 ildir Azərbaycanda 1 milyondan artıq məcburi köçkün bir gün tarixi vətənlərinə geri dönəcəkləri günü gözləyərək yaşayır.
Azərbaycanda bir nəsil qarabağlı Qarabağsız böyüyür.
Azərbaycan Qarabağ xəyalı ilə yaşayır.
Elə mən də.
Bir gün bu xəyalın gerçək olacağına ümid edərək…
Kəlbəcər
1992 – ci il aprelin 2-də işğal edilib.
Xocavənd
1992 – ci il oktyabrın 2-də işğal edilib.
Ağdam
1993 – cü il iyulun 23 – də işğal edilib.
Laçın
1992 – ci il mayın 18 – də işğal edilib.
Şuşa
1992 – ci il mayın 8 – də işğal edilib.
Xocalı
1992 – ci il fevralın 26 –da işğal edilib.
Cəbrayıl
1993 – cü il avqustun 23 – də işğal edilib.
Füzuli
1993 – cü il avqustun 23 – də işğal edilib.
Qubadlı
1993 – cü il avqustun 31 – də işğal edilib.
Zəngilan
1993 – cü il oktyabrın 29 – da işğal edilib.
Ağdərə
1992 – ci il iyulun 7 – də işğal edilib.
Xankəndi
1991 – ci il dekabrın 26 – da işğal edilib.
Hadrut
1992 – ci ildən əlaqələr kəsilib.
Əsgəran
1992 – ci ildən bütün əlaqələr kəsilib.
[justified_image_grid facebook_id=2222665901206802 facebook_album=2339780492828675]